ABBAS VƏ ZEYNƏB
Məmməd və Fatma şamdan sonra sabahkı dərslərini hazırlayıb, yazılarını yazıb
oturmuşdular. Tez-tez atalarının üzünə baxırdılar. Hacı Səməd uşaqlarının fikrini
duyub dedi:
- Yenə nağıl istəyirsiniz?
- Bəli, ata, - deyə Məmməd cavab verdi. Fatma dedi:
- Ata, bu gün müəlliməmiz bizə "Əlibaba və qırx quldur"un nağılını oxudu. Sən
də bizə quldurdan söylə.
- Yaxşı, qızım, ancaq bunu bil ki, quldurlar elmsiz, tərbiyəsiz tayfadan çıxarlar.
Heyvanın vəhşisi qurd, pələng və şir olan kimi, insanın də vəhşisi bunlardır. Ancaq
təfavütləri odur ki, quldurlar onlardan neçə qat rəhmsiz, insafsız və zalımdırlar.
Qulaq as, bu nağıldan özün bilərsən.
- Qızım, bahar fəslində Dan ulduzunun parlaq bir vaxtı idi. Qaya-dibi adlı
kəndin əhli hələ yatmışdı. Bu kənd Zaqafqaziyanın cənub tərəfində, uca dağlarla
əhatələnmiş bir çay qırağında, meşə kənarında salınmışdı.
Birdən azançının
"allahü-əkbər" səsi ucaldı. Cütcülər bundan
əvvəl
oyanmışdılar, o zəhmətkeşlər zəmilərinə cüt əkməyə getdilər.
Getdikcə dan yerinin qızartısı artırdı. Dərələrdən və çaylardan duman qalxırdı.
Günəş dağın dalından ahəstə-ahəstə çıxırdı. Hələ özü görünmüşdü. Amma şəfəqi,
qarşıdakı uca dağın başına düşmüşdü. Sonra yavaş-yavaş qalxıb dağın dalından
göründü və ruh verən qızıl zərrələrini aləmə dağıdıb cümlə yatmışları oyatdı.
Çəmənlərdə, seyrəngahlarda, çiçəklər qönçələrində gizlənmiş pərvanələri və anları
oyatdı. Quşların cəh-cəhi havaya ucaldı. Bunların xoş avazları cütcünü şura gətirdi.
O da ahəstə-ahəstə cütünü sürüb öz nəğməsini oxudu. Dağ döşündə sürüsünü
otaran çoban da bayatı nəğməsini tütəyində ucaltdı.
Günəş yavaş-yavaş qalxırdı. Onun qızıl şəfəqi getdikcə gümüş renginə
dönürdü. Qayadibi kəndinin əhalisi durub hərə öz işinə getdi...
Milli Kitabxana
340
* * *
- Abbas, bax, gör mən nə qədər yığmışam.
- Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq, bazarda satıb sənə çoxlu
kişmiş alacağam.
- Fındıq da.
- Yaxşı, fındıq da alaram.
Bacı və qardaş ətəklərinə yığdıqları qulançarı yerə töküb, bir təpənin üstündə
oturdular və onları dəstə tutmağa başladılar.
Bu iki uşaq atadan yetim idi və bir quru daxmadan başqa, ataları bunlara bir şey
qoymamışdı. Ancaq anaları Fatma cəhrəçilik edib bir növ gündəlik çörəyini
qazanırdı. Uşaqlar kiçik olduqlarından analarına bir o qədər köməkləri çatmırdı.
Abbasın on yaşı, Zeynəbin yeddi yaşı vardı. Abbas ancaq bu ildən hər gün meşəyə
odun qırmağa gedirdi və qırdığı odunu şələləyib, bazarda dükançılara bir az pula
satırdı. İki gün bundan qabaq Abbas odun ilə bərabər bir dəstə qulançar da yığıb
bazara gətirmişdi və onu bir şahı pula satıb anasına vermişdi.
Bu gün Abbas meşəyə getməyə hazırlananda Zeynəb də qulançar yığmaq
həvəsilə anasından rüsxət istədi. Amma Fatma heç birini qoymaq istəmirdi, çünki
quldur Səfərdən qorxurdu. Dörd il bundan əqdəm Səfərin qardaşı el davasında
Qayadibi əhli tərəfindən öldürülmüşdü. Amma qatili kim olduğu məlum deyildi.
Ona görə Səfər qardaşının qanını bütün kənddən iddia edirdi.
Bir dəfə Qayadibi camaatı Səfərdən belə dəhşətli bir sifariş aldı: "Ey
qayadibililər! And içirəm məni yaradan xaliqə. And içirəm, anamın, bacımın
namusuna, ta sizin böyük-kiçiyinizi, arvad-uşağınızı qırıb o gözəl vətəninizi
odlayıb tar-mar etməyincə dünyada yaşamayacağam; vaxtınıza hazır olun".
Bu xəbər hamını bərk qorxuya salmışdı, çünki Səfər dəliqanlı bir adam idi.
Bu sifarişdən çox keçməmişdi ki, Səfəri adam öldürmək üstündə Sibirə
göndərdilər. Dörd il idi ki, ondan bir xəbər-ətər yox idi. Ancaq bu yaxın zamanda
Səfərin Sibirdən qaçıb başına özü kimi dəliqanlıları cəm edərək quldurluq etməyi
hər yerə yayılmışdı. Qayadibi əhli də bərk qorxuda idi.
Fatma neçə gün idi ki, işsiz idi. Ona görə istər-istəməz uşaqlara izin verdi.
Onlar da sevinə-sevinə meşə tərəfə üz qoydular.
|