Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə79/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   470
CƏFƏR CABBARLI  

(22.3.1899-31.12.1934) 

 

Azərbaycan Sovet dramaturgiyasında realizmın banisi Cəfər Cabbarlı sayılır. Fitri istedad 



sahibi olub və  bədii yaradıcılığa çox erkən yaşlarından başlayıb.  Əvvəlcə satirik və lirik şeirlər, 

kiçik hekayələr yazıb. Dramaturgiya ilə daha ciddi və müntəzəm məşğul olub. Milli 

dramaturgiyamıza təzə mövzular gətirib, yeni dövrün ən müxtəlif ictimai-sosial təbəqələrini təmsil 

edən zəngin xarakterlər silsiləsi yaradıb. Bu janra möhtəşəm peşəkarlıq səciyyələri aşılayıb. Cəfər 

Cabbarlı  bədii tiplərin dramaturji təsvirində  əvəzsiz olub. Qızğın dramaturji fəaliyyətlə yanaşı, 

kinossenarilər yazıb. Teatrda və kino sənətində rejissor kimi də çalışıb, Vilyam Şekspirin "Hamlet" 

və "Otello" faciələrini, Aleksandr Afinogenovun "Qorxu" dramını, Pyer Bomarşenin "Fiqaronun 

toyu" komediyasını dilimizə tərcümə edib. Bəzi pyes, şeir və məqalələrini "Cabbarzadə" soyadı ilə 

yazıb. 



Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il mart ayının 22-də Bakı quberniyasının Xızı kəndində 

(hazırda rayon mərkəzidir) kasıb ailədə doğulub. Kömürçülüklə güzəran quran Qafar kişi gözlərinin 

nurunu itirəndən sonra acı yoxsulluğa düçar olan ailə məcburiyyət qarşısında Bakıya köçüb. Cəfərin 

üç yaşı olanda atası dünyasını  dəyişib. Külfəti idarə etməyin ağırlığı anası  Şalıbikənin üzərinə 

düşüb. O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirib və oğluna dini savad vermək istəyib. 

Şahbikə arvad əvvəlcə  Cəfəri kiçik yaşlarında molla məktəbinə verib, lakin sonra flkrini 

dəyişərək onu Bakıdakı 7 saylı türkrus (rus-tatar) məktəbinə qoyub. Cəfər 1914-cü il-də 3 saylı ali 

ibtidai məktəbə daxil olub və üç il orada təhsil keçib. Elə ilk pyesini də bu dövrdə qələmə alıb. Qısa 

vaxtda dramaturq kimi şöhrətlənib tanınan və əsərləri müxtəlif teatr truppalarında tamaşaya qoyulan 

Cəfər Cabbarlı  təhsilini artırmaq məqsədilə 1917-1920-ci illərdə Bakı Politexnik Texnikumunda 

(Sənaye Məktəbində) təhsil alıb. Hətta iyirminci illərin  əvvəllərində Milli Dram Teatrının 

repertuarında bir neçə əsərinin oynanılmasma baxmayaraq, Azərbaycan Dövlət Universitetinin Şərq 

və tibb fakültələrində mühazirələr dinləyib, Bakı Teatr Məktəbində sırf səhnə təhsilinə yiyələnib. 

Cəfər Cabbarlı 1920-ci ilin ikinci yarısından "Kommunist" (indiki "Xalq qəzeti") qəzetində 

ədəbi işçi və  tərcüməçi vəzifələrində çalışıb. 1929-cu ildən isə Milli Dram Teatrında  ədəbi hissə 

müdiri işləyib. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib. 

Görkəmli dramaturq 31 dekabr 1934-cü ildə ürək çatışmazlığından qəfildən vəfat edib. 

Məzarı Fəxri xiyabandadır. 

Bakıda və  Xızıda ev muzeyləri, müxtəlif  şəhərlərdə adına küçələr, kinoteatrlar var. 

Azərbaycan Dövlət Teatr Muzeyi, İrəvan Dövlət Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, 

"Azərbaycanfilm" kinostudiyası Cəfər Cabbarlının adını daşıyır. 

