ƏYYUB HAQVERDİYEV (15.3.1911 - 7.7.1996)
Ömrünün altmış ilə yaxınını Naxçıvan teatrında keçirib. Əyyub Məmməd oğlu Haqverdiyev
15 mart 1911-ci ildə Naxçıvanda doğulub. 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirib.
Lakin tələbə vaxtlarından, yəni 1929-cu ildən Naxçıvan teatrında aktyor işləyib və heç vaxt
səhnədən ayrılmayıb.
Sənətdə göstərdiyi xidmətlərinə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının
əməkdar artisti, 14 oktyabr 1964-cü ildə xalq artisti fəxri adlarına layiq görülüb. Qocaman yaşında
da səhnədən uzaq düşməyən aktyor Naxçıvanda vəfat edib.
Dramatik və faciə rollarında uğurlar qazanmış aktyorun yaradıcılıq imkanları komik
personajların ifasında daha ifadəli şəkildə təcəssüm tapıb. Yaradıcılığı xarakter əlvanlığı və janr
müxtəlifliyi ilə seçilən Əyyub Haqverdiyevin əsas rollarını belə təqdim etmək olar: Dövlət bəy,
İmamverdi, Əmirqulu, Aqşin, Mazandaranski, Şərif, Məmmədəli bəy ("Aydın", "1905-ci ildə",
"Yaşar", "Od gəlini", "Oqtay Eloğlu", "Almaz" və "Sevil", Cəfər Cabbarlı), Serqo ("Şeyx Sənan",
Hüseyn Cavid), Kürd Musa, Xosrov ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Mehdi ("Qaçaq
Nəbi", Süleyman Rüstəm), Pardon Qurbanəli ("Həyat", Mirzə İbrahimov), Qoca Moor ("Qaçaqlar",
Fridrix Şiller), Əhmədi Biqəm ("Adamın adamı", Anar), Taveriya ("Sevilya ulduzu", Lope de
Veqa), Məşədi Oruc ("Ölülər", Cəlil Məmmədquluzadə), Məmiş ("İtirilmiş sağlıq", Hüseyn
İbrahimov).
Aktyor teatrın yaradıcılıq xarakterinə uyğun olaraq opera və operetta tamaşalarında da səhnə
obrazları ifa edib. Bunların arasında Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnunun atası),
"Əsli və Kərəm" (Keşiş) operalarında, "Məşədi İbad" (Məşədi İbad), "Arşın mal alan" (Vəli)
operettalarında, Şıxəli Qurbanov və Süleyman Ələsgərovun "Olmadı elə, oldu belə" (Alanzadə),
"Özümüz bilərik" (Bəbirli), Məhərrəm Əlizadə və Fikrət Əmirovun "Gözün aydın" (Qəhrəman),
Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna" (Dursun) musiqili komediyalarında yaratdığı rollar
tamaşaçılar tərəfindən daha maraqla qarşılanıb.
Əyyub Haqverdiyev 7 iyul 1996-cı ildə Naxçıvanda vəfat edib.
Dostları ilə paylaş: |