ŞƏFİQƏ MƏMMƏDOVA (30 MART 1945)
Milli teatr sənətimizdə nadir aktrisa olub ki, səhnəyə ilk addımından ulduz kimi işıq saçsın,
dünya dramaturgiyasının tacı sayılan əsərlərdə baş rolları oynayıb misilsiz qələbələr qazansın.
Həmin nadir sənətçilərdən biri də Şəfiqə Məmmədovadır. O, yaradıcılığı daxili ehtirası, çılğın
romantik pafosu, həssas lirizmi, çoxsaylı psixoloji dərinliyi, səhnə hərarəti, faciə temperamenti,
yumor cazibədarlığı, satirik məna yükü ilə seçilən sənətkardır. Eyni gündə gündüz Vilyam Şekspirir
"Fırtına" faciəsinin tamaşasında Ariel oynayıb salonu titrədən aktrisa, axşam Anarın "Adamın
adamı" satirik komediyasında Nazlı Qəmzəli kimi tipik məişət personajını qrotesn boyalarla rəsm
edib.
Şəfiqə Haşım qızı Məmmədova 30 mart 1945-ci ildə qədim Azərbaycan şəhəri, hazırda
Dağıstan Muxtar Respublikasının nəzdindəki Dərbənd şəhərində doğulub.
Azərbaycan Dövlət Teatr
İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib (1968). Anarın "Şəhərin yay günləri"
pyesinin tamaşasındakı Dilarə roluna görə respublika Dövlət mükafatına (1980) və Rasim Ocaqovun
çəkdiyi "İstintaq" filmindəki Müstəntiqin arvadı obrazı üçün SSRİ Dövlət mükafatına (1981) layiq
görülüb. 1 iyun 1974-cü ildə respublikanın əməkdar artisti, 1 dekabr 1982-ci ildə xalq artisti fəxri
adları ilə təltiflənib.
Milli Dram Teatrının truppasına 1968-ci ildə qəbul olunub. Aktrisa Vilyam Şekspirin
"Hamlet" (Gertruda), Aleksandr Şirvanzadənin "Nakam qız" (Sona), Lev Tolstoyun "Canlı meyit"
(Maşa), Çingiz Aytınatovun "Ana torpağı" (Cenşengülün arvadı), Hüseyn Cavidin "Xəyyam"
(Sevda), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (Pırpız Sona), Fridrix Şillerin "Məkr və
məhəbbət" (Ledi Milford), Yucin O'Nilin "Qızıl" (Süzen) faciələrində, İlyas Əfəndiyevin
"Bağlardan gələn səs" (Gülcan), "Mənim günahım" (Nurcahan), "Məhv olmuş gündəliklər" (Anjel),
Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (Nihal), İmran Qasımovun "Nağıl başlananda" (Tahirə)
lirik-psixoloji dramlarında, Mirzə İbrahimovun "Bəşərin komediyası və ya Don Juan" (Teadora),
Maksİm Qoreinin "Meşşanlar" (Yelena Nikolayevna), Səməd Vurğunun "İnsan" (Nataşa), Raço
Stoyanovun "Qısqanc ürəklər" (Miakina), Cəfər Cabbarlının "Aydın" (Gültəkin), Nikolay Poqodinin
"Zamanın hökmü" (İrina), Əkrəm Əylislinin "Yastı təpə" (Bəyaz) pyeslərində cazibədar səhnə
obrazları yaradıb.
Şəfiqə Məmmədova "Qaraca Qız" (Qız), "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya),
"Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) bədii
filmlərinə çəkilib.
Yaradıcılığının parlaq dövründə, 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan
uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu)
pedaqoji fəaliyyətə başlayıb. Milli Məclisin deputatı olub (1995-2000).
Şəfiqə Məmmədovanın coşğun səhnə ehtirası və mürəkkəb, ancaq zərif hərəkət, davranış
plastikası var. İstisnasız olaraq bütün rollarında improvizə etməyi xoşlayır. Standart, kirəclənmiş
ifadə oyun vərdişlərindən cəsarətlə imtina etməklə, səhnəyə dəyərli, incə və emosional ifadə
vasitələri gətirib. Mehdi Məmmədov, Tofiq Kazımov kimi qüdrətli rejissorların verdikləri
mizanların estetik məna tutumuna xələl gətirmədən səhnədə sərbəst və ifadəli davranışlarla
gözlənilməz sınaqlar keçirməkdən çəkinməyib. Obrazın sözlərini əzbərləməmişdən əvvəl mütləq
onun səhnə görümünü müəyyənləşdirir. Xarakterini tapa bilmədiyi surəti ifa etməyə razılıq vermir.
Səhnə xarakterini tapmağa isə bəzən çox az, hərdən isə çox vaxt sərf edir. Səhnədə əl-qol
hərəkətlərini xoşlayır və işlətdiyi jestlərin estetik gözəlliyinə və məna tutumuna xüsusi diqqət yetirir.
Şəfiqə Məmmədovanın daxili ehtirası, potensial aktyorluq gücü nə ölçüyə gəlirdi, nə
çərçivəyə sığırdı, nə də yüyənə, cilova yatırdı. Buna görə Tofiq Kazımov da, Mehdi Məmmədov da
onunla işləyəndə aktrisaya qəlibə salınmış mizanlar vermirdilər. Şəfiqə Məmədova istisnasız olaraq
bütün tamaşalarda əsərin ümumi fikir poetikası daxilində sərbəst mizan improvizələri edirdi.