Milli Kitabxana
293
MÜALİCƏ
Mənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: "Eyibsiz gözəl
olmaz" demişlər. Mənim də rəfiqimin bircə eyibi vardır, o da qayət əsəbidir. Əslinə
baxsan, bu da eyib deyil, modalı bir xəstəlikdir.
İlk baharın sonunda rəfiqim təbiblərdən bir konsilium düzəltdirərək, xəstəliyinə
çarə diləmiş. Həkimlər ona belə bir müalicə təklif etmişlər: "Bu üç ay yayı gözəl
ab-havalı və az şənlikli bir kənd tapıb orada yaşamağı sizə məsləhət görürük.
Bilmərrə oxu, yazı ilə məşğul olmayaraq, vaxtında yeyib, vaxtında istirahət
etməlisiniz. Ümidvarıq ki, belə bir müalicə ilə xəstəliyiniz sizdən dəf olar".
Rəfiqim, Azərbaycan kəndlilərini bir-bir nəzərdən keçirdikdən sonra bacısı
yaşadığı kənddə dayanır. Yay fəsli girdikdə bacısına bir məktub yazıb həkimlərin
qərarını ona bildirir. Bir neçə il sevgili qardaşından ayrı düşmüş bacı, xeyli şadlıqla
məlum edir ki: "Qardaş, durmayıb tezliklə gələsən və özün ilə heç bir şey
gətirməyəsən, çünki hər şeyimiz vardır". Bu xəbəri aldıqdan sonra rəfiqim
bacısının qabaqlamasına baxmayaraq, öz adəti üzrə yorğan-döşək, purjunlu
çarpayıdan tutmuş diş fırçasınadək, malakan furqonuna doldurub yola düşdü.
* * *
Furqon ilə səyahət etmək ləzzətini qələmə almaqdan vaz keçirik, çünki hər bir
azəri oğlunun ömründə bir dəfə də olmuş olsa, o "ləzzəti" çəkməsinə şübhə
etmirik. Bundan əlavə, doğrusu, o səyahəti layiqincə təsvir etmədə özümüzü aciz
görürük. Ancaq bunu əlavə etmək istəyirik ki, furqon ilə səfər edən şəxsə mənzil
başına çatana kimi "sümsükut" orucu tutmağı əmr buyurmuşlardır. Danışmaq
istəyənlər, lalların barmaq üsulu ilə danışmalarına bələd olmalıdırlar, çünki adi dil
ilə danışdıqda elə bir dil meydana çıxır ki, onu anlayan bir dilçi bu böyük dünyada
hələ tapılmamış. Rəfiqim birinci dəfə furqon ilə səfər etdiyinə görə (uşaqlıqda
etdiyi səyahəti hesaba almırıq) "sümsükut'u pozub furqonçu malakan ilə danışmaq
istəmiş, lakin iki kəlmə deməyə müvəffəq olmamış, o da belə surətdə: "...i hıqq,
van... vay, da...uyn...yi...".
Milli Kitabxana
294
Necə ki, görürsünüz rəfiqim ancaq "İvan dayı" deyə bilmiş ki, o da
furqonçunun adıdır. Rəfiqim "i" hecasını dedikdə furqon daşa toxunaraq mətləbə
dəxli olmayan bir "hıqq" kəlməsi meydana çıxır. "Van" dedikdə araba yırğalanıb
rəfiqimin pensnesini yerə atır, o da daş üstə düşüb parça-parça olur. Bu vaxt
rəfiqimdən bir "vay" nidası çıxır. Dalınca furqon çuxura düşüb rəfiqimi yuxarı elə
atır ki, biçarənin başı kibitkaya toxunub əzilir və "uy"... etməsinə səbəb olur. İndi
özünüz də görürsünüz ki, "sümsükut"u pozanın cəzası nə qədər böyük imiş.
Günəş dağlara enən zaman İvan dayının "avtomobili" gurultu ilə kəndə varid
olur. Rəfiqimin pişvazına çıxmış bir sürü bacısı uşaqları "dayım gəldi" deyə
arabanı əhatə edirlər. Refiqim isə furqonun içində isti paltosunu, qaloşunu geyib,
şarfinı boynuna dolayır və çətri əlinə alıb xeyli vüqar ilə arabadan enir. Uşaqlar
onun ətrafinı əhatə edirlər.
- Ay qırılmışlar, nə çoxsunuz? Sizi ürkütməsək sanamaq olmaz. -Uşaqlar
gülüşürlər.
- Həsən, neçə qardaşsınız?
- Dayı can, bizə yeddi qardaş deyərlər. Hamımız qulluğunda hazırıq, əmrini
gözləyirik.
- Onda şeylərimi götürün, gedək.
- Bu saat, dayı can, - deyə Həsən furqona qalxıb şeyləri bir-bir endirir.
Yeddi qardaş yüklənəndən sonra furqonda rəfiqimin bir mafraş yorğan-döşəyi,
çamadanı və çarpayısı qalır.
- Uşaqlar, gedək, yerdə qalan şeyləri də gəlib İvan dayı ilə gətirərsiniz, - deyə
rəfiqim karvanın başını çəkir. Bu vaxt rəfiqimin bacısı, yeddi yaşar qızı Gülnaz ilə
darvazanın ağzında durub qardaşını gözləyirdi. Onun qorxusu bu şimarıq uşaqdan
idi, çünki yeddi qardaşın bu tek bacısı və özünün son beşiyi çox əzizlənib, azada
böyümüşdü.
- Bax, qızım, dayın xəstədir, səs-küy sevmir, gərək bilmərrə nadincliyi atasan.
Onda dayın sənə çox şey alar, səni də sevər.
Bu halda yüklü qardaşlar həyətə daxil olurlar. Gülnaz dayısını isti paltona və
şarfa bürünmüş görüb qəhqəhə ilə gülməyə başlayır.
- Niyə gülürsən, a şeytan qız... – deyə rəfiqim soruşur.
- Belə sənə gülürəm, qoy gedim evdən yorğan gətirim, bürün.
Gülnazın bu sözlərinə gülüşürlər. Rəfiqimin bacısı onun boynuna sarılaraq:
- A qardaş, Gülnaz demişkən, bu istidə nə üçün belə bürünmüsən?
|