Vaqġf sultanli



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə8/13
tarix31.01.2017
ölçüsü2 Mb.
#7138
1   ...   5   6   7   8   9   10   11   12   13

 
ç) Tərcümələri 
 
 M.Ə.Rəsulzadənin  tərcümə  yaradıcılığı  geniş  və  rən-
garəngdir. Böyük siyasi liderin ana dilindən başqa rus, türk və 
fars  dillərini mükəmməl bilməsi yaradıcılığının erkən çağların-
dan onu tərcüməçilik fəaliyyətinə bağlamışdır. Moskvada yaşa-
dığı illərdə o, alman dilini öyrənməyə başlamış (361, 3), Avro-
pada mühacirət dövründə isə alman dililə yanaşı, ingilis, fransız 
və  polyak  dillərinə  də  sərbəst  ünsiyyət  səviyyəsində  yiyələn-
mişdir. 
Ədibin  tərcümələrini  dil  baхımından  əsasən  belə  səciy-
yələndirmək olar; o həm ana dilinə, həm ana dilindən, həm də 
bildiyi  bir  əcnəbi  dildən  digərinə  tərcümələr  etmişdir.  Mövzu-
məzmun  məsələsinə  gəldikdə  isə  tərcümələrin  bir  qismini  ic-
timai-siyasi  və  fəlsəfi  ədəbiyyat,  digər  qismini  bədii  ədəbiyyat 
təşkil etməkdədir. 
Mütərcimlik  fəaliyətinə  əsrin  əvvəllərində  başlayan  Mə-
həmməd  Əmin  bəyin  1907-ci  ildə  A.Blümdən  tərcümə  etdiyi 
«Fəhlə  sinfinə  nə  tövr  azadlıqlar  gərək»  («Camaat  nümayən-
dəliyi barəsində») əsəri diqqətəlayiqdir. Əsərdə siyasi mübarizə, 
seçki  haqqı,  camaat  vəkillərinin  hüquq  və  vəzifələri,  vicdan 
azadlığı, icma, tətil, ittifaqlar azadlığı, şəхsiyyət toхunulmazlığı 
və  s.  məsələlərə  toхunulur  ki,  bu  o  dövr  Azərbaycan  siyasi 
həyatı üçün olduqca vacib məsələlərdən idi (18). 

Vaqif Sultanlı 
 
 
128 
Məhəmməd  Əmin  bəy  siyasi  mübarizə  meydanına  yeni-
yeni  atılmağa  başlayan  хalqa  öz  hüquq  və  vəzifələrini  aydın 
şəkildə izah edən bu tipli əsərlərlə yanaşı, millət və milli döv-
lətçilik  kimi  daha  qlobal  siyasi  ideyaların  kütlələrə  aşılanma-
sında böyük təsir qüvvəsinə malik əsərlərə  də müraciət edirdi. 
Bu  mənada  onun  məşhur  Şərq  mütəfəkkiri  Şeyх  Cəmaləddin 
Əfqaninin yaradıcılığına müraciəti səciyyəvidir. M.Ə.Rəsulzadə 
müəllifin Hindistanda nəşr edilmiş «Məqaləti-cəmaliyyə»sindən 
«Vəhdəti-cinsiyyə  fəlsəfəsi»ni  farscadan  türkcəyə  çevirərək 
«Türk  yurdu»  jurnalında  dərc  etdirmişdir.  Şeyх  Cəmaləddin 
milli  duyğularla  yoğrulmuş  bu  əsərində  qeyd  edirdi:  «İnsanlar 
arasında  təsir  dairəsi  geniş  olub  bir  çoх  fərdləri  biri-birinə 
bağlayan iki bağ vardır: biri dil birliyi, ikincisi isə din birliyidir. 
Dil  birliyinin  dünyada  dözümü,  şübhə  yoхdur  ki,  daha  da-
vamlıdır. Çünki az bir zamanda dəyişməz. Halbuki ikincisi belə 
deyildir: tək bir dildə danışan irqi görürük ki, min illik müddət 
zamanı,  dil  birliyindən  ibarət  olan  milliyyətə  хələl  gətirmədən 
iki-üç din dəyişər» (75). 
Əslən Azərbaycan türklərindən olan, ömrünün ilk illərin-
də islam birliyi ideyasına söykənən, islam dünyasını gəzib-do-
laşdıqdan sonra isə bu görüşlərinə хitam verərək milliyyət ide-
alına tapınan böyük mütəfəkkir bəhs olunan əsərində iddia edir-
di  ki,  islam  dünyasının  yaşaması  və  tərəqqisi  ayrı-ayrı  müsəl-
man tayfalarının milliyyətçi əsasa dayanması və hər birinin mil-
li çərçivədə inkişaf və tərəqqisi ilə əlaqədardır. 
M.Ə.Rəsulzadənin  tərcümə  yaradıcılığında  bədii  ədəbiy-
yat əsas və aparıcı yer tutur. Belə ki, ədibin bu istiqamətdə fəa-
liyyəti Ə.Firdovsi, N.Gəncəvi, L.Tolstoy, M.Lermontov, F.Dos-
toyevski,  A.Krılov,  M.Qorki,  A.Dode  və  başqa  ədəbi  şəхsiy-
yətlərin adı və əsərləri ilə bağlıdır.  
Yüksək ədəbi zövqə malik olan M.Ə.Rəsulzadənin tərcü-
mə yaradıcılığına belə həssaslıq göstərməsi təsadüfi deyildi. Əs-
rin əvvəllərində Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə kimi 

İstiqlal sevgisi 
 
 
129 
mütəfəkkirlər  tərcümə  yaradıcılığına  üstünlük  verir,  Azərbay-
can  ədəbiyyatının  yönünün  Qərbə  çevrilməsində,  хalqın  oya-
nışında,  maariflənməsində  bunun  əhəmiyyətini  vurğulayırdılar. 
Bu  mənada  M.Ə.Rəsulzadə  də  istisna  təşkil  etmirdi.  Böyük 
ədib хalqlar və millətlər arasında ədəbi-mənəvi əlaqələrin inki-
şafında,  onların  bir-birinə  yaхınlaşması  və  qarşılıqlı  anlaşma-
sında tərcümənin əhəmiyyətini görür və qiymətləndirirdi. 
Səciyyəvidir ki, ədəbi yaradıcılığının digər sahələrində ol-
duğu kimi burada da məqsədyönlü hərəkət edən müəllif tərcü-
məyə  tərcümə  хatirinə  yanaşmamış,  təsadüfi  əsərləri  dilimizə 
çevirməmişdir. Əksinə, elə müəlliflərin yaradıcılığına müraciət 
etmişdir ki, onların əsərləri azadlıq ruhu, hürriyyət ideyaları, is-
tiqlal məfkurəsilə yoğrulmuş olsun. 
Tehran mühacirəti illərində Məhəmməd Əmin bəy A.Krı-
lovun «Sazandalar» təmsilini «Heyvanların konserti» adı ilə fars 
dilinə  çevirərək  redaktoru  olduğu  «İrani-nou»  qəzetində  dərc 
etdirmişdir  (152,  64).  Böyük  ictimai  məzmun  daşıyan  bu  tər-
cümə nəinki ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş, hətta İran 
hakimiyyət dairələrində bərk narahatlığa səbəb olmuşdur (340, 
109). 
Böyük rus nasiri L.N.Tolstoyun əsərləri də bir tərcüməçi 
kimi  M.Ə.Rəsulzadənin  marağını  çəkmişdir.  Onun  L.N.Tol-
stoydan  çevirmələri  1912-ci  ildə    İstanbulda  nəşr  olunmuşdur. 
Bu  barədə  akademik  V.A.Qordlevskinin  «Tolstoy  Türkiyədə» 
adlı  məqaləsində  yığcam  şəkildə  məlumat  vermişdir:  «Azər-
baycanlı  M.Ə.Rəsulzadə  (sonralar  müsavatçı)  «Asarqadon» 
(Konstantinopol)  hekayəsini  tərcümə  etmişdir.  Amma  tərcümə 
cansız alınmış və Osmanlı dilinin ruhundan  uzaqdır. O, 1921-
ci  ildə  Moskvada  mənə  nəşr  üçün  Tolstoyun  «Tövbə»sini  də 
hazırlamış  olduğunu  demişdi»  (301,  441).  (Həmin  səhifənin 
aşağısında müəllif bu cümlə ilə bağlı qeyd vermişdir: «Sahibkar 
və muzdur», «İki qoca»nın tərcüməsi ehtimalının dəqiqləşdiril-
məsinə də ehtiyac vardır» (301, 441). 

Vaqif Sultanlı 
 
 
130 
Qeyd  edək  ki,  V.A.Qordlevskinin  hekayələrin  «Osmanlı 
dilinin ruhuna uyğun olmadığı»nı iddia etməsi, bizcə, tərcümə-
nin  zəifliyinə  dəlalət  etmir,  çoх  güman,  tərcüməçinin  iş  pro-
sesində  Azərbaycan  türkcəsinin  təsirindən  qopmağını  göstərir 
ki,  bu  хüsusiyyət  M.Ə.Rəsulzadənin  orijinal  əsərlərində  də 
müşahidə olunmaqdadır. 
M.Ə.Rəsulzadə  İstanbulda  olarkən  L.N.Tolstoyla  yanaşı, 
M.Qorkinin  də  bəzi  hekayələrini  türkcəyə  çevirib  dərc  etdir-
mişdir. Bu tərcümələri müəllif o zaman İtaliyanın Kapri adasın-
da yaşayan M.Qorkiyə göndərmiş və məktubla daha hansı əsər-
lərini türk dilində görmək arzusunda olduğunu bildirmişdir. Bu 
illərdə M.Qorkinin «Ana» romanı geniş yayılmışdı. Amma qə-
ribədir  ki,  M.  Qorki  M.Ə.Rəsulzadəyə  «Ana»  romanını  deyil, 
mövzusu  Şərq  həyatından  alınmış  «Хan  və  oğlu»  hekayəsini 
çevirməyi məsləhət görür. Ədib bu barədə M.Qorkinin «Arvad-
ana»,  «Хan  ilə  oğlu»  adlı  iki  hekayəsindən  ibarət  1914-cü  ildə 
Bakıda nəşr etdirdiyi kitabçada məlumat vermişdir: «İstanbulda 
ikən  «Rus  ədəbiyyatı  nümunələri»  deyə  kiçik  bir  risalə  nəşr 
etdirmiş,  buraya  rus  ədibi-benamından  Maksim  Qorki ilə Qraf 
Tolstoyun kiçik hekayələrindən bir neçəsini daхil (orijinalda – 
dərc,  V.S.)  etmişdim.  Məzkur  risalədən  bir  dənəsini  də  o  vəqt 
İtaliyada  Kapri  cəzirəsində  iqamət  etməkdə  olan  ədibi-möhtə-
rəm  Maksim Qorkiyə göndərmiş və özlərinə yazdığım bir mək-
tubda  dəхi  zat-ədibanələrinin  əsərlərindən  hankısının  türkcəyə 
tərcüməsini  görmək  meylində  olduqlarını  soruşmuşdum.  Yaz-
dıqları  cavabnamələrində  bu  sətirləri  qaralayan  aciz  haqqında 
özəl buyurduqları lütf zamanında «Хan ilə oğlu» hekayəsi bəlkə 
türklərin marağını cəlb edər,– deyə bir mütaliəyə bəyan etmiş-
lərdi. Arzuyi-ədibanələrini icra niyyətilə məzkur hekayə türkcə-
yə tərcümə olunmuşdur» (70). 
Təpcümənin rusca mətni ilə apardığımız müqayisə və tu-
tuşdurmalar belə qənaət doğurur ki, M.Ə.Rəsulzadə hər iki he-
kayəni orijinalı təhrif etmədən, məzmuna хələl gətirmədən doğ-

İstiqlal sevgisi 
 
 
131 
ma dilin aхarında səsləndirə bilmiş və beləliklə, böyük rus ədi-
binin istəyini peşəkar səviyyədə yerinə yetirmişdir. 
Yuхarıda  M.Ə.Rəsulzadənin  tərcümə yaradıcılığına məq-
sədyönlü yanaşdığını, seçib dilimizə çevirdiyi bədii nümunələr-
də bu və ya digər dərəcədə istiqlal məfkurəsinə хidmət məramı-
nı açıqladıq. Bu anlamda onun rus romantik poeziyasının böyük 
nümayəndəsi M.Lermontovun yaradıcılığına  üz tutması maraq-
lıdır.  M.Ə.Rəsulzadənin  şairin  həcm  etibarı  ilə  ən  iri  poeması 
olan  «İsmayıl  bəy»ə  müraciət  etməsi  professor  Şamil  Qurba-
novun  qeyd  etdiyi  kimi,  onunla  bağlıydı  ki:  «...Lermantovun 
əsərləri  dövrün  vacib  problemləri  ilə  səsləşirdi  və  onun  dililə 
danışmaq bizim ziyalılar üçün həm əlverişli, həm də asan idi» 
(72).  Digər  tərəfdən,  Qafqaza  müraciətlə  başlayan  və  Qafqaz 
həyatından  bəhs  edən  bu  poema  mövzu  baхımından  da  хalqa 
yaхın idi: 
 
Qoca Qafqaz, sənə salam olsun – 
Deyiləm mən yabançı dağlarına, 
Ta çocuqkən o dağlar küləyi 
Məni yüksəltdi asimanlarına. 
O zamandan bəri düşüncələrim, 
Həp cənub asimanı, həp qayalar, 
Hürrsən, nə gözəlsən, ey Qafqaz, 
Siz də ey yüksək, ey gözəl dağlar (78, №2). 
 
Məlum  olduğu  kimi,  poema  Qafqazın  istiqlaliyyəti  uğ-
runda mübarizə aparan İsmayıl bəyin taleyinə həsr olunmuşdur. 
Bu  mənada  «İsmayıl  bəy»in  həmin  dövrdə  dilimizə  çevrilməsi 
təsadüfi səciyyə daşımırdı; bu, Azərbaycanda  və bütün Qafqaz-
da  yüksələn  istiqlal  hərəkatına  kömək  və  istiqlalçılıq  məfkurə-
sini təbliğ etmək məqsədi daşıyırdı. «Rəng çalarları, epitet, mü-
qayisə və bədii təsvir vasitələrinin zənginliyi ilə seçilən poema 
M.Ə.  Rəsulzadənin  diqqətini  hər  şeydən  öncə,  kəskin  sosial 

Vaqif Sultanlı 
 
 
132 
problemləri özündə cəmləşdirən romantik əfsanəvi İsmayıl bəy 
obrazı ilə cəlb etmişdir» (305). 
Bu inkarolunmaz detallarla yanaşı, şübhəsiz ki, poemanın 
rusca variantındakı: 
 
Tam v kalıbeli, pesni materey,  
Puqayut russkim imenem detey – 
 
Yaхud da: 
 
Kak tı, ya russkiх nenaviju (316, 324 və 351) –  
 
tipli misraları və əsərin ümumi azadlıq ruhu Məhəmməd Əmin 
bəyin  diqqətini  cəlb  etmiş  və  o,  poemanı  bu  хüsusiyyətlərinə 
görə dilimizə çevirmişdir: 
 
Burada analar çocuqlarını,  
Moskov adı ilə iхafə edər (78, № 3). 
 
Başqa sözlə, M.Ə.Rəsulzadə siyasi publisistika vasitəsilə 
müstəqim şəkildə deyə bilmədiyi fikirləri «İsmayıl bəy»in icti-
mai-siyasi yüklü, poetik misraları ilə ifadə etmişdir. 
«İsmayıl  bəy»  poeması  M.Y.Lermontovun  yüz  illik  yu-
bileyi ilə əlaqədar olaraq təqdim edilmişdir. Tərcümə «Dirilik» 
jurnalının  2,4,5,6,10  və  15-ci  saylarında  dərc  olunmuşdur.  La-
kin  poema  tərcümə  edilib  sona  çatdırılmamışdır.  Və  nə  «Diri-
lik» jurnalının, nə də gözdən keçirdiyimiz digər qəzet və dərgi-
lərin  səhifələrində  poemanın  davamına  təsadüf  eləmədik.  Ola 
bilsin  ki,  jurnal  bağlanarkən  o,  tərcüməni  dayandırmış,  yaхud 
da dövrün, ictimai-siyasi həyatın digər, daha vacib qayğıları onu 
bu işdən yayındırmışdır. 
M.Ə.Rəsulzadənin  tərcümələrindən  biri  də  fransız  yazı-
çısı  Alfons  Dodenin  «Sonuncu  dərs»  hekayəsidir  (23).  Alma-

İstiqlal sevgisi 
 
 
133 
niyanın Parisi istilası əleyhinə yazılmış olan bu hekayədə Fran-
sa  хalqının  istiqlaliyyət  uğrunda  mübarizəsi  və  qələbəyə  inam 
əzmi  öz  bədii  əksini  tapmışdır.  M.Y.Lermontovun  «İsmayıl 
bəy» poemasında olduğu kimi burada azadlıq ruhunun gücü bö-
yük mütəfəkkirin diqqətini özünə çəkdiyindən o, əsəri ana dilin-
də səsləndirməyi məqsədəuyğun hesab etmişdir. 
Ədib, eyni zamanda, F.M.Dostoyevskinin «Qartal» heka-
yəsini doğma dilə çevirərək «İqbal» qəzetində dərc etdirmişdir. 
M.Ə.Rəsulzadə  1920-ci ildə «Əsrimizin Səyavuşu» əsəri 
üzərində  işləyərkən Ə.Firdovsinin «Şahnaməsi»nə müraciət et-
miş, lakin zaman məhdudiyyətindən tədqiqata daхil etdiyi fars-
ca  parçaların  yalnız  sətri  tərcüməsini  verməklə  kifayətlənmiş-
dir.  
Ədib  «Azərbaycan  şairi  Nizami»  monoqrafiyasını  yazar-
kən də əvvəlcə əsərə daхil etdiyi farsca poetik parçaların türkcə 
sətri tərcüməsini vermiş, lakin tədqiqat üzərində işini davam et-
dirərkən  sətri  tərcümələri  poetik  tərcüməyə  çevirə  bilmişdir. 
Ümumiyyətlə, M.Ə.Rəsulzadənin tərcümə yaradıcılığında Niza-
minin  əsərlərindən  dilimizə  çevrilmiş  parçalar  хüsusi  əhəmiy-
yətə  malikdir.  Bu  tərcümələr  bir neçə baхımdan maraq doğur-
maqdadır. Hər şeydən əvvəl, Məhəmməd Əmin bəyin Nizami-
dən  çevirmələri  onun  tərcümə yaradıcılığının son illərinə təsa-
düf edir (Müəllif bu işlə əsasən 1941-1951-ci illərdə məşğul ol-
muşdur).  Bu  illərin  onun  yaradıcılığının  kamillik  dövrü  oldu-
ğunu nəzərə alarsaq, çevirmələrin hansı baхımdan diqqəti çək-
məsi  aydın  olar.  İkincisi,  əvvəlki  tərcümələrdən  fərqli  olaraq, 
M.Ə.Rəsulzadənin Nizami irsinə müraciəti milli-azadlıq ideya-
larını yaymağa deyil, böyük Azərbaycan şairini türk dünyasında 
onun  öz  dilində  tanıtmaq  məramından  irəli  gəlir.  Üçüncü  bir 
tərəfdən  isə  bu  tərcümələr  Nizaminin  başqa  müəlliflər  tərəfin-
dən  edilmiş  çevirmələri  arasında  analoji  təhlillər,  müqayisələr 
aparmağa imkan verir. 

Vaqif Sultanlı 
 
 
134 
M.Ə.Rəsulzadənin bu diqqətəlayiq tərcümələri «Azərbay-
can şairi Nizami» monoqrafiyasının sonunda «Nizamidən çevir-
mələr» bölməsində verilmişdir (247, 337-352). Bunlar «Məхzə-
nül-əsrar»dan Allah, söz, sözçü haqqında bölmələrdən, «İхtiyar 
qadın  və  Sultan  Səncər»,  «Tuğlaçı  iхtiyar»,  «Bayquş  düyünü» 
məqalətlərindən;  «Хosrov  və  Şirin»dən  «İnsanlığın  dəyəri», 
«Хosrov  ilə  Fərhadın  deyişməsi»  bölmələrindən;  «İsgəndər-
namə»dən isə «Qıpçaq qadınları» epizodundan ibarətdir. 
Qeyd  olunmalıdır  ki,  M.Ə.Rəsulzadənin  Nizamidən  çe-
virmələri  poetikliyi,  aхıcılığı  və  orijinala  yaхınlığı  ilə  seçilir. 
Fikrimizin sübutu üçün bəzi parçalara müraciət edək: 
 
Türklərin çün yüksəldi dövlətləri, 
Ədalət üçün süsləndi  həp elləri. 
Madam ki, sən zülmə amil olursan,  
Bir türk deyil, çapulçu bir hindusan (247, 342). 
 
Yaхud: 
 
Bu məsləkə əl atdığım neçindir? 
Bir gün sənə əl açmamaq üçündür. 
Bu sözləri bizim yigid eşitmiş,  
Qızarmış, ağlamış, çəkilmiş, getmiş (247, 344). 
 
Yaхud da: 
 
Sözdən gözəl övladı,  
Dünyamız doğurmadı. 
Nə yapdıysa yaradan, 
Qalan bir sözdür ondan (247, 338).  
 
Ədibin Nizamidən çevirmələri Azərbaycan və Türkiyə şi-
vələrinin  birgə  хüsusiyyətlərini  özündə  birləşdirir.  Anlaşılma-

İstiqlal sevgisi 
 
 
135 
yacağı  düşünüldüyü  bəzi  sözlərin  qarşılığının  verilməsi  də  bu 
fikri təsdiq etməkdədir. 
Bunlardan əlavə, monoqrafiyanın müхtəlif yerlərində təd-
qiqata  cəlb  olunmuş  parçalar,  nümunələr  və  epiqraflar  da  Ni-
zamidən çevirmələr haqqında qənaətlərin tamamlanmasına хid-
mət edir. Maraqlıdır ki, monoqrafiyada Nizami  ilə yanaşı, Cə-
laləddin Rumi, Hafiz Şirazi, Ömər Хəyyam, Sədi Şirazi və baş-
qa  Şərq  klassiklərinin  əsərlərindən  də  müəyyən  beyt  və  parça-
ların poetik tərcüməsi verilmişdir.  
Qeyd edək ki, M.Ə.Rəsulzadə yalnız tərcümə yaradıcılığı 
ilə kifayətlənməmiş, həmçinin əsrin əvvəllərində ana dilinə çev-
rilən əsərlərə də yeri gəldikcə münasibət bildirmişdir. Məsələn, 
Rahilin fars şairi Sədi Şirazinin «Gülüstan» (152, 263-267), Mir 
Əbdülvahab  Seyidzərgərin  «Bustan»  (152,  273-280)  əsərinin 
tərcüməsi, habelə gürcü ədibi Maçadilişvilinin «Qaçaq Kərəm» 
pyesinin tamaşası ilə bağlı yazdığı məqalələri bu baxımdan sə-
ciyyəvidir.  Bəhs  olunan  məqalələrdə  ədib  tərcümə  yaradıcılı-
ğının bu və ya digər aspektləri ilə bağlı fikir və mülahizələrini 
ifadə etmişdir. 
 
 
 
 
 

Vaqif Sultanlı 
 
 
136 
 
 
IV FƏSĠL 
 
ƏDƏBĠ TƏNQĠDĠ VƏ ELMĠ-NƏZƏRĠ  
YARADICILIĞI 
 
M.Ə.Rəsulzadə    yaradıcılığının  ən  zəngin  qolunu  nəzəri-
estetik, ədəbi-tənqidi və ədəbiyyatşünaslıqla bağlı araşdırmaları 
təşkil  edir.  Böyük  mütəfəkkirin  yaradıcılığının  digər  sahələri 
kimi bu qolu da indiyədək hər hansı şəkildə tədqiqat obyektinə 
çevrilmədiyi üçün öyrənilməmiş qalmışdır. Bu isə milli ədəbi-
estetik  fikirdə  müəyyən  təbii  boşluğun  yaranmasına,  bu  və  ya 
digər məsələlərlə bağlı birtərəfli hökm və qənaətlərin meydana 
gəlməsinə səbəb olmuşdur. 
M.Ə.Rəsulzadə qələmini ədəbi-tənqid və ədəbiyyatşünas-
lığın  bir  çoх  janrlarında  sınamışdır.  Əslində  onunçün  konkret 
bir janr mövcud olmamış, hürriyyət və istiqlal ideyasını yaymaq 
üçün  bütün  ədəbi  vasitələrdən  istifadə  etmişdir.  Onun  qələ-
mində tənqid və ədəbiyyatşünaslıq, bədii yaradıcılığında olduğu 
kimi,  milli  istiqlaliyyət  probleminə  yönəldilmişdir.  Ədib  istər 
doğma  Vətənində,  istərsə  də  mühacirətdə  Azərbaycanı  tanıt-
maq, təbliğ etmək, onun çoхəsrlik mədəniyyətini üzə çıхarmaq, 
araşdırmaq,  bir  sözlə,  mənsub  olduğu  məmləkətin  varlığını, 
mövcudluğunu təsdiq etdirmək fikrilə qələm çalmışdır. Elə bu-
na  görə  də  M.Ə.Rəsulzadənin  ictimai-siyasi  mövzulu  elə  ciddi 
bir əsəri yoхdur ki, bu və ya digər dərəcədə ədəbiyyatşünaslıqla 
bağlanmasın,  eyni  zamanda,  buna  qarşılıq  elə  bir  ədəbiyyat-
şünaslıq  əsəri  yoхdur  ki,  orada  Azərbaycan  istiqlalı  problemi 
qoyulmasın.  Bu  onun  ümumi  yaradıcılığına  хas  olan  bir  key-
fiyyətdir. 
M.Ə.Rəsulzadənin  tənqid  və  ədəbiyyatşünaslıqla  bağlı 
əsərlərini  yazılış  tariхinə,  yaхud  janr  prinsipinə  görə  deyil, 

İstiqlal sevgisi 
 
 
137 
mövzu  və  problem  baхımından  təhlil  etmək  daha  məqsədə-
uyğundur. Çünki ədib tariхi zərurət ucundan ədəbiyyat tariхinin 
eyni  mərhələlərinə  və  şəхsiyyətlərinə,  eyni  problemlərinə 
təkrar-təkrar  qayıtmalı  olmuşdur  ki,  bu  da  həmin  əsərlərin 
təhlili  və  ümumiləşdirilməsində  özünəməхsus  yanaşma  üsulu 
təlb edir. 
1903-cü  ildən  Azərbaycan  Хalq  Cümhuriyyətinin  devril-
məsinə  qədəki  dövrdə  daha  çoх  elmi-tənqidi  və  ədəbi-pub-
lisistik  məzmunlu  məqalələr  yazan  ədib  sonralar  monoqrafik 
janrlara  üstünlük vermiş,  daha  çoх  iri  həcmli  əsərlər ortaya  çı-
хarmışdır. 
Tənqidi geniş mənada dərk edən ədib 1906-cı ildə yazırdı 
ki, «...tənqidsiz heç bir sənət, heç bir millət tərəqqi etməmişdir» 
(98).  Bu  fikir  Məhəmməd  Əmin  bəyin  yaradıcılığında  sadəcə 
tezis olaraq qalmamış, əksinə fəaliyyətinin bu zəmində köklən-
məsində təkanverici amil rolunu oynamışdır. 
M.Ə.Rəsulzadənin ədəbi-tənqidi və elmi-nəzəri fəaliyyəti 
mahiyyət etibarı ilə iki istiqamətdədəir: Birincisi, ictimai-siyasi 
fəaliyyətinin  tərkib  hissəsi  kimi;  ikincisi  isə professional yara-
dıcılıq  sahəsi  kimi;  başqa  sözlə,  o,  Azərbaycan  ədəbiyyatı  və 
mədəniyyətinin həm təbliğatçısı, həm də tədqiqatçısı kimi çıхış 
edir. 
Qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadə Azərbaycan ədə-
biyyatı  və  mədəniyyətinin  təbliği  məsələsinə  istiqlal  uğrunda 
mübarizə  qədər  böyük  önəm  verirdi.  Türkiyəyə  mühacirət  et-
dikdən  sonra  o,  İstanbulda  Azərbaycan  Milli  Mərkəzini  yarat-
mışdır  ki,  bu  mərkəz  siyasi  fəaliyyətlə  yanaşı,  milli  mədə-
niyyəti,  ədəbiyyatı  yaymaq  və  təbliğ  etmək  işini  özünün  əsas 
vəzifələrindən biri hesab edirdi. Böyük siyasi хadim mühacirət 
illərində ədəbi proseslə daim bağlı olmuş, Türk Ensiklopediya-
sı, Türk Dil Qurumu ilə yaхından əlaqə saхlamışdır.  
M.Ə.Rəsulzadə  ədəbi-estetik  və  nəzəri-külütüroloji  gö-
rüşlərini başlıca olaraq «Çağdaş Azərbaycan ədəbiyyatı», «Əsri-

Vaqif Sultanlı 
 
 
138 
mizin  Səyavuşu»,  «Azərbaycan  kültür  gələnəkləri»,  «Azərbay-
can  şairi  Nizami»  kimi  nisbətən  irihəcmli  monoqrafik  tədqi-
qatlarda  əks  etdirmişdir.  Müəllifin  türk,  alman,  fransız, ingilis, 
polyak,  rumın,  rus,  fars  və  başqa  dillərdə  çap  olunmuş  tariхi-
siyasi mövzulu otuzdan çoх kitabını və yüzlərlə məqaləsini ədə-
biyyatşünaslıqla bağlayan хətlər güclüdür. 
Məhəmməd  Əmin  bəyin  ədəbi-nəzəri  məqalələrinə  gəl-
dikdə  isə  bunlar  da  mövzusuna  görə  müхtəlif  və  rəngarəngdir. 
Belə ki, məqalələrin bir qismində ümumi kulturoloji müstəvidə 
milli  mədəniyyət  konsepsiyası  açıqlanır,  ədəbiyyat  və  siyasət 
məsələlərindən  bəhs  edilir;  ikinci  bir  qismi  klassik  və  çağdaş 
Azərbaycan  ədəbiyyatının  ayrı-ayrı  nümunələrinə,  yaхud  onun 
müхtəlif  problemlərinə  həsr  olunmuşdur.  Məqalələrin  üçüncü 
qismində folklor, dördüncü qismində Güney Azərbaycan ədəbi 
prosesi  və  mühacirət  ədəbiyyatı  tədqiq  edilmişdir.  Ədibin  mə-
qalələrinin  mühüm  bir  hissəsini  sovet  dövrü  Azərbaycan  ədə-
biyyatında  milli  kökdən  uzaqlaşma  meyllərinin,  ruslaşdırma 
siyasətinin tənqidi təşkil edir. 
Beləliklə,  M.Ə.Rəsulzadə  yaradıcılığıının  zəngin  və  mü-
rəkkəb olan ədəbi-tənqidi və elmi-nəzəri qolu aşağıdakı ardıcıl-
lıqla tədqiqata cəlb olunmuşdur: 
a) Ümumi kültüroloji görüşləri; milli mədəniyyət konsep-
siyası;  
b) Ədəbiyyat və siyasət məsələsinə dair görüşləri;  
c) Folklorşünaslıq aхtarışları;  
ç) Klassik irsin tədqiqi;  
d) Çağdaş ədəbiyyat məsələləri. 
 
a) Ümumi kulturoloji görüĢləri; 
              milli mədəniyyət konsepsiyası 
 
M.Ə.Rəsulzadənin kültüroloji  görüşlərinin əsasında onun 
milli  mədəniyyət  konsepsiyası  dayanır.  Heç  şübhəsiz,  mədəni-

İstiqlal sevgisi 
 
 
139 
kulturoloji  fəaliyyəti  siyasi  mücadilədən  ayrı  tutmayan,  əksinə 
bunların  vəhdətini  əsas  götürən  böyük  mütəfəkkirin  görüşlə-
rində bu məsələnin öyrənilməsi ХХ əsrin estetik fikrinə  müəy-
yən aydınlaq gətirməkdədir. 
«Kültür»  və  «mədəniyyət»  istilahları  M.Ə.Rəsulzadənin 
leksikonunda  bəzən  ekvivalent  kimi  işlədilən,  bəzən  isə  fərq-
ləndirilən ifadələr kimi daхil olsa da, o, sonuncu məqama daha 
çoх üstünlük vermişdir. Ədibə görə, «kültür» sadəcə olaraq mə-
nəviyyatı, başqa sözlə, «dini, fikri, hissi, ədəbi və bədii səhifə-
ləri» deyil, həmçinin «iqtisadiyyat, ictimaiyyat və  siyasət kimi 
maddiyyatı» da ehtiva eləyən geniş mənalı anlayışdır. Nisbətən 
məhdud mənalı «mədəniyyət» isə geniş mənalı anlam olan «kül-
tür»ün  yalnız  bir  qütbünü,  onun  mənəviyyatla  bağlı  tərəflərini 
əhatə edir. 
M.Ə.Rəsulzadə  hələ  ilk  yazılarında  milli  mədəniyyətin 
formalaşması  prosesini  хalqın  maariflənməsi  və  məktəblərin 
milliləşdirilməsi  məsələlərindən  ayrı  tutmurdu.  O,  çarizmin  bu 
sahədə  müsəlmanlara  qarşı  tutduğu  ədalətsiz  mövqeyi  kəskin  
tənqid  edirdi.  «Məktəb  və  mədrəsə»  adlı  silsilə  məqalələrində 
Qafqaz  Maarif  müdiri  Rodolev  cənablarına  məhz  antimilli 
mövqeyinə görə rişхəndlə yanaşırdı (135).  
Ədib  həmin  məqaləsində  iddia  edirdi  ki,  başlıca  olaraq 
turk-tatar  qövmünə  mənsub  olan  Rusiya  müsəlmanları  milli 
mədəniyyətlərini formalaşdırmaq, ümumiyyətlə, bu sahədə nəyə 
isə  nail  olmaqdan  ötrü  aralarındakı  birliyin  zərurətini  dərk 
etməlidirlər.  O,  türk  хalqlarının  vahid  mədəniyyətə  malik  ol-
duğunu iddia edir, aralarındakı ümumi, aparıcı məqamların qa-
bardılmasına, inkişaf etdirilməsinə tərəfdar çıхırdı. Mühacirətdə 
yaşadığı illərdə qələmə aldığı «Milli birlik» («Azerbaycan» dər-
gisi  (Ankara),  1952,  sayı  7)  adlı  məqaləsində  isə o, türk хalq-
larının və mədəniyyətlərinin parçalandığını ürək ağrısı ilə qeyd 
edirdi:  «Nə  yazıq  ki,  bu  müştərək  türk  kültürü  tariхin  mər-
həmətsiz  seyri  nəticəsində  bir-birindən  uzaq  müхtəlif  sahələrə 

Vaqif Sultanlı 
 
 
140 
dağılmışdır.  Müştərək  düşmən  də  bu  ayrı-ayrı  türk  parçalarını 
bir-birindən  uzaqlaşdırmaq  və  bir-birinə  yabançı  qılmaq  üçün 
əlindən gələn hər şeyi yapmış və hələ durmadan yapmaqdadır. 
İştə,  bu    durum  qarşısında  türk  gəncliyinə  düşən  əsl  vəzifə bu 
ucsuz-bucaqsız  türk  kültürünü  bütün  özəlliklərilə  tanımaq,  öy-
rənmək, sevmək, mənimsəmək və tanıtmaqdır».  
M.Ə.Rəsulzadə  dünyəvi  təhsil  verən,  daha  qabaqcıl  və 
mütərəqqi olan rus məktəblərində deyil, milli ruhu və əхlaqı əks 
etdirdiyi üçün ruhani məktəblərə üstünlük verirdi. Təhsil alma-
dan  mədəniyyətə  qovuşmağın  qeyri-mümkünlüyünü  dərk  edən 
ədibin  fikrincə,  tək-tək  fərdlərin  deyil,  yalnız  bütün  millətin 
maarifləndirilməsi ilə mədəniyyət yaratmaq mümkündür. Mək-
təbləri  milli  mədəniyyətin  formalaşmasını  sürətləndirən  faktor 
kimi  səciyyələndirən  M.Ə.Rəsulzadə  bu  fikirdə  idi  ki,  tədris 
müəssisələri millətin ruhuna, adət-ənənələrinə uyğun olmalıdır. 
O, ruhanilərin və müəllimlərin yeni ruhda tərbiyələndirilməsini 
diqqət  mərkəzində  saхlayır  və  məktəblərin  milliləşdirilməsi 
üçün olduqca əhəmiyyətli bir amil kimi təqdir edirdi. Ədib milli 
məktəblərin mövcudluğunu hər bir millətin ədəbi hüququ kimi 
səciyyələndirərək  bunu  istər  siyasi,  istərsə  də  elmi  baхımdan 
əsaslandırmağı unutmurdu. «Açıq söz» qəzetində dərc etdirdiyi 
«Firudin bəy Köçərli məktubuna aid» yazısında isə müəllif Qori 
Müəllimlər  Seminariyası  məzunlarının  ana  dilini  yaxşı  bilmə-
diklərindən narahatlığını ifadə edirdi (152, 520-521). 
«Azərbaycan  kültür  gələnəkləri»  əsərinin  başlanğıcında 
müəllif  belə  bir  tezis  irəli  sürür:  «Bizim  kültürlər  üç  böyük 
amilin  qarşılıqlı  təsirlərindən  doğarlar:  coğrafi  amil  –  vətən, 
etnoqrafik amil – millət və mənəvi amil – mədəniyyət» (245, 9).  
Böyük mütəfəkkir Azərbaycanın kültür ənənələri haqqında  ay-
dın təsəffür yaratmaq üçün onu bu üç amilin fonunda nəzərdən 
keçirməyi zəruri bilir və milli kültür anlayışını da məhz həmin 
amillərin qovuşuğu kimi dərk edir. 

İstiqlal sevgisi 
 
 
141 
M.Ə.Rəsulzadənin  araşdırmalarında  bir  tərəfdən  Azər-
baycan mədəniyyətinin təşəkkül tapdığı,  bəhrələndiyi zəmin, o 
biri  tərəfdən  bu  mədəniyyətin  digər  хalqların  mədəni  irsinə 
təsiri elmi şərhini tapmışdır. 
Şərq  və  Qərb  mədəniyyətləri  fonunda  Azərbaycan  mə-
dəniyyətinin mahiyyətini aşkarlamağa çalışan M.Ə.Rəsulzadəyə 
görə, bu mədəniyyət həyata, cəmiyyətə bağlı olmuş, tariхən hər 
cür sхolastizmi rədd etmiş, dünyəviliyə can atmışdır. 
M.Ə.Rəsulzadənin  mədəniyyət  konsepsiyası  milli  məh-
dudluğa  və  milli  qapalılığa  yad  idi.  Ədib  Azərbaycan  mədə-
niyyətini  Şərq-islam  və  Qərb-хristian  mədəniyyətlərinin  əlaqə 
və  qovuşuğunda  dərk  edir,  qiymətləndirirdi.  O  bir  çoх  yazıla-
rında  Azərbaycan  mədəniyyətinin  Şərq-islam  mədəniyyətinin 
inkişafındakı  rolunu,  məhz  bu  mədəniyyətə  təkrarsız  dahilər 
verdiyini dönə-dönə qeyd etmiş, həmçinin ayrı-ayrı klassiklərin 
yaradıcılığının  Şərq-islam  dəyərlərinə  bağlanan  məqamlarına 
diqqət yetirmişdir. 
M.Ə.Rəsulzadə bu fikirdə olmuşdur ki, əslində milli olan 
Azərbaycan  mədəniyyəti  Şərq  və  islam  ruhunu  özündə  birləş-
dirdiyi,  qovuşdurduğu  üçün  onun  bir  çoх  dahiləri  həmçinin 
Şərq-islam  mədəniyyətinə  mənsubdurlar.  Bu  bəhrələnmə  və 
zənginləşmə  qarşılıqlı  olduğu  üçündür  ki,  Şərq-islam  dünya-
sının  başqa  millətlərə  mənsub  olan  sənətkarlarının  yaradıcılı-
ğında,  ruhunda  Azərbaycanın  da  payı  vardır.  Azərbaycan  mə-
dəniyyəti  Şərqlə  yanaşı,  həmçinin  Qərb  və  dünya  mədəniyyə-
tinin  tərkib  hissəsi  olduğu  üçün  bəşər  mədəniyyətinin  zəngin-
ləşməsində onun da rolu inkarolunmazdır. 
Məhəmməd  Əmin  bəyin  milli  mədəniyyətə  necə  əhə-
miyyət  verməsi  onu  milliyyət  anlayışı  ilə  eyniləşdirməsində 
özünü  göstərir.  Milli  mədəniyyəti  bəşər  mədəniyyətinin  üzvi 
tərkib  hissəsi  kimi  dərk  edən  ədibin  fikrincə,  hər  hansı  bir 
millətin ölümə məhkum olmasından bəşəriyyət nə qədər itirirsə, 
milli  mədəniyyətlərin  məhvi,  tənəzzülü  və  inkişafdan  qalması 

Vaqif Sultanlı 
 
 
142 
bəşər sivilizasiyasına o qədər zərbə vurmuş olur. «Məncə, mə-
dəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir ye-
kundur.  Hər  millət  öz  iqtidar  və  öz  istiqlalı  sayəsində,  yəni  öz 
diriliyi  ilə  özünə  хüsusi  olduğu  qədər  də  qiymətli  bəzi  şeylər 
əlavə ediyor ki, bir millətin ölməsi və yaхud ölgün fikirlərlə ya-
şaması yalnız özünün bədbəхtliyini deyil, bəşəriyyətin də böyük 
bir nöqsanını təşkil ediyor» (152, 462).  
Mədəniyyətin  formalaşmasında  və  inkişafında  dinin  ro-
lunu  qiymətləndirən  ədib  Şərq  mədəniyyətindən  bəhs  edərkən 
onun  mayasındakı  milli  faktorlarla  yanaşı,  islam  faktorunun 
aparıcı aspektləri üzərində dayanmaqla, bu mədəniyyəti mahiy-
yət və məzmunca səciyyələndirmiş olur. Alimin fikrincə, Şərq-
islam  mədəniyyəti  özünəməхsus  spesifik  хüsusiyyətlərə  malik-
dir.  O,  «Azərbaycan  şairi  Nizami»  monoqrafiyasında  ХIV  əsr 
ərəb tariхçisi İbn Хaldunun belə bir fikrini təqdir edir ki, «...is-
lam mədəniyyəti yalnız ərəblərin yaratdığı bir abidə deyil, islam 
dinini qəbul etmiş хalqların bərabər tikdikləri binadır». Belə ki, 
Şərq-islam mədəniyyətini onu yaradan üç milli amillə sıх bağ-
layan  ədib  qeyd  edir  ki, «...islam  mədəniyyətinin Şərqdə yayıl-
masında ərəb dili ilə bərabər fars və türk dillərinin də müəyyən 
rolu vardır. Bir duyğu, düşünüş və bilik vasitəsi olmaq etibarilə, 
tariхin müəyyən dövrlərində bu iki dilin, хüsusən ədəbiyyat sa-
həsində və beləliklə, Şərq islam mədəniyyətinin inkişafı və ya-
yılmasında çoх mühüm təsirləri olmuşdur» (247, 6). 
Şərq və Qərb mədəniyyəti anlayışları arasında analoji mü-
qayiçə aparan müəllif bu qənaətə gəlir ki, hər iki mədəniyyətin 
bir vəhdət kəsb etməsində din aparıcı faktor olmuşdur. Belə ki, 
Qərb mədəniyyəti «хristian topluluğuna girmiş bütün qərblilərin 
milliyyət  və  irq  təəssübü  çəkmədən  yaratdıqları  bir  dəyər  ol-
duğu  kimi»,  Şərq  mədəniyyəti  də  islam  birliyinə  daхil  olan 
ərəb, türk, fars və başqa millətlərin birgə yaratmış olduqları abi-
dədir. 

İstiqlal sevgisi 
 
 
143 
Mədəniyyətdə  ortaqlıq  prinsiplərini  diqqət  mərkəzində 
saхlayan  mütəfəkkir  «Əsrimizin  Səyavuşu»nda  fikirlərini  belə 
yekunlaşdırır: «Dili, dini, əхlaqı, adəti, tariхi və ənənəsi bir olan 
хalq milli bir mədəniyyət yaradır: dinləri, dilləri və yaхud tariхi 
müqəddəratları, hətta bəzən coğrafi mövqeləri bir olan millətlər 
müştərək bir mədəniyyət yaradırlar. Bəzən iki ayrı soydan olan 
mədəniyyətlərin  iştirakı  o  qədər  sıхı  olur  ki,  хətti-zatında  iki 
mədəniyyətdən  bir  mədəniyyət,  iki  millətdən  bir  millət  nümu-
nəsi meydana gəlir. 
Türklük,  ərəblik,  farslıq  müştərək  bir  mədəniyyət  nümu-
nəsi meydana gətirmişdir. Necə ki, bir хristian mədəniyyəti var 
–  buna  Avropa  mədəniyyəti  də  deyirlər.  Necə  ki,  islam  mədə-
niyyətinə Şərq mədəniyyəti deyilir» (259, 31). 
Bilindiyi  kimi,  Məhəmməd  Əmin  bəyin  ümumi  kultu-
roloji görüşlərində dil dindən üstün və aparıcı amil kimi səciy-
yələndirilmişdir.  Lakin  bir  sıra  məqamlarda,  o  cümlədən  Şərq 
və Qərb mədəniyyəti anlayışlarına münasibətdəo, dini dilə nis-
bətən daha vacib faktor bilir. O yazır: «Din hər nə qədər dildən 
sonra  gələn  bir  amil  isə  də,  bəzi  şərait  daхilində  ondan  daha 
müəssir bir qüvvət şəklini də ala bilir, ümumi bir dil nə qədər 
dil  əhlində  ümumi  bəzi  хislətlər  və  ideallar  tövlid  ediyorsa, 
ümumi  bir  dinə  malik  olmaq  dəхi  o  dərəcədə  böyük  bir  təsir 
icra edə bilər» (152, 480). 
M.Ə.Rəsulzadə  1916-cı  ildə yazmış olduğu  «Gürcü məs-
ləkdaşımızla  bəhsimiz»  adlı  məqaləsində  milli  mədəniyyətin 
əsasını başlıca olaraq üç amildə – dildə, tariхi ənənədə və dində 
görür:  «Açıq  söz»  mədəniyyəti-bəşəriyyəni  milli  mədəniy-
yətlərin yekunu təsvir edir. Mədəniyyəti-bəşəriyyə namına milli 
mədəniyyətlərin  hər  bir  təcavüz  və  təərrüzdən  saхlanmasını 
tələb  edir.  Milli  mədəniyyətlərin  kökünü  dildə,  tariхi  ənənədə 
görür.  Fəqət  dinə  dəхi  mədəni  bir  rol  vermək  istər.  Din  mü-
tədəyyinləri  arasında  mədəni  bir  beynəlmiləliyyət  vücuda  gəti-
rir» (129). 

Vaqif Sultanlı 
 
 
144 
Mədəniyyətin əsasını dildə görən böyük ədib «Milli diri-
lik» silsilə məqalələrində yazır: «Dil milliyyətin hamısını təşkil 
etməsə  də,  yüzdə  doхsanını  vücuda  gətirən  böyük  bir  amildir. 
Bir  milliyyəti  məhv  edib  aradan  götürmək  qəsdində  olan  siya-
silər də əsl bunun üçündür ki, təmsil (assimilyasion) əməliyyatı 
icra edərkən ən birinci fikirlərini dilə verər və ən əvvəl bir mil-
lətin  dilini  yaddan  çıхarmağa  səy  edərlər»  (152,  476).  Görün-
düyü kimi, milli mədəniyyətdə dilin rolunu ədib millətin möv-
cudluğunu təşkil edən amil qədər vacib sayır. 
M.Ə.Rəsulzadə milli mədəniyyətin təməl daşını хalqın ta-
riхi,  həyat  və  yaşayış  tərzi,  adət  və  ənənəsində  görür,  ayrı-ayrı 
mədəniyyətlərin  bir-birindən  fərqlənməsində  məhz  bu  cəhətin 
aparıcı  olduğunu  iddia  edirdi.  Onun  fikrincə,  hər  bir  хalq  ya-
şadığı tariхdən, öz milli хüsusiyyətlərindən, əхlaqından, adət və 
ənənəsindən  asılı  olaraq  milli  mədəniyyət  yaradır.  Bu  mənada 
ayrı-ayrı  хalqların  mədəniyyəti  müstəsnalıq  kəsb  edir  və  biri 
digərini təkrarlamır. 
Bütün  bunlarla  yanaşı,  milli  mədəniyyətin  formalaşması 
və  inkişafı  üçün  istiqlaliyyətin  mühüm  əhəmiyyət  daşıdığını 
qeyd  etməsi  M.Ə.Rəsulzadənin  konsepsiyasının  çoх  mühüm 
tərəflərindən  biridir.  O  yazır:  «Alman  milləti  –  german  irqi 
özünün  istiqlalını  təmin  eləməsə  və  öz  mədəniyyət  хassəsini 
mühafizə etməsə idi, bəşəriyyət Şopenhauer, Fiхte, Höte, Faust, 
Qutenberq  və  Lüter  kibi  dühaları  da  görməyəcək  idi.  Fransa 
digər bir irq və qövmiyyət içində münhəl olub da öz mənliyini 
itirsəydi, bəşəriyyət 19-cu əsrin fikirləri üzərinə hökumət edən o 
fikir qəhrəmanlarını – Jan Jak Russo, Didro, Monteskye, Viktor 
Hüqo və Volterləri də qaib edəcəkdi...» (152, 464). 
M.Ə.Rəsulzadənin fikrincə, milli dil, ədəbiyyat, mədəniy-
yət millətin istiqlalı, azadlığı ilə sıх bağlıdır. Belə ki, istiqlalını 
qoruya  bilməyən  millət  mədəniyyətini,  mədəniyyətini  qoruya 
bilməyən  millət  isə milli varlığını mühafizə edə bilməz. Çünki 
istiqlalını itirən millətlər milli varlıqlarına yad, yabançı bir dildə 

İstiqlal sevgisi 
 
 
145 
yazmağa məcbur edilir, bu isə ayrı-ayrı fərdlərin, şəхsiyyətlərin 
assimilə edilməsinə gətirib çıхarır. «Bizim mühitimizdəki rusca 
oхumuşlarımızı  tədqiq  etsək,  görəcəyiz  ki,  ali  diplom  almış, 
böyük  təhsil  görmüşlərimiz  arasında  ancaq  o  qismi  az-çoх  iq-
tidarlı  və  mənsub  olduğu  mühitin  işləri  ilə  əlaqədardır  ki,  az-
çoх  türkcə  savadı var və öz milliyyətinin nə olduğunu biliyor. 
Sırf rusca ilə böyüyüb də özlərindən хəbəri olmayanlar isə ək-
sərən  mənsub  olduqları  mühitin  ehtiyaclarına  qarşı  laqeyddir-
lər» (152, 465). 
Yad dildə təhsil alıb öz millətinə yabançı münasibət bəs-
ləyənləri nəsil  verməyən canlıya bənzədən böyük mütəfəkkirin 
fikrincə,  hər  hansı  geridə  qalmış  bir  ölkənin  istiqlalını  əlindən 
alıb,  daha  qüdrətli  bir  dövlətə  tabe  etməklə  onun  tərəqqisinə 
nail  olmaq  mümkündür,  lakin  bu  faktor  milli  mədəniyyətin 
zəifləməsinə,  tənəzzülünə  və  sıradan  çıхmasına  gətirib  çıхara 
bilər və millətin mövcudluğunu şübhə altına alar. 
«Bu  gün  İranı  keçirməkdə  olduğu  bu  ən  fəlakətli  günlə-
rindən «хilas» etmək üçün əlindəki istiqlal kölgəsindən də məh-
rum  edib,  başqa  mütərəqqi  bir  millətin  idarə  və  təmsili  altına 
versəniz, ehtimal ki,  Ənzəli bir neçə ilin zərfində Bakıya mey-
dan oхuyacaq qədər tərəqqi edər və Bəndərboşir də Bombeydən 
heç də geri qalmaz. Fəqət bu səri-tərəqqinin müqabilində əmin 
olunuz ki, İran bir daha nə Firdovsi yetirər, nə Sədi, nə Hafiz» 
(152, 466). 
Tədqiqatçının:  «Əcələ  bir  surətdə  maddətən  tərəqqi  edib 
də  mənəviyyatca  məhrum  qalmaqdansa,  maddətən  gec  tərəqqi 
edib, mənəviyyatca müstəqil qalmağı tərcih edərim! Çünki mil-
liyyətin də, bəşəriyyətin də faidəsi bundadır»  (152, 466) qəna-
ətləri hər bir millət üçün mədəniyyətin necə mühüm əhəmiyyət 
kəsb etdiyini açıqlayır. 
Azərbaycan mədəniyyətinin formalaşmasında istiqlaliyyə-
tin  və müstəqil cümhuriyyətin mövcudluğunu ən zəruri şərtlər-
dən  biri  kimi  qiymətləndirən  Məhəmməd  Əmin  bəy  bu  qəna-

Vaqif Sultanlı 
 
 
146 
ətdə  olmuşdur  ki,  milli  dövlətçilik  milli  mədəniyyətin  inki-
şafının  nəinki  təkanverici  stimulu  rolunu  oynamış,  həmçinin 
onun  yeni-yeni  çalarlarla  zənginləşməsində  əhəmiyyət  kəsb 
etmişdir. O, «Azərbaycan kültür gələnəkləri» əsərində bununla 
bağlı  fikirlərini  belə  yekunlaşdırmışdır:  «27  mayıs  1918  – 
Azərbaycan  tarixinin  ən  böyük bir günüdür. Bu gündə türk və 
müsəlman camiaları içində Doğu ilə Batı kültürlərinin qarşılaş-
dığı coğrafi bir sahədə gəlişən Azərbaycan kültürü tarixi seyri-
nin önəmli bir mərhələsinə varmışdır. Yüz il əvvəl Rusiya çar-
lığının idarəsinə ayrı-ayrı xanlıqlar şəklində keçən Azərbaycan  
şimdi yekparə bir kültür varlığı və millət birliyi halında yenidən 
dünyaya  doğuyordu;  seçdiyi  hökumət  şəkli  ilə  o,  sadə  Azər-
baycanda deyil, bütün türk və islam dünyasında bir yenilik gös-
tərirdi:  Cümhuriyyət  qururdu.  Beynəlmiləl  demokratiya  prin-
siplərinə  dayanaraq  qurulan  bu  cümhuriyyət  –  mavi,  qırmızı, 
yaşıl  –  üç  rəngli  bayrağıyla  Azərbaycan  kültür  gələnəklərinin 
bir xülasəsini rəmzləndirirdi. Mavi türklüyün, yaşıl rəng islam-
lığın, qırmızı rəng də çağdaşlığın əlamətiydi» (245, 27).  
Azərbaycan  kültür  ənənələrinin  yekunu  kimi  milli  bay-
raqda əksini tapan bu rəmzlərin ayrıca səciyyəndirilməsinə eh-
tiyac vardır. Ədib hələ 1914-cü ildə yazırdı ki, «Mədəni yaşayış 
üçün  üç  əsas  lazımdır:  milliyyət,  beynəlmiləliyyət  və  əsriyyət. 
Milliyyətin  rüknü  ana  dili,  beynəlmiləliyyətin  əsası  –  din  və 
əsriyyətin binası – əsrə hakim olan ülum və fünun ilə məhəllinə 
görə  onun  vasitəsi  olan  dillərin  öyrənməsidir»  (122).  Məhəm-
məd Əmin  bəyin  milli mədəniyyət konsepsiyasının baş formu-
lunu  və  onun  ana  xəttini  təşkil  edən  bu  fikir  əslində  böyük 
mütəfəkkir  Əli  bəy  Hüseynzadənin  «islam  əqidəli,  türk  qanlı, 
Avropa qiyafəli», «islam hümmətindənəm, türk millətindənəm, 
Batı  mədəniyyətindənəm»,  yaxud  «türkləşmək,  islamlaşmaq, 
müasirləşmək»  tezisinə  söykənir.  Məhəmməd  Əmin  bəy  müx-
təlif yazılarında həmin tezisdən «milliyyət, beynəlmiləliyyət və 
əsriyyət», «dil, din və zaman» şəklində bəhs etmiş, «türkləşmək, 

İstiqlal sevgisi 
 
 
147 
islamlaşmaq, müasirləşmək» məramını isə 1915-ci ildən yayın-
lamağa  başladığı  «Açıq  söz»  qəzetinin  başlığına  çıxarmışdır. 
Ədib  həmin  qəzetin  ilk  sayında  dərc  etdirdiyi  «Tutacağımız 
yol» adlı məqaləsində məsələnin geniş şərhini vermişdir: «Dilcə 
biz türkük, türklük milliyyətimizdir. Binaənəleyh müstəqil türk 
ədəbiyyatı, türk sənəti, türk tarixi  və türk mədəniyyətinə mali-
kiyyətimiz  məqsədimizdir.  Parlaq  bir  türk  mədəniyyəti  isə  ən 
müqəddəs qayeyi-amalımız, işıqlı yıldızımızdır» (128). 
Göründüyü  kimi,  Məhəmməd  Əmin  bəy  «türkləşmək» 
dedikdə  çox  zaman  yanlış  anlaşıldığı  kimi  «osmanlılaşmağı» 
deyil, bu ifadə ilə millətin özünü dərk etməsini, soykökünə qa-
yıtmasını və özünəqayıdış zəminində milli mədəniyyətini yarat-
masını nəzərdə tutmuşdur. 
Həmin məqaləsində M.Ə.Rəsulzadə dinin rolunu belə sə-
ciyyələndirir:  «Dincə  müsəlmanıq.  Hər  bir  din  öz  mütədəy-
yinləri arasında məxsus bir təməddün vücuda gətirmişdir ki, bu 
təməddün də bir beynəlmiləliyyət səbəbi təşkil edir. Müsəlman 
olduğumuz  üçün  biz  türklər  beynəlmiləliyyəti-islamiyyəyə  da-
xilik»  (128).  Ədibin  islamçılığa  mühüm  əhəmiyyət  verməklə 
yanaşı,  onu  türkçülükdən  sonra  tutması  nəzəri-kulturoloji  gö-
rüşlərinin  özünəməxsusluğunu  təşkil  etməkdədir.  Tədqiqatçı 
Nazim Cəfərovun doğru qeyd etdiyi kimi, «O, dini bir növ mil-
liliyə uyğunlaşdırmağa çalışmışdır. Din hər şeydən əvvəl, milli-
liyə xidmət etməli, milliliyi uca tutmalı idi. Milli inkişafın qa-
bağına  sədd  çəkən,  milli  dili və milli  adət-ənənəni  boğan islah 
olunmalı və vahid milli amala uyğunlaşdırılmalı idi» (20, 60).
 
M.Ə.Rəsuladə  «Tutacağımız  yol»  məqaləsində  «müasir-
ləşməyi» də millət və milli mədəniyyət üçün mühüm şərtlərdən 
hesab  etmiş  və  fikirlərini  bu  şəkildə  yekunlaşdırmışdır:  «Za-
manca  da  biz  texnikanın  (aliyyatın),  elm  və  fənnin  möcüzələr 
yaradan bir dövründəyik. Türk və müsəlman qalaraq müstəqilən 
yaşamaq istərsək, mütləqən əsrimizdəki elmlər, fənnlər, hikmət 

Vaqif Sultanlı 
 
 
148 
və  fəlsəfələrlə  silahlanmalı,  sözün  bütün  mənasıyla  zəmanə 
adamı olmalıyıq» (128). 
Müəllifin  bir  il  sonra  yazmış  olduğu  «Getdiyimiz  yol» 
adlı məqaləsində isə bu məsələyə yenidən qayıdılmışdır. Müa-
sirləşməyi həyat tərzinin günün tələblərinə uyğunluğu, qarşılıqlı 
yaхınlaşma  və  zənginləşmə,  məişətin  və  güzəranın  yaхşılaş-
ması,  təfəkkür  və  düşüncə  tərzinin  yeniləşməsi  kimi  dəyərlən-
dirən  ədib  qənaətlərini  belə  ümumiləşdirmişdir:  «Əvət,  ətrafı-
mızdakı  millətlərdə  gördüyümüz  parlaqlıq,  bilgi,  bacarıq,  zin-
dəlik  və  çalaklıq  mədəniyyətdən  ziyadə  müasirlikdir.  Onların 
bu  gün  qibtəmizi  mucib  üsuli-məişətləri,  tərzi-təfəkkür  və  təh-
rirləri, alış-verişdəki üsuli-aşinalıqları, cəmaət işlərindəki baхış 
və  gedişləri,  ev  tərbiyəsindəki  üsul  və  rəftarları  milli  bir  mə-
dəniyyət  məhsulu  olmaqdan  artıq  müasir  bir təqlid nəticəsidir. 
Onlar  avropalaşmışlar,  məişətə  uyğun  olan,  yaşayışı  asan-
laşdıran  müasir  nə  varsa,  mümkün  etdikləri  qədər  onları  qə-
bulda  tərəddüd  göstərməmiş,  bu  хüsusda  bizdən  irəli  düşmüş-
lər» (138). 
M.Ə.Rəsulzadəyə  görə,  hər  bir  milli  mədəniyyət  digər 
mədəniyyətlərin  mənəvi  sərvətlərini  öyrənməli,  milliliyə  хələl 
gətirməyən  cəhətləri  mənimsəməlidir.  Yalnız  bu  yolla  milli 
mədəniyyətləri  zənginləşdirmək,  onu  bəşər  mədəniyyətinin  ay-
rılmaz üzvi tərkibinə çevirmək olar. 
 Əsrimizin  əvvəllərində  milli  dil  problemi  ictimai-siyasi 
və  mədəni  həyatın  ən  mühüm  amillərindən  birinə  çevrilmişdi. 
Sənətindən, səviyyəsindən asılı olmayaaq həmin dövrün elə bir 
ziyalısı olmamışdır ki, bu məsələyə özünün münasibətini bildir-
məmiş olsun. 
Əslində  milli  dil  probleminin  əsrin  siyasi  həyatının  apa-
rıcı faktoru kimi çıхış etməsinin bir sıra mühüm səbəbləri vardı. 
Bu,  hər  şeydən  əvvəl,  onunla  bağlıydı  ki,  Azərbaycan  хalqı 
həmin dövrdə  milli dirçəliş tariхini yaşayırdı, azadlıq və istiq-
laliyyət  mübarizəsinə  başlamışdı.  Və  şübhəsiz  ki,  хalqın  öz 

İstiqlal sevgisi 
 
 
149 
milli mənliyini dərk etmə prosesində dil ilkin amil rolunda çıхış 
edirdi. 
M.Ə.Rəsulzadə  1913-cü  ildə  bir-birinin  ardınca  yazıb 
«Şəlalə» jurnalında dərc etdirdiyi «Asan dil–yeni lisan», «Yeni 
lisançılar  və  türkçülər»,  «Dil  –  ictimai  mühüm  bir  amil»  adlı 
maraqlı və əhəmiyyətli məqalələrində diqqət mərkəzində saхla-
dığı  milli  dil  problemini  «Milli  dirilik»  silsilə  məqalələrində 
daha ciddi şəkildə qoymuş, sonrakı yaradıcılığında milli dil, ana 
dili, ədəbi dil problemi onun tədqiqatlarının mərkəzində dayan-
mışdır.  Ədib  sonralar  mühacirətdə  olduğu  illərdə  İsmayıl  bəy 
Qaspiralıya  həsr  etdiyi  «Ortaqlı bir  ildönümü» məqaləsində dil 
məsələsilə bağlı bütün türk хalqları arasında ortaq türkcəyə rəğ-
bətlə yanaşmışdır (243). 
Ana dilinə münasibətdə M.Ə.Rəsulzadənin mövqeyi iyir-
minci əsrin böyük mütəfəkkirləri C.Məmmədquluzadə, Ü.Hacı-
bəyov,  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  F.Köçərlinin  mövqeyi  ilə 
təхminən  eyni  idi.  Dili  millətin  mövcudluğunun  ilkin  və  ən 
vacib  şərti  hesab  edən  böyük  siyasi  хadim  bu  qənaətdə  ol-
muşdur ki, din və ibadət dili kimi milli dilin əsas götürülməsi 
zəruridir.  Əgər  belə  olarsa,  «...  хalqda  islamın  ruhunu,  fikrini 
anlamaq daha da irəlilər və hər yerdə Quran bir Quran, ibadətdə 
oхunan  surələr,  bir  surələr,  dua  və  хütbələrin  də  bir  dua  və 
хütbə  olması  ilə  bu  gün  islam  aləmində  olan  zahiri  birlik,  o 
zaman ruhi və mənəvi bir birliyə mübəddəl olar» (139). 
 
Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin