Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
155
7.2. İstintaq baxışı, müayinə, axtarış və
götürmə hərəkətlərində ekspertin
(mütəxəssisin) vəzifə və funksiyaları.
Baxış keçirilərkən mütəxəssisin əsas funksiyası müstəntiqə
sübutların (müxtəlif əşyalar, izlər, sənədlər və digər obyektlər)
axtarışında, baxışında, təsvir edilməsində və götürülməsində kömək
etməkdir. Müstəntiqin göstərişinə görə mütəxəssis obyektləri seçir,
sonrakı ekspert müayinələri üçün nümunələr götürür, tapılmış izlərin
qorunma şəraitini təmin etmək üçün tədbirlər görür. Baxış zamanı
xüsusi elmi-texniki vasitələrdən istifadə edərək protokolu, sxemləri,
rəsmləri, çertyojları tərtib etməyə kömək edir. Beləliklə, istintaq
baxışı, müayinəsi, axtarışı və ya götürülməsində iştirak edən
mütəxəssisin işində ön plana araşdırıcı, təsvir etmək və yardımçı –
texniki funksiyaları çıxır. Bundan əlavə, mütəxəssis müstəntiq və
digər baxış iştirakçılarının xahişi ilə apardığı işlərə dair məlumat
verir və müstəntiqin istənilən suallarına dair, səlahiyyətinə aid
müvafiq məsləhətlər verir.
Baxış, müayinə, götürmə və axtarış zamanı müstəntiqin
köməkçisi kimi iştirak edən məhkəmə təbabəti üzrə mütəxəssis
aşağıdakı məsələləri həll edir:
1. İşə aidiyyatı ola bilən əşyaları, izləri və digər obyektləri tapmağa
kömək edir;
2. Obyekt və izlərin xüsusiyyətlərini, davamlılığını, əhəmiyyətini,
dəyişkənliyini nəzərə alaraq, onlara baxışın səmərəli ardıcıllığı və
qaydası barədə müstəntiqə məsləhətlər verir;
3. Hadisənin tibbi nəticələrini müəyyənləşdirir. Ölüm faktını təsdiq
edir; tapılmış bioloji obyektlərin və izlərin növünü, xüsusiyyətlərini
və digər əlamətlərini təyin edir; İzlərin əmələgəlmə mexanizmi,
yaranma vaxtı və istintaq hərəkəti aparılan cinayət işi ilə təxmini
əlaqəsi haqda ilkin fikrini söyləyir və s.;
4. Müstəntiqə istintaq hərəkətinin protokolunda obyektləri təsvir
etməyə, aşkar olunmuş faktiki məlumatların tam və dəqiq şərh
edilməsinə kömək edir;
|