ƏBÜLHƏSƏN ANAPLI (1894-12.2.1921)
Azərbaycan teatrının ən görkəmli komiklərindən biri olan Əbülhəsən Anaplı (Məmmədov)
1894-cü ildə Qubada doğulub. Uşaqlığı Bakıda keçən Əbülhəsən səhnəyə ilk dəfə 1911-ci ildə çıxıb.
"Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında, Hüseynqulu Sarabskinin
"Müsəlman opera artistləri", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"
teatr dəstəsində faciə, dram, əsasən komediya tamaşalarında cazibəli səhnə surətləri yaradıb. Soyadı
bəzi afişa və proqramlarda "Anaplinski" kimi də göstərilib.
Fitrətən güclü yumor keyfiyyətinə malik olan Əbülhəsən Anaplı dramaturq Nəcəf bəy
Vəzirovun "Keçmişdə qaçaqlar" (Pirverdi), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Niyaz və
Əmrah), "Dağılan tifaq" (Gənc, Əbdül və İmamverdi), "Ac həriflər" (Həsən), Nəriman Nərimanovun
"Nadir şah" (Cavad), Cəfər Cabbarlının "Ədirnə fəthi" (Molla Hacı), Rza Zakinin "Sultan
Əbdülhəmidin xəli" (Abdulla bəy), Mirzəbala Məmmədzadənin "Bakı uğrunda müharibə və ya Nuru
paşanın igidliyi" (Samson), İsa bəy Aşurbəylinin "Azərbay və Can" (İvan), Fridrix Şillerin
"Qaçaqlar" (Papas), Vilyam Şekspirin "Kral Lir" (Təlxək), İvan Turgenevin "Pulsuzluq" (Kərbəlayı
Vəli. Əsəri Ceyhun Hacıbəyli tərcümə-təbdil edib), İsmayıl Rüstəmbəyovun "Dövləti-bisəmər"
(Abdulla) əsərlərinin tamaşalarında çıxış edib.
Üzeyir bəy Hacıbəyovun "Şah Abbas və Xurşid banu", Zülfüqar bəy Hacıbəyovun "Aşıq
Qərib" operalarında Divanə və Güloğlan rollarını oynamış Əbülhəsən Anaplı "Arşın mal alan" və
"Məşədi İbad" operettalarında Vəli ilə Hambalın ən populyar ifaçılarından olub.
Əbülhəsən Anaplı Azərbaycanın ilk parodiya aktyorlarından biridir. O, sənət dostu Rza
Darablı ilə birgə böyük maraqla qarşılanan konsertlər vermiş, burada faciə aktyorlarından Hüseyn
Ərəblinskinin, Abbasmirzə Şərifzadənin, komiklərdən Mirzağa Əliyevin, Hacıağa Abbasovun, opera
ustası Hüseynqulu Sarabskinin, qadın rollarının mahir ifaçısı Əhməd Ağdamskinin və başqalarının
oyun tərzlərinə maraqlı parodiyalar etmişdir.
1921-ci ilin fevralında Əbülhəsən Anaplı sənət dostu Mir Paşa Sadıqovla kiçik təbliğat
dəstəsi ilə Qarabağın Keşiş kəndində çıxış edəndən sonra gecə erməni daşnakiarı tərəfindən qətlə
yetiriliblər.
Yaradıcılığı qaravəlli oyun prinsipləri, çevik improvizə bacarığı ilə seçilib. Gözəl və
məlahətli səsi, zərif plastikası aktyorluq imkanlarına genişlik verib.
Dostları ilə paylaş: |