QarabağnaməLƏr miRZƏ RƏHİm fəNA


SON SOZ    QARABAĞ VƏ "QARABAĞNAMƏ"LƏR



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə12/16
tarix31.01.2017
ölçüsü1,81 Mb.
#7113
1   ...   8   9   10   11   12   13   14   15   16

SON SOZ 
 
QARABAĞ VƏ "QARABAĞNAMƏ"LƏR 
 
Qarabağ xanlığının tarixindən bəhs edən "Qarabağnamə"Iərlə  hələ  əllinci 
illərdən tanış idim. Klassik ədəbiyyatımızı  tədqiq edərkən tez-tez Mirzə 
Adıgözəl bəy, Mirzə Camal Cavanşir Qarabaği, Rzaqulu bəy Mirzə Camal 
oğlu, Əhməd bəy Cavanşir, Mir Mehdi Xəzani, Həsənəli xan Qaradaği, Baharlı, 
Mirzə Yusif Qarabağinin adlarına rast gəlirdim. Bu müəlliflər öz dövrlərinin 
tanınmış şəxsiyyətləri olmuş, ədəbi həyatda da yaxından iştirak etmişlər. 
Hələ XIX əsrdə  həm mətbuatda, həm də "Qafqaz Arxeoqrafiya Komissi-
yasının topladığı  sənədlər aktları"nda (AKAK) Qarabağ tarixinə dair saysız-
hesabsız materiallar toplanmışdı. Lakin bu vaxta qədər tarixçilərimiz həmin 
problemi tam şəkildə  işıqlandırmamışlar. Elə bu səbəbdən, Dağlıq Qarabağ 
Muxtar Vilayətində  məlum hadisələr zamanı erməni müəlliflərinin nəşr 
etdirdikləri bir sıra kitab və  məqalələr həm Azərbaycanda, həm də 
Ermənistanda sözün həqiqi mənasında çaşqınlıq yaratdı. Halbuki, Qarabağ 
tarixinə dair elmi əsərlər vaxtında yazılsaydı, indi bu torpağa göz dikənlərin 
yanlış yol tutduqları aşkar olardı. Nə Azərbaycan Sovet Sosialist Respublikası 
yaranarkən, nə də son minillik tarixi ərzində xalqımız heç kimin ərazisini zəbt 
etməmişdir.  Əksinə, Rusiya ilə  İran arasında bağlanan Gülüstan sülh 
müqaviləsi nəticəsində Azərbaycan  ərazisi iki yerə parçalanmış, Cənubi və 
Şimali Azərbaycan məfhumları yaranmışdır.  Şimali Azərbaycanın - 
Azərbaycan SSR-nin coğrafi və tarixi ərazisi də indiki kimi qolu-qanadı 
kəsilmiş  vəziyyətdə deyildi. Azərbaycanın  şimal hüdudları tarixən Dərbənd 
qalasını, şimal-qərbdə Tiflisi, qərbdə Göyçə gölünü, cənub-qərbdə Naxçıvan da 
daxil olmaqla Zəngəzur mahalını özündə birləşdirirdi... 
Bir xalqın başqa xalqdan torpaq iddiasını heç bir təbliğat, hay-küy, qərarla 
həyata keçirmək olmaz. Tarixdən də  məlumdurki, Fətəli xan Əfşar, 
Məhəmmədhəsən xan Qacar, Ağa Məhəmməd şah Qacar, Fətəli şah Qacar və 
onun oğlu Abbas Mirzə Qacar və başqaları Qarabağ torpağında on minlərlə 
insan cəsədi qoyaraq geri çəkilməyə  məcbur olmuşlar. Görünür, tarixi 
həqiqətlər çoxlarına dərs olmamışdır... 
Dağlıq Qarabağ hadisələri ərəfəsində və ondan sonra erməni tarixçiləri bir 
sıra kitablar nəşr etmişlər. O cümlədən, "История Агван", "Албания-Алуанк 
в греколатинских и древноармянских источниках", "Армянский геноцид", 
"Турки перед историей", "Нагорный Карабах" və s. 
Bu  əsərlərdə Alban dövləti qeyd-şərtsiz Ermənistanın tərkib hissəsi kimi 
alınır. Ermənistanın tarixi coğrafiyası Qara dəniz, Aralıq dənizi və Xəzərin 
  
 
174

qərb tərəfini  əhatə edən geniş  ərazi kimi oxucuya təqdim olunur. Əlbəttə, hər 
iki mülahizə yanlışdır. 
Bu yaxınlarda Yerevanda, rus dilində çap olunmuş " Армяния  в  пеpвой 
половине XVIII вeкa" xəritəsində  qəribə bir mənzərə ilə qarşılaşdıq. 
Azərbaycanın təxminən bütün ərazisi, Kiçik Asiyanın üzdə bir hissəsi və cənubi 
Gürcüstan bu xəritəyə daxil edilmişdir. Xəzər sahili Azərbaycan  şəhərlərinə 
qəribə adlar verilmişdir. Min ildən bəri elmi mənbələrdə Bakı (Badkubə) kimi 
xatırlanan, tanınan Bakı  şəhəri Bakunakert adlandılmışdır. Rus alimlərinin 
XVIII  əsrin sonu və XIX əsrin  əvvəllərində topladıqları  və çap etdirdikləri 
statistik materiallarda göstərilir ki, Dərbənd, Salyan, Kənkəran kimi şəhərlərdə 
o zamanlar erməni əhalisi yaşamamışdır. 
Adi çəkilən xəritə "daşnaksutyun"un çoxdan bəri iflasa uğramış "dənizdən-
dənizə böyük Ermənistan" "ideyasının" ifadəsindən başqa bir şey deyildir. Bu 
tarixi saxtakarlığın tarixşünaslıq elmi ilə heç bir əlaqəsi yoxdur. Əksinə, 
xalqlararası münasibətlərə ciddi zərbə vurur. Nədənsə, həmişə Ermənistanda 
qonşu xalqlara qarşı torpaq iddiası baş qaldıranda tarixi həqiqətlərə göz 
yumulur.  Əlüstü qədim Albaniya problemi ortaya atılır. Halbuki, Alban 
dövlətinin süqutundan sonra da Zaqafqaziya xalqlarının gün kimi aydın tarixi, 
həmçinin xəritələri vardır. 
Təxminən 75 il mövcud olmuş Qarabağ xanlığının tarixindən (1747-1822) 
söz düşəndə bu ərazini köçəri türk tayfalarının zəbt etməsi ideyası irəli sürülür. 
Bəs xanlıqdan əvvəl Səfəvilər dövründə təxminən iki əsr yarım mərkəzi Gəncə 
şəhəri olan Qarabağ bəylərbəyliyi? 
Məgər iki yüz ildən artıq monqolların, teymurilərin işğalı altında olan 
Qarabağda ermənilər yaşayırdı? Kürəkçay (1805), Gülüstan (1813), 
Türkmənçay (1828) müqavilələrilə Rusiya tərkibinə daxil edilmiş Qarabağ, 
sonrakı dövrlərdə  də  Gəncə (Yelizavetpol) quberniyasının mühüm hissəsi idi. 
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə  də  mərkəzi  Şuşa  şəheri olan 
Qarabağ vilayəti hazırki Dağlıq Qarabağı, aran Qarabağını  və 1920-ci ildən 
sonra  ədalətsiz olaraq Ermənistana "töhfə" edilmiş  Zəngəzur mahalını  əhatə 
edirdi. Görünür, 1923-cü ildə Qarabağın dağlıq hissəsinə muxtariyyət verilməsi 
Lenin milli siyasətinin ifadəsi kimi yox, bəziləri tərəfindən Ermənistana 
məxsusluğu kimi mənalandırılır... 
Erməni tarixçilərinin son dövrdə çap etdirdikləri kitablarda, saysız-hesabsız 
məqalələrdə Türkiyə Cümhuriyyəti az qala erməni xalqının bütün faciələrinin 
əsas müqəssiri hesab edilir. Əsil həqiqət isə belədir: Eramızın IV əsrinin 
sonlarında Ermənistan dövləti ləğv olunub Qərbi və  Şərqi Ermənistana 
bölündü. Bu aktı həyata keçirən Bizans və İran dövlətləri idi. 
Türklərin Kiçik Asiyaya gəlişi isə erməni dövlətinin parçalanıb 
suverenliyini itirməsindən təxminən 7 əsr sonra, XI əsrdə başlamışdır... 
  
