Şakir Musayev
184
Üzləşdirmənin gedişində ekspertin taktikası elə qurulmalıdır ki,
istintaq hərəkətinin iştirakçıları tərəfindən onun davranışı dindirilən
şəxslərdən birinə inanmaq kimi qəbul edilməsin. Mütəxəssisin
məqsədi, vəzifələri və iş metodu adi dindirilmədə iştirakından
fərqlənmir.
Beləliklə, dindirilmənin və ya üzləşdirilmənin icrasına cəlb
olunmuş məhkəmə-tibb eksperti istintaq hərəkətində iştirakı ilə tam
və düzgün ifadələrin alınmasını təmin edir. Mütəxəssisin (ekspertin)
cəlb olunması dindirilmə aparılmasının vacib prosessual vasitəsidir.
Bu vasitə tam və doğru ifadələrin alınmasına, dəqiqləşdirilməsinə və
yaddaşın aktivləşdirilməsinə kömək edir, müstəntiq tərəfindən
sübutların qiymətləndiril-məsi üçün zəruri olan yeni məlumatların
alınmasına imkan yaradır. Ekspertin dindiril-mədə iştirakı istintaq
hərəkətinin və ümumilikdə, təhqiqatın rəhbəri kimi müstəntiqin
nüfuzuna xələl gətirmir və onun hüquqlarını məhdudlaşdırmır.
Əksinə, birbaşa məhkəmə-tibbi ekspertizanın predmetinə aid olan
halların açıqlanması lazım olduqda, ekspertin dindirilmədə iştirakı
istintaq hərəkətinin nəticələrinə yalnız müsbət təsir göstərir.
Dindirilmə aparılmasının məhkəmə-tibbi aspektlərinin spesifik
xüsusiyyətlərini də qeydə alaraq, istintaqın müxtəlif taktiki
üsullarının səmərəli əlaqəsinin nə qədər effektli və sübutedici
olmasını bir neçə misal ilə nümayiş etmək olar.
Misal №1. 1997-ci ildə prokurorluq tərəfindən ər və arvadın qətlə
yetirilməsi ilə bağlı cinayət işi istintaq olunurdu. Keçirilmiş
məhkəmə-tibbi ekspertiza zamanı müəyyən edilmişdir ki, onların hər
ikisinin ölümü boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində
mexaniki asfiksiyadan baş vermişdir. İbtidai istintaqın gedişində
şübhəli şəxs və sonradan təqsirləndirilən şəxs qismində iki nəfər
məsuliyyətə cəlb olunmuşdur. İbtidai istintaq zamanı keçirilən bir
neçə ayrı-ayrı dindirilmələrdə onlar inandırmağa çalışırdılar ki, növbə
ilə zərərçəkmişlərin boyunlarını sıxırdılar və bu zaman
təqsirləndirilənlərdən biri ölüm baş verməmişdən qabaq ilgəyi
zərərçəkmişin boynundan çıxarmayaraq onun uclarını yanındakına
verdiyini təkid edirdi.
|