AZƏRBAYCAN DÖVLƏT OPERA VƏ
BALET TEATRI
(1925-1937)
Baki şəhərində XIX əsrin axırlarında və XX əsrin ilk on illiyində müxtəlif səyyar truppalar
opera tamaşaları oynayıblar. Lakin bu tamaşaların göstərilməsi müntəzəm xarakter daşımayıb. 1910-
cu ildə Bakıda məxsusi opera teatrı binası tikilib. Bu binaya "Mayılov qvrdaşlarının teatrı",
"Mayılov teatrı" da deyilib. 1911-ci il fevral ayının 28-də opera teatrının açılışı olub. İlk dəfə burada
yığma truppanın aktyorları Modest Musorqskinin "Boris Qodunov" operasını oynayıblar.
Uzun illər bu teatrda kiçik heyətdə truppa olub və əsas partiyaların ifasına Rusiyanın məşhur
opera solistləri dəvət ediliblər. Operalar yalnız rus dilində oynanılıb. Azərbaycan operaları bu
binada öz tamaşalarını kirayənişin kimi göstərib. Ən yaxşı hallarda bina yalnız həftədə bir dəfə
Azərbaycan truppalarına icarəyə verilib.
1920-ci ilin iyununda sovet hakimiyyətinin gəlməsi ilə əlaqədar olaraq Bakıda bütün teatrlar
milliləşdirilib. Opera teatrının kollektivi truppanın heyətini bir qədər artıraraq "Rus Operası"
adlanıb. Bir müddət kollektiv "Böyük Opera Teatrosu" adı ilə çalışıb. Bəzən afişalarda Dövlət Opera
və Musiqili Komediya Teatrı (rəhbəri Pavel Amiraqo) yazılıb.
Teatr dövlət statusu alandan sonraki ilk ildə Pyotr Çaykovskinin "Yevgeni Onegin",
"Qaratoxmaq qadın" və "Mazepa", Cakomo Puççininin "Bohema", Cüzeppe Verdinin "Karmen" və
"Aida", Şarl Qunonun "Faust", Şarl Kamal Sen-Sansın "Samson və Dalila", Nikolay Rimski-
Korsakovun "Qar qız", Andrey Paşşenkonun "Qartal qiyamı", Lev Kniperin "Şimal küləyi", Anton
Rubinşteynin "Demon", Coakkino Rossininin "Toska", "Sevilya bərbəri" operalarını oynayıb. Bu
operaların tamaşalarında əsas partiyaları SSRİ-nin müxtəlif şəhərlərindən dəvət olunmuş solistlər
oxuyurdular. Teatrın özünün də kiçik truppası vardı. Lakin bu truppada xüsusən messo soprpano,
bariton və lirik tenor səslərə malik təcrübəli solistlər çox az idi.
Milli Dram Teatrının truppası isə muğam operalarından Üzeyir bəy Hacıbəyovun "Əsli və
Kərəm", "Leyli və Məcnun", "Şah Abbas və Xurşid banu", "Rüstəm və Söhrab", Zülfüqar bəy
Hacıbəyovun "Aşıq Qərib", Müslüm bəy Maqomayevin "Şah İsmayıl" əsərlərini öz repertuarında
saxlayırdı. Truppa həmçinin "O olmasın, bu olsun " ("Məşədi İbad") və "Arşın mal alan"
operettalarını oynayırdı.
Opera teatrı isə hələ Azərbaycan operalarını oynamırdı. 1921-1925-ci illərdə teatr dünya
klassiklərindən və çağdaş bəstəkarların əsərlərindən Şarl Qunonun "Romeo və Cülyetta", Mixail
Qlinkanın "İvan Susanin", "Polşabal rəqsi", Rudcero Leonkovallonun "Məzhəkəçilər", Cak
Offenbaxın "Hofmanın nağılları", Aleksandr Borodinin "Knyaz İqor", Pyotr Çaykovskinin "İolanta",
Formental Cak Qolevinin "Kardinalın qızı" ("Jidovka"), Cüzeppe Verdinin "Trubadur", Qessin
"Komorra", Vilhelm Vaqnerin "Leonqrin" və "Tanqeyzer", Yakov Meyerberin "Quqenotlar ",
Cakomo Puççininin "Toska", Leo Delibin "Lakme" operalarını oynayıb.
Azərbaycanlı müğənnilər Fatma Muxtarova və Şövkət Məmmədova bu operalardan bir
neçəsində əsas partiyaları rus dilində oxuyublar. Onlar Azərbaycan operalarında da oynayıblar.
Qadın rollarından Leyli, Əsli, Xurşid banu rolları Sona Hacıyevaya və Xurşid Qacara tapşırılıb.
1921-ci ildə teatr ilk dəfə balet əsərini tamaşaçılara göstərib. Bu, Leo Delibin "Koppeliya"
("Mavi gözlü qız") baleti idi. 1923-cü ildə teatr əvvəlcə Nikolay Rimski-Korsakovun "Şəhrizad" və
"İspan kapriççosu" xoreoqrafik miniatürlərini tamaşaya hazırlayıb. Sonra isə Pyotr Çaykovskinin
"Sonalar gölü" ("Qu gölü") kimi mürəkkəb musiqi əsəri repertuarda özünə yer tutub.
Azərbaycan opera truppası 1925-ci ilin avqustunda AMDT-dən ayrılıb və Rus Operasının
nəzdinə keçib. Bu vaxtı truppada Hüseynqulu Sarabski, Bülbül, Məmmədtağı Bağırov, Hüseynağa
Hacıbababəyov, Sona Hacıyeva, Xurşid Qacar, Əzizə Məmmədova, Əbdübağı və Qəmbər
Zülalovlar, Məhbubə Paşayeva, Dadaş Şaraplı, Hənifə Terequlov kimi təcrübəli sənət-Karlar və
müəyyən sənət səriştəsi toplamış gənclər vardı. Onlar da kollektivlə yeni teatra keçdilər.
Truppa ayda bir neçə dəfə də olsa opera və həmçinin operetta tamaşaları göstərib. Üzeyir bəy
Hacıbəyovun, Zülfüqar bəy Hacıbəyovun və Müslüm bəy Maqomayevin musiqi əsərləri Rus
Operasında yeni-yeni quruluşlarda hazırlanıb. Azərbaycan truppasında baş rejissorluq vəzifəsini bir
müddət Abbasmirzə Şərifzadə və Yusif Yulduz daşıyıblar.
Rus opera truppası 1925-ci ildən başlayaraq on iki il ərzində həm əvvəllər oynadığı operaları
yeni quruluşlarda tamaşaçılara göstərib, həm də repertuara təzə əsərlər daxil edib. Onların arasında
Cakomo Puççininin "Madam Batterflyay" və "Qərbli qız", Cüzeppe Verdinin "Riqoletto", Şarl Lui
Ambruaz Tomanın "Hamlet", Eduard Napravnikin "Dubrovski", Jorj Bizenin "İnci axtaranlar",
Arriqo Boytonun "Mefistofel", Oberin (Daniel Fransua Espri) "Fra Dyavolo", Volfqanq Araadey
Motsartın "Fiqaronun toyu", Aleksandr Darqomıjs-kinin "Su pərisi", Nmolay Rimski-Korsakovun
"Qızıl xoruz", "Çar gəlini", Aleksandr Yurasovskinin "Trilbi" operalarının tamaşaları daha
diqqətçəkən olub.
Bu illər ərzində balet truppası Reynqold Qlierin "Qırmızı lalə", Sezar (Çezare) Puninin
"Qozbel at", Adolf Adanın "Korsar", Boris Yanovskinin "Ferenci", Boris Asafyevin "Bağçasaray
fəvvarəsi" ("Bağçasaray fontanı" kimi də yazılıb), Rikardo Driqonun "Arlekinada" əsərlərini uzun
müddət repertuarda saxlaya bilib.
Opera teatrının nəzdində yaradılmış xoreoqrafiya studiyasını 1929-cu ildə Qəmər Almaszadə
bitirib. Son dərəcə istedadlı rəqqasə elə həmin il teatra solist götürülüb. Növbəti ildə Sara
Mirəliyeva, Ədilə Almaszadə, Leyla Cəfərova, Tamara Əliyeva, Ələsgər Hənəfizadə bu studiyada
təhsillərini başa vuraraq balet truppasına üzv olublar.
1928-ci ildə sənət ocağı Dövlət Böyük Opera Teatrosu adlanıb. Bəzən "böyük" sözündən
sonra "Akademik" titulu da yazılıb. Teatra Mirzə Fətəli Axundzadənin adı verilib. 1932-ci ildə
afişalarda və proqramlarda sənət ocağının adı rəsmi olaraq Böyük Dövlət opera teatrı kimi verilib.
Tamaşa adlarının yuxarı hissəsində "türk sektoru" və ya "rus sektoru" sözləri yazılıb. 1934-cü ildə
teatr Mirzə Fətəli Axundzadə adına Böyük Opera və Balet Teatrı adlanıb. Bir neçə il sonra isə
"böyük" sözü teatrın adından götürülüb.
Teatr 1934-cü ildə Reynqold Qlierin əsasən Bakıda işlədiyi "Şahsənəm" operasını tam
variantda, mükəmməl redaksiyada tamaşaya hazırlayıb. İki il əvvəl kollektiv həmin operadan bir
pərdəni tamaşaçılara göstərmişdi. Operanın librettosunu Azərbaycan xalq dastanı əsasında
dramaturq Cəfər Cabbarlı yazıb. İlk tamaşasından uğur qazanan "Şahsənəm" operasında əsas
partiyaları teatrın solistlərindən Şövkət Məmmədova (Şahsənəm), Məmmədtağı Bağırov (Şahvələd),
Bülbül, Hüseynağa Hacıbababəyov və Yaqub Rzayev (Qərib), Leyla Təhmasib (Ağca qız),
Böyükağa Mustafayev (Bəhram bəy) oxuyublar.
Teatrın Azərbaycan opera truppası 1935-ci ildə daha bir sənət nailiyyəti qazanıb. İlin
sonunda Müslüm bəy Maqomayevin Avropa operası üslubunda yazdığı, mövzusu müasir kənd
həyatından götürülmüş "Nərgiz" operası tamaşaya qoyulub.
Tamaşaya quruluşu Milli Dram Teatrının baş rejissoru Aleksandr Tuqanov verib.
Monumental-romantik məhəbbət operası janrında hazırlanan əsərdə əsas rollarda Leyla Təhmasib və
Aliyə Terequlova (Nərgiz), Bülbül və Hüseynağa Hacıbababəyov (Əlyar), Məmmədtağı Bağırov
(Həsən kişi və Ağalar bəy), Xanlar Haqverdiyev (Cəfər və Bədəl), Hacıbala Hüseynov və İsmayıl
Eloğlu (Bədəl), Məhbubə Paşayeva (Ənbər xanım), R.Çobanzadə (Naznaz xanım və Cahan xanım),
Qəmbər Zülalov (Molla Mütəllim) çıxış ediblər.
1920-ci ildən sonraki on yeddi il ərzində Azərbaycan operasının ən parlaq sənət qələbəsi
Üzeyir bəy Hacıbəyovun "Koroğlu" əsəri olub. Milli mədəniyyətimizin klassik nümunələrindən
sayılan operanın librettosunu xalq dastanı əsasında Heydər İsmayılov və Məmməd Səid Ordubadi
yazıblar. Qəhrəmanlıq dastanını tamaşaya rejissor İsmayıl Hidayətzadə hazırlayıb. Tamaşanın bədii
tərtibatını gənc rəssam Rüstəm Mustafayev verib. Operanın ilk tamaşası 1937-ci il avprel ayının 30-
da olub.
"Koroğlu" operasında mürəkkəb partiyaları Bülbül (Rövşən-Koroğlu), Gülnarə İsgəndərova
(Nigar), Hacıbala Hüseynov (Həmzə), Böyükağa Mustafayev (İbrahim xan), Qulam İsgəndərov
(Təlxək), Məmmədtağı Bağırov (Həsən xan), Məhbubə Paşayeva (Xanəndə qız), Əli Zülalov (Ehsan
paşa), Xanlar Haqverdiyev (Alı kişi), Əlövsət Sadıqov (Eyvaz) ifa ediblər.
Azərbaycan Dövlət Opera və Balet Teatrının truppasında 1937-ci ildə Bülbül, Hüseynqulu
Sarabski, Şövkət Məmmədova, Fatma Muxtarova, Həqiqət Rzayeva, Əlövsət Sadıqov, Münəvvər
Kələntərli, Şirzad Hüseynov, Aliyə Terequlova, Leyla Təhmasib, Xanlar Haqverdiyev, Məmmədtağı
Bağırov, Hüseynağa Hacıbababəyov, Zülfüqar Sarıyev, Məhbubə Paşayeva, Gülnarə İsgəndərova,
Qulam İsgəndərov, Rəşid Tahirov, Hüseyn Rzayev, Əli Zülalov, Qəmbər Zülalov, Böyükağa
Mustafayev, Məryəm Babayeva, Sona Bağırova Mənzər Məmmədova, İsmayıl Eloğlu kimi
vokalçılar vardı. Matvey Levin, Vasil Nikolski və bu kimi solist-müğənnilər azərbaycanca oynanılan
tamaşalarda da mürəkkəb vokal xüsusiyyətləri olan obrazların partiyalarını ifa ediblər.
Teatrın balet truppasında Qəmər Almaszadə kimi çox istedadlı balet ustası çalışırdı.
Kollektivdə rejissor İsmayıl Hidayətzadə ilə yanaşı, ali təhsil almış Soltan Dadaşov, ixtisas təhsili
görmüş gənc rəssam Rüstəm Mustafayev, dirijorlar Müslüm Maqomayev, Əşrəf Həsənov, Niyazi,
Əfrasiyab Bədəlbəyli səmərəli yaradıcılıq fəaliyyəti göstəriblər. Milli Dram Teatrının gənc rejissoru
Əlihüseyn Rzayev truppada "Şah İsmayıl" və "Leyli və Məcnun" operalarına maraqlı quruluşlar
verib.
Həqiqət Rzayeva (Leyli, Əsli, Şahsənəm və Ərəb Zəngi), Xurşid Qacar (Gülzar, Leyli və
Əsli), Əlövsət Sadıqov (İbn Səlam, Sofi və sonralar Məcnun, Kərəm), Hüseynağa Hacıbababəyov
(Məcnun, Kərəm, Şah İsmayıl və Aşıq Qərib), Məmmədtağı Bağırov (Nofəl, Keşiş, Şahvələd və
Aslan şah), Xanlar Haqverdiyev (Məcnunun atası, Aslan şah, Aşıq Həsən) tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanırdılar.
Azərbaycan truppası opera teatrının nəzdinə keçəndən sonra yaradıcılıq üçün geniş imkanlar
qazanmışdı. Aşağıda göstərilən həmin imkanlar hazırlanan operaların və həmçinin operettaların
bədii cəhətdən dəyərini artırır, estetik ifadə vasitələrini gücləndirir, tamaşalara bütövlük və
cazibədarlıq gətirirdi. Daha çox nəzəri cəlb edən peşəkarlıq səciyyələri bunlar idi:
tamaşalarda professional xordan istifadə edilirdi;
rəqs nömrələrini teatrın peşəkar balet truppası oynayırdı;
səhnə tərtibatı opera teatrının prinsipləri əsasında işlənilirdi;
truppaya soprano, messo-soprano, bariton, tenor və bas səsli solistlər cəlb olunmuşdular. Bu,
"Koroğlu" və "Nərgiz" kimi operaların partituraya uyğun şəkildə oynanılmasma təminat verirdi.
Eyni zamanda, muğam operalarındakı Məcnunun atası, Nofəl, Keşiş, Aslan şah, Gülzar və bu kimi
dramatik obrazların sənətkarlıqla ifasına zəmin yaradırdı;
truppada üç komik aktyor ştatı vardı;
oynanılan bütün operaları teatrın müxtəlif çalğı alətlərindən ibarət güclü orkestri müşayiət
edirdi.
|