289
Əzizim, gül butandı,
Qaş-gözünü atandı.
Aynan gün bəhsə girdi,
Camalınnan utandı.
Əzizim, üzər məni,
Qara göz süzər məni.
Söygülüm lalə bilif,
Köysünə düzər məni.
Aşiqəm, ala dağlar,
Başında qala dağlar.
Heş (ç) bilirsən kimləri,
Salıfsan yola, dağlar?
Əzizim, daşdı yenə,
Qəm həddən aşdı yenə.
Mən gül üzünü gördüm,
Dilim dolaşdı yenə.
Əzizim qala məndə,
Bürc səndə, qala məndə,
Mən ölməhdən qorxmuram,
Yar gözü qala məndə.
Aşiqəm, şirin-şirin,
Kəs bağrım şirin-şirin.
Baş qoyum sinən üstə,
Can verim şirin-şirin.
Dostları ilə paylaş: