Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
57
Ekspert bilə-bilə yalan rəy verməyə görə CM-nin 297-ci maddəsi
ilə, ibtidai araşdırmanın məlumatlarını yaymasına görə isə CM-nin
97.4.10 maddəsi ilə məsuliyyət daşıyır. Məsuliyyət o vaxt nəzərdə
tutulub ki, ekspertə qanunla müəyyən olunmuş qaydada bu
hərəkətlərə yol verməməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə
istintaqının məlumatlarının yayılmasına görə cinayət məsuliyyəti
nəzərdə tutulmayıb. Cinayət işinin bütün məhkəmələrdə araşdırılması
açıq xarakter daşıyır («Məhkəmələr və hakimlər haqqında» Qanun,
maddə 12).
Ekspertin təyin olunmuş vaxtda çağırışa gələ bilməməsinə üzürlü
səbəblər olduqda, ekspert və məhkəmə ekspert idarəsinin rəhbəri
dərhal bu barədə istintaqı aparan şəxsi və ya orqanı, həmin səbəblər
göstərilməklə, məlumatlandırır. Üzürsüz səbəbdən gəlməməyə görə
ekspertə prosessual məcburetmə tədbiri tətbiq oluna bilər. Ekspertin
təhqiqata, istintaqa və ya məhkəməyə məcburi gətirilməsi qanunda
yalnız ekspertin dindirilməyə, həmçinin məhkəməyə üzürsüz
səbəbdən gəlməməsi zamanı nəzərdə tutulub. Bu zaman
təhqiqatçının, müstəntiqin, prokurorun, hakimin gətirilmə haqqında
qərarı icra edilməmişdən qabaq ekspertə elan edilir və qərarda imza
edilməklə təsdiq olunur. Gətirilmə gecə vaxtı icra oluna bilməz.
Məcburi gətirilmə, həmçinin hamilə qadınlara, o cümlədən sağlamlıq
vəziyyətindən asılı olaraq qaldıqları yeri tərk edə bilməyən xəstələrə
tətbiq oluna bilməz. Gətirilmə təhqiqatçının, müstəntiqin, prokurorun
tapşırığı ilə təhqiqat orqanları, məhkəmə tapşırığı ilə məhkəmənin
icraçıları tərəfindən yerinə yetirilir.
Məhkəmə iclasında qayda pozğunluqlarına, sədrlik edənin və
məhkəmə nəzarətçilərinin sərəncamlarına tabesizliyə görə, ekspert,
zalda iştirak edən digər istənilən şəxs kimi, belə hərəkətlərin yol
verilməzliyi barədə xəbərdarlıq oluna, məhkəmə iclasından çıxarıla
və ya cərimə oluna bilər.
Bütün göstərilənlər mühakimə icraatının iştirakçısı kimi,
ekspertin prosessual statusunu təşkil edir və yəni vəzifə borclarının
dairəsinə daxil olub-olmamasından asılı olmayaraq, məhkəmə
ekspertizasını aparan ekspertə aid edilir.
|