SƏMƏD MÖVLƏVİ(20.2.1900-6.2.1962)
Səhnə təxəllüsü "Mövləvi" olan Səməd (Əbdülsəməd) Məmməd oğlu Rzayev 20 fevral
1900-cu ildə Cənubi Azərbaycanın Təbriz şəhərində doğulub. Buradakı Rüşdiyyə məktəbində
oxuyub. Səhnəyə ilk dəfə 1917-ci ildə Təbrizdə qastrolda olan Sidqi Ruhullanın hazırladığı "Nadir
şah" (Nəriman Nərimanov) tamaşasında Gülcahan rolunda çıxıb. Beləliklə, səhnə sənətinə bağlanıb
və özü tamaşalar hazırlayıb. 1920-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinə təbrizli
həvəskarlarla quruluş verib və özü Hacı Baxşəli rolunu oynayıb. Tamaşa ciddi qalmaqala səbəb olub
və bu hadisə Səməd Mövləvinin Naxçıvana köçməsini tezləşdirib. Onun gəlişi ilə şəhərdəki dram
dəstəsinin yaradıcılığında canlanma baş verib. Şirin və zənguləli səsi olan Mövləvi opera və operetta
tamaşaları hazırlamağa üstünlük verib.
Naxçıvan teatr həvəskarlarının yaratdıqları kollektivin dövlət statusu almasında Səməd
Mövləvinin böyük xidmətləri var. O, 1930-cu illərin ortalarına qədər Naxçıvan DDT-də işləyib və
sonra Tiflisə gedib. Buradakı Dövlət Azərbaycan Teatrında səmərəli fəaliyyət göstərdikdən sonra
1939-cu ildə yenidən Naxçıvana qayıdıb.
Səməd Mövləvi Naxçıvan DMDT-də opera, operetta və dram tamaşalarında silsilə rollar
yaradıb. Əsas yaradıcılıq nailiyyətləri musiqi əsərlərində Məcnun, Kərəm, Mərcan bəy, Əsgər
("Leyli və Məcnun", "Əsli və Kərəm", "Ər və arvad" və "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov),
Gülümsərov ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), faciə, dram və komediya
tamaşalarında Balaş, Əbu Übeyd, Pirqulu, Əbdül, Cəmaləddin, Hacı Əhməd ("Sevil", "Od gəlini",
"Aydın", "Solğun çiçəklər", "Nəsrəddin şah" və "Almaz", Cəfər Cabbarlı), Şeyx Nəsrulla ("Ölülər"),
Şeyx Kəbir ("Şeyx Sənan", Hüseyn Cavid), Mirzə Mehdi xan ("Nadir şah"), Teymur ağa, Hacı Qara
("Lənkəran xanının vəziri" və "Hacı Qara", Mirzə Fətəli Axundzadə), Xlestakov ("Müfəttiş",
Nikolay Qoqol), Qoca Moor ("Qaçaqlar", Fridrix Şiller), Vidadi, Şapur ("Vaqif" və "Fərhad və
Şirin", Səməd Vurğun), Piri baba ("Eşq və intiqam", Süleyman Sani Axundov), Həsənov ("Həyat",
Mirzə İbrahimov), Bilici baba ("Vətən", Abdulla Şaiq) rolları sayılır.
Səməd Mövləvi aktyorluqla yanaşı, rejissor sənəti ilə də səmərəli məşğul olub. Sənətdə
qazandığı nailiyyətlərə görə ona 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artısti,
24 may 1960-cı ildə xalq artisti fəxri adları verilib.
Sənətkar 6 iyul 1962-ci ildə Naxçıvanda vəfat edib.
Dostları ilə paylaş: |