Dərsin planı:
1. İbtidailərin törətdiyi xəstəliklərin laborator diaqnostikası və profilaktikası məsələlərinin müzakirəsi.
2. Tablo və mikropreparatlar üzrə patogen ibtidailərin morfologiyasının öyrənilməsi. İşçi dəftərlərdə
onların şəklini çəkmək.
3. Dizenteriya amöbünə görə nəcis kütləsinin müayinəsi.
Dərsin qısa məzmunu
Amöbiaz.
Dizenteriya amöbü ibtidailər növünə, sarkodinlər sinfinə, amöbvarilər dəstəsinə
aiddir və insanlarda dizenteriya amöbü xəstəliyini əmələ gətirir.
İnsan orqanizmində dizenteriya amöbü 3 formada olur:
1. xəstələrdə üzə çıxarılan böyük vegetativ forma və ya eritrofaq;
2. gəzdiricilərdə və residiv arası dövrdə xəstələrdə üzə çıxarılan şəffaf forma;
3. xəstə və gəzdiricilərin nəcisindən ifraz olunan sistalar. Digər formalardan fərqli olaraq sistalar xarici
mühitə davamlıdırlar.
Üzə çıxarılan xəstələri hospitalizasiya edirlər və ocaqda epidemioloji müayinə aparırlar.
Xəstələnmişlərin müalicəsi başa çatdıqdan sonra nəcis müayinə olunur və 3 dəfə mənfi cavab alındıqdan
sonra onlar evə yazılırlar. Amöbiazla xəstələnmişlər 6 -12 ay müddətində hər kvartalda kliniki və laborator
müayinə edilərək dispanser nəzarətinə götürülür. Stasionardan evə yazılandan 1 və 3 ay sonra
residivəleyhinə müalicə aparılır. Sistagəzdiriciləri üzə çıxarmaq üçün nəcisin çox dəfəli (2 həftə ərzində
6 dəfə) parazitoloji müayinəsini aparmaq vacibdir.
Gəzdiriciləri xiniofon ilə sağlamlaşdırırlar. Yeyinti sənayesində, qida obyektlərində və onlara
bərabərləşdirilmiş müəssisələrdə işləyən gəzdiricilər işdən azad olunmadan sağlamlaşdırılırlar.
Balantidiaz.
Balantidi ibtidailər növünə infuzorlar sinfinə aiddir. Parazit vegetativ və sista
formasında mövcuddur. Əsas invaziya mənbəyi donuzlardır, lakin insanlar (xəstə və gəzdiricilər) da
sayılır. İnvaziya fekal-oral yolla yayılır.
İnvaziyanın laborator diaqnostikası nəcisdə (nativ yaxma) parazitin vegetativ formalarının və
sistalarının tapılmasına əsaslanmışdır. Müayinənin nəticəsi mənfi olduqda analizi bir neçə dəfə təkrar
etmək məsləhət görülür. Gəzdiricilərin sanasiyası üçün monomisin və biomisindən istifadə edirlər.
Lyambliyoz
. Lyambliyalar ibtidailər növünə, qamçılılar sinfinə aiddirlər. Onlar nazik bağırsağın
yuxarı hissəsində parazitlik edirlər. Bağırsağın aşağı hissəsinə düşən vegetativ formalar sistaya çevrilir
ki, onlar da orqanizmdən nəcislə ifraz olunurlar. İshal zamanı nəcisdə vegetativ formalara da təsadüf
etmək olar.
İnsan infeksiya mənbəyi sayılır. İnfeksiyanın keçmə mexanizmi isə fekal-oral yolladır.
Lyambliya gəzdiriciliyi geniş yayılmışdır.
Nativ və Lyuqol məhlulu ilə rənglənmiş yaxmaların mikroskopiyasını (400 dəfə böyüdülmüş)
aparmaqla lyambliyaları üzə çıxarırlar. Lyambliyoz zamanı heç bir izolyasiya-məhdudlaşdırıcı tədbirlər
aparılmır.
Toksoplazmoz.
Toksoplazmalar ibtidailər növünə, sporlular sinfinə aiddirlər. Parazitin iki
inkişaf sikli (cinsi və qeyri-cinsi) var. Toksoplazmanın cinsi sikli pişiklərin bağırsaq hüceyrələrində,
qeyri-cinsi isə insanın, bir sıra vəhşi və ev heyvanlarının orqanizmində və quşlarda keçir. Toksoplazmalar
hüceyrədaxili parazitdirlər. Hüceyrədaxilində toksoplazmaların toplanması
1 nömrəli Bakı Tibb Kolleci
198
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
psevdosista adlanır. Daxili üzvlərdə (qaraciyər, beyin, əzələ və s.) tərkibində külli miqdarda toksoplazma
olan həqiqi sistalar əmələ gəlir. Sahibin orqanizmində sistalar uzun müddət qala bilər.
İnsan üçün infeksiya mənbəyi birinci növbədə ev (pişik, it) və kənd təssərüfatı heyvanları və quşlar
sayılır. Heyvanlarda toksoplazmoz daha çox parazitgəzdirmə (simptomsuz forma) şəklində gedir.
Anadangəlmə və qazanılmış toksoplazmoz ayırd edilir. İnsanın yoluxması əsasən ağızdan qida
məhsullarının birincili və ikincili yoluxması zamanı, xəstə heyvanların əti və südündən istifadə etdikdə,
heyvanlara qulluq etdikdə zədələnmiş dəridən və digər yoluxmuş substratlarla təmasda olduqda yoluxma
baş verir. Tibb işçiləri toksoplazmozla yoluxmuş insanlara müxtəlif növlü cərrahi əməliyyatlar aparılan
zaman yoluxurlar. Buna qazanılmış toksoplazmoz deyilir. Qazanılmış toksoplazmoz (qida məhsulları ilə
yoluxma) çox zaman simptomsuz, yaxud subklinik keçir və aşkarlanmamış qalır. Anadangəlmə
toksoplazmoza vertikal, yaxud bətndaxili yolla yoluxmaq olur. Bu zaman toksoplazmalar bətndaxili yolla
anadan dölün orqanizminə keçərək böyük təhlükə törədir. Xəstəliyin ayrı-ayrı təzahürləri sinir-psixi
pozğunluqlar, qıcolmalar, uşaqların əqli inkişafdan qalması şəklində ola bilər.
Parazitoloji müayinələr və immunoloji reaksiyaların təyini yolu ilə toksoplazmozun laborator
diaqnostikası aparılır. Toksoplazmoz törədicisini aşkar etmək üçün onurğa beyni mayesi, limfa
düyünlərinin punktatı, biopsiya edilmiş limfatik düyünlər və badamcıqlar, dölyanı qişaların qalıqları və cift
mikroskopik müayinə edilir. Bu zaman yaxmalar, kəsiklər hazırlanır, Romanovski üsulu ilə boyanır. Daha
yaxşı nəticə siçanlarda bioloji sınaq qoyulduqda əldə edilir. İmmunoloji müayinə üçün KBR,
Hemaqqlütinasiya reaksiyası, toksoplazminlə allergik dəriiçi sınaq qoyulur.
1 nömrəli Bakı Tibb Kolleci
199
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 32
Viruslu Hepatitin (A, E) profilaktikası
Dərsin məqsədi:
Viruslu hepatit ocağının epidemioloji müayinə üsulunun və ona qarşı
əksepidemik tədbirlərin öyrənilməsi.
Dərsin planı:
1. Yaşayış məntəqəsində və uşaq müəssisəsində viruslu hepatit ocağının epidemioloji müayinəsi.
Müayinənin nəticələrinin müzakirəsi.
2. Epidemioloji məsələnin həlli.
Dərsin qısa məzmunu -
Ocağın epidemioloji müayinəsini fekal-oral (hepatit A, E) və
parenteral yolla (hepatit B,D,C) yayılan viruslu hepatitlərin differensasiyasından başlamaq
məqsədəuyğundur. Bunun üçün son 6 ay ərzində xəstəyə qan və ya onun komponentlərinin (qamma-
qlobulindən başqa) köçürüldüyünü, dərman preparatlarının inyeksiyalarını, bakterial preparatların və
allergenlərin parenteral yeridilməsini, analiz üçün qanın cötürülməsini, cərrahi əməliyyatın (eləcə də
stomatoloji) aparılmasını müəyyən etmək lazımdır. Əgər yuxarıda göstərilənlərdən biri qeyd olunursa,
onda nə vaxt və harada aparılmasını müəyyənləşdirmək lazımdır.
Əgər xəstə son aylarda hər hansı bir stasionarda müalicə olunubsa, onda bu praktiki olaraq həmişə
parenteral manipulyasiyalarla müşayət olunduğunu nəzərdə saxlamaq lazımdır.
Yığılan məlumatlara qiymət verdikdə nəzərə almaq lazımdır ki, parenteral manipulyasiya faktının
olması həmin xəstəliyin yalnız parenteral yoluxmalara aid edilməsi üçün kifayət deyil. Lakin bu
məsələnin hər tərəfli öyrənilməsi üçün yalnız göstəriş ola bilər. Əgər xəstəyə qan və ya onun
komponentlərinin köçürülməsi müəyyən edilərsə, onda donor və resipientlər (qan köçürülən adam) əsaslı
müayinə olunmalıdırlar.
Parenteral yoluxma ilə yanaşı fekal-oral yolla yoluxma imkanının (çox rast gələn) öyrənilməsi
paralel aparılır. Müayinə analoji yayılma yolu olan digər infeksiyalarda aparılan prinsipə əsaslanır.
İnfeksiya mənbəyini üzə çıxardıqda aşağıdakı halları nəzərə almaq lazımdır: infeksiya mənbəyi
inkubasiya dövründə olan şəxslər, xəstəliyin sarılıqdan qabaq, sarılıq dövründə olan xəstələr,
rekonvalessent dövründə, bəzi hallarda isə xroniki residivli prosesi olan xəstələr ola bilər. Virus hepatiti
zamanı virusgəzdiricilik qeyd edilir, lakin onun təkrarlanması və uzun müddətliyi dəqiq təyin edilməyib.
Xəstənin ətrafında viruslu hepatit xəstəsi (yaşayış yerində, iş yerində, uşaq müəssisəsində) qeyd
olunmayan hallarda, ətrafdakı şəxslərin sağlamlığının və-ziyyətini dəqiq aydınlaşdırmaq lazımdır. Belə
ki, zəiflik, bədən hərarətinin cüzi artması, zökəm, əsnəyin hiperemiyası, iştahın itməsi, bağırsağın
disfunksiyası, qara ciyər nahiyyəsində ağrı, sidik və nəcisin rənginin dəyişməsi əlamətlərinə fikir vermək
lazımdır. Belə əlamətləri olan şəxslər əsaslı kliniki və biokimyəvi müayinə olunmalıdırlar (bilirubin,
timol və sulema sınaqlarının qoyulması, aldo-laza və transaminazanın aktivliyini təyin edən biokimyəvi
testlər) .
Xəstəliyin ilk günlərindən və sonrakı 3-6 ay müddətində immunoferment analizinin (İFA) köməyi
ilə qanın zərdabında aşkar edilən A virus hepatitin M sinfinə (anti HAV Lg M və ya anti-BHA Lg M) aid
antitelləri (immunoqlobulinlər) hepatit A-nın spesifik markeridir. Kliniki gedişindən asılı olmayaraq
bütün A hepatitli xəstələrdə anti-BHA Lg M hasil edilir. Onun müəyyən edilməsi ilkin etibarlı
testlərdəndir. Bu nəinki kliniki diaqnozu təsdiq etməyə, həm də A he-patitinin silinmiş və subklinik
formalarını aşkar etməyə, sarılıqdan qabaq dövrdə A hepatitinin diaqnozunun qoyulmasına imkan verir.
Xəstənin ətrafında olan adamlar arasında qaraciyər və öd yolların xəstəlik-ləri olan şəxsləri üzə
çıxarıb, müayinə edirlər. Belə ki, onlar arasında epide-mioloji cəhətdən təhlükəli sayılan xroniki residiv
formalı xəstələr ola bilər.
Yoluxma yolunu təyin etdikdə xəstəliyin məişət-təmas, su, qida vasitəsilə və həmçinin, hava-
damcı yolu ilə yayıla bilməsini nəzərə almaq lazımdır.İnfeksiyanın gələcəkdə yayılması imkanını təyin
1 nömrəli Bakı Tibb Kolleci
200
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
etdikdə aşağıdakıları nəzərə almaq lazımdır :xəstəlik başlanan gündən xəstənin izolyasiya müddətini,
xəstənin sənətini, ocağın sanitar vəziyyətini, uşaq müəssisələrində qruplararası izolyasiya dərəcəsini və
uşaqlara qammaqlobulin profilaktikasının nə vaxt aparıldığını.
Ocaqda aparılan əksepidemik tədbirlərin yoxlanması üçün aşağıdakı halları nəzərə alırlar. Xəstələr
mütləq hospitalizasiyaya məruz qalırlar və kliniki göstə-riş əsasında rekonvalissentlər evə yazılırlar.
Əksər hallarda xəstəliyin klinik əla-mətləri başlayandan 1-1,5 aydan sonra sağalma baş verir. A hepatiti
ilə xəstə-lənmişlər üzərində dispanser müşahidəsi yoluxucu xəstəliklər kabinetində hə- yata keçirilir.
Müayinə evə yazılandan sonra 1 aydan gec olmayaraq aparılır və xəstəlik başlayandan 3 ay sonra
(şikayətin olmaması, qara ciyərin ölçülərinin normalaşması və funksional qaraciyər sınaqlarının olması
şərti ilə) rekonva-lissentlər qeydiyyatdan çıxarılır. Bütün rekonvalissentlər 3-6 ay müddətinə ağır fiziki
işdən, şagirdlər isə idman dərslərindən azad edilirlər. Stasionardan evə yazıldıqdan sonra 6 ay müddətində
tetanus anatoksini və antirabik vaksindən başqa (göstəriş olduqda) qalan profilaktik peyvəndlərin
aparılması əks göstəriş-dir. Xəstə ilə təmasda olanlar 35 gün tibbi nəzarət altında olurlar və həftədə bir
dəfə müayinəyə məruz qalırlar (termometriya, dəri və selikli qişaların müayinəsi, ümumi vəziyyət
üzərində nəzarət, ifrazatın rənginə fikir vermək).
Xəstə ocaqda olan vaxtı cari, hospitalizasiyadan sonra isə sonuncu dezinfeksiya işləri aparılır.
Xəstəlik ocağında 10 yaşına qədər uşaqlara 1 ml, 10 yaşdan yuxarı olan uşaqlara 1,5 ml dozada
qammaqlobulin vurulur. Qammaqlobulinin təsir müddəti 6-8 aydır.
A hepatiti qeyd edilən uşaq müəssisəsində karantin təyin edilir. Karantin təyin edilmiş qrup digər
qruplardan izolyasiya edilir. İzolyasiyanı musiqi dərsləri vaxtında, oyun meydançalarında və s. yerlərdə
aparmaq lazımdır. Karantin qruplarına qidanı axırıncı növbədə verirlər. Qammaqlobulin aldıqdan sonra
yeni uşaqlar karantin olan uşaq müəssisəsinə qəbul edilirlər. Karantin dövründə planlı peyvəndlərin,
diaqnostik sınaqların, stomatoloji müayinələrin aparılması qadağan edilir. Bu dövrdə həftədə 2 dəfədən
az olmayaraq həkim müayinəsi aparmaqla tibbi nəzarət (bədən temperaturu, dəri və selikli qişalar, ifrazatın
rəngi üzərində daimi nəzarət) təyin edilir. Karantin 35 günə qədər uzanır, lakin təmasda olanlara
qammaqlobulin vurduqda 21 günə qədər azalır.
Epidemioloji məsələ
Fəhlə qəsəbəsində dekabr-fevral aylarında A hepatiti alovlanması baş verərək müxtəlif yaşlı 74
nəfəri əhatə edib. Xəstələnmişlərin 2/3 –də hepatit sarılıqsız keçib. Əvvəllər viruslu hepatit xəstəliyinin
12 hadisəsi qeyd edilib. Özü də xəstələrin beşində xəstəliyin xroniki residivli formaya keçməsi qeyd
edilib. Xəstələnmişlərin əksəriyyəti (57nəfəri) qəsəbənin cənub-şərq hissəsində yaşayır. Həmin hissədə
yaşayan əhali göllə əlaqəsi olan su hövzəsinin suyundan istifadə edir. Həmin gölün sahilində natəmizlik,
zibillik var. Su hövzəsində suyun koli-titri –1ml, amiakın tərkibi – 0.14 mq/ l-dir. Qəsəbənin digər
hissəsində (əhalinin əsas hissəsi yaşayan) 17 nəfər xəstələnib və onlar yaxınlıqda axan çayın suyundan
(koli-titr – 100 ml, amiakın tərkibi – 0.07 mq/ l) istifadə edirlər.
