FUAD POLADOV (24 MAY 1948)
Lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biridir. İstedadının
formalaşdığı bu üslubun çoxqatlı çalarlarına istinad edən aktyor fəlsəfi-dramatik və faciə rollarını
məharətlə oynayır.
Fuad Ağarəhim oğlu Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. Sənətə 1966-cı
ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin dram və kino aktyorluğu
fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik
Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında
Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra Fuad
Poladov teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyən sənətkar 1989-cu ildən
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur. Xalq artistidir (20 mart
1987).
Fuad Poladovun səhnədə yaratdığı bütün obrazların taleyi ifa baxımından uğurlu olub.
Aktyorun yüksək sənətkarlıqla oynadığı Rəhman, Valeh, Qədim, Mübarək Səltənə ("Mahnı dağlarda
qaldı", "Qəribə oğlan", "Büllur sarayda" və "Şeyx Xiyabani", İlyas Əfəndiyev), Cığatay ("Yağışdan
sonra", Bəxtiyar Vahabzadə), Fərhad ("Məhəbbət əfsanəsi", Nazim Hikmət), Şahbaz bəy ("Müsyö
Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Şöklü Məlik ("Torpağa sancılan qılınc",
Nəbi Xəzri), Zaur ("Təhminə və Zaur", Anar), Baron ("Həyatın dibində", Maksim Qorki) rolları
yüksək bədii dəyərli səhnə surətləridir.
Teatrın dəvəti ilə Fuad Poladov 29 mart 2002-ci ildə Akademik teatrda Vilyam Şekspirin
eyniadlı faciəsində Hamlet rolunu uğurla oynayıb.
Fuad Poladov səhnədə düşünməyi, düşüncələrini fəlsəfi dəyərlərlə çatdırmağı, ən adi obraza
da psixoloji ahəng verməyi bacarır.
Fuad Poladovun səhnə plastikası ifa etdiyi obrazın psixoloji və emosional duyğularına uyğun
şəkildə dəyişir. Bu yaradıcılıq xüsusiyyətləri hər dəfə yeni ölçü-biçidə və orijinal təqdimdə
tamaşaçılara çatdırılır.
Fuad Poladov obraza ictimai dəyər gətirməyi, ona psixoloji-sosial mahiyyət aşılamağı sevən
və bunu yüksək peşəkarlıqla öz oyununda realizə edən aktyordur.
|