Özünün sağlığında heç bir dramı kitab şəklində çap olunmayan Cəfər Cabbarlının ilk səhnə 

əsəri "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş" pyesidir. Melodrama janrında işlənmiş bu əsər 

1915-ci ildə tamamlanıb. Birinci qələm təcrübəsi olmasma baxmayaraq,  pyes janrının estetik 

prinsipləri baxımından bitkin təsir bağışlayır. Qadın azadlığına çağırış, cəhalətin, nadanlığın tənqidi, 

primitiv feodal düşüncəsinin sərt ifşası milli dramaturgiyamızda yeni olmasa da, Cəfər Cabbarlı 

mövzuya müstəqil və aydın baxım bucağından yanaşması ilə seçilir. Dramaturgiyamızda ilk dəfə 

qələmə alınan qoçu surətləri Qurban və Camal, tələbələr Səriyyə və Hüsniyyə, Rüstəm, Səriyyənin 

anası Çimnaz, Çimnazın dayısı Həmzə kişi maraqlı bədii personajlardır. 

Dramaturqun ikinci dram əsəri "Solğun çiçəklər" pyesidir. Cəfər Cabbarlının 1917-ci ildə 

tamamladığı dramı ailə-məişət mövzusuna həsr olunub. Konfliktin özəyində var-dövlət və məhəbbət 

məsələlərinin qarşılaşdırılması qoyulub. Cəmiyyətdə mövcud olan naqis əxlaq normaları, ictimai-

siyasi bərabərsizlik, mənəvi paklığa çağırış, aldadılıb təhqir olunmuş məhəbbət duyğularının faciəvi 

lirizmi, Saranın daxili ülviyyəti və hüzünlü taleyi dramaturji hadisələrin mahiyyətini təşkil edir. Saf 

qəlbli, xeyirxah duyğulu  Əbdül, rəhmdillikdən uzaq, xəbis, riyakar ana və bala Gülnisə ilə  Pəri, 

cəmiyyətin burulğanlı hadisələrində mənəvi tarazlığını itirən, daxili qüruru sınan Bəhram gərgin və 

psixoloji əsaslı dramaturji kolliziyalarda təsvir ediliblər. Pyesdə iştirakçı az olsa da, dram əsəri kimi 

klassik prinsiplərlə yazılıb, beş pərdədən ibarətdir. 

Əldə olan iki müxtəlif və bir qədər fərqli əlyazısı nüsxəsindəki qeydlərə əsasən demək olar 

ki, Cəfər Cabbarlı "Nəsrəddin şah" dramını 1916 və 1918-ci illərdə yazıb. Pyes tarixi janrdadır və 

beşpərdəli, yeddi şəkillidir. On doqquzuncu əsrin sonlarında  İranda baş verən ictimai-siyasi 

hadisələrdən bəhs edir. Dramaturji konfliktin mərkəzində 1848-1896-cı illərdə  İrana  şahlıq etmiş, 

özü Qacarilər sülaləsindən olan Nəsrəddin şahın hakimiyyətindən və terrorçu təşkilatın üzvü Mirzə 

Rza Kirmani tərəfindən qətlə yetirilməsindən bəhs edilir. "Nəsrəddin şah" dramında adları çəkilən 

və Nadir, Sitarə, Rəhim xan, Cəmaləddin Əfqani, Mirzə Mülküm xan, Mirzə Təqi xan, Mirzə Sadıq 

xan kimi tarixi şəxsiyyətlərin bədii obrazları ilə bərabər, dramaturqun təxəyyülünün məhsulu olan 

koİoritli personajlar da var. Cəfər Cabbarlının bu pyesi tarixi dram janrının estetik prinsiplərinə 

uyğun gəlsə də, əsərin dərin qatlarında müəllifin romantizınə və monumentalizmə meyilini sezmək 

mümkündür. 



Cəfər Cabbarlı "Nəsrəddin  şah"ın birinci variantından sonra bir-birinin ardınca XX əsrin 

ikinci onilliyinin müxtəlif tarixi hadisələrindən bəhs edən "Trablis müharibəsi" ("Yulduz, yaxud 

Trablis müharibəsi". 1917), "Ədirnə fəthi"  ("Ənvər bəyin Ədirnə fəthi". 1917), "Bakı müharibəsi" 

(1918-1919) dramlarını yazıb. 

Trablis bir məkan kimi Liviyanın  şimali-qərb hissəsindəki Tripolitaniyanın  əvvəlki adıdır. 

