25. Təlimdə əyanilik və biliklərin möhkəmləndirilməsi prinsipi Əyanilik prinsipi təlim prosesini mücərrəd sözlər üzərində deyil, şagirdlər tərəfindən bilavasitə qavranılan fakt və hadisələr üzərində qurmağı tövsiyə edir. Y.A.Komenski əyaniliyi müəllimlər üçün “Qızıl qayda” adlandırırdı. Uşinski yazırdı ki, uşağın təbiəti aydın surətdə əyanilik tələb edir. O qeyd edirdi ki, uşağa 5 kəlmə ona məlum olmayan söz öyrətməyə çalışın, o bunları çətinliklə mənimsəyəcək. Bu cür 20 kəlməni şəkillərlə əlaqələndirin, o bunları çox tez mənimsəyəcək. Əyanilik biliyin asan mənimsənilməsini və uzun müddət yadda qalmasını təmin edir.
Əyaniliyin aşağıdakı növləri var:
Təbii əyanilik – Sinifdə nümayiş etdirilən bitkilər, yarpaqlar, toxumlar, suxur nümunələri, spirtdə saxlanılan həşəratlar və s. buna aiddir;
Şərti əyanilik – Xəritə, qlobus sxemlər, cədvəllər, diaqramlar aid edilir.
Hərəkətli əyanilik – Təbiətdə baş verən və gözlə müşahidə edilməsi mümkün olmayan hadisələr cizgi filmləri, tədris filmləri, hərəkətli maketlər vasitəsilə nümayiş etdirilir.
Biliklərin möhkəmləndirilməsi prinsipi bilik, bacarıq və vərdişləri praktikaya tətbiq etməyi tələb edir. Y.A.Komenski bilikləri möhkəmləndirməyən müəllimin işini xəlbirlə su daşımağa bənzədirdi. K.D.Uşinski isə belə müəllimin fəaliyyətini yükünü arabaya möhkəm bağlamayan, atları sürətlə qovan, nəticədə bütün yükü yolda tökülən və evə əliboş gələn arabaçının işi ilə müqayisə edirdi.
Biliklərin möhkəmləndirilməsinin ən yaxşı vasitəsi təkrardır. Təkrar həm biliyin hafizədə möhkəm qalmasını təmin edir, həm də unutmanın qarşısını alır. Lakin bu zaman mexaniki təkrar deyil, şüurlu təkrar nəzərdə tutulur. Materialları öyrədərkən onun hissələri arasındakı məntiqi əlaqələr, asılıqlar şagirdlərin diqqətinə çatdırılmalıdır ki, sonralar onlar bu əlaqələri xatırlayaraq öyrəndiklərini hafizələrdə canlandıra bilsinlər. Dərsdə əyani materiallardan istifadə olunması da biliklərin daha yaxşı yadda qalmasına kömək edir . Yeni materialı öyrədən zaman onu əvvəl keçilənlərlə əlaqələndirmək, köhnə bilikləri yeninin içərisində təkrar etmək lazımdır. Biliklər ardıcıl və sistemli öyrədilən zaman daha asan yadda qalır və gec unudulur.