Milli Kitabxana
47
DİBDAT BƏY
Bir pərdəli, iki şəkilli məzhəkə
İŞTİRAK EDƏNLƏR
S ə f d ə r q u l u b ə y - mülkədar bəy. Ucaboylu, dolubədənli, üzüqırxıq,
çərkəz libasında, əlli yaşında sadədil bir şəxs.
Danışanda tez-tez "vot tebe na" sözünü təkrar edir.
M e h d i b ə y
V ə l i b ə y
}
Səfdərqulu bəyin qumar yoldasları.
R ü s t ə m b ə y
S a ş a bəy
M ə ş ə d i S ə m ə d - dükançı.
A z a d b ə y - doktor.
N ə b i - Səfdərqulu bəyin nökəri.
C ə b i - Mehdi bəyin nökəri.
O v a n e s - Saşa bəyin nökəri.
R ə h i m - tarzən,
K ə r i m - oxuyan.
BİRİNCİ ŞƏKİL
Səhnə Səfdərqulu bəyin otağını göstərir. Otaq yarı Asiya, yarı Avropa qaydası ilə
bəzənmiş. Ortada girdə stol. Üstə şamdan, kart və qeyri qumar şeyləri. Sandalyalar qaydasız
halda durmuş. Açıq qapıdan yemək otağı görünür, Pərdə qalxdıqda, Nəbi otağı qaydaya
salarkən öz-özünə söylənir.
N ə b i. Vay sizin evinizi allah yıxsın, a belə ağalar. Bir belə də qumar oynamaq
olarmı? Hər gün səhərə kimi oynayırlar. Çox vaxtı gecəni gündüzə qatıb, o biri
günə kimi kart vururlar. Vallah, mən nökər belə rahatsızlığa davam edə bilmərəm.
Amma bizim bu nəcib bəylərimiz davam edirlər. Özgə vaxtı "o yana dur" üstə
xəncər, tapan-çaya çıxırlar. Amma qumarda bir-birlərinə itə deyilməz sözləri
deyirlər. Yenə də keçir gedir. Amma lotular mənim bu səefeh ağamı yaxşı tovlayıb
tapıblar. Gecə-gündüz çörəyini yeyib, çayını içib özünü də,
Milli Kitabxana
48
qumarda sağmal inək kimi sağırlar. Ha-ha-ha... (Bir az dayanıb yenə də) Ha-ha-
ha... A kişilər, bu lotuların hər kələkləri qurtarmışdı, qalmışdı elə bu. İndi də
tutublar ki, Səfdərqulu ağa, səni cəmi bəylər tərəfindən dibdat seçəcəyik. Gedib
Fitilbörgdə dum deyirlər, nə deyirlər, orada vəzirlər yanında danışasan. Ha-ha-ha...
Səfdərqulu bəy vəzirlər yanında danışacaq? Vay o yazıqların halına. "Vot tebe
na"dan başqa bir şey başa düşə bilməyəcəklər. (Cəbi daxil olur.) Xoş gördük, a
Cəbi lələ. Mənə qulluq.
C ə b i. Gecə ağamın papiros qutusu burada qalıbdır. Ona gəlmişəm.
N ə b i (papiros qutusunu stolun üstündən götürüb verir.) Cəbi, sən öləsən bu
gecə, ağan Mehdi bəyi təmiz süngə çəkiblər. Yaxşı ki, hələ papağını da yaddan
çıxartmayıb.
C ə b i. Mənim ağam kartın höcətinə gedəndir.
N ə b i. Odur ki, bu gecə on bir əl dalbadal onluğa vuruldu. Axırda hirsindən
kartı cırıb atdı.
C ə b i. Mən Mehdi bəyin yerinə olsaydım, onluğa vurulanda qaçardım
doqquzluğa. Ona da vurulanda səkkizliyi qoyardım. Getdikcə bir xal azaldardım.
N ə b i. Ha-ha-ha... afərin sənə, Cəbi lələ. Sən lap qart qumarbaz imişsən. Onda
mənlə bir əl qonçuna oynamaqda necəsən.
C ə b i. Çox yaxşı, oynaram. Bəs Səfdərqulu ağa evdə deyil?
N ə b i. Qorxma, elə yatıbdır ki, top da atsan xəbəri olmaz.
C ə b i. Bu gecə udubdur, yoxsa uduzubdur?
N ə b i. Heç görünməz iş!.. Udubdur! Cəbi, yaxşı yadıma saldın, ağa
tapşırmışdı ki, onu tezdən durquzam. Günorta olubdur, amma o hələ yatıb. Cəbi,
bu gecə bizdə böyük qonaqlıq var. Oxuyanlı, çalanlı, içgili.
C ə b i. Səfdərqulu ağanı vəkil seçəcəklər. Onun üçünmü?
N ə b i. Bəli. Bunu sən haradan bilirsən?
C ə b i. Bu bəylərin kələyidir. Onu elə salırlar. O günü bəylərin hamısı bizdə
idi. Gülməkdən qəşş edirlər. Mehdi bəy də deyirdi: Nə var, zəhməti mən çəkim,
qonaqlığı Səfdərqulu bəyin boynuna mən qoyum, hamı kələyi mən qurum, kefi siz
çəkin.
N ə b i. Bunun bəylərin kələyi olduğunu mən də duymuşam. Ancaq nə işim var,
ağa mənə bir çuxa vədə edibdir. Təki o çatsın.
C ə b i. Gərək qabaqcan alasan. Sonra kələk açılanda verməz. Bəlkə yadına
salanda səni də kötəkləyər.