Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
333
FƏSİL 13. MƏHKƏMƏ TİBBİ TƏCRÜBƏDƏ
MÜAYİNƏ OBYEKTLƏRİNİN
ZƏDƏLƏNMƏSİ VƏ ONLARIN
XÜSUSİYYƏTLƏRİNİN DƏYİŞMƏSİ.
Müayinə obyektinin zədələnməsi dedikdə ona müayinə gedişində
fiziki, kimyəvi, bioloji və digər metodların tətbiqi nəticəsində
vəziyyət və xüsusiyyətlərinin dəyişilməsi nəzərdə tutulur.
Məhkəmə tibbi təcrübədə müayinə zamanı bir çox hallarda
obyektlərin zədələnməsi, bəzən isə tam sərf olunması müşahidə
olunur. Məhkəmə tibb ekspertinə ekspertizanı təyin etmiş orqanın və
şəxsin icazəsi olmadan obyektlərin sərf olunmasına, onların xarici
görünüşü və ya xüsusiyyətlərinin dəyişilməsinə səbəb ola bilən
müayinələrin aparılmasına icazə verilmir. Prosessual təbiətindən asılı
olmayaraq bu qayda ekspert müayinələrin bütün obyektlərinə aiddir.
Müayinəni planlaşdırdıqda ekspert elə müayinə metodlarının
ardıcıllığını seçməlidir ki, o maksimal dərəcədə obyektin sonrakı
müayinə mərhələlərində müayinəsi üçün saxlanmasını təmin etsin.
Öncə obyektin xüsusiyyətlərini dəyişməyən metodlar, sonra obyektin
xüsusiyyətlərini hissəvi dəyişən metodlar və nəhayət, obyektin
xüsusiyyətlərini tam dəyişən və ya onun tam sərf olunmasına səbəb
olan metodlar tətbiq edilir. Əgər obyektin sərf olunması və ya onun
xüsusiyyətlərinin dəyişilməsi güman edilirsə, bu zaman müstəntiq və
məhkəmədən icazə almaq lazımdır.
Ekspertizanın keçirilməsi və rəyin verilməsinə zərurət yaranan
hallarda ekspertizanı təyin etmiş orqan və şəxsin icazəsi ilə maddi
sübutların, sənədlərin müayinəsində obyektləri zədələmək və tam sərf
etmək olar. İcazə ekspertizanın təyin edilməsi barədə olan sənəddə öz
əksini tapmalıdır. Ekspertizanı təyin etmiş orqan və şəxsin icazəsi ilə
maddi sübut və sənədlərin zədələnməsi və tam sərf olunması
məhkəmə tibbi ekspert idarəsi və ekspert tərəfindən zərərin
ödənilməsinə səbəb olmamalıdır.
Ekspert rəyində müayinənin məzmunu və tətbiq edilmiş üsullar,
onların etibarlılıq dərəcəsi göstərilir (CPM, maddə 271.2.6).
|