Bəlğəm verəcək şəxslərin siyahısı əvvəlcədən dəqiqləşdirilir.
Bəlğəm yaşayış otağında və ya digər qapalı binada / tikilidə deyil, hava şəraiti imkan verdiyi halda açıq havada, əks halda havası yaxşı dəyişdirilən ayrıca otaqda toplanmalıdır.
Bəlğəm yığımına cavabdeh tibb personalı xüsusi qoruyucu maska taxmalıdır, ya bəlğəm verən şəxsin yanında, ya da otağın şüşəli qapısının arxasında durub prosesə nəzarət etməlidir. Hava axını tibb personalından bəlğəm verən şəxsə tərəf yönəlməlidir. Öskürən şəxsin qarşısında durmaq olmaz.
Kütləvi skrininq zamanı vərəm ehtimal edilən şəxslərdən bir, daxilolma skrininqi zamanı və müraciət əsasında vərəm ehtimal edilən şəxslərdən ən azı bir bəlğəm nümunəsi götürülür.
Bəlğəm verməzdən əvvəl şəxs bir neçə dəfə ağzını su ilə yaxalamalıdır ki, ağız boşluğunda olan qida qırıntıları bəlğəmə qarışmasın.
Tibb işçisi bəlğəmin toplanması üçün nəzərdə tutulmuş qabı (konteyneri) şəxsin siyahı üzrə adının nömrəsinə uyğun nömrələyir, bəlğəm verən şəxsə təqdim edərək, nə edəcəyini ona izah edir. Bəlğəm nümunəsinin nömrəsini konteynerin qapağına deyil, yan divarına qeyd etmək lazımdır.
Bəlğəm verən şəxs:
- Bir neçə dəfə dərindən nəfəs alıb-verərək, sinədən öskürməlidir;
- Konteynerin qapağını açaraq öskürək nəticəsində sinədən gələrək ağıza toplanmış bəlğəmi oraya tüpürməlidir və qapağını kip bağlamalıdır.
Tibb işçisi əmin olmalıdır ki, vərəm ehtimal edilən şəxs konteynerə ağız suyu (tüpürcək) deyil, məhz bəlğəm toplayıb.