MİRMAHMUD KAZIMOVSKİ (1882-1.12.1940)
Azərbaycanın ilk peşəkar aktyorlarından olan Mirmahmud Mirələkbər oğlu Kazımovski
1882-ci ildə Bakıda doğulub və burada maarifpərvər, teatr xadimi Həbib bəy Mahmudbəyovun
üçsiniflik türk-rus (rus-tatar) məktəbində oxuyub, gələcəyin böyük aktyoru Hüseyn Ərəblinski ilə
dostlaşıblar. Bir yerdə səhnəyə ilk dəfə 9 mart 1897-ci ildə müəllimləri Sultanməcid Qənizadənin
hazırladığı "Lənkəran xanının vəziri" (Mirzə Fətəli Axundzadə) tamaşasında çıxıblar. Həmin
gündən başlayaraq Cahangir Zeynalovun ev tamaşalarında (öz mənzilində göstərilən əsərlərdə)
oynamağa başlayıb. Sonralar "Müsəlman dram artistləri" dəstəsində, əsasən "Nicat"ın truppasında
və az-az müddətlərdə müxtəlif teatr bölmələrində, həvəskarların dərnəklərində aktyorluq edib.
Yaradıcılığı bugünkü Akademik Milli Dram Teatrı ilə sıx bağlı olan Kazımovski iyirminci
illərin əvvəllərində Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında işləyib. Ömrünün son illərində fəxri
təqaüddə olsa da, Milli Dram Teatrının tamaşalarında oynayıb. 1935-ci ildə Dərbənddə teatr
yaradılmasında iştirak edib.
O, "Nə qanır, nə qandırır", "Vurhavur", "Daşım-daşım", "Molla Cəbi" ("Molla Cəbi və yaxud
kəndxuda"), "Cümcümü bəy" "Həmşəri mənzili", "Yaftuməli" kiçik həcmli dram və vodevillərin
müəllifidir. "Bakılılar", "Kəndlilər", "Bismillah" filmlərində epizod rollara çəkilib.
1938-ci il dekabrın 4-də Mirmahmud Kazımovskiyə Azərbaycan Respublikasının əməkdar
artisti fəxri adı verilib. Aktyor 1 dekabr 1940-cı ildə Bakıda vəfat edib.
Mirmahmud Kazımovskinin oynadığı çoxsaylı səhnə obrazları arasında Ağa Bəşir
("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), İvan bəy, Cahangir bəy və Əhməd
("Keçmişdə qaçaqlar", "Pəhlivanani-zəmanə" və "Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Mirzə
Hüseyn və Azarlı ("Ölülər", Cəlil Məmmədquluzadə), Allalıqulu ("Çəkinəçi Seyfulla"
Məhəmmədhəsən Həsənov. Əsərin adı "Pinəçi Seyfulla" kimi də yazılıb), Nozər ("Dəmirçi Gavə",
Şəmsəddin Sami), Rodriqo, Əczaçı ("Otello" və "Romeo və Cülyetta", Vilyam Şekspir),
Podpolkovnik ("Vətən", Namiq Kamal), De Kastre ("1812-ci il", Baxmetov), Suxrani ("Ağa
Məhəmməd şah Qacar", Əbdürrəhim bəy Haqverdiyev), Molla ("1905-ci ildə", Cəfər Cabbarlı), Piri
baba ("Qızıl çeşmə", Qurban Musayev), Qurban kişi ("Vaqif", Səməd Vurğun), kolxozçu ("Toy",
Sabit Rəhman) epizod rolları daha diqqətçəkəndir.
Dostları ilə paylaş: |