Hadisələr burada və  İstanbulda, onun ətrafındakı dağlarda baş verir. Cəfər Cabbarlı pyesin 

remarkasında yazıb: "Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir". Trablis şəhəri 

uğrunda gedən siyasi mübarizələr, siyasi münaqişələr və müharibə fonunda dramaturq vətənpərvər 

Ramizin və  sədaqətli Yulduzun məhəbbət macəralarını, sevgi ülviyyətinin tükənməz qadirliyini 

təsvir edib. İki pak gəncin sevgisinə qarşı riyakar, rəzil və  həqarətli duyğularla yaşayan Harisin 

fitnəkarlığı, rəzalətli əməlləri qoyulub. Haris, Yulduz, Ramiz ÜÇIük süjetində dramaturq mürəkkəb 

insani münasibətləri və ziddiyyətli mənəvi-əxlaqi problemləri dramaturji münaqişələrin mərkəzinə 

çəkib. Cəfər Cabbarlı öz pyesində Ramiz və Yulduz surətlərini lirik-dramatik planda işlədiyi halda, 

Haris obrazını psixoloji faciə janrının estetik tələbləri  əsasında qələmə alıb. Pyesdə  həmçi-nin 

müəyyən psixoloji yük daşıyan maraqlı dramatik personajlar (Xalid, Şəmsa,  İzzət paşa, Cinner, 

Şüeyb, Sənusi) da vardır. 

Fikir və ideyanın bədii təsvirinə, hərb və  bəşər, sevgi və  həyata inam, ləyaqət və vicdan 

problemlərinin dramaturji gərginliyi baxımından "Ədirnə fəthi" əsəri "Trablis müharibəsinin mənəvi 

davamı təsiri bağışlayır. Dramaturqun janr təyininə görə bu pyes "faciyeyi-inqilabi" əsərdir. Mövzu 

Birinci Dünya müharibəsindən götürülüb və əsas ideyanın mayasında, dramaturqun ali məqsədinin 

məğzində vətənpərvərlik duyğularının müqəddəsliyinin, xalqa, torpağa məhəbbətin tərənnümü, milli 

qürurun qüdsiyyəti durur. Dramaturq belə mürəkkəb dramaturji kompozisiyanı bilməyərəkdən 

doğma bacısı Zöhrəyə  aşiq olan Xalidin müdhiş  məhəbbətinin faciəli aqibətini göstərən hüzünlü 

süjet xətti ilə məharətlə əlaqələndirib. Bununla da janrın dramaturji gərginliyi artıb və İnci, Kamal, 

Şükri paşa, Nazim paşa, Molla Sübhan, Şeyxülislam obrazla-rının ictimai, sosial və psixoloji 

təsvirlərinin dramaturji mahiyyətləri daha da dərinləşib. 

Erməni daşnakiarının 1918-ci ilin martında Bakıda, eləcə  də Azərbaycanın müxtəlif 

bölgələrində törətdikləri qanlı faciələrdən bəhs edən çoxlu bədii  əsər, o cümlədən bir neçə pyes 

yazılıb. Onların arasında Cəfər Cabbarlının "Bakı müharibəsi" dramı  bədii cəhətdən daha sanballı 

təsir bağışlayır. Dramaturq bu pyesi yazmağa 1918-ci ilin sonlarında başlayıb və onu 1919-cu ilin 

birinci yarısında tamamlayıb. "Bakı müharibəsi"nin mətni əldə yoxdur. Lakin ilk dəfə 1919-cu ildə 

oynanılan tamaşanın proqramından və kiçik qəzet məqalələrindən bilinir ki, dram vətənpərvərlik 

ruhunda yazılıb. "Bakı müharibəsi" pyesi həm xalqımızın başına açılan faciəvi müsibətləri, həm də 

qəhrəmanlıq ideyalarını mürəkkəb vəziyyətlərdə bədii reallıqla təsvir edir. 

Konfliktin kəskinləşməsində müstəsna rol oynayan tarixi hadisənin fonunda Cəfər Cabbarlı 

Səlim bəy, Səməd, Tamara, Styopa, Rəhim bəy, Ziya, Mosul paşa, Fəridə, Səfər, Atabekyan, 

Avanes, Əhməd, Nuru paşa, Tofiq bəy, Pyotr kimi müxtəlif ruhlu bədii tiplər yaradıb. 

Cəfər Cabbarlı rolmantik ruhlu "Aydın" faciəsini 1919-cu ildə bitirsə  də, onun bədii 

tutumuna sonralar da əl gəzdirib. Cəmiyyətin mövcud ictimai və əxlaqi qanunlarına qarşı üsyankar 

harayın faciəvi zəmində təsvirinə həsr olunan bu dram milli dramaturgiyamızda faciə janrının yeni 

mərhələsinin başlanğıcı kimi də xarakterikdir. 

Məqsəd və məramı bir qədər reallıqla səsləşməyən, bəşəriyyətin nicatı barədə fikir dünyası 

bir qədər dumanlı görünən Aydın üsyankar xarakterinə görə yenidir, zaman baxımından tipik və 

orijinaldır. Mürəkkəb psixoloji situasiyalarda, gözlənilməz dramatik toqquşmalarda, müxtəlif sosial 

tiplər kimi qələmə alınmış Gültəkin, Dövlət bəy, Surxay, Böyükxanım, Balaxan, Mirzə Cavad, 

Novruz bəy, Susanna, Pirqulu, Səlim, Qulam milli dramaturgiyamızda təzə  səhnə surətləri təsiri 

bağışlayırlar. Çünki Cəfər Cabbarlının xarakter yaratmaq, tip təsvir etmək bacarığı "Aydın" 

dramında yeni səpkidə özünü büruzə verib. Dramaturq bu faciəsində  məhəbbət xəttini sırf siyasi-

ictimai hadisələrlə psixoloji dürüstiüklə bağlaya bilib. 



Getdikcə daha aydın hiss olunurdu ki, Cəfər Cabbarlı özünün düşüncə və fikirlərini, fəlsəfi 

və estetik həyat qənaətlərini ideal qəhrəman timsalında canlandırmaq üçün yeni-yeni dramaturji 

fəndlərə əl atır, təzə psixoloji münasibətləri mürəkkəb konfliktlərdə sınaqdan çıxartmağa çalışır. Bu 

baxımdan  ədibin 1922-ci ildə tamamladığı, lakin bir il sonra tamaşaya qoyulan "Oqtay Eloğlu" 

dramı xarakterikdir. Cəfər Cabbarlı bu pyesində daha aydın sosial mövqeyi olan, milli səhnə 

sənətinin tərəqqisi yolunda apardığı dönməz mübarizəni həyat amalına çevirən, iradə və mətanətcə 

Aydına nisbətən daha dözümlü görünən Oqtay surəti yaradıb. Belə  bədii təqdimatda dramaturqun 

maarifpərvərlik ideyaları daha məzmunlu və daha sanballı görünür. Digər tərəfdən, dramaturq 

"Oqtay Eloğlu" əsərində oxuculara və tamaşaçılara cəmiyyətin yeni tiplərini - zavallı, eşqi yolunda 

sarsıntılara və  hətta xəyanətə  məruz qalan Firəngiz, ictimai-əxlaqi rəzilliyin qurbanı olan Sevər, 

əqidəsizliyi həyat amalına çevirən miskin Mazandaranski, Şalıqulu,  Şəkinski, səhnəmizdə milli 

aktrisa yoxluğunun yaratdığı acınacaqlı  vəziyyətin real təmsilçisi Tamara kimi həyati, məzmunlu, 

dramatik tutumlu obraz-xarakterlər yaradıb. 

Cəfər Cabbarlı "Od gəlini" dramının üzərində bir neçə il işləyib. Əsərin məşqlərinə 1927-ci 

ildə başlanıb, lakin tamaşa 1928-ci ildə hazır olub. Müəyyən mənada tarixi qəhrəmanlıq dramı 

janrında işlənən  əsər mövzunun estetik həllinə görə tamamilə yenidir və pyes Cəfər Cabbarlımn 

yaradıcılığında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilib. Dramın qəhrəmanı Elxan müəyyən 

mənada tarixi şəxsiyyət olmuş, ərəb istilaçılarına qarşı rəşadətli mübarizə aparmış sərkərdə Babəkin 

(795-838) prototipidir. Amma dramaturq bundan bir bədii vasitə kimi istifadə edərək romantik-

psixoloji, real-dramatik faciə  qəhrəmanının xarakterini yaradıb. Elxanın cəsurluğu, igidliyi və 

rəşadəti islam ideyalarının təbliğatçısı Aqşinin mürəkkəb obrazı ilə üzləşmədə daha canlı görünür. 

Elxanın sevgilisi, məhəbbətində paklıq və qüdsiyyəti ləyaqətlə qoruyan Solmaz, istilaçılara qarşı 

döyüşlərdə məsləklərindən dönməyən Qorxmaz, Dönməz, Toğrul, Gülgün, Altay, İldırım, Sönməz, 

vətənin müdafiəsi uğrunda mübarizəyə qoşulmaqda psixoloji sarsıntılar keçirən Yanardağ, maraqlı 

təsir bağışlayan Oddamdı, qəddar, qaniçən Əbu Übeyd, puç mənəviyyatlı, miskin Altunbay, riyakar 

Rəbi obrazlarının bədii təsviri "Od gəlini" faciəsinə möhtəşəm monumentallıq gətirib. Pyesdə 

konfliktin mahiyyəti, dramaturji gərginliyi həm ictimai münasibətlərdə, həm də ayrı-ayrı obrazların 

(məsələn, Elxan və Aqşin, Solmaz və Altunbay, Elxan və Altunbay) psixoloji münasibətlərində 

bədii realizəsini tapıb. 

"Od gəlini" faciəsi tamaşaya hazır olanda, 1928-ci ilin əvvəllərində Cəfər Cabbarlı mövzusu 

çağdaş həyatdan götürülmüş "Sevil" dramını tamamlayıb və teatra verib. Dramaturq bu pyesində sırf 

realist üslubu seçərək psixoloji-publisist dram janrında maraqlı və aktual, ictimai dəyərli və məişət 

xarakterli, sosial tutumlu və  mənəvi-əxlaqi problemlərə söykənən  əsər yazıb. Sadalanan bu 

məsələlər ilk növbədə yeni cəmiyyətdə qadın azadlığı probleminin necə qavranılması, cəmiyyətdə 

qadının mövqeyinə çürük fəlsəfi baxışların ifşası, bir qrup "ziyalı" zümrəsmin mənəvi puçluqları 

kontekstində oxuculara çatdırılıb. Meşşan  əxlaq tərzinin, savadsızlığın, nadanlığın cəmiyyətdə 

yaratdığı ədalətsizlik və hüquqi bərabərsizlik real hadisələr əsasında ifşa olunub. 

Bacarıqlı olduğu qədər də miskin görünən Balaş, riyakar və yaltaq Əbdüləli bəy və 

Məmmədəli bəy,  əxlaqsız, fitnəkar və  şərəfsiz Dilbər (Ediliya), zavallılıqdan mübariz mənəvi 

yüksəlişə qalxan Sevil, qətiyyətli və  fərasətli, aydın təfəkKürlü Gülüş, qəlbləri saf, lakin zavallı, 

həyatın "dibində" yaşayan Atakişi və Babakişi obrazları özlərinin bədii dəyərləri ilə əsərdən alman 

estetik təəssüratı tamamlayıblar. 

Mövzusu  şəhər mühitindən götürülmüş "Sevil"dən sonra Cəfər Cabbarlı  kənd həyatına 

müraciət edib. Xarakterlərin mübarizə toqquşmalarının  əsasında yenicə başlanan kollektivləşmə 

siyasi-ictimai prosesinin estetik mahiyyəti duran "Aimaz" dramını 1930-cu ildə yazıb. Bu əsərdə 

Cəfər Cabbarlının yaradıcılığında böyük nailiyyət olan və ümumiyyətlə, dramaturgiyamızda ilk dəfə 

qələmə alınan Hacı  Əhməd kimi mürəkkəb xarakter, Şərif,  İbad, Baloğlan, Kərbəlayı Fatmanisə, 

Mirzə Səməndər, Balarza kimi tipik personajlar vardır. Müəyyən publisist quruluğu olsa da, kəndə 

dərs deməyə  gəlmiş 18 yaşh müəllimə Almaz tipli obrazı da dramaturgiyamızda ilk dəfə  Cəfər 



Cabbarlı  qələmə alıb. Azərbaycan dilinin şirəliliyinə  bələdliyi, incə yumordan, satirik məsxərədən 

bacarıqla istifadə etməsi, adi həyati hadisələr əsasında monumental kompozisiya qura bilməsi, tipik 

şəraitdə tipik xarakter yaratmaq istedadı dramaturqun bu əsərində özünün yeni səciyyələrini 

göstərib. 

