Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə140/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   136   137   138   139   140   141   142   143   ...   470
MEHDİ MƏMMƏDOV  

(28.5.19182- 8.1.1985) 

 

Milli rejissuramızda xüsusi yeri olan Mehdi Məmmədovun quruluş verdiyi tamaşalarda 



idrakin gücü zərifliyə və emosiyaya, psixoloji çalarlardan zəmin tapan

 

lirizmə qovuşaraq tamaşaçını 



düşüncələr aləminə aparırdı. Onun quruluşlarının ritmindəki karvan ləngəri, ahəngin ağırlığı 

sənətkar təfsirinin fəlsəfi dərinliyindən, rejissor yozumundakı qanadlı fikirlərdən, epizodlardakı 

mizan düzümündən, obrazların xarakterini açan ifadə vasitələrindəki rəngarənglikdən irəli gəlirdi. 

Mehdi Məmmədov 1918-ci il may ayının 22-də Şuşada doğulsa da, məktəb təhsilini Bakıda 

alıb. Yeddinci sinifdən Bakı Türk Işçi Teatrının tamaşalarında kütləvi səhnələrə  çıxan Mehdi 

Məmmədov Bakı Teatr Məktəbini bitirib (1935). Həmin il Moskvada ali rejissor təhsili almağa 

gedib. 

1940-ci ildə  Gəncə Dövlət Dram Teatrında Məmmədhüseyn Təhmasibin "Bahar" dramını 

diplom işi kimi tamaşaya hazırlayıb. Təyinatla Gəncəyə göndərilən gənc rejissor 1945-ci ilin yay 

mövsümünün sonunadək burada işləyərək sentyabrda Bakıya gəlib. Burada müxtəlif sənət 

ocaqlarında, əsasən, monumental səpkili tamaşalar hazırlayıb. 

Ayrı-ayrı illərdə  Gəncə Dövlət Dram Teatrında (1942-1945), Milli Dram Teatrında (1960-

1963), Opera və Balet Teatrında (1956-1960), Azərbaycan Dövlət Rus Dram Teatrında (1978-1982) 

baş rejissor Kürsüsünü tutub. Sıravi quruluşçu

 

rejissor kimi ən çox Milli Dram Teatrında quruluşlar 



verib. 

1945-cı ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor 

sənətindən dərs deyib, kafedra müdiri olub. 1968-ci ildə "Azəri dramaturgiyasının estetik 

problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1960-cı ildən professor vəzifəsini 

tutan, sənətşünaslıq doktoru Mehdi Məmmədov "Azəri dramaturgiyasının estetik problemləri", 

"Teatr düşüncələri", "Teatrlar. Aktyorlar. Tamaşalar", "Hüseyn Ərəblinski". "Onun sənət ulduzu", 

"Moskva Akademik Bədaye Teatrı", "Aleksandr Tuqanov" (rus dilində), "Rejissor sənəti", "Sabit 

Rəhman" və digər kitabların müəllifidir. 

Sənətdə qazandığı uğurlara görə Mehdi Məmmədov respublikanın əməkdar incəsənət xadimi 

(21 iyul 1949), xalq artisti (26 aprel 1958) və SSRİ xalq artisti (7 avqust 1974) fəxri adlarına layiq 

görülüb. 

Akademik teatrda hazırladığı Hüseyn Cavidin "İblis" faciəsinə görə 1984-cü ildə Azərbaycan 

Dövlət mükafatı ilə təltif olunub. 

Mehdi Əsədulla oğlu Məmmədov 1985-ci il yanvar ayının 28-də qəflətən vəfat edib. Bakıda 

Fəxri xiyabanda dəfn olunub. 

Mehdi Məmmədovun böyük oğlu Elçin Məmmədov (anası Barat xanım  Şəkinskayadır) 

məşhur teatr rəssamı idi. 

Görkəmli rejissorun Gəncə teatrında hazırladığı tamaşalar: "Bahar" (Məmmədhüseyn 

Təhmasib), "Madrid" (Mirzə  İbrahimov), "İntiqam" və "Qatır Məmməd" (Zeynal Xəlil), "Məşədi 

İbad" (Üzeyir bəy Hacıbəyov), "Od gəlini" və "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Toy" (Sabit 

Rəhman), "Vaqif" (Sə-məd Vurğun), "Nə yardan doyur, nə əldən qoyur" (Lope de Veqa), "İntizar" 

(İlyas  Əfəndiyev və Mehdi Hüseyn), "Nizami" (Mehdi Hüseyn), "Partizan kostya" (Nadejda 

Filippova), "Vasvası xəstə" (Jan Batist Molyer). 

Milli Dram Teatrında ilk işi 1946-cı ildə Şekspirin "On ikinci gecə" komediyasının tamaşası 

olub. Müəyyən fasilələrlə bu sənət ocağında Cəfər Cabbarlının "Yaşar" (1947), Aleksandr 

Fadeyevin "Gənc qvardiya" (1948), Sabit Rəhmanın "Aydınlıq" (1949), "Əliqulu evlənir" (1961), 

Lope de Veqanın "Rəqs müəllimi" (1949), Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" (1950), 

Məmmədhüseyn Təhmasibin "Çiçəklənən arzular" (1951), Nikolay Qoqolun "Müfəttiş", Karlo 

Haldoninin "Mehmanxana sahibəsi" (1952), Yuri Yanovskinin "Prokurorun qızı" (1954), Nəcəf bəy 

Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" (1955), İmran Qasımovla Həsən Seyidbəylinin  




"Uzaq sahillərdə" (1956), Viktor Rozovun "Şadlıq sorağında" (1961), Mehdi Hüseynin "Alov" 

(1961) Mirzə  İbrahimovun "Kəndçi qızı" (1962), Lev Tolstoyun "Canlı meyit" (1968), Hüseyn 

Cavidin "Xəyyam" (1970) və  "İblis" (1983), Səməd Vurğunun "İnsan" (1974), Maksim Qorkinin 

"Meşşanlar" (1975), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (1978) əsərlərinə müxtəlif 

janrlarda səhnə həyatı verib. 

Opera və Balet Teatrında Fikrət  Əmirovun "Sevil" (1953 və 1959), Leo Delibin "Lakme" 

(1957), Cahangir Cahangirovun "Azad" (1957), Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (1958 

və 1978), "Koroğlu" (1959), Cakomo Puççininin "Toska" (1960) operalarına quruluş verməklə, bu 

teatrda fəlsəfi-monumental teatrın imkanlarına genişlik açıb. Rus Dram Teatrında Maksİm Qorkinin 

"Həyatın dibində" və Mixail Şatrovun "Mənim Nadejdalarım" dramlarının quruluşçu rejissoru olub. 

Mehdi Məmmədov səhnə  sənətinə aktyorluqla başlayıb. Teatr məktəbində Karl Moor 

("Qaçaqlar", Şiller), Hacı Əhməd ("Almaz", Cəfər Cabbarlı), Moskvada Lunaçarski adına Ali Teatr 

Sənəti  İnstitutunda Evstiqneyko ("Günəş övladları", Maksim Qorki), Neznamov ("Günahsız 

müqəssirlər", Aleksandr Ostrovski) rollarını oynayıb. İşçi teatrında Süleyman Rüstəm və Hacıbaba 

Nəzərlinin "Yanğın", Seyid Hüseynin "Kölgə" dramlarındakı  Gənc aqronom və  Bəxtiyar, Gəncə 

teatrında Səməd Vurğunun "Vaqif", "Xanlar", Mirzə  İbrahimovun "Madrid", Məmmədhüseyn 

Təhmasibin, "Bahar", Mehdi Hüseynin "Nizami" pyeslərinin tamaşalarında Eldar, Söhbət, Karton, 

Qaya və Əbdək rollarında səhnəyə çıxıb. Akademik teatrda isə "Alov"da Kamalov, "Canlı meyit"də 

Protasov, "Xəyyam"da Xəyyam, "Meşşanlar"da Terenti Teterov rollarında çıxış edib. 

"Azərbaycanfilm"in 1959-cu ildə istehsal etdiyi "Onu bağışlamaq olarmı?" filmində Qaya 

roluna çəkilib. Radio teatrında Şekspirin "Hamlet" faciəsində baş rolu səsləndirib. 

Zəngin elmi təfəkKürə malik olan Mehdi Məmmədov milli teatrşünaslıq elmimizin 

inkişafında, resenziya janrının formalaşmasında səmərəli fəaliyyət göstərib. 1971-1976-cı il-lərdə 

Azərbaycan Teatr Cəmiyyətinin (hazırki Teatr Xadimlərı Ittifaqı) sədri seçilib. 

Görkəmli alimin yazdığı  və  dərslik kimi keçilən "Rejissor sənəti", "Həyat və  sənət 

yollarında", "Mah teatr" kitabları elmi dəyərlərini bu gün də saxlamaqdadır. 

Mehdi Məmmədovun rejissor üslubunun fərdi keyfiyyətlərini qısaca belə ifadə edib, 

aşağıdakı şəkildə ümumiləşdirmək olar. 

Mehdi Məmmədov aktyorun rol-obraz üzərində analitik təhlilini əsas, mühüm prinsip kimi 

götürürdü. 

Mehdi Məmmədov pauzaların psixoloji nöqtəsini tamaşanın  əsas akkordu ilə ustalıqla 

birləşdirirdi. 

Mehdi Məmmədov tamaşalarında (hətta ailə-məişət mövzulu əsərlərin səhnə  həllində  də) 

ictimai motivləri fəlsəfi dərinliyin gur işığı ilə ziyalandırırdı. 

Mehdi Məmmədov məzmun və forma vəhdətini möhtəşəm monumentallıqda təcəssüm 

etdirirdi. Bu məqsədlə tərtibatçı rəssamlarla yaradıcı tələbkarlıqla işləyirdi. 

Mehdi Məmmədovun janrından asılı olmayaraq, hazırladığı səhnə əsərlərinin sürət-ritmində 

fəlsəfi daxili ləngər vardı. 

Mehdi Məmmədovun tamaşalarında idrakın gücü zəriflik və emosiya ilə, psixoloji 

çalarlardan şirələnən lirizmlə ahəngdar cazibə yaradırdı. 

Mehdi Məmmədov tamaşanın ali məqsədini psixoloji münasibətlərin, əqidə mübarizələrinin 

mahiyyətində, fərdin dünyanı dərkində axtarırdı. 

Mehdi Məmmədov kəskin epizodlarda verdiyi ən mürəkkəb mizanlarda da müəyyən 

dinamik, musiqili, poetik və ifadəli ritmə əsaslanırdı. 

Mehdi Məmmədov janr əlvanlığına az, ancaq cəsarətlə meyil edirdi. Mövzunu janrın 

qanunları  çərçivəsində, cəmiyyətin ictimai-sosial, çağdaş  mənəvi-əxlaqi problemləri ilə 

əlaqələndirirdi. 

Mehdi Məmmədov cəmiyyətdə (həyatda) olduğu kimi, sənətdə də özünütəsdiq mövqeyində 

dayanırdı. 



Mehdi Məmmədovun rejissurası bütövlükdə realist monumentallığı və fəlsəfi dərinliyə geniş 

meydan açması ilə səciyyəvidir. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin