X FƏSİL SOSİAL TƏŞKİLATLAR 1. Sosial təşkilatların mahiyyəti Sosial təşkilatlar məqsədyönlü sosial sistemlərdir. Sosioloji elmdə və gündəlik praktikada bu anlayışdan bir
neçə aspektdə istifadə edilir.
Birincisi, təşkilat dedikdə müəyyən insanlar qrupunun yeni normalar və qaydalar işləyib hazırlamağa,
dayanıqlı əlaqələr yaratmağa yönəlmiş qarşılıqlı əlaqələrini ifadə edən fəaliyyət forması başa düşülür. Məsələn,
rəhbər işçilər istehsalat prosesini elə təşkil etməlidir ki, əməliyyatların yerinə yetirilməsinin fasiləsizliyi və tezliyi
təmin edilsin. Bu fəaliyyət istehsalat prosesinin təşkili deməkdir. İkincisi, təşkilat hər hansı bir obyektin atributu
kimi, onun nizamlanma strukturuna malik olmaq cəhdi kimi başa düşülür. Bu mənada həmin anlayış təşkilatlanmış
və ya təşkilatlanmamış strukturları fərqləndirmək üçün istifadə edilir. Üçüncüsü, sözügedən anlayış bəzən
müəyyən ictimai funksiyanı yerinə yetirən institut xarakterli sosial qrupu ifadə edir.
Qeyd olunan hər üç məna birbiri ilə sıx bağlıdır. Bu, təşkilatın mahiyyətini başa düşməkdə və onun elmi
təyinatını hərtərəfli açmaqda mühüm rol oynayır.
Sosial təşkilatların tədqiqatçılarından olan S. S. Frolov onları məqsədlərin əldə edilməsinə yönələn rasional
sistemlər kimi xarakterizə edir. Onun fıkrincə, təşkilatların müəyyənləşdirilməsində aşağıdakı istiqamətlər
mövcuddur.
1