Bağ. Keçmişdə, adətən, kişi şalvarı, habelə qadın tumanları «nifəli»tikildiyindən onlar
enli bağ vasitəsi ilə beldən bağlanırdı. Ona görə də milli geyimlər dəbdən düşənə qədər əhalinin
ev məişətində müxtəlif rəngli keci sap və ya ipdən toxunan başı qotazlı bağa ehtiyac böyük idi.
Bu ehtiyacı nəzərə alaraq hər bir evdə qız-gəlin al-əlvan rəngli keci saplardan şalvar (tuman)
üçün bağ toxuyardı.
Dağlıq Şirvanda bağ toxumaq üçün «şalabəndçü» adı ilə bəlli olan düzbucaqlı quruluşa
malik xüsusi toxuma-hörmə alətindən istifadə olunmuşdur. Dik dayanan çapara dəzgahından
fərqli olaraq bağdəzgahı maili vəziyyətdə, qucaqda tutulub toxunurdu. Dəzgahın qollarına
keçirilmiş üst oxu mütəhərrik, alt oxu isə sabit vəziyyətdə dayanırdı. Dəzgah qollarının yuxarı
başında açılmış şaquli düzümə malik deşiklər üzrə üst oxunun mövqeyini dəyişdirməklə, bağın
boyunu uzadıb-qısaldabilirdilər.
Toxuma prosesi «rəxt» adlanan qarğı paralarından düzəldilmiş bir çərək uzununda yastı
və hamar pərlər vasitəsilə görülürdü.
219
Qaytan (şərid).Keçmişdə Azərbaycan əhalisinin ev məişətində yastı şərid mühüm yer
tutmuşdur. Şəridin ensiz növü olan qaytan alt və üst geyimlərinin yarıq və çapıqlarını bağlayıb
çözmək məqsədi ilə geniş istifadə olunmuşdur. Çox vaxt qaytan ilgə-düymə əvəzinə işlənirdi.
Qolçaqlı arxalıq, atmaqol çuxanın qolaltı yarıqları, çutqu qulaqları məhz qaytan vasitəsi ilə
bağlanırdı. Hətta önlüyün kənar qulaqcıqları, döşlüyün «üzəngi» adlanan boyun asması, təsək
üzəngisi çox vaxt qaytandan düzəldilirdi.
Şərid, habelə «gözək» və ya «çubuq bağı» adı ilə elat məişətində də geniş yayılmışdır.
Alaçıq tipli evlərin çubuqlarını bir-birinə bağlamaq üçün xüsusi olaraq hazırlanmış rəngbərəng
qısa «çubuq ipi»ndən istifadə olunarmış. Qarabağ maldarları arasında daha çox «gözək» adı ilə
tanınan çubuq ipinin hər iki ucu al-əlvan boyalı iplərdən düzəldilmiş qotaz ilə tamamlanırdı.
Bütün bunlardan əlavə, çuval, xurcun, heybə, məfrəş, duz torbası və s. kimi toxuma qabların ağzı
yenə də ucu qotazlı gözək ipi ilə bağlanırdı. Keçmiş məişətdə dolaq ipi və çariq bağı çox vaxt
yastı qaytandan düzəldilirdi.
Gözək və ya qaytanın 2-3 ibarət bükdərilmiş iplərini bir neçə tağa ayırandan sonra
sünbülvari formada hörürdülər.