Idrakın obyekti və subyekti məsələsi də çox mühümdür. Ümumi
mə‟nada idrakın obyekti dedikdə onun yönəldiyi hər cür reallıq başa
düşülür. Burada belə bir cəhətə diqqət yetirmək vacibdir. Bütövlükdə
varlıq və ya onun müəyyən tərəfi öz-özlüyündə hələ idrakın obyekti
demək deyildir. O yalnız idrakın ona yönəldiyi təqdirdə obyektə çevrilir.
Başqa sözlə, reallığın yalnız subyekt ilə münasibətlərə daxil olan tərəfi
idrakın obyekti hesab olunur. Məsələn kosmos öz -özündə varlığın əbədi
mövcud olan formalarındandır. Lakin o yalnız əsrimizin 60-cı illərindən
idrakın obyektinə çevrilmişdir.
Obyektiv reallıq subyektdən asılı deyildir. Lakin onun müəyyən
tərəfinin idrak sferasına cəlb olunması subyektin fəaliyyətindən asılıdır.
Deməli, idrakın obyekti, subyektin idraki fəaliyyətinin yönəldiyi maddi və
mə‟nəvi dünyadır.
Insanların praktikası inkişaf etdikcə, elm və texnika təkmilləşdikcə,
reallığın dərk olunması miqyası da genişlənir və dərinləşir. Buna uyğun
olaraq idrakın obyekti də bir yerdə dayanıb durmur, dəyişilir və genişlənir.
Insanların təbiətə münasibəti ictimai həyatdan keçərək özünü
göstərir. Buna görə o da müəyyən mənada idrakın obyektinə daxildir. So-
nra, biz idrakdan danışarkən ətraf dünyanın dərk olunmasını ön plana
çəkirik. Bununla yanaşı insanın daxili aləmi, psixiki prosesləri, emosional
dünyası və fikirləri də idrakın obyektidir. Bu sonuncu halda idrak özünü
dərk etmə formasında çıxış edir. Nəhayət intellektual fəaliyyətin özünün
nəticələri də idrakın obyekti rolunu oynaya bilər. Məsələn ədəbi tənqid,
mifologiyanın, dilin təhlili, elmi müddəanın araşdırılması və sair.
Müasir qnoseologiyada çox vaxt idrakın obyekti və idrakın predme-
ti anlayışları bir-birindən fərqləndirilir. Yuxarıda qeyd olunduğu kimi
idrakın obyekti dedikdə varlığın tədqiqata məruz qalan sahəsi başa
düşülür. Idrakın predmeti isə daha məhdud miqyasa malikdir. O tədqiqatın
yönəldiyi konkret səpkini ifadə edir.