 
  
 
175

 
1. "QARABAĞNAMƏ" MÜƏLLİFLƏRİ 
 
XVIII  əsrin ikinci yarısında Azərbaycanda 20-yə yaxın xırda feodal 
dövlətləri - xanlıqlar yaranması tariximizin maraqlı bir mərhələsi idi. Bu 
xanlıqlar arasında Qarabağ xanlığı heç bir digər dövlətə, xüsusilə  İran və 
Türkiyəyə tabe deyildi, öz suverenliyi uğrunda xarici müdaxiləçilərə qarşı 
uğurla mübarizə aparırdı. 
Elə bu səbəbdən XIX əsr Azərbaycan tarixşünaslığında Qarabağ xanlığının 
tarixini işıqlandırmağa meyil güclü idi. Müqayisə üçün deyək ki, Quba, Şəki, 
Gəncə xanlıqlarının hər birinin tarixindən cəmi bir əsər yazıldığı halda, 
Qarabağ xanlığından yeddi kitab yazılmış, saysız-hesabsız məqalələr, sənədlər 
çap edilmişdir. Rus jurnalisti və hərbi xadimi Platon Zubov "Qarabağ astroloqu 
və  Şuşa qalasının 1752-ci ildə  əsasının qoyulması" adlı kitabını 1843-cü ildə 
Moskvada çap etdirmişdir. 
XIX əsrin 40-cı illərində Mirzə Adıgözəl bəyin Azərbaycan dilində 
"Qarabağnamə" (1845), Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi" 
(1847)  əsərləri yazıldı. Həmin  əsrin 60-70-ci illərində Mir Mehdi Xəzaninin 
"Qarabağ tarixi", Mirzə Yusif Qarabağinin "Tarixi-Safi", Rzaqulu bəy Mirzə 
Camal oğlunun "Qarabağnamə"  əsərləri meydana çıxdı. 1884-cü ildə  Əhməd 
bəy Cavanşirin "Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə 
dair" əsəri "Kavkaz" qəzetində hissə-hissə çap olundu. Özü də bu əsərlərin bir 
neçəsinin variantları da mövcuddur. Bu variantlar: Məşhur Azərbaycan şairi və 
xəttatı Mirzə  Şəfi Vazehin üzünü köçürdüyü Mirzə Adıgözəl bəyin 
"Qarabağnamə"sindən, şərqşünas Adolf Berjenin ruscaya tərcümə etdiyi Mirzə 
Camalın "Qarabağ tarixi"ndən, Həsənəli xan Qaradağinin Mir Mehdi Xəzaninin 
yazdığı "Qarabağ tarixi"nə əlavələrdən ibarətdir. 
Qarabağ xanlığının tarixinə dair rus, İran, Türkiyə tarixçilərinin əsərlərində 
də çoxlu faktik materiallar, fikir və mülahizələr toplanmışdır. 
"Qafqaz Arxeoqrafiya Komissiyasının topladığı  sənədlər aktları"nda 
Qarabağ xanlığı tarixi ilə əlaqədar dəyərli sənədlər çap edilmişdir. XIX əsrin II 
yarısından rus dilində çap olunan "Qafqaz əyalətləri və tayfalarını təsvir etmək 
üçün materiallar məcmuəsi"ndə (SMOMPK) Qarabağla bağlı onlarca oçerk, 
bədii və etnoqrafik əsərlərlə qarşılaşdıq. 
Mirzə Adıgözəl bəy (təxminən 1780-1848) "Qarabağnamə" əsərini 1845-ci 
ildə yazmışdır. O, varlı ailədən olub böyük mülk sahibi idi. Ailəvi məqbərələri 
hal-hazırda Qasım  İsmayılov (indiki Goranboy) rayonunda vaxtilə sahibi 
olduğu Rəhimli kəndindədir. 
Mirzə Adıgözəl bəy öz tərcümeyi-halı barədə "Qarabağnamə"də xüsusi 
bəhsdə söz açır. 
Mirzə Adıgözəl bəy bu əsəri şifahi söyləmiş, qarabağlı şair Mirzə Hüseyn 
Salari onu qələmə almışdır. 
  
 
176

Əsər yazıldıqdan bir neçə il sonra qədim erməni dilinə (qrabar) tərcümə 
edilmişdir. 
Keçən  əsrdə Tiflis şəhər ümumi kitabxanasında Mirzə Adıgözəl bəyin 
"Qarabağnamə"si saxlanılırdı. Bu, Adolf Berje tərəfindən həmin kitabxananın 
təsvir olunmuş kataloqunda da öz əksini tapmışdır. 
Mirzə Adıgözəl bəyin yazdığı tərcümeyi-haldan aydın olur ki, o, məktəbdə 
oxuyarkən, 1795-ci ildə Ağa Məhəmməd xanın Şuşaya hücumunu görmüşdür. 
Beləliklə, Mirzə Adıgözəl bəy 1795-ci ildən sonra Qarabağda baş vermiş 
hadisələrin ya şahidi, ya da iştirakçısı idi. 12 fəsildən ibarət olan 
"Qarabağnamə" 1736-1828-ci illərin hadisələrini  əks etdirir. Mirzə Adıgözəl 
bəy Tiflisdə nazir Kovalenskinin yanında qulluq etmişdir. Sonralar o, general-
mayor Lisaneviçin yanında tərcüməçi işləmişdir. Bu zaman ona podporuçik 
rütbəsi verilmişdir. 1816-cı ildən Mirzə Adıgözəl bəy general Yermolovun 
icazəsi ilə Qarabağ hakimi Mehdiqulu xanın yanında işə başlayır. Mirzə 
Adıgözəl bəy birinci (1805-1813) və ikinci (1826-1827) Rusiya-İran 
müharibələrində iştirak etmişdir. Türkmənçay müqaviləsindən sonra (1828) o, 
kapitan rütbəsinə layiq görülmüşdür. Qarabağ xanlığının ləğvi ilə  əlaqədar 
olaraq Mirzə Adıgözəl bəy əyalət məhkəməsində işləyir. O, məşhur şair Qasım 
bəy Zakirin uşaqlıq və  gənclik dostu idi. Gəncədə  bərbad vəziyyətdə olan 
Nizami Gəncəvi məqbərəsini öz hesabına bərpa edib abadlaşdırmışdı. 
Mirzə Adıgözəl bəy 9 sentyabr 1848-ci ildə  vəfat etmiş  və  Rəhimli 
kəndində dəfn olunmuşdur. Onun özünəməxsus mülkü əvvəllər Ağbulaq kəndi 
idi, sonralar Varvarah və Qaraoğlanlı kəndlərinə də sahib oldu. Bu kəndlərdən 
59 ailə Mirzə Adıgözəl bəyə vergi verirdi. Həmin kəndlərdə 37 rəncbər ailəsi 
yaşayırdı
1

İlk "Qarabağnamə"lər Zaqafqaziyanı idarə edən nüfuzlu şəxslərin sifarişi ilə 
yazılırdı. Mirzə Adıgözəl bəy "Qarabağnamə"ni kimin sifarişi ilə yazdığını belə 
izah edir: 
"...Qarabağ mahalında Rusiya hakimiyyəti bərpa olandan bir qədər sonra 
buraya təyin olunan hakimlərdən biri də... general Kolyubakinin oğlu cənab 
podpolkovnik Mixail Petroviç idi. Onun keçmiş hadisələri bilməyə  həmişə 
həvəsi vardı. Podpolkovnik xüsusilə Qarabağ xanlarının və (Şuşa) şəhərini bina 
edən şəxsin əhvalatını öyrənmək istəyirdi. Buna görə, məndən - kapitan Mirzə 
Adıgözəl bəydən xahiş etdi ki, bu əhvalatı qısa və müxtəsər bir surətdə bəyan 
edim. Çünki, mən bizdən  əvvəl keçmiş Gürcüstan sərdar və  əmirlərinin 
hüzurunda xidmət etmişdim, bir-birindən fərqli olan dilləri və müxtəlif 
ləhcələri bilirdim. Mən bu əhvalatın bir hissəsini erməni, bir qismini də gürcü 
və müsəlmanların yaşlı adamlarından soruşub öyrənmiş  və çoxlu məlumat 
yığmışdım. Buna görə, o böyük cənabın əmrinə itaət edərək, işə başladım"
2

 
                                                           
1 Bax: Mogilevski və A.P.Yermolov. Qarabağ vilayətinin statistik təsviri, AKAK, VII cild, səh.152-153, 203. 
2 Bax: Mirzə Adıgözəl bəy. Qarabağnamə, bu nəşrin I kitabı, səh.34
 
177

Mirzə Adıgözəl bəyin "Qarabağnamə"si 1848-ci ildə, Tifhsdə böyük 
Azərbaycan  şairi Mirzə  Şəfi Vazeh tərəfindən nəstəliq-şikəstə  xətti ilə  nəfis 
şəkildə köçürülmüşdür. Vaxtilə Mirzə  Şəfinin həmin  əlyazması Peterburqdakı 
məşhur "Asiya muzeyi"ndə olmuşdur.  Əsər üzərində  ştamp və inventar qeydi 
də bunu aydın  şəkildə göstərir. Hazırda isə  həmin  əlyazma SSRİ Elmlər 
Akademiyasının Leninqrad şəhərindəki 
Şərqşünaslıq 
İnstitutunun 
kitabxanasında saxlanılır. Bu barədə  Ə.Ə.Səidzadənin "Mirzə  Şəfi və ya 
Bodenştedf?" (Bakı, 1940) və Mikayıl Rəfilinin "Mirzə  Şəfi dünya 
ədəbiyyatında" (Bakı, 1958) əsərlərində də məlumat verilmişdir. 
Mirzə Adıgözəl bəyin "Qarabağnamə" əsərinin Mirzə Şəfi Vazeh tərəfindən 
köçürülmüş  əlyazma nüsxəsini biz yeni əlifbaya köçürmüş, onu tədqiq edib 
aşağıdakı nəticəyə gəlmişik: 
1. Mirzə  Şəfi Vazeh, Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sinin üzünü 
1848-ci ildə "Asiya muzeyi"nin sifarişi üzrə köçürmüşdür. 
2. Mirzə Adıgözəl bəy "Qarabağnamə" əsərini öz dəsti-xətti ilə deyil, nəql 
əsasında qarabağlı  şair Salari tərəfindən qələmə aldırmışdı. Bu səbəbdən, 
əsərdə səcli cümlələr, yersiz təşbeh və mübaliğələr çoxdur. Mirzə  Şəfi Vazeh 
əsərin üzünü köçürərkən orijinalın məzmununa xələl gətirmədən cümlələri adi 
qaydada elmi üsluba uyğunlaşdırmışdır. 
3. Gələcəkdə Mirzə Adıgözəl bəyin "Qarabağnamə"si çap edilərkən Mirzə 
Şəfinin əlyazma variantı, onun düzəlişləri nəzərə alınmalıdır. 
Mirzə Camal Cavanşir "Qarabağ tarixi" əsərini fars dilində, 1847-ci ildə 
bitirmişdir. Həmin əsərin dəyəri ilk növbədə müəllifin hadisələrin bir çoxunun 
iştirakçısı, canlı şahidi olmasındadırsa, digər tərəfdən bu hadisələri Qarabağda 
yaşayan hərbi və siyasi xadimlərdən eşidib qələmə almasıdır. Mirzə Camalın 
tərcümeyi-halı haqqında tarix elmləri namizədi Ə.Hüseynzadə yazırdı: 
"Qarabağ xanlığının tarixinə dair" ikinci əsərin müəllifi Mirzə Camal 
Cavanşir (1773-1853) İbrahim xanın vəziri olmuş, xanlığın daxili və xarici 
işlərində yaxından iştirak etmişdir. Qarabağ xanlığı Rusiya himayəsinə 
keçdikdən sonra da Mirzə Camal Mehdiqulu xanın yanında həmin vəzifədə 
qalmışdır. 
Qarabağ xanlığı  ləğv edildikdən sonra o, məhkəməyə  təyin edilmiş  və 
burada 18 ilə yaxın çalışdıqdan sonra, 1840-cı ildə qocalığı ilə əlaqədar olaraq 
istefaya çıxmışdır
1

1855-ci ildə "Kavkaz" qəzetində Mirzə Camalın "Qarabağ tarixi" əsərinin 
tərcüməsini çap edən Adolf Berje eyni zamanda Mirzə Camalın qısa tərcümeyi-
halını (bu tərcümeyi-halındakı faktları ona Rzaqulu bəy Mirzə Camal oğlu 
vermişdir) əsərə əlavə etmişdir. 
                                                           
1 Bax: Ə.Hüseynzadə. XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı, Bakı, 1967, səh.31.
 
178

Adolf Berje yazır: "Mirzə Camal fars, ərəb və osmanlı dillərindən başqa 
avar və ləzgi dillərini də bilirdi. Tarix, coğrafiya və astronomiya haqqında yaxşı 
məlumatı vardı, tibb elmini də öyrənmişdi, istefaya çıxdıqdan sonra ömrünün 
sonuna qədər xəstələri pulsuz müalicə edirdi. Onun üçün də xalq arasında 
hörməti vardı"
1

Mirzə Camal 1853-cü ildə 80 yaşında ikən vəfat etmişdir. 
Onun qələmə aldığı "Qarabağ tarixi" Pənahəli xan və  İbrahimxəlil xanın 
xarici istilaya qarşı ədalətli müharibəsinin təsvirinə həsr olunub. 
Mirzə Camal Məhəmmədxanbəy oğlu 1773-cü ildə Qarabağın Xocalı 
kəndində anadan olmuşdur. Onun atası Məhəmmədxan boy İbrahim xanın dərin 
hörmətini qazanmışdı.  İbrahim xan onu Şuşa  şəhər qalabəyisi təyin etmişdi. 
Mirzə Camal Şuşada  ərəb, fars dillərində  təhsil almışdır. Gəncədəki  İbrahim 
xanın dəftərxanasında yazı  işlərini aparırdı. Az sonra Mirzə Camal İbrahim 
xanın arvadı Car-Balakən hakimi Ümmə xanın bacısı Bikə xanımın yanında 
katib (mirzə) işləyir.  İbrahim xan, Qacarın öldürülməsindən sonra Şuşaya 
qayıtmış, Mirzə Camalın və atasının xidmətini nəzərə alaraq onu M.P.Vaqifin 
yerinə  vəzir təyin etmişdir. 1805-ci ilin mayında  İbrahim xanla general 
Sisianov arasında Kürəkçay sazişi bağlanarkən Mirzə Camal da orada 
olmuşdur. "Kavkaz" qəzetinin Qarabağ tarixinə aid çap etdiyi çoxlu materiallar 
içərisində  ən maraqlısı,  şübhəsiz, Mirzə Camal Cavanşirin "Qarabağ tarixi" 
əsəridir
2
. Həmin  əsər yuxarıda qeyd etdiyimiz kimi rus dilinə görkəmli 
şərqşünas, Qafqaz Arxeoqrafiya Komissiyasının sədri Adolf Berje tərəfindən 
tərcümə olunmuşdur. Əsər rəğbətlə qarşılanmış və heç bir tarixdə, o, cümlədən, 
erməni tarixçilərində  də etiraz doğurmamışdır. Çünki Mirzə Camal Cavanşir 
tarixi həqiqəti qələmə alırdı. Müəllif bu əsəri Qafqaz canişini Voronsovun 
təklifi ilə yazdığını müqəddimədə də qeyd edir. 
Keçən  əsrin  əllinci illərində Mirzə Camalın oğlu Rzaqulu bəy də 
"Qarabağnamə" yazıb atasının yolunu davam etdirir. 
Əsərin adı əlyazmasında belədir: "Rzaqulu Mirzə Camal bəy oğlu. "Pənah 
xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri". 
Əhməd bəy Cavanşirin Qarabağ xanlığının tarixinə dair 1883-cü ildə 
yazdığı "Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair" adlı 
məşhur əsəri də "Kavkaz" qəzetində çap olunub
3

Əhməd bəy Cavanşir özü də Qarabağ xanları nəslinə mənsub idi. 
1843-cü ildə sabiq Qarabağ xanı Mehdiqulu xanın təklifi ilə çar I Nikolay 
Əhməd bəyi Peterburqa dəvət edir və o, dövlət hesabına, dvoryanlara məxsus 
Pavlov kadet korpusuna qəbul edilir. 1848-ci ildən 1854-cü ilə  qədər  Əhməd 
bəy hərbi xidmətdə çalışır. 
                                                           
1 Bax: "Kavkaz" qəzeti, 1855, №61. 
2 Yenə orada, № 61-69. 
3 Ахмед бек Джаваншир.  О  политическом  существовании  Карабахскоства в 1747-1805 гг.; "Кавказ" яегей, 
1884, №139, 150, 154, 161, 167. 
 
179

1853-cü ildə Krım müharibəsi başlananda  Əhməd bəy döyüşən ordu 
sıralarına göndərilir. Onun mənsub olduğu Qusar polku Sevastopol uğrunda 
vuruşurdu. Yeri gəlmişkən xatırladaq ki, Krım müharibəsində, xüsusilə, Qafqaz 
cəbhəsində iki mindən artıq azərbaycanlı döyüşlərdə  iştirak etmişdir. O 
cümlədən Qasım bəy Zakirin oğlu Nəcəfqulu bəy, qardaşı oğlu İskəndər bəy bu 
döyüşlərdə şücaət göstərmişlər. 
Əhməd bəy 1854-cü ildə istefaya çıxıb, doğma kəndi Kəhrizliyə qayıdır. 
Keçən  əsrin 60-cı illərində o, susuz Mil səhrasında kənd təsərrüfatını 
canlandırmaq məqsədilə Arazdan su arxı  çəkdirməyə  səy göstərir. Arazdan 
alınan su qədim Gavur arxı ilə birləşdirilir. 
70-ci illərdə o, Şuşa bəy komissiyasının tərkibinə daxil edilmişdi. Saxta 
yollarla bəylik adı alanları ifşa etdiyinə görə, düşmənləri ona şər atıb bir 
müddət həbsxanada saxlatmışdılar. 
Əhməd bəyin  əsərləri və  tərcümələri qızı  Həmidə xanımın təşəbbüsü ilə 
1906-cı ildə Tiflisdə, C.Məmmədquluzadənin təşkil etdiyi "Qeyrət" 
mətbəəsində "Asari-Əhməd bəy Cavanşir" adı ilə çap olunmuşdur. 
Əhməd bəy Cavan
1
şirin "Qarabağnamə"si 1961-ci ildə Azərbaycan SSR 
EA terəfindən ras və Azərbaycan dillərində  də çap edilmişdir.  Əsəri tarixçi 
Ə.Şükürzadə Azərbaycan dilinə  tərcümə etmiş, kitaba şərhlər yazmış  və 
müəllifin ömür yolu barədə yığcam məlumat vermişdir. 
Mirzə Yusif Nersesov Qarabağinin "Tarixi-Safi" əsəri də "Qarabağnamə"lər 
silsiləsində mühüm yer tutur. Həmin əsər haqqında ilk məlumatı Ə.Ə.Səidzadə 
vermişdir. Son illərə  qədər həmin  əsəri itmiş hesab edirdilər. Lakin axtarış 
nəticəsində məlum oldu ki, əsərin yeganə nüsxəsi Gürcüstan SSR EA yanında 
S.N.Canaşia adına Dövlət muzeyinin əlyazmaları fondunda (inventar 195) 
saxlanılırdı. Fars dilində olan bu əsər Qarabağın  əsasən 1745-1828-ci illər 
arasındakı tarixindən söz açır. 
Müəllifin ziddiyyətli və yanlış mülahizələri həmin  əsərin ayrı-ayrı 
fəsillərində özünü göstərir. Tarixçi Ə.Hüseynzadənin "Mirzə Yusif Qarabağinin 
"Tarixi-Safi"  əsəri haqqında" məqaləsində  əsərin məziyyət və qüsurlan ətraflı 
şərh olunmuşdur
2

Mirzə Yusif Qarabaği (1798-1864) Cənubi Azərbaycanın Əhər mahalından 
olub, minlərlə başqa ermənilər kimi sonradan Qarabağa köçmüşdür. O, 18 il 
İranda yaşamış, farscanı öyrənmiş  Sərdar  Əmirxanın yanında işləmişdir. 
Qarabağa qayıtdıqdan sonra bir müddət Tiflisdə Qriqor Orbelianinin yanında 
tərcüməçilik etmişdir. 
                                                           
1 А.А.Сеид-заде. Мирза Юсиф Нерсесов (Шушински). "Известия" Азерб. ФАН
 
СССР, 1960, №6. 
2 Bax: Ə.Hüseynzadə. Mirze Yusif Qarabağinin "Tarixi-Safı" əsəri haqqında. Azərbaycan SSR EA xəbərləri (ictimai 
elmlər seriyası), 1960, № 6.
 
180

Q.Orbelianinin yanında işləyərkən Dağıstan hərbi  əməliyyatlarında iştirak 
etmişdir. 1856-cı ildə Temirxanşurada "Məcmuəi-divani-Vaqif və müasirin" 
əsərini çap etdirmişdir. 
Mirzə Yusif Qarabaği 1864-cü ildə vəfat etmişdir. O, "Tarixi-Safi" əsərini 
Qriqor Orbelianinin əmri və knyaz D.D.Georqadzenin maddi yardımı ilə 
yazmışdır (1855). 
Mir Mehdi Xəzaninin "Qarabağ tarixi" əsərinin də "Qarabağnamə"lər 
silsiləsində özünəməxsus yeri var. Xəzani Qarabağın sabiq Zəngəzur qəzasının 
Bərgüşad mahalında, Mamırlı  kəndində doğulmuşdur. Atası Mir Haşım 
Qarabağın məşhur seyidlərindən biri idi. Sonralar onlar Qarabağın Tuğ kəndinə 
köçmüşlər. Mir Mehdi Xəzani Tuğ  kəndində  də  vəfat etmişdir. Qəbri də elə 
oradadır. 
Qarabağ  təzkirəçilərindən Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvab", 
Məhəmmədağa Müctəhidzadə "Riyazül-aşiqin" əsərində Xəzaninin mükəmməl 
savada malik olduğunu, Şərq dillərini bildiyini, divan yaratdığını qeyd edirlər. 
Xəzani ilk təhsilini qardaşı Mir Cəfərdən almışdır. Sonra isə  Zəngəzura 
gelmiş, burada molla Zülfüqarın yanında olmuş, ondan çox şey öyrənmişdir. 
Keçən əsrin 30-40-cı illərində Gəncə şəhərində yaşayan Xəzani çoxlu kitab 
mütaliə etmiş, Gəncə  məktəblərində  məktəbdar olmuşdur. Az sonra 
M.M.Xəzani rus dilində yeni tipli məktəb açmışdır. 1859-cu ildən o, Şuşaya 
köçmüşdür. 70-80-ci illərdə M.M.Nəvvabın "Məclisi-fəramuşan"  ədəbi məcli-
sinin yığıncaqlarının fəal iştirakçılarından biri də Xəzani idi. 
M.M.Nəvvabla M.M.Xəzani möhkəm dost idilər. M.M.Nəvvab "Təzkireyi-
Nəvvab" kitabında M.M.Xəzaninin öz dəsti-xətti ilə yazılmış  qısa tərcümeyi-
halını  və  şeirlərindən nümunələri vermiş, öz litoqrafiyasında onun "Şəriətül-
islam" kitabçasını çap etmişdir. Xəzaninin "Qarabağ tarixi" əsərinin bir sıra 
əlyazmaları mövcuddur, bu variantlar haqqında tarixçi Əli Hüseynzadə bir 
məqaləsində geniş söz açır. Məlum olur ki, M.M.Xəzani öz əsərini Mirzə 
Adıgözəl bəyin və Mirzə Camalın "Qarabağnamə"  əsərlərinin təsirilə 
yazmışdır. Təsadüfi deyildir ki, M.M.Xəzani öz əsərinin ilk variantını "Asari-
əl-camal" adlandırmışdır
1
.  Əsərin təkcə adı deyil, məzmunu və  fəsilləri də 
Mirzə Camalın əsərinə bənzəyir. M.M.Xəzaninin əsəri müqəddimə, 24 fəsil və 
bir xatimədən ibarətdir. "Qarabağ tarixi" əsərində təsvir olunan hadisələr Nadir 
şahın vəfatı dövründən Türkmənçay müqaviləsinin bağlanmasına qədərki bir 
dövrü (1747-1828) əhatə edir. 
Tarix elminə çoxdan məlum olan bu əsərin  əldə bir neçə əlyazma nüsxəsi 
olduğundan onun elmi-tədqiqat mətninin çapında həmin nüsxə fərqlərini nəzərə 
almaq zəruridir. 
                                                           
1 Bax: Azərbaycan SSR EA-nın Əlyazmaları İnstitutu, inv. B-2381. 
 
 
181

M.M.Xəzaninin elm aləminə  məlum olan "Qarabağ tarixi"nin son nüsxəsi 
Əlyazmaları  İnstitutunda B-1917 inventarla saxlanır. "Asarül-Camal" adlanan 
həmin nüsxənin həcmi 166 səhifədən ibarətdir. Giriş sözü, müqəddimə  və 
birinci fəsli olmayan həmin nüsxənin üzü 9 noyabr 1905-ci ildə köçürülmüşdür. 
Xəttatın özü tərəfindən verilən qeyddə  də  əsərin üzünün tələsik köçürüldüyü 
göstərilir və oxuculardan üzr istənilir. 
"Qarabağ tarixi" əsərinin  əlyazması  şəklində belə geniş yayılmasına səbəb 
onun sadə Azərbaycan dilində yazılmasıdır. 
M.M.Xəzaninin "Qarabağ tarixi" əsərinin yazılma tarixi dəqiq məlum deyil-
dir. Lakin son nüsxədə cjeyd olunur ki, əsər 1866-cı ildə yazılan bir əlyazma-
sından köçürülmüşdür. Aydın olurki, bu əsər 1866-cı ildən əvvəl mövcud idi. 
Qarabağ tarixini öyrənmək üçün maraqlı  və  əhəmiyyətli mənbələrdən biri 
də Mirzə Yusif Əhərinin "Əhərnamə" kitabıdır. Bu əsərdə Qarabağ tarixinin bir 
sıra mühüm problemləri işıqlandırılır. Həmin  əsərdə  Ağa Məhəmməd  Şah 
Qacar müharibələri dövründə Xəmsə erməni məliklərinin xəyanəti və satqınlığı 
barədə maraqlı faktlar vardır. Şübhəsiz, erməni məliklərinin bu antiazərbaycan 
və antigürcü siyasətinin doğru izahı (onlar Qarabağı ələ keçirmək üçün Qacara 
öz xidmətlərini təklif edirdilər və təbiidir ki, bu zaman Rusiyanın Qafqazdakı 
planlarına ciddi zərbə endirirdilər) erməni alimlərinin belə bir mülahizəsinin 
puçluğunu göstərir ki, guya Qarabağın Rusiya tərkibinə daxil olması, ilk 
növbədə, buradakı erməni məliklərinin fəaliyyəti nəticəsində mümkün 
olmuşdur... 
Qafqazda çıxan ilk rus qəzeti "Тифлисские  ведомости" (1828-1833) 
səhifələrində Qarabağ tarixinə dair bir sıra maraqlı  məqalələr çap olunub... O 
cümlədən, "Qarabağ  əyalətinə tarixi nəzər" (23 sentyabr 1830), "Şahbulaq 
qalası", "Şahbulağın müasir tarixi", "Səyahətdən" (28 avqust 1830) və s. həmin 
məqalələr "3...v" imzası ilə çap olunmuşdur. Şübhəsiz, bunların müəllifi Platon 
Zubovdur. 1749-cu ildə  Pənah xan tərəfindən tikilmiş  Şahbulaq qalası XIX 
əsrin  əvvəllərində  də öz müdafiə  əhəmiyyətini saxlayırdı. "Qarabağnamə" 
müəllifləri də bu faktı təsdiq edirlər. 
P.Zubov az sonar "Карабахский  астролог  или  основания  крепости 
Шуши  в 1752 году  (Москва, 1834)" əsərini yazdı. Həmin  əsərdən bəzi 
parçalar  əvvəlcə  "Тифлисские  ведомости" qəzetində  dərc edildi. P.Zubov 
şübhəsiz ki, Pənah xanın və ümumən Qarabağ xanlığının təşəkkülü və 
formalaşması prosesini öyrənə bilməmişdi. Şuşanın 1752-ci ildə tikilməsi fikri 
də doğru deyil. Çünki Şuşa  şəhəri 1750-ci ildə salınmışdır. Bununla belə 
P.Zubovun "Qarabağ astroloqu və ya Şuşa qalasının 1752-ci ildə bina edilməsi" 
əsərini Şuşa tarixinə dair ilk mənbələrdən biri hesab etmək olar. 
Tiflisdə çıxan "Закафказский вестник" qəzetindəki iki məqalə də Qarabağ 
tarixini öyrənmək üçün xüsusi əhəmiyyət kəsb edir. Bunlardan biri imzasız çap 
olunub, "Qarabağ xanlığının Pənah xandan Mehdiqulu xanadək mövcudiyyəti 
övründəki hadisələrin təsviri" adlanır
1

                                                           
1 "Закавказский вестник", 1845, №13-14.
 
182

Məlumdur ki, Mirzə Adıgözəl bəy, M.P.Kolubyakinin tapşırığı ilə 1845-ci 
ildə məşhur "Qarabağnamə" əsərini yazmışdı. Bu məqalədə də Mirzə Adıgözəl 
bəyin "Qarabağnamə"sinin qısa icmalı verilir. 
"Закавказский  вестник" qəzetindəki ikinci məqalə "Ağa Məhəmməd xan 
Qacarın həyatı, Qacar sülaləsinin yaranması, onun Qafqazda hərbi səfərləri" 
adlanır
1
. Redaksiya qeydindən həmin  əsərin ingilis dilinə  tərcümə olunduğu 
göstərilmişdir. Həmin məqalədə Qacarın 1797-ci il yürüşləri və  Şuşada 
öldürülməsi barədə tarixi həqiqətlə səsləşən faktlar xüsusilə maraq doğurur. 
Əsrimizin 20-ci illərindən başlayaraq Azərbaycan xalqının tarixinə dair 
mənbələrin nəşrinə başlandı. Azərbaycan tədqiq və  tətəbbö cəmiyyəti 
tərəfindən A.Bakıxanovun "Gülüstani-İrəm"  əsəri 1926-cı ildə rus dilində, 
1951-ci ildə Azərbaycan dilində çap edildi, bir qədər sonra əsərin farsca elmi 
tənqidi mətni işıq üzü gördü. Bu əsər XVIII əsr Azərbaycan xanlıqlarının 
tarixini öyrənmək üçün də  əvəzsiz elmi mənbədir. "Qarabağnamə'Tərdə irəli 
sürülən fakt və mülahizələri dəqiqləşdirmək məqsədilə "Gülüstani-İrəm"ə tez-
tez müraciət olunur. 
Şərq və  Qərb tarixçilərinin  əsərlərini, Azərbaycanın maddi mədəniyyəti 
abidələrini diqqətlə öyrənən A.Bakıxanov ilk dəfə xalqımızın tarixini bütöv 
halda işıqlandırmağa səy göstərmişdir. 
Qarabağ tarixinin öyrənilməsində Şeyx İbrahim Qüdsi Gəncəvinin "Gəncə 
tarixi"  əsərinin də mühüm əhəmiyyəti var. F.Köçərli qeyd edir ki, "Gəncə 
tarixi" əlyazma şəklində əldən-ələ gəzirdi. Təəssüf ki, həmin əlyazma indiyədək 
əldə edilməmişdir. "Kavkaz" qəzetinin 1846-cı il 37-ci nömrəsində Lazerev 
imzası ilə "Gəncə" adlı geniş bir məqalə çap olunmuşdur. Redaksiya qeydində 
deyilir: "Həmin məlumat Gəncə sakinləri arasında tatar (Azərbaycan - N.A.) 
dilində əldən-ələ gəzən əlyazmasından alınmışdır". 
"Gəncə tarixi"ndən bəhs edən "Gəncə" məqaləsi  şəhərin  əsasının 
qoyulmasından 1804-cü ilə qədər - Sisianov tərəfindən zəbt olunmasına qədərki 
uzun bir dövrü əhatə edir. 
1926-cı ildə "Azərbaycanı  tədqiq və  tətəbbö cəmiyyəti" tərəfindən "Şəki 
xanlarının ixtisar üzrə tarixi" əsəri çap olundu. Onun müəllifi Əbdüllətif Əfəndi 
idi. Sonrakı illərdə S.Mümtazm axtanşları göstərdi ki, "Şəki xanlarının 
ixtisarüzrə tarixi" əsərinin müəllifi Əbdüllətif Əfəndi deyil, Səlim xanın nəvəsi, 
Fateh təxəllüsü olan Kərim Ağadır. 1829-cu ildə qələmə alınmış bu əsərin şəkli 
Fətəli xanın oğlu Kərim ağa Fateh tərəfindən yazıldığı  Ə.Hüseynzadə 
tərəfindən də  təsdiq olunmuşdur
2
. Həmin  əsərin Qarabağ tarixi ilə bağlı  bəzi 
sətirləri xüsusilə diqqəti cəlb edir. 1795-ci ildə  Ağa Məhəmməd xanın 
Qarabağa hücumu zamanı  Şəki xanı  Səlim xan Qacarın yürüşünün qarşısını 
almaqda  İbrahim xana yaxından kömək etmişdir. 1805-ci ildə  də  Səlim xan 
İbrahim 
                                                           
1 Вах: "Закавказский вестник", 1845, 14-18 
2 Bax: Ə.Hüseynzadə. XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı, Bakı, 1967, səh.29. 
 
 
183

 
xanın təklifinə razı olub Kürəkçayda  Şəki xanlığının Rusiya tərkibinə daxil 
olması haqda müqaviləni imzalamışdı. 
"Şəki xanlarının ixtisar üzrə tarixi" əsəri də  təsdiq edir ki, 1806-cı ildə 
İbrahim xan öz ailəsi ilə birlikdə  Şuşa qalası yaxınlığında qala komendantı 
Lisaneviç tərəfindən öldürülmüşdür. Öldürülənlər arasında Səlim xanın bacısı 
da var idi. Bu qətldən sarsılan Səlim xan öz yanında olan bir neçə rus soldatını 
öldürdü. General Nebolsin isə  Səlim xana qarşı qoşun göndərdi. Səlim xan 
İrana keçməyə məcbur oldu... 
İskəndər bəy Hacınskinin "Qubalı  Fətəli xan" əsəri də XIX əsr 
tarixşünaslığının maraqlı nümunələrindəndir.  Əsər ilk dəfə 1847-ci ildə, 
Tiflisdə "Kavkaz" qəzetinin 48-49-cu nömrələrində  dərc olunmuşdur. 
İ.Hacınski Qafqaz canişinliyində mütərcim vəzifəsində  işləyirdi, Fətəli xanın 
hərbi-siyasi fəaliyyətini işıqlandıran həmin əsərdə Qarabağ xanlığından da söz 
açılır.  Əsərdə göstərilir ki, Fətəli xan İbrahim xanın qardaşı Mehrəli bəyi 
himayə etdiyi üçün onların bir-birilə arası yox idi. Həm də Fətəli xan Qarabağı 
almaq istəyirdi.  Əsərdə oxuyuruq: "Qarabağlı  İbrahim xan Quba xanı ilə 
mübarizə etmək üçün Şirvan hakimlərinə tez-tez kömək etdiyindən Fətəli xan 
güclü qoşun toplayıb, 1784-cü ildə Qarabağa hərəkət edir. Lakin Şuşa qalasına 
hücum etmək iqtidarında olmayıb Ağdamı  və Qarabağ xanlığının başqa aşağı 
mahallarını talan etdi"
1
.  Əsərboyu Qarabağ xanlığı  və onun mərkəzi  Şuşanın 
hərbi-siyasi qüdrəti nəzərə çapdırılır. Lakin müəllif Mehralı  bəyi səhvən 
İbrahim xanın qardaşı oğlu kimi təqdim edir. 
XIX  əsrin  əvvəllərində Rusiya - İran müharibələri haqqında daha dolğun 
təsəvvür verən mənbələrdən biri də Nasir Nəcminin "Abbas Mirzə, yaxud 
Qacar sülaləsinin  ən qəhrəman,  ən vətənpərvər oğlu və  İran-Çar Rusiyası 
müharibələri" əsəridir
2

Həmin  əsərdə Türkmənçay müqaviləsi ilə  nəticələnən sonuncu rus - İran 
müharibəsinin (1826-1827) təsviri verilir. 
Qarabağ tarixini yazmaq üçün bir sıra Azərbaycan ziyalılan da XIX əsrdə 
və XX əsrin  əvvəllərində  təşəbbüs göstərmişlər. O cümlədən Baharlının 
"Əhvalati-Qarabağ", Həsənli Xan Qaradağinin "Qarabağ tarixi", Həsən İxfanın 
"Şura tarixi", Mirzə  Rəhim Fənanın "Qarabağ tarixinə aid materialları", 
müəllim Mirzə Xosrov Axundovun "Qarabağ tarixinə dair qeydləri" məlumdur. 
Adı  çəkilən  əsərlər yarımçıq və  səthi olsalar da, onları çap etmək müəyyən 
maraq doğura bilər, həm də azərbaycanlı müəlliflərin Qarabağ xanlığı tarixini 
öyrənməyə sonsuz marağını nümayiş etdirir. 
"Qarabağnamə"lərdə Qafqaz canişini olmuş bir sıra görkəmli rus 
generallarının adı çəkilir, onların Qarabağla əlaqələrindən söz açılır. Lakin tez-
tez   
                                                           
1 İskəndərbəy Hacınski. Qubalı Fətəli xan. Bakı, 1959, səh.20.
2 Nasir Necmi. Abbas Mirzə, yaxud Qacar sülaləsinin  ən qəhrəman,  ən vətənpərvər oğlu və  İran-Çar Rusiyası 
müharibələri, Tehran, hicri 1326.
 
184

xronoloji səhvlərə yol verilir. Ümumiyyətlə, XIX əsrin  əvvəlində Qafqaz 
canişinliyi vəzifəsini aşağıdakı  hərbi-siyasi xadimlər icra etmişlər: 
K.F.Knorrinq (1801 -1802), P.D.Sısianov (1802-1806), İ.V.Qudoviç (1806-
1809), A.P.Tormosov (1809-1811), F.O.Pauluççi (1811), N.F.Rtişşev (1812-
1816), A.P.Yermolov (1816-1827), İ.F.Paskeviç (1827-1831), Q.V.Rozen 
(1831-1837), Y.Q.Qolovin (1837-1842), A.İ.Neydqard (1842-1844), 
M.S.Voronsov (1845-1855), N.N.Muravyov (1855-1856), Baryatinski (1856-
1862) və b. 
Qarabağ xanlığının tarixini, xalqın həyat və  məişətini, arzu və istəklərini 
öyrənmək üçün M.P.Vaqif və onun müasirlərinin yaradıcılığı da zəngin 
xəzinədir. Həmin dövrdə yaranmış  şifahi xalq ədəbiyyatı nümunələrini də 
unutmaq olmaz. Nümuno üçün "Külli-Qarabağın abi-həyatı olan" bir neçə 
bayatıya diqqət yetirək. 
Xalq arasında Şuşa qalası alınmaz, bakirə bir qala hesab olunurdu. Lakin elə 
ki, qala üzərinə qara yellər əsdi, xalq öz həyəcanını belə ifadə etdi: 
 
Mən səni yel bilirdim,  
Başımda tel bilirdim.  
Uca dağlar başında  
Qurumaz göl bilirdim. 
 
Arasıkəsilməz xarici istilalar qarabağlıların canını boğazına yığmışdı. 
Qarabağa, onun paytaxtı  Şuşaya növbəti hərbi yürüşlərin birində xalq öz 
kədərini gizlədə bilmir: 
 
Gəldi, haradan gəldi, 
Könlü qaradan gəldi. 
Göydə bulud yox idi, 
Bu sel haradan gəldi. 
 
Bayatı Qarabağda  şifahi xalq yaradıcüığının  ən çox yayılmış janrı idi. 
Tarixin hər bir hadisəsi bayatıda səslənirdi: 
 
Arazı keçən də var,  
Suyunu içən də var.  
Çəkməyin canan adın,  
Ürəyi keçən də var. 
 
"Riyazül-aşiqin" təzkirəsinin müəllifi Məhəmmədaqi Müctəhidzadə (1867-
1958) "Qarabağnamə" mənzum  əserində bu torpağın gözəlliyini və tarixi 
şəxsiyyətlərini tərənnüm etmişdir: 
 
Sınıq körpü, sərhədi-mülki İran,  
Günbatanı Basarkeçər, İrəvan, 
 
185

Qibləsidir Araz çayı, Naxçıvan,  
Gündoğam Arazla Kür qovşağı,  
Cavanşirlər dastanıdır Qarabağ. 
 
Dağ-daşları, meşələri, yaylağı,  
Dərə-təpə mədən suyu, bulağı,  
Əti, yağı, süd, pendiri, qaymağı,  
Turac, kəklik, qırqovulu, ovlağı,  
Haqqın bizə ehsanıdır Qarabağ. 
 
Hücum edib dağ-daşlardan, qayadan  
Qorxmayıban qılınclardan, yaradan.  
Elləri toplayıb ora-buradan,  
Pənah xandır bu ölkəni yaradan,  
Ər fatehlər meydanıdır Qarabağ. 
 
Elmi və  bədii mənbələrdə Qarabağın paytaxtı üç adla qeyd olunub: 
Pənahabad, Qala, Şişə. Qarabağın Rusiya tərkibinə daxil edilməsindən sonra 
rus mənbələrində Şişə sözü rus orfoepiyasına uyğun gəlmədiyindən Şuşa kimi 
tələffüz olundu və indi də belə  işlənir. Mirzə  Həsən Qarabağı (1824-1904) 
Qarabağın və  Şuşanın təsvirinə  həsr olunmuş poemasını "Rəsmi vilayəti-
Qarabağ və "Şəhri Şişə" adlandırmışdır
1

Biz yuxarıda yalnız "Qarabağnamə"lərə  və  bəzi  əlavə  mənbələrə  nəzər 
saldıq. Məlumdur ki, hər hansı bir xalqın, vilayətin,  şəhərin tarixini yazmaq 
üçün yazılı  mənbələr kifayət deyil. Burada maddi mədəniyyət abidələrinin -
şəhərlərin, kəndlərin, müdafiə qalalarının, memarlıq abidələrinin, arxeoloji 
sənədlərin son dərəcə mühüm əhəmiyyəti vardır. Qarabağ xanlığı dövründən 
(1747-1822) külli miqdarda maddi mədəniyyət abidələri qalmışdır. Bu 
abidələrin yaranma tarixi Qarabağ xanlığının bir çox məsələlərini aydınlaşdıra 
bilər. Yeri gəlmişkən qeyd edək ki, bir çox abidələr baxımsızlıq üzündən itib-
batmış, tarixin yaddaşından silinmişdir. Belə abidələrdən biri də Qarabağ 
xanlığının ilk dayaq nöqtəsi və mərkəzi olan Bayat qalası idi (1747-1748). 
Əsgəran qalasına, Ağoğlan qalasına, Xudafərin körpüsünə və bir sıra başqa 
abidələrə etinasız münasibət indi də davam etməkdədir. Şuşanın hələ xanlıqlar 
dövründən mövcud olan 16 məhlə hamamından yalnız biri qalmışdır. 
Qarabağın qədim və orta əsr abidələrinə  gəldikdə isə bunların vəziyyəti lap 
dözülməzdir. Bərdə abidələri tamamilə sıradan çıxmaqdadır. Qədim Beyləqanın 
arxeoloji abidələri itib-batır... Halbuki həmin abidələr Azərbaycan tarixini, o 
cümlədən Qarabağ tarixini öyrənmək üçün misilsiz əhəmiyyətə malikdir. 
                                                           
1  Bax: Mirzə Həsən Qarabaği. Seçilmiş əsərləri, Bakı, 1973, səh.75-94. 
 
 
186

  
Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin