Aksiomatik – ilk dəfə olaraq Evklid tərəfindən tətbiq olunmuşdur.
Metodun mənası ondan ibarətdir ki, problemin müzakirəsinin əvvəlində
sübutu tələb olunmayan ilkin hallar (hipotezlər) məlumdur. Bu hallara
aksiomlar və ya postulatlar deyilir. Aksiomdan müəyyən qaydalara əsasən
mühakimələr yürüdülür. İlkin aksiomlar və onların əsasında əldə edilmiş
təkliflər toplumu aksiomatik qurulmuş nəzəriyyəni əmələ gətirir.
Analiz – predmetin təşkiledicilərə bölünməsinə əsaslanır. Analiz zamanı
tədqiqatçı araşdırılan obyekti əqli olaraq parçalayır, yəni onun hansı
hissələrdən və eyni zamanda hansı xassələrə malik olmasını təsəvvür edir.
Bu zaman xüsusi hal kimi analiz olunan predmet bir neçə sinif predmetlərin
nümayəndəsi kimi çıxış edir. Belə halda analiz bir qrup predmetlərin
öyrənilməsində əldə olunan biliyin digərlərinə tətbiq etməyə imkan verən
vahid strukturun yaradılmasına xidmət edir. Analizin başqa növü
predmetlərin ümumi xassələrini və onlar arasındakı münasibətləri
ümumiləşdirməkdən ibarətdir.
Sintez – analiz zamanı alınan bilikləri vahid sistemdə birləşdirməyə
imkan verir. Elmi fəaliyyətdə analiz və sintez bir–biri ilə sıx əlaqədə olub,
münasibəti araşdırılan obyektin xassələrindən və tədqiqat məqsədindən asılı
olaraq müxtəlif forma ala bilirlər. Birbaşa analiz və sintez obyektin səthi
araşdırılması zamanı tətbiq olunur. Obyektin dərindən tədqiqi zamanı isə
struktur–genetik analiz və sintez icra edilir.