"Ayineyi ibrət" (1924-1930). Rəhbəri və rejissoru Mehdi Zahiri olub.
"Dram Təbriz" (1929-1935). İlk rəhbəri Rza (Rza xan) Quluzadə Şərqlidir. Rza Quluzadə
kiçik pyeslər yazıb və özü tamaşaya hazırlayıb. Sonralar o, Bakıda və Aşqabadda yaşayıb, orada da
teatr sənəti ilə ciddi məşğul olub.
Təbrizin "Ariyen" truppası öz fəallığı və repertuarının əlvanlığı ilə seçilib. Truppa Üzeyir
bəy Hacıbəyovun "Ər və arvad" ("Kəblə Qubad" adı ilə), "Arşın mal alan", "Məşədi İbad"
operettaları, "Leyli və Məcnun", "Əsli və Kərəm", Şah Abbas və Xurşid banu" operaları ilə
Təbrizdən əlavə, Tehran, Xoy, Məşhəd, Rəşt, Urmu (Urmiya) şəhərlərində də tamaşalar verib.
1921-ci ildə Cəlil Məmmədquluzadə müvəqqəti Təbrizdə yaşayanda yerli teatr truppasına
köməklik göstərib. O, həvəskar aktyorlarla özünün "Ölülər" pyesini tamaşaya hazırlayıb. Baş rolları
Böyük xan Naxçıvanlı (İsgəndər) və Əli Azəri (Şeyx Nəsrulla) oynayıblar. Bundan sonra Təbriz
truppasının fəaliyyətində bir qədər də canlanma başlayıb.
Təbriz səhnəsində 1928-cı ildə Mirzə Bağır Hacızadənin rejissorluğu ilə göstərilən "Şeyx
Sənan" (Hüseyn Cavid) məhəbbət faciəsinin tamaşası truppaya yeni nailiyyət qazandırıb. Şeyx
Sənanı rejissor özü ifa edib. Bir il sonra "Ayineyi ibrət" truppası ədibin "İblis" faciəsini Rza
Quluzadə Şərqlinin rejissorluğu ilə tamaşaçılara göstərib. 1936-cı ildə "İblis" Böyükxan
Naxçıvaninin (Naxçıvanski və Naxçıvanlı kimi də yazılıb) rejissorluğu ilə yeni quruluşda oynanılıb.
1945-ci ildə "İblis" faciəsi Əli kənaninin rejissorluğunda, rəssam Vəli Xakdanın bədii tərtibatında
tamaşaçılara təqdim olunub. Əsas rolları Ərəboğlu və Nəriman İbrahimzadə (İblis), Leyla
Möhsünpur (Xavər), Salman Salmanpur (İbn Yəmin), Həbib Quluzadə (İxtiyar) ifa ediblər.
Bu teatr dəstələrində səmərəli çalışanlar arasında Abdulla Fərivərin (Abdullazadə) xidmətləri
diqqətəlayiqdir. O, əvvəllər Bakıdakı İran mədrəsəsində dərs verib. 1918-ci ildə Təbrizə qayıdaraq
müəllimlik etdiyi məktəblərdə teatr dərnəkləri yaradıb, həmçinin ayrı-ayrı truppalarda aktyor və
rejissor kimi çalışıb.
Bakı və Tiflis teatr dəstələrində, dövlət teatrlarında rejissorluq və aktyorluq etmiş
Mirseyfəddin Kirmanşahlı 1930-cu ildə İrana gəlib. Üç il ərzində Tehranda və Təbrizdə müxtəlif
dəstələrdə rejissorluq edib. Təbriz teatrında peşəkarlıq prinsiplərinin formalaşmasında onun xüsusi
əməyi var.
Təbriz teatrının formalaşmasında aktyor və rejissor kimi fəaliyyət göstərən Rza Quluzadə
Şərqli, Rza Vaizzadə dramaturgiya ilə də ciddi məşğul olublar. Teatr dəstələrində Şərqlinin
"Mirzə Rza kirmani", "Cinayət", "Börkün bəlası", "Quqquluqu", "Dəlilər yurdu", "Pul, yoxsa
xəyanət" ("Xəyanət və vəfa"), Rza Vaizzadənin "Cəhalət qurbanı", "Tükənməz xəzinə", Mirzə
Cabbar Əsgərzadənin "Noi bəşər", "Çadramn mühəssənatı" (mühəssənat farsca gözəl işlər
deməkdir), "Müəllimlər həyatı", Abdulla Fərivərin "Bəhram Çubinə", Hilal Nasirinin "Mirzə
Tağıxan Əmir Kəbir" pyesləri tamaşaya hazırlanıb.
Təbrizin teatr həvəskarları Bakıdakı bugünkü Akademik Milli Dram Teatrının
repertuarındakı milli klassiklərin əsərlərini tamaşaya hazırlamağa daha çox çalışıblar. Həmçinin
dünya ədəbiyyatı dühalarından Vilyam Şekspirin "Otello", Fridrix Şillerin "Qaçaqlar", Jan Batist
Molyerin "Zorən təbib", "Cancur Səməd" faciə və komediyaları müxtəlif quruluşlarda Təbrizdə
oynanılıb. Vano Mçedaşvilinin qəhrəmanlıq mövzulu "Qaçaq Kərəm" dramı tez-tez oynanılan
əsərlərdən olub.
1941-ci ildə Təbrizdə "Azərbaycan" cəmiyyəti yaranıb. Onun altı aylıq fəaliyyəti dövründə
teatr truppası da təsis edilib. Truppanın tamaşaçılara təqdim etdiyi ilk tamaşa Əbdürrəhim bəy
Haqverdiyevin "Bəxtsiz cavan" faciəsi olub. İranda ezamiyyətdə olan rejissor Şəmsi Bədəlbəyli
truppa ilə sıx yaradıcılıq əlaqəsi saxlayıb, burada bir neçə əsərə səhnə quruluşu verib.
Azərbaycan Dövlət Opera və Balet Teatrı 1941-ci il oktyabr ayının əvvəllərindən dekabra
qədər Təbrizdə qastrol səfərində olub. Teatrın maraqlı repertuarla çıxışı şəhərin teatr həyatında
möhtəşəm canlanma yaradıb. Az sonra ziyalıların cəm olduqları "Azərbaycan cəmiyyəti"nin
təşəbbüsü ilə Təbrizdə "Azərbayan aktyorları heyəti" yaradılıb. Təbrizdə çıxan "Azərbaycan" qəzeti
teatr prosesini canlandırmaq və pərakəndə qüvvələri cəmləşdirmək məqsədilə 11 nəfərdən ibarət
müdiriyyət heyəti təyin edib. Teatr sənətinə təzə gələn həvəskar aktyorları seçmək üçün içə 9
nəfərdən ibarət komissiya fəaliyyətə başlayıb.
1940-1946-cı illərdə Tehran şəhərində azərbaycanlı teatr fədailəri "Fərhəng-e sinema",
"Honər", "Şiri Xurşid" teatr binalarında tamaşalar oynayıblar. Repertuarda Mirzə Fətəli
Axundzadənin "Lənkəran xanının vəziri", "Xırs quldurbasan", Üzeyir bəy Hacıbəyovun bütün
operettaları və əksər operaları, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun kiçik həcmli
məzhəkələri əsas yer tutub.
1944-cü il avqust ayının 12-də Təbrizin bələdiyyə idarəsinin salonunda İranda Sovet dövləti
ilə mədəni əlaqələr cəmiyyətinin Təbriz şöbəsi yaradılıb. Bununla bağlı Təbrizdə Mədəniyyət evi
açılıb. Bu ilin dekabr ayında Təbrizdəni "Azərbaycan", "Firdovsi", "Hünər", "İran", "Təbriz",
"Həqiqət" teatr dəstələri vahid truppada birləşiblər. Mədəni rabitə cəmiyyətinin təşəbbüsü ilə 1945-
ci ilin fevralında Təbriz şəhərində birləşmiş aktoral (aktyor) birliyinin (cəmiyyətinin) iclası keçirilb.
Birləşmiş aktyor heyətinə 40 aktyor daxil olub. Az sonra truppada aktyorların sayı 60-a çatıb.
Onlardan 12-i qız idi. Bu aktrisalar arasında sonralar məşhur şairə kimi tanınan Mədinə Gülgün
(Ələkbərzadə) də vardı. Teatrın bədii rəhbəri Abdulla Fərivər (Abdullazadə), rejissoru əslən Şimali
Azərbaycanın Şəmkir şəhərindən olan Səməd Səbahi idi. İlk tamaşa Mirzə Fətəli Axundzadənin
"Hacı Qara" komediyası olub və 1 mart 1945-ci ildə göstərilib.
Sovet Azərbaycanından gəlmiş yazıçı-jurnalist Əvəz Sadıq, aktyor və rejissor İsmayıl
Əfəndiyev teatr kollektivinin yaradıcılıq axtarışlarına köməklik göstəriblər. Teatr altı ay müddətində
Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını, Süleyman Sani Axundovun "Eşq və intiqam"
faciəsini, Əbdürrəhim bəy Haqverdiyevin "Ağac kölgəsində" dramını, Üzeyir bəy Hacıbəyovun
"Əsli və Kərəm", "Leyli və Məcnun", "Məşədi İbad", "Arşın mal alan" musiqi əsərlərini, Zülfüqar
bəy Hacıbəyovun "Aşıq Qərib" operasını, Cəfər Cabbarlının "Aydın", "Sevil", "Oqtay Eloğlu",
"1905-ci ildə" dramlarını, Cəlil Məmmədquluzadənin hekayəsi əsasında səhnələşdirilmiş "Usta
Zeynal" əsərini, Sabit Rəhmanın "Hücum davam edir" komediyasını tamaşaya hazırlayıb. "Sevil"
tamaşası daha böyük uğur qazanıb. Baş rollarda Leyla Möhsünpur (Sevil), Mədinə Ələkbərzadə
(Gülüş), Sara Heydərzadə (Dilbər) çıxış ediblər.
Repertuarda "Həkime xakəndaz", "Güldanəli-dər Paris", "Başmaq tayı", "Həlləm-qəlləm"
adlı primitiv, bədii cəhətdən sönük, dramaturji baxımdan zəif pyeslər də oynanılıb. Fars müəllifləri
Cəfər Cabbarlının "Od gəlini" və "Aydın" dramlarını təhrif edilmiş süjetdə, "Siyəhpuş", "İntiqame
Leyla" adları ilə səhnədə göstərilMəsmə nail ola biliblər.
Bir il müddətində teatr 55 tamaşa göstərib. Kollektiv Cənubi Azərbaycanın Mərənd, Maku,
Səlmas, Miyandab, Miyan, Zəncan, Soyuqbulaq, Nüqədeh, İşno, Urmu (Urmiya) şəhər və
qəsəbələrində, böyük kəndlərində də səhnə əsərləri oynayıb.
Bu dövrdə Cənubi Azərbaycanın Marağa, Ərdəbil (rejissor Feyzi Çubəkzən), Xoy, Zəncan,
Miyandab, Urmu şəhərlərində də teatr tamaşaları oynanılıb. Təbriz teatrı İranın Azərbaycanlılar
yaşayan bölgələrinə müntəzəm səfərlər edib.
1945-ci ilin sentyabrında Cənubi Azərbaycanda (İran Azərbaycanında) Seyid Cəfər Pişəvəri
başda olmaqla Azərbaycan Demokrat Partiyası yaradılıb. Bunun əsasında 12 dekabr 1945-ci ildə
Azərbaycan Milli Hökuməti yaradılıb. İlk və Xüsusi diqqət milli dildə maarif və mədəniyyətin
tərəqqisinə yetirilib. Hökumətin 6 yanvar tarixli qərarına əsasən Azərbaycan kəndlərində 2000-dən
yuxarı, şəhərlərdə isə 500-ə yaxın müxtəlif təhsil ocaqları açılıb. Mövcud teatr kollektivinin bazası
əsasında Təbriz Azərbaycan Dövlət Dram Teatrı yaradılıb. Onun truppasının əsasını müxtəlif
truppaların həvəskar aktyorları təşkil ediblər.
Kollektiv qısa müddətdə müəyyən repertuar qura bilib. 8 mart 1946-cı ildə teatrın təntənəli
açılışı olub və Cəlil Məmmədquluzadənin "Anamın kitabı" dramının tamaşası göstərilib. Quruluşçu
rejissorlar Səməd Səbahi və İsmayıl Əfəndiyev idi. Tamaşaya musiqini Bakılı bəstəkar Cahangir
Cahangirov bəstələyib və tamaşada xalq çalğı alətlərinə dirijorluğu da özü edib. Tama şanın bədii
tərtibatını Bakılı rəssam Kazım Kazımzadənin eskizləri əsasında Bakıda təhsil almış Vəli Xakdan
işləmişdi. Tamaşada əsas rolları Məhəmmədəli Vəlizadə (Rüstəm bəy), İsmayıl Muzduri
(Məmmədəli), Səməd Səbahi (Səməd Vahid), İrəc Əhmədzadə (Hacı Baxşəli), Qəmər Nikpur (Ana),
Leyla Möhsünpur (Gülbahar), Ələsgər Rizvan (Çoban), Mehdizadə (Senzor), Pərviz Pərvizi
(Tələbə) ifa ediblər.
Təbriz ADDT-nin repertuarında Mirzə Fətəli Axundzadənin "Hacı Qara", "Müsyö Jordan və
dərviş Məstəli şah", Nəcəf bəy Vəzirovun "Ev tərbiyəsinin bir Şəkiİ", Süleyman Sani Axundovun
"Eşq və intiqam", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", yerli dramaturqların
"Ərbab və əkinçi", "Azərbaycan anası", "Çətirbazlar", "Azərbaycan nümayişi" əsərləri, "Leyli və
Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib" operaları, "Arşın mal alan", "Məşədi İbad" operettaları,
Mixail Lermontovun "İki qardaş", Şəmsəddin Saminin "Dəmirçi Gavə", Aleksandr Şirvanzadənin
"Namus" dramları, Brandon Tomasın "Tələbələrin kələyi" məsxərəsi, Məmməd Səid Ordubadi və
Səid Rüstəmovun "Beş manatlıq gəlin" musiqili komediyası vardı.
Dövlət teatrının truppasında aktyorlar Məhəmmədəli Vəlizadə, Həbib Quluzadə, Həzi Əşari,
Yadulla Nəbati, Salman Süleymanpur, Qasım Şərbaf, Məhəmməd Məhəmmədi, Cavad Şərifzadə,
Məhəmmədəli Rüşdi, Böyük Məhəmmədi, Ələsgər Rizvan, İsmayıl Muzduri, aktrisalar Leyla
Möhsünpur, Pərvinə Cüvədpur, Məhbubə Cəmşidi, Sara Heydərzadə, Aliyə Cəfərdai, Nəcibə Cəfəri,
Fatma Zərgəri, Sara Miyanpur, Səfurə Səmburani, Anaxanım Seyfullahi, Qəmər Hüseynzadə
(Nikpur), Sara Bəfğəmi, Validə köhnəşəhri daha səmərəli çalışmışlar.
Təbriz şəhərində dövlət teatrı ilə yanaşı, gənclərin dram dərnəyi, sovet məktəbinin şagirdləri
də tamaşalar hazırlayıblar. 1946-cı ildə Makuda "Hacı Qara", Mərənddə "Arşın mal alan" tamaşaları
ilə yeni teatr kollektivləri fəaliyyətə başlayıb. Makuda Nəsimə Novruzi adlı qızın səhnəyə çıxması
hadisəyə çevriilb və tezliklə onun burada və digər şəhərlərdə ardıcılları olub.
Təbrizdən sonra 1946-cı ildə Urmiyada da Dövlət Teatrı açılıb. Sərabda, Əhərdə, Astarada,
Qara Ziaəddində, Ələmdarda, Miyanada, Herisdə, Binabda, Şəbüstarda, Zəncanda, Marağada,
Xoyda dram dərnəkləri fəaliyyətə başlayıb. Həmin kollektivlərdə təbdil edilmiş "Xor-xor",
"Söydüməli ağa" vodevüləri, yerli müəlliflərin kiçikhəcmli "Cürbəcür elçilər", "Üç arvadlı kişi",
"İntiqam", "Zülmün intəhası", "Həqiqət aşkar oldu", "Kəndçi", "Azərbaycan", "Azərbaycan anası",
"Kədu taciri" pyesləri tamaşaya hazırlanıb.
Zəncan, Marağa və Ərdəbil şəhərlərində dövlət teatrları açılması nəzərdə tutulmuşdu.
Ələmdar qəsəbəsində Şeyx Məhəmməd Xiyabani adına, Culfada Səttarxan adına (250 yerlik)
teatr binaları tikilib. Marağa, Astara, Zəncan və Miyana şəhərlərində 800 nəfər tamaşaçı tutan teatr
binalarının inşası başa çatıb. Azərbaycan hökuməti Ərdəbil və Urmu şəhərlərində dövlət teatr
binaları tikilməsini qərarlaşdırmışdı.
1946-cı ilin dekabrında İran irtica rejiminin güclənməsi ilə əlaqədar mərkəzi Təbriz olan
Azərbaycan Milli Hökuməti süqut edib. Bundan sonra Təbriz Azərbaycan Dövlət Dram Teatrı
bağlanıb. Marağa teatrı 1948-ci ilə qədər müəyyən bayramlarda tamaşalar oynayıb. 19481949-cu
illərdə Tehranın "Ziba" teatrında Azərbaycan dilində də tamaşalar göstərilib. Bu səhnə əsərlərinin
hazırlanmasında Səməd Səbahi, Məhəmməd Vəlizadə, Bəhmən, Sara xanım, Həzi Əşari, Qəmər
Nikpur kimi səhnə fədakarları çalışıblar. Urmuda 1970-ci ildə "Arya" teatrı yaradılıb və qısa
müddətdən sonra bağlanıb. 1950-ci illərin sonlarında və 1960-cı illərin birinci yarısında Tehranda
azərbaycanlıların "Mad film", "Azər film" kinostudiyaları fəaliyyət göstərib. Orada çalışan
azərbaycanlılar müəyyən bayramlarda teatr tamaşaları da göstəriblər.
Keçən əsrin səksəninci illərindən İranın Tehran və Təbriz şəhərlərində Azərbaycan dilində
teatr tamaşaları göstərilməsində müəyyən cəhdlər uğurlu alınıb. Lakin indiyədək İranda otuz
milyondan çox azərbaycanlının doğma dildə bir dövlət teatrı da yoxdur. Mövcud teatr dəstələri
həvəskar dram dərnəyi səviyyəsindədir.
|