III FƏSİL
ƏSAS KLİNİKİ SİNDROMLAR
Ödem
Böyrək xəstəliklərinin ən xarakter əlamətlərindən biri – ödemdir.
Böyrək mənşəli ödemlər başqa xəstəliklər zamanı (ürək xəstəlikləri,
hipotireoz) meydana çıxan ödemlərdən boş birləşdirici toxuma çox
olan yerlərdə təzahür etdiyinə görə fərqlənir. Bu zaman ödem ilk
növbədə üzdə, gözqapaqları və ayaqlarda meydana gəlir. Əksər hal-
larda böyrək mənşəli ödem bədənin bütün hissələrində bərabər
yayılır, tez bir zamanda həddən artıq arta bilir və anasarka halına
çatır.
Bu zaman nəinki dəri, dərialtı toxuma və həmçinin daxili orqanlar
da şişir. Amma qaraciyərin şişməsi ürək ödemindən fərqli olaraq az
nəzərə çarpır. Eyni zamanda seroz boşluqlara maye (transsudat)
yığılır: hidrotoraks, hidroperikard, assit baş verir.
Böyrək mənşəli ödemləri Mak-Klyur-Oldric suluq sınağının
köməyi ilə də təyin etmək olar. Dəri içinə, saidin iç səthinə, 0,2 ml
xörək duzunun izotonik məhlulu yeridilir və suluq əmələ gətirilir.
Toxumaların «ödem hazırlığından» asılı olaraq suluğun sorulma
müddəti sağlam şəxslərdə bir saata qədər baş verir, amma xəstəlik
zamanı sürətlənir.
Müalicənin gedişində ödemin dinamikasını təyin etmək üçün
xəstənin bədən kütləsi, ətrafların, gövdənin dairəsi ölçülür, içilən su,
gündəlik diurez nəzərə alınır, serroz boşluqlarda olan transsudatın
artıb-azalmasına diqqət edilir. Böyrək mənşəli ödemlərin səbəbləri
aşağıdakılardır:
1.
Kapillyarların divarının keçiriciliyinin artması əsas amillərdən
biridir. Buna səbəb böyrək xəstəliklərində qan zərdabında hialuro-
nidazanın aktivliyinin artmasıdır. Hialuronidaza kapillyar divarının
əsas (bazal) membranın və hüceyrəarası maddənin (endotelarası
87
88
«sement») əsasını təşkil edən hialuron kompleksi – mukopolisaxarid-
lərin depolimerizasiyasını gücləndirir ki, bu da kapillyar divarının
keçiriciliyini artırır. Bu halı gücləndirən vasitələrdə kalsiumun azal-
masının rolu böyükdür, çünki hüceyrəarası «sementin» tərkibinə
kalsium proteinat daxildir. Eyni zamanda qanda pH-nın azalması,
asidozun inkişafı da rol oynayır. Kapillyar keçiriciliyinin generalizə
olunmuş şəkildə artması nəticəsində su, suda həll olmuş maddələr və
çoxlu miqdarda zülal damar mənfəzindən toxumalara keçir. Bundan
başqa, toxumaların ara maddəsinin mukopolisaxaridlərinin depolime-
rizasiyası toxumaarası mayedə molekulların artmasına və onun
kolloid-osmotik təzyiqinin artmasına səbəb olur. Toxumaarası maddə-
nin hidrofilliyi artdığı üçün o özündən suyu çətin «buraxır». Beləliklə,
kapillyar divarının keçiriciliyinin artması nəticəsində baş verən öde-
min bərk olmaması onu hipoproteinemik ödemlərdən fərqləndirir.
Kapillyar keçiriciliyinin artması nəticəsində baş verən ödem za-
manı su təkcə dəri altına yox, damarla zəngin bütün toxumalarda yı-
ğılır, hətta seroz boşluqlarda da maye toplanır. Böyrək yumaqcıqları-
nın kapillyarlarının keçiriciliyinin artması proteinuriyaya səbəb olur
və bu da hipoproteinemiyaya gətirib çıxarır. Belə ödemlər təkçə
böyrək xəstəliklərində deyil, başqa xəstəliklərdə də müşahidə oluna
bilər, belə ki, allergik mənşəli xəstəliklərdə (angionevrotik ödem –
Kvinke ödemi), arının sancması və s. nəticəsində baş verə bilər.
2. Qanda kolloid-osmotik təzyiqin azalması (hipoproteinemiya
nəticəsində) nefrotik sindrom zamanı ödemin əmələ gəlməsində əsas
rol oynayır. Bu zaman böyrəklər tərəfindən zülalın itirilməsindən,
yaxud zülalın damar mənfəzindən toxumalara keçməsi nəticəsində
hipoproteinemiya qanın onkotik təzyiqinin azalmasına səbəb olur.
Hipoproteinemik ödemlər hidrostatika qanunlarına tabe olaraq,
gəzən xəstələrdə ilk növbədə ayaqlarda, uzanan xəstələrdə isə bel
nahiyəsində əmələ gəlir.
Adətən hipoproteinemik ödemləri qanda zülalın səviyyəsi 35-40
q/l-dən aşağı düşdükdə, albuminlərin 10-15 q/l-dən çox azalması
zamanı baş verir. Böyrək xəstəlikləri zamanı ilk növbədə qanda
89
albuminlərin səviyyəsi aşağı düşür, qlobulinlərin qatılığı isə bir o
qədər də dəyişilmir. Albuminin azalması kolloid-osmotik təzyiqinin
daha çox azalmasına səbəb olur, çünki albumin molekulası kiçik
olduğu üçün onun nisbi onkotik təzyiq yaratmaq qabiliyyəti qlobulin
molekulasının yaratdığı təzyiqdən 3 dəfə çoxdur (onkotik təzyiq
molekulun kütləsinə görə yox, sayına görə yaranır). Hipoproteinemik
ödemlər zülalın azalması ilə baş verən bütün xəstəliklərdə – uzun
müddət ac qaldıqda (aclıq ödemi), nazik bağırsaqda sorulmanın
pozulması (sorulmanın pozulması sindromu), xərçəng kaxeksiyası və
s. hallarda baş verir.
1.
Hipernatriemik (hipernatrihistik, yunanca histos – toxuma)
ödemlər toxumalarda artıq natrium saxlanması nəticəsində baş verir.
Natrium hidrofil xassəyə malik olduğu üçün çoxlu xörək duzu qəbul
etdikdə ödem baş verə bilər. Hipernatrihistiya böyrək mənşəli
ödemlərdə bir əlavə rola malikdir. Bunun əmələ gəlməsində əsasən
hormonal faktorların rolu vardır. Bunun səbəbi artıq miqdarda
böyrəküstü vəzin qabıq maddəsinin qana aldosteron ifraz etməsi,
yaxud hipofizin arxa payının antidiuretik hormon ifraz etməsidir.
Mənşəindən asılı olmayaraq bütün ödemlərdə osmorequlyasiya
pozulur ki, bunun da əsasında hormonal halda aldosteron-antidiure-
tik hormon əsas yer tutur. Bu sistem bədənin osmo-və volum-requl-
yasiyanın daim saxlanmasında iştirak edir, yəni bədəndə suyun və
natriumun sabit miqdarını təmin edir.
Qanın həcmi azaldıqda sağ qulaqcıq və ümumi yuxu arteriyası
divarlarında yerləşən volyumreseptorlar qıcıqlanaraq hipotalamusa
siqnal verir, oradan böyrəküstü vəzin qabıq maddəsinə ötürülür, al-
dosteron ifrazı artır, bunun nəticəsində böyrək kanalcıqlarında nat-
riumun reabsorbsiyası yüksəlir. Natrium bədəndə saxlanılmaqla o,
sidikdə az ifraz olunur.
Nefrotik sindrom zamanı qanda aldosteronun səviyyəsinin 20
dəfəyə qədər artması müşahidə olunur və bu ikincili hiperaldoste-
ronizm adlanır. Bundan fərqli olaraq böyrəküstü vəzin şişləri zamanı
birincili hiperaldosteronizm baş verir.
90
Qanda natriumun artması osmoreseptorları qıcıqlandırır. Bunun
nəticəsində hipofizin arxa payında antidiuretik hormonun artması baş
verir ki, bu da distal kanalcıqlarda suyun fakultativ reabsorbsiyasına
səbəb olur. Bədəndə saxlanmış natrium və su qanın həcmini bərpa
edir, lakin bədəndə saxlanmış artıq su və natrium toxumalara keçir,
ödemi artırır.
Anuriya nəticəsində baş verən ödemlər kəskin, yaxud xroniki
böyrək çatışmazlığı zamanı da baş verir.
Yuxarıda göstərilən səbəblər klinik olaraq bir-birini tamamlayır,
lakin başlanğıcda bu və digər səbəb ödemin əmələ gəlməsində əsas
rol oynayır, sonra isə başqa faktorlar qoşulurlar.
Dostları ilə paylaş: |