Forma nisbi müstəqilliyə malikdir . Buna görə də elmdə və prak-
tikada yalnız formanın öyrənilməsinə diqqət yetirilə bilir.Məsələn yalnız
formaları öyrənən müxtəlif elmlər (geomorfologiya, bitki morfologiyası,
struktur linqvistika və s.) mövcuddur.
Hazırda biliyin formallaşdırılması metodu geniş tətbiq olunur. Bu
metod biliyin məzmununun süni dillərdə, riyazi formullarla ifadə olunması
deməkdir. Lakin qeyd olunmalıdır ki, formanın rolunun şişirdilməsi
formalizmə gətirib çıxarır. Bu isə yol verilməzdir.
Forma daxili və xarici olur. Məsələn bədii əsərin daxili forması bi-
rinci növbədə onun süjetidir, bədii obrazların, əsərin məzmununu təşkil
edən ideyaların əlaqəsi üsuludur. Onun xarici forması isə hissi qavranılan
tərəfidir, bədii dili və yazı üslubudur. Xarici forma sözügedən obektin
başqaları ilə əlaqəsini ifadə edir. Obektdə dəyişiklər məzmundan başlayır.
Odur ki, məzmuna uyğun gələn forma onun inkişafına müsbət tə‟sir
göstərir. Inkişaf gedişində elə bir moment gəlib çatır ki, köhnə forma
dəyişilmiş məzmuna daha uyğun gəlmir və onun inkişafını ləngidir.
Beləliklə məzmun ilə forma arasında münaqişə baş verir. Həmin münaqişə
köhnəlmiş formanın dağıdılması yeni məzmuna uyğun yeni formanın
yaranması yolu ilə həll olunur.
Formanın dəyişilməsi predmetin daxili əlaqə üsulunun yenidən
qurulması deməkdir. Bu proses zaman etibarilə ləng gedir, çünki
ziddiyyətlərlə müşayiət olunur. Nəticədə forma geri qalır və məzmunla
uzlaşmamağa başlayır. Odur ki, cəmiyyətin idarə olunmasında, habelə
siyasətdə və diplomatiyada çevik formalar işləyib hazırlamaq və həyata
keçirmək zəruridir.
Məzmun və formanın harmonik vəhdəti incəsənətdə xüsusilə
mühümdür. Sənətkarın formanı sərbəst seçmə məharəti olmadan onun
yaratdığı əsərin məzmunu da zəif olur. Əksinə əsərin forması onun
ideyasına nə qədər çox uyğun gəlirsə, o bir o qədər böyük uğur qazanır.