Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
14
59. (Özlərinə) zülm edənlər onlara deyilən (əmr olunan) sözü başqası ilə dəyişdirdilər
("bizi bağışla" mə’nasında işlədilən "hittə" sözünə gülərək onu "buğda" mə’nasında olan
"hintə" sözü ilə əvəz etdilər). Biz də o zalımlara etdikləri haqsızlığa görə göydən şiddətli
əzab göndərdik.
60. Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: "Əsanı daşa vur!" -
dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan) on iki çeşmə fışqırdı, hər kəs öz
çeşməsini tanıdı. (Sonra onlara: ) "Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə
öz həddinizi aşaraq fəsad törətməyin!" (söylədik).
61. Xatırlayın ki, siz (müəyyən müddət səhrada qalmalı olduğunuz zaman): "Ya Musa!
Biz (hər gün yediyimiz) eyni təama (qüdrət halvasından və bildirçin ətindən ibarət olan
yeməyə) heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi
şeylərdən tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin! -
dediniz. (Musa da cavabında : ) "Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə
dəyişdirmək istəyirsiniz? (O halda) şəhərlərdən birinə gedin, istədiyinizi orada
taparsınız!" - demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə
düçar oldular. Bu (cəza) onların Allahın ayələrini inkar etdiklərinə və (Zəkəriyya,
Yəhya və Şüeyb kimi) peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların
(Allaha) asi olduqlarına və həddi aşdıqlarına (Allahın əmrlərini pozduqlarına) görə idi.
62. İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və
sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları
Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-
qüssə görərlər.
63. (Ey İsrail oğulları!) Sizdən əhd-peyman aldığımızı və Tur dağını başınızın üzərinə
qaldırdığımızı xatırlayın! (Biz: ) "Sizə göndərdiyimizi (Tövratı) möhkəm tutun,
içindəkiləri unutmayın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz" - (deyə əmr etmişdik).
64. Bundan sonra siz (əhdinizdən) döndünüz (əvvəlcə əməl etdiyiniz Tövrata sonra
əməl etmədiniz). Əgər sizə Allahın yazığı və rəhmi gəlməsəydi (tövbə etmək üçün
möhlət verilməsəydi), əlbəttə, (böyük) zərər çəkənlərdən olardınız.
65. Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bə’zi kəslər şənbə günü (Davud zamanında
şənbə günü balıq ovunun qadağan edilməsi) haqqında olan əmrdən kənara çıxdılar. Biz
də onlara: "(Zəlil və) həqir meymunlar olun!" - dedik.
66. Biz bunu onlarla bir dövrdə yaşayanlar və sonradan gələnlər üçün ibrət və
müttəqilərdən ötrü nəsihət olsun deyə etdik.
|