Alovlanmanın təbiəti haqqında fikir söyləmək. Onun ləğv edilməsi üçün tədbirlər planını tərtib
etmək.
1 nömrəli Bakı Tibb Kolleci
201
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 33
Poliomielitin profilaktikası
Dərsin məqsədi:
Aktiv immunizasiyanın aparılma üsulunun və poliomielit ocağında aparılan
tədbirlərin öyrənilməsi.
Dərsin plan:
1. Poliomielit ocağının ləğvedilməsi tədbirlərinin və müayinəsinin öyrənilməsi
2. Poliomielit əleyhinə immunizasiya üsulunun öyrənilməsi. Uşaqların immunizasiyasında iştirak
etmək
3. Məsələnin həlli
Dərsin qısa məzmunu -
Bu və ya digər səbəblərdən immunizasiyaya məruz qalmayan uşaqlar
arasında mərkəzi sinir sisteminin zədələnməsi ilə keçən poliomielit xəstəliyinə hal-hazırda çox az təsadüf
edilir. Bəzi hallarda oxşar kliniki əlamətlərə malik xəstəliklər qeyd olunur ki, bunlar da poliomielit
törədicilərinə qohum olan Koksaki və ESNO virusları ilə əmələ gəlir. Onları laborator müayinə üsulları
(virusoloji və seroloji) ilə differensasiya etmək lazımdır. Bu üsullardan sinir sisteminin aşkarsız və
simptomsuz infeksiyalarını müəyyən etmək üçün istifadə edilir.
Poliomielit ocağının epidemioloji müayinəsi zamanı aşağıdakıları nəzərə almaq lazımdır. İnfeksiya
mənbəyi ancaq insan ola bilər (xəstəliyin bütün gedişi dövründə xəstə və gəzdirici) . İnkubasiya dövründə
və kəskin dövrdən bir neçə ay keçdikdən sonra virusgəzdirmə halı ola bilər. İnfeksiya mənbəyi əksər
hallarda sağlam gəzdiricilər ola bilər ki, onların sayı xəstələrin sayından üstündür. Sağlam şəxslər 1-3
həftə ərzində virusgəzdirici ola bilərlər. Poliomielit həm fekal-oral, həm də hava-damcı yolu ilə yayıla
bilər.
Epidemioloji müayinə bağırsaq və tənəffüs xəstəliklərində olduğu kimi aparılır. Hal-hazırda
xəstəliyin sporadik halları daha çox qeyd edilir ki, bu zaman konkret infeksiya mənbəyini tapmaq demək
olar ki, çətindir. Belə ki, sağlam virusgəzdiriciləri müəyyən etmək üçün uzun müddətli virusoloji
müayinələr aparmaq lazımdır.
Xəstə və onun ətrafında olan uşaqların peyvənd anamnezi dərindən öyrənilir. Bunun üçün tibbi
sənədlərdən istifadə olunur (forma 63 və 112). Ocaqda tamdəyərli peyvənd almayan bütün uşaqları
müəyyən etmək lazımdır.
Ocaqda aparılan tədbirləri yoxladıqda aşağıdakı vəziyyətləri nəzərə almaq lazımdır. Poliomielitin
müxtəlif forması olan xəstələr hospitalizə olunmalıdırlar və xəstəlik başlayandan 30 gün sonra, kəskin
kliniki əlamətlər olmadıqda evə yazılmalıdırlar. Məktəbəqədər uşaq müəssisəsinə gedən uşaqlar, 15
yaşına qədər olan məktəblilər, eləcə də uşaq müəssisəsində, ictimai qidalanma və su təchizatı
müəssisələrində işləyən şəxslər poliomielitli xəstə ilə təması məişət yolu ilə olarsa, onlar 21 günə təcrid
olunurlar.
Əgər poliomielit xəstəliyi hadisələri tək-tək qeyd edilərsə, onda əlverişsiz ərazilərdə diri vaksinlə
növbədən kənar peyvəndlərin aparılması mütləq məsləhətdir.
Poliomielit əleyhinə aktiv immunizasiya
. Bu məqsədlə diri oral poliomielit vaksinindən
(OPV) və yaxud inaktivləşdirilmiş (İPV) vaksinindən istifadə olunur. Oral poliomielit vaksinini ( OPV)
yeməkdən bir saat əvvəl qəbul edirlər. Vaksini qəbul etdikdən sonra bir saat müddətində həmin şəxs qida
və maye qəbul etməməlidir. İmmunizasiya kursu beş dozadır. Peyvənd GEM-də dondurucuda, tibb
müəssisəsində isə soyuducunun ən soyuq hissəsində saxlanılmalıdır. Açılmış peyvənd flakonu yalnız 6
gün ərzində istifadə oluna bilər. Vaksinasiya doğum evində uşağın həyatının 4 -7-ci günü, sonrakı
vaksinasiyalar isə uşağın 2-ci, 3-cü, 4-cü ayında, revaksinasiya uşağın 18 ayında ağıza, hər doza 2 damcı
verilir. Peyvəndlər 63, 64 və 112 saylı formalarda qeyd edilir.
Poliomielit əleyhinə peyvəndi başqa peyvəndlərlə eyni vaxtda aparmaq olar.
1 nömrəli Bakı Tibb Kolleci
202
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Epidemioloji məsələ
1.5 yaşlı uşaqda poliomielitin paralitik forması qeyd edilib. Uşaq valideynləri ilə birlikdə 1 il 3 ay
xarici ölkələrdən birində (uşağın atası orada işlədiyinə görə) yaşayıb.
Uşaq vərəm əleyhinə peyvənd alıb. Uşağın digər infeksiyalar əleyhinə peyvənd aldığını
valideynləri bilmir. Xəstəliyə bir ay qalmış uşağı bağçaya veriblər. Atası – metallurgiya kombinatında
mühəndis işləyir, anası isə evdar qadındır. Ailə ayrıca evdə yaşayır.
Ocağın ləğv edilməsi üzrə tədbirlər planını tutun.
1 nömrəli Bakı Tibb Kolleci
203
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 34
Qida toksikoinfeksiyalarının və Botulizmin profilaktikası
Dərsin məqsədi:
Qida toksikoinfeksiyası ocağının müayinəsinin aparılması. Qida
toksikoinfeksiya ocaqlarında profilaktik tədbirlərin aparılması üsulunun öyrənilməsi.
Dərsin planı:
1. Qida toksikoinfeksiya alovlanmalarının müayinə prinsiplərinin müzakirəsi.
2. Epidemioloji məsələnin həlli.
Dərsin qısa məzmunu -
Klostridi botulizm, stafilokokk, klostridi perfringens və şərti- patogen
mikroorqanizmlərin əmələ gətirdiyi qida toksikoinfeksiyaları (və bakterial intoksikasiyalar). Adları
çəkilən xəstəliklərin bir sıra ümumi epidemioloji və kliniki əlamətləri var. Onlardan əsasları bunlardır:
müxtəlif ərazaq məhsulları vasitəsi ilə insanların yoluxması; tərkibində külli miqdarda törədici (ya da
onların toksinləri) toplanmış qida məhsulları.
Buna görə xəstəliyin baş verməsində ərzağın saxlanması və hazırlanması qaydalarının sanitar
pozğunluqları mühüm əhəmiyyət kəsb edir və xəstəliyin patogenezində bakterial toksinlərlə intoksikasiya
əsas yeri tutur.
1. Botulizm -
Botulizmin törədiciləri təbiətdə geniş yayılıb. Onlar spor halında torpaqda, lildə,
dəniz sahillərində tapılırlar. Sporlar xarici mühitdə yüksək davamlığı ilə fərqlənirlər və yüksək
temperaturda öz həyat qabiliyyətlərini saxlayırlar. Əksər hallarda torpaq hissəcikləri ilə ərzağa düşən
sporlar cücərir və əgər bu proses üçün əlverişli şərait yaranırsa, onda törədici toksin də ifraz edə bilər.
Bu şəraitə turşuluğun olmaması (botulizm törədicisi – anaerobdur), müvafiq temperaturun olması (buzlaq
və ondan aşağı temperaturda toksin əmələ gəlmir), eləcə də ərzaqda sirkə turşusu ya da şəkərin müəyyən
qatılığının olmamasıdır, hansı ki, toksin əmələ gətirməyə mane olur.
Əksər hallarda insanların yoluxması evdə hazırlanmış tərəvəz, bəzi ət (donuz budu, daha az kolbasa)
və balıq (qaxac balıq, konservilər) məhsulların konservilərinin istifadəsi ilə əlaqədardır.
Yoluxmaya səbəb olan müəyyən ərzağın aşkar edilməsi prinsipi salmonellyoz alovlanmalarında
olduğu kimidir. Yoluxma mənbəyi kimi şübhəli ərzağı dərhal istifadədən götürüb, onda törədici ya da
onun toksininin olduğunu təyin etmək üçün müayinəyə göndərirlər. Əgər şübhəli ərzaq tam istifadə
edilibsə, onda həmin ərzaq saxlanan qab (banka və s.) müayinəyə göndərilə bilər. Gələcəkdə ərzağın
yoluxmasına və toksinin toplanmasına səbəb olan amillərin təyin edilməsinə çalışırlar. Bu məqsədlə
müayinənin gedişində torpaq hissəciklərinin ərzağa düşməsi, ərzağın saxlanmasında, onun termiki
emalında nöqsanın olması imkanını aşkar edirlər.
Yoluxmuş ərzaqdan istifadə etmiş şəxslər 10-12 gün müddətində tibbi nəzarət altında olurlar və
onlara botulizm əleyhinə zərdabın vurulması məsləhətdir. Tərkibində A, B və E toksinlərinə dair 2000
BV botulizm əleyhinə zərdabı əzələ daxilinə yeridirlər, eləcə də enterosorbent təyin edirlər.
2. A növlü klostridi perfringensin əmələ gətirdiyi xəstəliklər
epidemiologiyasına görə
botulizmə yaxındır. Bu törədicilər təbiətdə geniş yayılıb. Bu mikrobun sporları torpaqda, suda, havada
tapılır. Çox vaxt törədici insan və heyvanların nəcisindən ifraz olunur. Xarici mühitin müxtəlif
obyektlərindən o qida məhsullarına düşə bilər. Törədici və onun toksininin külli miqdarda toplanması
halında qida məhsulu təhlükəli olur. Buna onların kifayət etməyən emalı və otaq temperaturunda uzun
müddət saxlanması səbəb olur.
Klostridi perfringensin əmələ gətirdiyi xəstəliklər əksər hallarda müxtəlif ət xörəkləri, quşlardan
hazırlanmış xörəklərlə yayılır.
3. Stafilokokk qida zəhərlənmələri -
Bu zəhərlənmələr qidada xüsusi toksinin iştirakı ilə
əlaqədardır ki, bu da stafilokokkun bəzi ştammları tərəfindən ifraz olunur. Xarici örtüyündə stafilokokk
xəstəliyi olan (frunkul, irinləmiş yanıqlar, dolama), stafilokokk etiologiyalı yuxarı tənəffüs yolların
xəstəlikləri, eləcə də sağlam stafilokokkgəzdirici şəxslər əksər hallarda infeksiya mənbəyi
1 nömrəli Bakı Tibb Kolleci
204
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
olurlar. Nadir hallarda heyvanlar infeksiya mənbəyi sayılırlar, əsasən də əmcəyində irinli zədələri olan
inəklər.
Zəhərlənmə stafilokokkla yoluxmuş müxtəlif qidaların istifadəsi ilə, əksər hallarda süd və süd
məhsulları, ət məhsulları, kremli qənnadi məmulatlarla əlaqədar ola bilər. Yağda olan balıq konservilərin
(bombaj) istifadəsi ilə əlaqədar olan zəhərlənmələr də məlumdur. Epidemioloji müayinə zamanı adları
çəkilən məhsullara fikir vermək lazımdır.
Stafilokokkun çoxalması və toksinin toplanması üçün temperaturun (hansındakı o məhsullar
saxlanır, saxlama müddəti və isti emalın şərtləri) böyük əhəmiyyəti var.
Stafilokokk intoksikasiyasının alovlanmaları zamanı müayinə ümumi prinsiplər əsasında aparılır.
Xəstəliyin mənşəyinin aydınlaşdırılması onunla çətinləşir ki, enterotoksin ifraz edən stafilokokk
ştammlarını ancaq xüsusi müayinə yolu ilə aşkar etmək mümkündür.
Dostları ilə paylaş: |