Cəfər Cabbarlının xarakter yaratmaq və geniş dramaturji kompozisiya qurmaq səriştəsi onun 

"1905-ci ildə" dramında başqa istiqamətdə və yeni mövzu-problematika məhvərində özünü büruzə 

verib. 1931-ci ildə yazılmış dramda ədibin  əvvəlki  əsərlərində rastlaşmadığımız sadə  təbiətli 

İmamverdi və Allahverdi, şərəfsiz və simasız, mənən murdar Ağamyan, fitnəkar siyasətçi, millətlər 

arasında təfriqə törədən General-qubernator, onun var-dövlət hərisli arvadı Mariya Timofeyevna, 

hlkkəli və coşğun, hər  şeyə nail olmağı yalnız pulda görən, cırtqoz xarakterli Əmiraslan bəy 

Salamov, yaltaq və bir qədər də bic Bahadır bəy obrazları koloritli və realdır, duzlu və yumorludur, 

dramatik cəhətdən təbii və bitkin səhnə surətləridir. 

Dramaturq növbəti pyesinin mövzusunu cəmiyyətin yeni Quruculuq yollarında üzləşdiyi 

çətinliklərə  və ictimai-sosial Problemlərə  həsr edib. "Yaşar" adlanan dramını 1932-ci ildə 

taınamlayıb. Dramda publisist dəyər üst qatda olsa da, konflikt real və məzmunludur. Bu əsərində də 

Cəfər Cabbarlının xarakter yaratmaq bacarığının dəyərli bədii məhsulları ilə rastlaşırıq.  Şoran 

torpaqları coşğun ehtirasla məhsuladar  əkənəklərə çevirmək istəyən mühəndis-laborantlar Yaşar, 

Toğrul və Tanya, koramal xislətli  İmamyar, siyasi baxışlarına görə  tərəddüdlər içində  qıvrılan 

Niyaz, kənd camaatının şux və təravətli, səmimi və məzəli yumorunu təcəssüm etdirən Əmirqulu və 

Şərəbanı, dramatik səciyyəli Yaqut və Nigar obrazları məzmunlu dram personajlarıdır. 

Komik-satirik çalarlı "Dönüş" dramını  Cəfər Cabbarlı Milli Dram Teatrının 1920-ci ildə 

yenidən dövlət statusu almasının onilliyinə həsr edib. Pyesdə çağdaş milli teatrda gedən sənətkarlıq 

proseslərindən, forma və üslub axtarışlarında yeniliklə köhnəliyin mübarizəsindən, peşəkar ixtisas 

savadına yiyələnməyin vacibliyindən, repertuar siyasətinin bədii təsdiqindən, estetik əsaslarından 

söhbət açılır.  Əsərdəki sənətdə yenilik təmsilçiləri Gülsabah, Bayram, Ötkün, Turac, təfəkKür və 

düşüncələrinə görə zamanla ayaqlaşmayan Zaman, Sapan, Xosməmməd, Əlimuxtar, Xurşid, Asiya, 

Əmrulla - hamısı teatrla bağlı adamlardır. Cəfər Cabbarlı "Dönüş" pyesində özünün teatr görüşlərini, 

müasir teatrın hansı estetik prinsiplərlə işləməsi ideyasını dialoqların canında əritmişdir. 

Cəfər Cabbarlının "Əfqanıstan" və  "İncə" adlı tamamlanmamış pyesləri vardır. Dramaturq 

kiçik həcmli, birpərdəli "Bozbaş qazanı" (1924), "Təzə peşə" (1925), "Yaylağa gedir" (1925), 

"Doktor gedə bilməz" (1925), "2000 pərdə" və "2000 gecə" (ikisi də 1927-ci ildə yazılıb) vodevil, 

məsxərə və pyeslərini də yazıb. 

O, həmçinin, Peynqold Qliyerin "Şahsənəm", Anton Mailyanın "Səfa" operalarının 

librettolarını, "Hacı Qara", "Sevil", "1905-ci ildə", "Almaz", "Ölülər" kinossenarilərini yazıb. 

Özünün hekayəsi əsasında işlədiyi "Sitarə" opera librettosu yarımçıq qalıb. 

  

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin