VI FƏSİL SOSİAL QRUPLAR 1. Sosial qrup anlayışı. Qrupların təsnifatı
Cəmiyyət insanların mürəkkəb birliyi kimi müxtəlif sabitlik dərəcəsinə, miqyasına və məzmununa görə
fərqlənən sosial qrupların məcmusunu təşkil edir.
Sosioloji ədəbiyyatda «sosial qrup» anlayışı ilə bağlı müəyyən fikir ayrılıqları mövcuddur. Bu aşağıdakı
səbəblərlə izah oluna bilər. Əvvəla, sosiologiyada bir çox anlayışlar sosial praktika nəticəsində meydana gəlir, elmə
tətbiq olunmağa başlayır və bu zaman müxtəlif çalarları ifadə edir. İkincisi, belə çətinliklərin yaranması bu
prosesdə müxtəlif növ topluların təşəkkülü və iştirakı ilə şərtlənir. Bu səbəbdən də sosial qrup anlayışını müəyyən
etmək üçün onlar arasındakı müəyyən tipləri ayırmaq lazım gəlir.
Sosiologiyada «qrup» anlayışı kimi təklif olunan bir sıra sosial birlik növləri vardır. Məsələn, bir neçə fərd
müəyyən fiziki məkanda müvəqqəti olaraq məskunlaşır. Eləcə də eyni vaqonda bir neçə gün yol gedən, müəyyən
anda eyni meydanda olan, eyni küçədə yaşayan insan toplularını elmi mənada sosial qrup adlandırmaq olmaz.
İnsanların belə toplusuna «aqreqasiya» deyilir. «Aqreqasiya» latın dilində müəyyən fiziki məkanda toplanmış
şüurlu surətdə qarşılıqlı fəaliyyətdə olmayan insanların mexaniki birliyi mənasını ifadə edir.
Başqa bir halda bir və ya bir neçə oxşar xüsusiyyətli fərdləri birləşdirən topluya da qrup deyilir. Məsələn,
abituriyentlər, siqaretçəkənlər, qocalar və s. Lakin bunlara da elmi baxımdan sosial qrup demək doğru olmazdı. Bir
neçə oxşar xüsusiyyətlərə görə birləşən belə insan toplusunu ifadə
[121 - 122]
etmək üçün «sosial kateqoriya»
termini daha münasibdir.
Bəs onda sosial qrup nədir?
Sosial qrup başqalarına münasibətdə qrup üzvünün hər birinin ümumi marağını nəzərə almaqla