TOFİQ KAZIMOV
(14.1.1923-2.8.1980)
Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq
Kazımovun adı ilə bağlıdır. O, görkəmli teatr xadimi, şair Səməd Mənsurun oğludur. Səməd Mənsur
Bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətləri (məsələn, "Nicat", "Səfa") teatr
truppalarının rəhbərlərindən idi.
Tofiq Kazımov 14 yanvar 1923-cü il Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq
teatr məktəbini bitirib (1939-1942). Böyük Vətən müharibəsində iştirak edib. Döyüşlərdə
yaralanaraq 1943-cü ildə qayıdıb və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Əyyub Abbasovun
"Məlik Məmməd", Abdulla Şaiqin "Ana" dramlarının tamaşalarında Bulud və Əmrah rollarını
oynayıb.
1945-1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili alıb.
Tələbə ikən Ağdam Dövlət Dram Teatrında Həsən Qasımovun "Kür sahilində" pyesini tamaşaya
hazırlayıb.
1951-ci ildə Akademik Milli Dram Teatrında diplom tamaşası kimi Hüseyn Muxtarovun
"Ailə namusu" ("Allanın ailəsi") pyesinə səhnə quruluşu verib. 1952-ci il aprelin 25-də Gənc
Tamaşaçılar Teatrına baş rejissor göndərilib, ancaq burada tamaşa hazırlamayıb. Elə həmin il
oktyabrın 1-də Akademik teatra rejissor götürülüb. 1964-cü il martın 16-da bu teatra baş rejissor
təyin olunub.
Tofiq Kazımov 1980-ci il avqust ayının 2-də avtomobil qəzasında həlak olana qədər baş
rejissor işləyib.
1958-ci ildə kinostudiyaya işə qəbul olunaraq "Azərbaycanfilm"də çəkilən "Səhər"
kinolentində rejissor kimi çalışıb. Elə həmin il rus dram teatrında Ənvər Məmmədxanlının "Şərqin
səhəri" pyesini tamaşaya hazırlayıb. 1960-cı ildə kinostudiyadan çıxaraq yenidən Akademik teatra
quruluşçu rejissor götürülüb.
Tofiq Kazımov 1960-cı ildə Musiqili Komediya Teatrında Tofiq Quliyevin "Qızıl axtaranlar"
(dramaturq Həsən Seyidbəyli) operettasma quruluş verib. Naxçıvan teatrında Məmmədəli
Tarverdiyevin "Kölgəli dağ" (1964), Quba teatrında Rza Şahvələdin "Qız qalası" (1961), Şıxəli
Qurbanovun "Əcəb işə düşdük" (1963), Gəncə teatrında Altay Məmmədovun "Yadındamı" (1969)
dramlarına quruluş verib.
Tofiq Kazımov uzun illər teatr institutunda aktyor və rejissor sənətindən dərs deyib. Xalq
artistləri Ağasadıq Gəraybəyli, Məmmədəli Vəlixanlı, Kazım Ziya, Əliağa Ağayev (Zəfər
Nemətovla birgə), İsmayıl Osmanlı barədə monoqrafiyalar yazıb. "Çağırış", "İşıqlı yollarda",
"Şəfəq", "Qoçaq Polad" və digər pyeslərin müəllifidir. Mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara
aid resenziya və məqalələrlə çıxış edib.
Tofiq Kazımov 1965-ci ildə "Antoni və Kleopatra" (Vilyam Şekspir) və 1979-cu ildə
"Şəhərin yay günləri" (Anar) tamaşalarına görə Dövlət mükafatları ilə təltiflənib. Respublikanın
əməkdar incəsənət xadimi (1961) və xalq artisti (1 iyun 1974) fəxri adlarına layiq görülüb.
Akademik teatrda sıravi rejissor kimi Karlo Haldoninin "Məzəli hadisə" (1952), Mirzə Fətəli
Axundzadənin "Lənkəran xanının vəziri", Lope de Veqanın "Sevilya ulduzu" (1953), "Dəlilər"
(1963), Maksim Qorkinin "Vassa Jeleznova" (1954), Rəsul Rzanın "Qardaşlar", Nazim Hikmətin
"Qəribə adam" (1956), Ənvər Məmmədxanlının "Şirvan gözəli" (1957), Şıxəli Qurbanovun "Əcəb
işə düşdük", Aleksis Parnisin "Gözıllik və sevgi adası" ("Afrodita adası". 1961), Viktor Hüqonun
"Mariya Tüdor" (1962), Sabit Rəhmanın "Sevimli rollar" (1963) pyeslərinə səhnə təfsiri verib.
Baş rejissor kimi Akademik teatrda Vilyam Şekspirin "Antoni və Kleopatra" (1964),
"Hamlet" (1968), "Fırtına" (1974), İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" (1964), "Unuda
bilmirəm" (1968), "Məhv olmuş gündəliklər" (1969), "Bağlardan gələn səs" (1975), Cəlil
Məmmədquluzadənin "Ölülər" (1966), Şıxəli Qurbanovun "Sənsiz" (1967), Əbdürrəhim bəy
Haqverdiyevin "Pəri cadu" (1969), Branislav Nuşiçin "Nazirin xanımı" (1970), Sabit Rəhmanın
"Yalan" (1965), "Küləklər" (1970), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (1971), Yucin O'Nilin
"Qızıl" (1971), Cəfər Cabbarlının "Aydın" (1972), İmran Qasımovun "Nağıl başlananda" (1973),
Aleksandr Vampilovun "Övlad" (1974), Məmməd Səid Ordubadinin "Qılınc və qələm" (1976.
Səhnələşdirəni özüdür), Maqsud İbrahimbəyovun "Ümid" (1976), Mirzə İbrahimovun "Bəşərin
komediyası və yaxud Don Juan" (1977), Anatoli Safronovun "Daşqın", Dmitri Asenovun "Qızıldan
qiymətli" (1977), Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" (1978), Əkrəm
Əylislinin "Quşu uçan budaqlar" (1978), "Yastı təpə", Taufiq əl Hakiminin "Karıxmış sultan"
(1980) pyeslərini tamaşaya hazırlayıb.
Tofiq Kazımov baş rejissorluğu dövründə teatra çoxlu istedadlı gənc cəlb etdi.
Tofiq Kazımov yeni teatr poetikası yaratmaqla, onun estetik səciyyələrini müəyyənləşdirdi.
Tofiq Kazımov, sözün əsil mənasında, hazırladığı səhnə əsərlərində "tamaşanın müəllifi"
səviyyəsinə yüksəlirdi.
Tofiq Kazımov səhnəni maksimum dərəcədə boşaltmağa çalışır və bununla fəza (məkan)
genişliyinə nail olurdu. Səhnə tərtibatındakı "xəsislik" əsas diqqəti aktyora yönəldirdi.
Tofiq Kazımov qaysaqlanıb köhnəlmiş səhnə şərtiliklərini cəsarətlə sındırırdı. Onun quruluş
verdiyi tamaşalarda pərdə obraz-rəmzə çevrilirdi.
Tofiq Kazımov klassik dramlara "doqma", "toxunulmaz" kimi baxmaq flkrinin əleyhinə
çıxır, həmin əsərlərin tamaşalarında cəsarətli eksperimentləri, inamlı axtarışları, dəyərli nəticələri ilə
diqqəti cəlb edirdi.
Tofiq Kazımov səhnədə məşq prosesində tamaşanın kompozisiyasını qurandan sonra ecazkar
improvizələr edir, gözlənilməz fəlsəfi-estetik qənaətlərə gəlirdi.
Bədii materialın səhnə təfsirində Tofiq Kazımovun əsas "silahı" poetik, psixoloji, dramatik
flkir yükü daşıyan mizanlar idi.
Tofiq Kazımovun tamaşalarında obraz üçün məxsusi yazılmış mahnıları aktyorlar özləri
oxuyurdular. Buna görə də ifaçı səhnədə həmişə obrazda olur və bununla da vəziyyəti bilavasitə
yaşayırdı.
Tofiq Kazımov "özgələşmə effekti"nin milli formasını yaratmaq üçün epik teatrın
ünsürlərindən cəsarətlə və novatorcasma bəhrələnirdi.
Tofiq Kazımovun hazırladığı tamaşalarda divar, qapı, pəncərə və sairə əşyalar (obyektlər)
həm özünün konkret məişət mahiyyətini yerinə yetirir, həm də atribut-obraza çevrilirdi.
Akademik teatrda həmişə gənc qəhrəman rolları tanınmış, müəyyən fəxri adlarla təltiflənmiş
50-60 yaşlı aktyorlara verilirdi. Bu səmərəsiz ənənəni məhz Tofiq Kazımov cəsarətlə sındırdı. O,
"Sən həmişə mənimləsən" tamaşasında 18 yaşlı Nargiləni tələbə Amaliya Pənahovaya, "Ölülər"dəki
gənc İsgəndəri 28 yaşlı Həsən Turabova... tapşırdı.
Tofiq Kazımovun tamaşalarında həm fikir, həm də estetik forma baxımından həmişə təzə-
tərlik, təravət vardı.
Tofiq Kazımovun quruluş verdiyi tamaşalarda iyirminci əsrin hərəkət və təfəkKür sürəti,
qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin
itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapırdı.
Tofiq Kazımovun tamaşalarının finalı özü bir tamaşa idi. Rejissorun əsər üçün seçib qurduğu
bədii, estetik, fəlsəfi konsepsiya finalda zahirən həlim, lirik, sakit, yumşaq, ancaq enerji nüvəsində
coşğunluq, əzəmət, hayqırtı olan tərzdə tamaşaçılara çatdırılırdı.
Milli rejissuramızın korifeylərindən sayılan Tofiq Kazımovun məzarı Bakıda ikinci Fəxri
xiyabandadır.
|