Keş yaddaş (ingiliscə cache). Operativ yaddaşa
müraciəti sürətləndirmək üçün kompüterlərdə xüsusi
hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Keş
yaddaşı mikroprosessorla əsas yaddaş arasında yerləşən kiçik
tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. Ondan
kompüterin məhsuldarlığını artırmaq üçün istifadə edilir. Bütün
əsas yaddaşın sürətlə işləyən keş yaddaş kimi hazırlanması
texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi
cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin
artırılması əlverişlidir.
Kompüterin yaddaşına müraciət zamanı verilənlər keş
yaddaşda axtarılır. Buna əsas səbəb odur ki, keş yaddaşına
verilənləri axtarmaq üçün edilən müraciət vaxtı operativ
yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır.
Kompüterlərdə keş yaddaşın iki növündən istifadə edilir: daxili
və xarici.
Xarici keş yaddaşı müxtəlif mikrosxemlər üzərində
yığılır və operativ yaddaşın işini sürətləndirməyə xidmət edir.
Daxili keş yaddaş isə mikroprosessorun daxilində
yerləşərək mikroprosessorun daxilindəki reqistrlərin işini
sürətləndirir. Belə keş yaddaşlardan ilk dəfə 80486 mik-
roprosessorlarında istifadə edildi. Onların tutumu 8 Mbayt-a
bərabər idi.
Intel firmasının istehsalı olan Pentium, Pentium Pro və
sonrakı model mikroprosessorlarında keş yaddaş birbaşa
mikroprosessorun daxilində yerləşdirilir. Bu çox əlverişlidir.
Çünki keş yaddaş üçün əlavə lövhə hazırlamaq lazım gəlmir.