sessiyası keçirilmişdir. Tədbirdə ilk dəfə olaraq, Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab V.Quliyev
Azərbaycan Prezidenti Heydər Əliyevin Avropa Şurasının üzvü olan
ölkələrin dövlət və hökumət başçılarının ikinci Zirvə görüşündə
nitqi
- Hörmətli cənab Sədr!
- Hörmətli xanımlar və cənablar!
Avropa Şurasının ikinci sammitinin iştirakçılarının səmimi qəlbdən salamlayıram. Çox məmnunam ki, yeni
minilliyin astanasında ən mühüm ümumavropa problemlərinin müzakirəsinə həsr olunmuş bu nüfuzlu
beynəlxalq forumda müstəqil Azərbaycan Respublikası ilk dəfə iştirak edir.
Planetimizdə baş vermiş çox böyük müsbət dəyişikliklər - soyuq müharibəyə son qoyulması, dəmir pərdənin
götürülməsi Avropanı birləşdirmiş, demokratiya yolu seçən yeni müstəqil dövlətlərin Avropa strukturlarına
inteqrasiyasına imkan yaratmışdır.
Avropa Şurası bu proseslərdə mühüm rol oynayır və bütün Avropa qitəsində sülhün və sabitliyin
möhkəmləndirilməsinə, plüralist demokratiya prinsiplərinin və ümumbəşəri dəyərlərin bərqərar olmasına onun
verdiyi töhfəni biz yüksək qiymətləndiririk.
Avropanın ayrılmaz hissəsi olan Azərbaycan özünün bütün tarixi ərzində onunla əlaqələri inkişaf
etdirmişdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra mürəkkəb və gərgin bir yol keçmişdir. Keçid
dövrünün çətinlikləri, daxili siyasi sabitliyin olmaması, qanunsuz silahlı birləşmələrin azğınlığı, dəfələrlə dövlət
çevrilişləri edilməsi, sosial-iqtisadi böhran, qonşu Ermənistanın təcavüzünün dağıdıcı nəticələri özbaşınalıq və
hərc-mərclik, insan hüquqlarının kütləvi şəkildə pozulması şəraiti yaratmış, Azərbaycan dövlətçiliyinin
mövcudluğunu təhlükə qarşısında qoymuşdur.
Biz böyük səylər bahasına ölkədə vəziyyəti qısa müddətdə sabitləşdirə və demokratik, hüquqi, dünyəvi
dövlət və bazar iqtisadiyyatı qurulmasına yönəldilmiş əsaslı siyasi və iqtisadi islahatların həyata keçirilməsinə
başlaya bildik.
Respublika parlamentinə çoxpartiyalılıq əsasında ilk demokratik seçkilər keçirilmişdir, Ümumxalq
referendumu yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunmuşdur və o, insanın
zəruri azadlıqlarına və hüquqlarına təminat verir. Onlarca siyasi partiya, yüzlərlə müstəqil kütləvi informasiya
vasitəsi söz, vicdan azadlığı, milli azlıqların inkişafı üçün əlverişli şərait - bütün bunlar ölkəmizdə demokratik
cəmiyyətin formalaşdığını sübut edir.
İqtisadiyyatın sərbəstləşdirilməsi, inflyasiya proseslərinin minimuma endirilməsi, xarici investisiyaların
geniş cəlb edilməsi, torpaq üzərində xüsusi mülkiyyət də daxil olmaqla özəlləşdirilmə proqramının uğurla
həyata keçirilməsi Azərbaycan iqtisadiyyatında uzun sürən tənəzzülü aradan qaldırmağa imkan vermiş,
istehsalın real artımı və ölkəmizin vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsi başlanmışdır.
Şübhəsiz ki, biz keçid dövrünün obyektiv çətinliklərini hələ də hiss edirik, yetmiş illik totalitar sistemin ağır
irsi də özünü göstərir. Ancaq demokratik islahatların uğurla aparılması, respublikamızın vətəndaşlarının mütləq
əksəriyyətinin bu islahatları qətiyyətlə dəstəkləməsi Azərbaycanda müstəqilliyin və demokratiyanın
dönməzliyindən xəbər verir.
Ermənistan Respublikası tərəfindən edilmiş təcavüzün nəticələri bizim üçün ən böyük problem olaraq qalır.
Bu təcavüz nəticəsində Azərbaycan ərazisinin iyirmi faizi işğal edilmiş, bu torpaqların bir milyondan artıq
sakini öz yaşayış yerlərindən zorla qovulmuşdur və çadır şəhərciklərində dözülməz şəraitdə yaşayırlar,
Biz ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin ədalətlə aradan qaldırılmasına yönəldilmiş səylərini
razılıqla qarşılayırıq. 1996-cı ilin dekabrında ATƏT-in Lissabon Zirvə görüşü bu məsələ barəsində son dərəcə
mühüm qərar qəbul etmişdir. Lissabon prinsipləri Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün
tanınmasından, Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa yüksək özünüidarə statusu verilməsindən və
Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatından ibarətdir.
Biz Avropa Şurası Parlament Assambleyasının 1997-ci il 22 aprel tarixli qətnaməsini yüksək
qiymətləndiririk. Həmin qətnamədə də Azərbaycan dövlətinin ərazi bütövlüyü Ermənistan-Azərbaycan
münaqişəsinin aradan qaldırılmasına dair Lissabon Zirvə görüşünün prinsipləri təsdiq edilmişdir. Bu sənədlər
hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normaları əsasında sülhə nail olmaq üçün yaxşı zəmindir.
1994-cü ilin mayında biz atəşkəs haqqında Ermənistanla saziş bağlamışıq və münaqişənin qəti həllinədək
ona əməl etmək niyyətindəyik.
Biz münaqişənin iki mərhələdə aradan qaldırılmasına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin - Rusiya,
ABŞ və Fransanın bu yaxınlarda verdikləri təklifi: birinci mərhələdə Ermənistan silahlı birləşmələrini
Azərbaycanın işğal olunmuş altı rayonundan çıxarmaq, bu rayonların sakinlərini öz yaşayış yerlərinə qaytarmaq
və müharibə zamanı dağılmış kommunikasiyaları bərpa etmək, ikinci mərhələdə Laçın və Şuşa rayonlarının
azad olunması ilə birlikdə Dağlıq Qarabağın statusu məsələsini həll etmək təklifini dəstəkləyirik.
Mən bu gün bir daha bəyan edirəm ki, biz münaqişənin sülh yolu ilə aradan qaldırılması mövqeyində
qətiyyətlə dururuq, Ermənistanla möhkəm və uzunmüddətli sülh yaratmaq istəyirik. Təcavüz nəticəsində
Azərbaycana böyük zərər vurulmasına baxmayaraq, biz ölkələrimiz arasında mehriban qonşuluq
münasibətlərinin və əməkdaşlığın, xalqlarımızın əmin-amanlığı və tərəqqisinin regionumuzda sülhün və
sabitliyin bərpa olunmasını istəyirik.
Xanımlar və cənablar!
1996-cı ilin iyununda Avropa Şurasının Parlament Assambleyası Azərbaycana "Xüsusi qonaq" statusu
vermişdir. Biz həmçinin Avropa Mədəniyyət Konvensiyasının, təbii və texnoloji fəlakətlərin qarşısının alınması
və bunlardan qorunmağa və yardımın təşkilinə dair açıq parsial sazişin iştirakçısıyıq.
Mən 1996-cı il iyulun 13-də Avropa Şurasının Baş katibinə məktubla müraciət edərək Azərbaycan
Respublikasının Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmasını xahiş etmişəm. Avropa insan hüquqları
konvensiyasına qoşulmağa hazır olduğumuzu bildirərək, mən Avropa Şurasının Nazirlər Komitəsindən bu
məsələ barədə Azərbaycan hökuməti ilə danışıqları sürətləndirməyi xahiş etmişəm.
Biz Avropa Şurasının təsisatları ilə fəal əməkdaşlıq edirik, onların keçirdiyi tədbirlərdə iştirak edirik,
Avropa Şurasının nümayəndə heyətlərinə Azərbaycanda hər cür lazımi şərait yaradırıq.
Ölkəmizdə demokratik dəyişikliklərin inkişafında Avropa Şurasının köməyinə böyük ümid bəsləyirik.
Ümidvarıq ki, Azərbaycan tezliklə Avropa Şurasının tam hüquqlu üzvü olacaqdır. Biz müasir Avropa
demokratiyasının yüksək standartlarına cavab vermək üçün öz tərəfimizdən hər şeyi edəcəyik.
Hörmətli xanımlar və cənablar!
Zirvə görüşümüz coşqun və gərgin iyirminci əsrə yekun vurur, qarşıdakı yüzilliyin vəzifələrini və
perspektivlərini müəyyənləşdirir. Azadlıq, demokratiya və humanizm idealları ətrafında sıx birləşmiş yeni
Avropa, həmişə olduğu kimi bütün bəşəriyyətin tərəqqisində və çiçəklənməsində mühüm rol oynayacaqdır.
Əminəm ki, çox böyük təbii sərvətlərə, zəngin mədəni və intellektual potensiala malik olan Azərbaycan
Respublikası bu nəcib prosesə öz layiqli töhfəsini verəcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm.