Ruznameye milləti (Millət qəzeti) ilk nömrələrindən biri M.F.Axundovun
əlinə yetən və böyük mütəfəkkirin ürək yanğısı ilə «xalqa və millətə heç bir
faydası olmayan qəzet adlandırdığı «Millət» qəzeti, (16) sonralar
Məhəmmədhəsən xanın publisistik fəaliyyəti nəticəsində o dövr üçün xarakterik
darıxdırıcı, quru materiallar çap edən orqandan, özünə çoxlu oxucu toplayan bir
qəzetə çevrilir.
Artıq bu qəzetdə rəsmi saray xəbərləri ilə yanaşı elmi və ədəbi xarakterli
yazılar görünməyə başlayır. «Ruznameyi-milləti» 1866-67-ci (1283 h.q.) ildən
çap olunmağa başlamışdır. Məhəmmədhəsən xan 1871-ci ildən etibarən bu
qəzetə nəzarət edir. Zəkaül-mülk bu orqanın əsasən digər «Elmi» və «Dövlət»
qəzetlərinin materiallarının nəşr edildiyini, ayda bir dəfə, cəmi 33 nömrəsinin
çıxdığını qeyd edir. Qəzetdə vaxtaşırı Məhəmmədhəsən xanın klassik fransız
ədəbiyyatından etdiyi tərcümələr verilirdi.
Ruznameye elmi (Elm qəzeti) 1876-cı (1293 h.q.) ildən etibarən çap
olunur. Redaktoru Məhəmmədhəsən xan idi. Millət qəzeti kimi həftədə 3 dəfə
nəşr olunurdu.
1863-70-ci illərdə Elm naziri Əliqulu Mirzə Qacarın rəhbərliyi ilə çıxan
İranda ilk elmi orqan olan Ruznameye-elmiyyə-dövləte-aliyyə-İran qəzetinin bir
növ davamı idi. Qəzetin 64 sayı işıq üzü görmüşdür.
E.Braun Millət və Elm qəzetləri haqda yazır ki, qədim məhkəmə xəbərləri,
rütbə və vəzifələrə təyin olunma və çıxarılma, şah fərmanları, ov səfərləri, dini
məsələlər və s. və başqa dövlət funksiyalarını əks etdirirdi. Qəzetdə məhkəmə
işləri, dövlətin tərəqqisi ölkənin təhlükəsizliyini təmin etməyi genişləndirmək
və s. ilə bağlı yazılar da olurdu. Bu səbəbdən də bu qəzet daha çox İran
liberallarının və nəşr olunan başqa qəzetlərin tənqidinə məruz qalırdı. İlk
dövrlərdə bu qəzetin müasir elmlərdən bəhs edən şöbəsi də vardı. Səhifənin
aşağı hissəsində Məhəmmədhəsən xanın qələm tərcüməsində «Kapitan Hatterin
macəraları» adlı bir rubrikası da vardı. (4)
14
Ruznameye dövləti. (Dövlət qəzeti) 1868-ci (1285 h.q.) ildən nəşr olunan
bu qəzetdə yerli, xarici və Məhkəmə ilə bağlı xəbərlərə geniş yer ayrılırdı. Əldə
olan 622-ci sayının 1-ci səhifəsində bir çox rəsmi qəzetlərdə olduğu kimi «Şir
və günəş» təsviri verilib, onun çap olunduğu yer: Darül xilafə, Darülfünun
kolleci mişkatül-xazar kimi göstərilir.
Ġran qəzeti. Bu qəzet İran dövlətinin rəsmi orqanı olub 1871-ci (1288 h.q.)
ildə nəşr olunmağa başlayıb. Məşhur çex şərqşünası Yan Rınka bu qəzetin
Məhəmmədhəsən xanın rəhbərliyi ilə həftədə 3 dəfə çıxdığını qeyd edir. Yazır
ki, orada rəsmi dövlət və saray həyatı ilə bağlı xəbərləri ilə bərabər ədəbi və
elmi materiallar da çap olunurdu (50)
Mərrux (Mars) qəzeti 1879-cu (1296 h.q.) ildən Məhəmmədhəsən xanın
redaktorluğu ilə çap olunub. Braun onun 1880-ci ilə qədər 18 sayının işıq üzü
gördüyünü qeyd edir.
Ruznameye orduye humayun. (Ordu manifesti) Qəzet 1882-83-cü ildə
nəşr olunub. Nəsrəddin şahın Xorasana səfəri zamanı Məhəmmədhəsən xanın
bu bölgə ilə bağlı fikirləri, qənaətləri qəzetdə öz əksini tapıb.
Miratüs-səfər. (Səyahətlər güzgüsü) 1870-71-ci (1288 h.q) ildə nəşr
olunan məcmuə. Məlumdur ki, Məhəmməd Həsən xan Nəsrəddin şahı səfərlər
zamanı müşayət edərkən özü ilə litoqrafiya dəzgahını da götürürdü. Bu məcmuə
şahin Mazandarana səfəri ilə bağlı meydana gəlmişdir. Orada Mazandaranın
tarixi, coğrafiyası ilə bağlı zəngin fikirlər vardır.
Ġttila (Məlumat). İlk sayı 1878-ci (1295 h.q.) ildən görünməyə başlayıb.
«İran» qəzeti ilə yanaşı İran dövlətinin rəsmi qəzeti idi. Qəzet, başda
Etimadülsəltənə olmaqla Nəşriyyat və Tərcümə nazirliyi tərəfindən çapa
hazırlanırdı. Etimadülsəltənəni sonralar onun bacısı oğlu Məhəmmədbağır xan
Etimadülsəltənə əvəz edir. Qəzet 1907-1908-ci ilədək nəşr olunur. Əsasən
dövlət siyasəti ilə bağlı yazılar dərc olunurdu.
ġərəf. 1882-ci (1300 h.q.) ildən nəşrə başlayır. İllüstrasiyalı aylıq
məcmuədir. Qəzetdə tanınmış şəxsiyyətlərin bioqrafiyası, həyatı ilə bağlı
materiallara geniş yer verilirdi. Yazıdakı portretlər isə məşhur İran rəssamı
15
Kamalül-mülk tərəfindən işlənirdi. Yan Ripka bu qəzeti çox yüksək
qiymətləndirib yazır ki, M.Həsən xanın ölümündən sonra qəzetin çapı dayandı.
1896-97-ci illərdə «Şərafət» adı ilə çıxsa da əvvəlki səviyyəsinə çata bilmədi.
(3, 314)
Görkəmli İran alimi Məlik Sasan yazır ki, avropalılar Məhəmməd xanı o
qədər də sevmirdilər. Çünki, o, bacardıqca onların əlində oyuncaq olmamışdı və
Qərbin Şərq ölkələrinə aid tədqiqatları ilə o qədər razılaşmamışdı. X.M.Sasan
göstərir ki, XX əsrin II yarısında İranda Məhəmmədhəsən xan Etümadülsəltənə
qədər elm yolunda cəmiyyət üçün çalışan ikinci bir şəxs olmamışdır (26, 16)
Məhəmmədhəsən xan fitnə-fəsadlara baxmayaraq, mühüm məsələlərə
düzgün mövqeyini saxlamış, siyasi mübarizədə iştirak etmişdir. Xarici inhisarın
ölkədə fəaliyyətinə etiraz ifadə edən Nəsrəddin şaha yazdığı məktublarından
birində çar Rusiyası və İngiltərə kimi imperialist dövlətlərin İran haqqında
planlarını açmağa çalışırdı. O ingilispərəst baş nazirin yürütdüyü səhv xarici
siyasəti tənqid edərək yazırdı: «Siz İranı ingilis və rusların arasında bölmək
istəyirsiniz Allah şahı və İranı cahil vəzirin şərlərindən qorusun».
Qeyd edildiyi kimi, İranda ilk rəsmi qəzet Mirzə Tağı xanın təşəbbüsü və
Nəsrəddin şahın «İran xalqının mədəniyyətinin inkişafı, daxili və xarici
xəbərlərdən məlumatlandırılmasına» göstərdiyi sayğı sayəsində 1851-ci ildə
işıq üzü görmüşdür. Cənubi Azərbaycanda teleqrafın təsis olunması da həmin
ilə təsadüf edir.Dövlət siyasətini təbliğ edən bu qəzet «Ruznameyi-Vaqayi-
İttifaqiyyə» adlanırdı və oradakı siyasi məqalələri Mirzə Tağı Əmir Kəbir
hazırlayırdı. Qəzetin redaktoru isə Xoylu Mirzə Cabbar Təzkirəçi idi.
E.Braun qəzetin həftədə bir dəfə çıxdığını, 4-8 səhifədən ibarət olub
müntəzəm çap olunduğunu qeyd edir. Qəzetdə əsasən ənənəvi saray xəbərləri,
şahın səfərləri və ova çıxması haqda məlumatlar, şahın fərmanları, dövlət
tədbirləri ilə bağlı yazılar verilirdi (60).
1860-61-ci illərdə qəzet Ruznameyi-daulate aliye-İran adlanırdı. Qəzetin
redaktoru Mirzə Əbülhəsən Nəqqaşbaşı idi. Təxəllüsündən göründüyü kimi,
16
həm də gözəl rəssam kimi ad qazanmışdı. Onun qəzetdəki illüstrasiyalarında
Avropa təsiri aydın duyulurdu.
İranda ilk qəzetlər Mətbuat Nazirliyinin nəzdində olan xüsusi nəşriyyat
idarəsi tərəfindən hazırlanıb, məqalə və məlumatlar əsasında tərtib olunurdu. Bu
qəzetlərdə yenilik və həyati həqiqətlər az əks olunduğundan, oxucuları da cəlb
edə bilmirdi. İranın tanınmış mətbuat tədqiqatçısı M.Barzin yazırdı: «Əhali çox
nadir hallarda qəzet alıb oxuyurdu. Ona görə də dövlət onları rəsmi orqanlara
göndərib, dövlət qulluqçularına zorla abunə etdirirdi. Elə bu səbəbdən o zaman
qəzetləri zornamə (fars dilindəki «qəzet-ruznamə» sözünə qarşılıq olaraq-P.M.)
adlandırırdılar».
1858-ci ildə Təbrizdə «Azərbaycan» adlı ilk rəsmi qəzet nəşr olundu.
Bununla, Güney Azərbaycanda dövrü mətbuatın əsası qoyuldu. «Əxbari-
darülsəltəneyi-Azərbaycan» və başqa adlar altında çıxan bu qəzetin
səhifələrində, o dövrün rəsmi qəzetlərinə xas olan saray xəbərləri, şahın və
vəliəhdin səyahət və səfəri ilə bağlı məlumatlar, ölkə daxili və xaricində baş
verən hadisələrin qısa xülasəsi verilirdi. Təbii ki, bu qəzet də digərləri kimi
texniki tərtib və məzmun baxımından çox zəif olur, özünə oxucu toplaya
bilmirdi.
Nəşr olunan qəzetlərdə ölkədəki sosial-siyasi məsələlərə toxunmaq qadağan
edilmişdi. Hətta xarici mətbuatı tərcümə zamanı, belə mövzulara toxunmaq
olmazdı. Bəzən də tərcüməçiləri sözü dəyişdirməyə vadar edirdilər. İranda
qanun haqda fikir yalnız XIX əsrin sonunda yaranmağa başlayır. Kəsrəvi
yazırdı ki, bu tarixə qədər iranlılar arasında belə bir fikrin olması haqda heç bir
məlumat və xəbər yox idi. Tanınmış alim «Zəkaülmülkü məcbur etmişdilər ki,
öz tərcümələrində, artıq qanun adını çəkməsin. O da qanun əvəzinə qayda
kəlməsi işlətməyə məcbur olurdu. Məsələn, yazırdı; filan adam Londonda qayda
üzrə üç il həbsə məhkum olunmuşdur» (19)
İnformasiyanın əksər hissəsi o vaxtlar Röyter agentliyinin Avropada
hazırlanan, Şərq ölkələrindəki qəzetlər üçün nəzərdə tutulan «İctimai
yeniliklər»dən əxz olunurdu.
17
Rəsmi xarici teleqraf xəbərləri, Avropa ölkələrinin elmi nailiyyətləri, xarici
ölkələrin mədəniyyət və tarixi ilə bağlı məsələlər ixtiyarsız olaraq, oxucuların
maarifləndirilməsinə xidmət edirdi.
Güney Azərbaycanda yeni maarifin rüşeymi 1869-cu ildə Təbrizdə
«Mədrəsəye-Nasiri» məktəbinin açılması ilə qoyulmuşdu.
Dövlət tərəfindən Təbrizdə təsis edilən ilkin məktəb isə 1877-ci ildə açılan
«Təbriz» mədrəsəsi idi. Tədqiqatçılar bu tədris ocağını Tehran darülfünunu ilə
müqayisə edərək, ona tən olduğunu yazırlar. Bu mədrəsənin açılması Güney
Azərbaycanda dünyəvi təhsilin inkişafında atılmış ilk addım idi. «Təbriz»
mədrəsəsi 1893-cü ildən «Müzəffəriyyə» adlandırılır. Güney Azərbaycan
maarifinin tanınmış araşdırçısı Hüseyn Ümid yazır ki, Azərbaycanda yeni
maarifin ilk bünövrəsi, həmin məktəbin əsası üzərində qurulmuş və bu təhsil
müəssisəsi bir çox alimlər yetişdirib cəmiyyətə vermişdi.
1893-cü ildə «Müzəffəriyyə» mədrəsəsində «Nasiri» adlı qəzet çap olundu.
Bir çox üstün keyfiyyətləri ilə seçilən bu qəzetin redaktoru, «Müzəffəriyyə»
məktəbinin müdiri idi. Bununla, Güney Azərbaycanda yeni bir ənənənin tədris
müəssisəsində – məktəb və mədrəsələrdə qəzet, jurnal çapının əsası qoyuldu.
Mədrəsə və məktəblər yetişdirdikləri gəncləri dərs vəsaiti ilə təmin etmək
məqsədi ilə çap maşınlarına və avadanlıqlarına malik idilər.
XIX əsrin ortalarında Güney Azərbaycanda həm dövlət mətbəələri, həm də
xüsusi çapxanalar az deyildi. Ölkədə nəşriyyat işlərinə rəsmi nəzarət edən bir
orqan – senzura olmasa da bu müəssisələr hakimiyyət orqanlarının və
ruhanilərin ciddi nəzarəti altında idi.
Məktəb (ibtidai ruhani məktəbi) və mədrəsələrin (ali ruhani məktəbi)
açılması savab iş sayılırdı. Müsəlman məscidlərinə vəsiyyət edilib bağışlanmış
mülklər və torpaqların (vəqflərin) gəliri məktəb binalarının, müdərrislərin,
şagirdlərin saxlanmasına sərf edilirdi. Faktiki olaraq gəlirin mühüm hissəsini
ruhanilər özləri mənimsəyirdi. Hökumətin onlara nəzarət edilməsinə izin
verimirdi. Mədrəsinin bütün işlərinə ruhanilər nəzarət edirdi.
18
Vəqf torpaqları hesabına feodallara çevrilmiş ruhani təbəqəsi böyük maddi
imkana malik olub, güclü nüfuz sahibinə çevrilmişdilər. Ruhanilər yeri gələndə
dövlətin işinə də müdaxilə edə bilirdi.
Bertold yazırdı ki, müsəlmanlar heç bir tərəddüd göstərmədən
avropalılardan atəş silahı borc alırdılar. Lakin kafirlərin digər ixtirasını, yəni
çapı qəbul etmək üçün nüfuzlu fəqihlərin icazəsi lazım gəlirdi. Çap olunmuş
kitablardan istifadə etmək, dinlə yaxın olan mədrəsə həyatında tam çevriliş
əmələ gətirirdi». Bu isə ruhaniləri razı sala bilməzdi.
Cənubi Azərbaycanda İranda olduğu kimi XIX əsrin 70 illərindək sxolastik
xarakter daşıyan təhsil sistemi mövcud olmuşdur. Tədrisin əsasını ilahiyyat
təşkil edirdi. Bununla yanaşı öyrəncilər ədəbiyyat, tarix, coğrafiya, riyaziyyatla
da tanış olmalı idilər (14).
İranda olmuş fransalı Jarden o dövrdə İranda gördüyü məktəbi belə təsvir
edirdi: Hər bir şəhər və məhəllədə bir neçə məktəb vardır. Məktəbdə şagird uca
səslə öz dərsini oxuyur. Bütün uşaqlar bir yerdə dərs oxumağa başladıqları üçün
qəribə səs-küy qalxır. Biri uca səslə əlifba oxuyur, o biri höccələyir, bir başqası
fars dilində olan kitabı, digəri ərəb dilində kitabı oxuyur.
Bu səslər o qədər bir-birinə qarışır ki, şagirdlər çox zəhmətlə öz səslərini
eşidə bilirlər.
Azərbaycanın böyük mütəfəkkiri M.F.Axundov İranın geriliyinin köklərini
dünyəvi təhsilin olmamasında görürdü. Axundovun davamçısı Zeynalabdin
Marağayi də İranın geridə qalmasının səbəblərini təhsilin yoxluğunda görür və
höküməti bu problemə heç bir diqqət yetirmədiyinə görə təqsirləndirirdi.
Onun «İbrahim bəyin səyahətnaməsi» əsərinin qəhrəmanı müəllifin maarif
haqqındakı fikrini belə ifadə edir: «Hər şeydən çox məktəb lazımdır, elm
lazımdır. Xalq elm və sənətlə tanış olmayınca və onları dərk etməyincə, bizim
vəziyyətimiz düzəlməyəcək» (33, s. 213) Z.Marağayi tədris metodikasını tənqid
edərək, uşaqların təhsilinin Hafizin sözlərini əzbərləməklə başlamasını
məqsədəuyğun saymırdı.
19
Güney Azərbaycanın, eləcə də İranın maarifçilik tarixində Mirzə Həsən
Rüşdiyyə, Cabbar Baxçaban (Əsgərzadə), Hacı Məhəmməd Naxçıvaninin böyük
xidmətləri olmuşdur. M.H.Rüşdiyyə İranda ilk üsuli-cədid məktəbinin,
C.Baxçaban ilk uşaq bağçasının, lal-karlar üçün xüsusi məktəbin yaradıcısı
sayılırlar.
1888-ci ildə Mirzə Həsən Rüşdiyyə tərəfindən Təbriz şəhərində ilk üsuli-
cədid məktəbinin əsası qoyulur. Bu məktəb İran maarifi tarixində ilk yeni üsullu
məktəb idi. Bu təhsil ocağı müasir məktəb atributlarını xatırladan yazı lövhəsi,
parta və başqa ləvazimatlarla təchiz olunmuşdu. Ən əsası isə orada əlifbanı yeni
metodla – tez və asan öyrənməyə imkan verən sovti üsulla (səsləndirmə –PM)
tədris edirdilər. «İran maarifinin atası» sayılan M.H.Rüşdiyyənin öz xalqı
qarşısında ən böyük xidmətlərindən biri də müasir bilikləri və ana dilini təbliğ
edən bir çox dərsliklər – «Ana dili», «Vətən dili» dərsliklərini yaratması idi.
M.H.Rüşdiyyə mütərəqqi və bacarıqlı ziyalıları öz ətrafında birləşdirməyə nail
olmuşdu.
«Təbriz» dövlət mədrəsəsi dövlət tərəfindən təsis olunduğu üçün maarifə
zidd olan mürtəcelər onun fəaliyyətini dayandıra bilmədilər.
«Rüşdiyyə» milli məktəbi isə dəfələrlə mürtəce qüvvələrin təqibinə və
zorakılığına məruz qalıb bağlandıqdan sonra, o məktəbin müəllimlərindən
Hüseyn Təbibzadə «Kamal», Mirzə Rza Səhafzadə «Pərvəriş» və Mirzə Əhməd
«Bəsirət» kimi yeni üsulla məktəbləri təsis etdilər. Dövrünün yenilikçi və
savadlı pedaqoqları olan bu məktəb müdirləri eyni zamanda qəzet, jurnal nəşri
ilə də məşğul idilər.
Beləliklə, 1899-cu ildən başlayaraq, «Kamal» mədrəsəsində «Kamal»,
«Pərvəriş» məktəbində «Dəbistan», «Bəsirət» məktəbində «Üxviyyət» və
«İttihad» adlı qəzetlər çap olunmağa başladı.
Bunu da qeyd etmək yerinə düşər ki, M.H.Rüşdiyyə də ayrı-ayrı vaxtlarda
«Məktəb» və «Tehran» adlı qəzetləri nəşr etdirmişdi.
20
1899-cu ildə görkəmli xadim Hüseyn xan Ədalət Mirzə Məhəmmədəli
Tərbiyət, Məhəmməd Şəbüstəri və Həsən xan Tağızadə tərəfindən «Tərbiyət»
mədrəsəsi açıldı.
Maarifçilik hərəkatının fəallarından olan tanınmış ziyalıların bir çoxu
millətə, ölkəyə fayda gətirmək və xalqa xidmət etmək niyyətilə yeni məktəblər,
kitabxanalar açır, kitab, qəzet və jurnal nəşr edirdilər. Bu ziyalıların yaradıcılıq
fəaliyyətində çox zaman bir çox sahələr ədəbiyyat, tarix, jurnalistika, tədris
birləşirdi. Ona görə də tanınmış ziyalılar-elm, sənət və dövlət adamları o dövrdə
mətbuat orqanlarının redaktoru və naşiri olurdu. Bunun nəticəsində də ölkədə
qəzet və jurnalların sayı artır, mətbuatda keyfiyyət dəyişiklikləri baş verir,
onlara kütlələr arasında maraq artırdı.
1908-ci ildə Təbrizdə «Maarif» kollecinin direktoru Mirzə Abdulla xan
Cahanşahı tərəfindən «Mərifət», 1909-cu ildə Xoy şəhərində «Musavat»
məktəbinin direktoru Ağaxan Hirandi tərəfindən siyasi və inqilabi mətbuat
orqanı olan «Mükafat» qəzetləri təsis olunmuşdu.
XIX əsrin II yarısında İranda Britaniya, Rusiya, Fransa, Amerika kimi bir
çox xarici ölkələrin missiyaları fəaliyyətə başladı: ingilis-katolik və bantist,
fransız-katolik, rus-pravoslav, amerikan presviterion və s.
Fransız tədqiqatçısı T.Villmoren yazırdı ki, Avropa dövlətlərinin bir çoxu
xristian-missionerləri öz təsirlərinin başqa ölkələrdə təbliğatçıları olmağı
məcbur etdilər. (14, 54) Bu təsirin xalq arasında yayılması yollarından biri
məktəblərin yaradılması idi.
Missionerlərin fəaliyyəti əsasən xarici dövlətlərin mövqeyini İranda
möhkəmlənməsinə, əhali arasında möhkəm dayaq yaratmağa yönəlmişdi ki, bu
da ölkənin gələcəkdə əsarət altına alınmasını asanlaşdırırdı. (14, 43)
Öz ölkəsinin demokratik qanunlarla idarə olunub hər sahədə inkişaf etmiş,
xarici inhisarçılardan azad bir dövlət kimi görmək istəyən mütərəqqi və mübariz
şəxslər mərkəzlər, gizli cəmiyyətlər yaradaraq onun ətrafında birləşirdi. Bu
fədakar ziyalılar xalqın ictimai fikrinin formalaşmasına və inkişafına təsir
göstərmək üçün yeni mətbu orqanları təsis edirdilər. Dövrün tanınmış
21
şəxsiyyətləri Hüseyn xan Ədalət «Əlhədid» (1897), Sadiq xan Ədibülməmalik
«Ədəb» (1898), Hüseyn Təbibzadə «Kamal» (1901), Məhəmmədəli Tərbiyət
(H.Tağızadə, M.Şəbüstəri, H.Ədalətlə birgə) «Gəncineyi-Fünun» (1902) kimi
qəzet və jurnalları nəşr edirdilər.
Bu mətbu orqanları publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb
göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə
islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdilər.
«Əlhədid» qəzetinin redaktoru Hüseyn Ədalət gənclik illərində (onun yaxın
qohumu Həştərxanda İranın konsulu olmuşdur) Həştərxana səfər etmiş, bir
müddətdən sonra isə Peterburqa getmişdir. Orada qaldığı iki ildən artıq
müddətdə rus dilini öyrənmiş islam dünyasının lideri, böyük ideoloq Seyid
Cəmaləddin Əsədəbadi Əfqani ilə tanış olub, onunla əlaqə qurur. C.Əfqani ilə
yaxınlığı onun dünyagörüşünə, yaradıcılığına çox böyük təsir göstərmişdir.
Vətənə dönən H.Ədalət 1897-ci ildə «Əlhədid» sonralar isə «Xəbər», «Ədalət»,
«Söhbət», «Ana dili» qəzetlərini təsis edir. Qeyd etmək lazımdır ki, 1878-ci ildə
Təbrizdə ilk özəl qəzet olan «Təbriz»in təsisçisi və redaktoru da H.Ədalət
olmuşdur. «Əlhədid» qəzetində Təbrizin M.Şəbüstəri (Əbülziya), H.Tağızadə,
Ə.Səfərov və M.Tərbiyət kimi tanınmış ziyalıları çıxış edirdilər. Onlar gizlicə
«Əlhədid» qəzetinin redaktorunun evində toplaşıb, xalqın nicatı yollarını arayır,
öz fikir və mülahizələrini qəzetinin səhifəsinə çıxarırdılar.
Lakin qəzetinin çapı uzun çəkmir, onun cəmi üç sayı işıq üzü görür.
Hüseyn Ədalət öz ölkəsinin qadınlarını Avropa ölkələrində olduğu kimi
çadrasız, təhsilli, azad görmək istəyirdi. O, İranda qadın azadlığını qaldıran ilk
ziyalılardan olmuş, bu məsələni nəşr etdiyi qəzetin səhifələrinə çıxartmışdır.
Onun redaktoru olduğu «Söhbət» qəzeti, mürtəce qüvvələrin təzyiqinə məruz
qalaraq tez bir zamanda qapanmışdı, buna səbəb isə orada «qadın azadlığı»nın
təbliği olmuşdu.
H.Ədalət Təbrizi tərk edib Tehrana köçmüş, orada açdığı mədrəsədə
qızların təhsili ilə məşğul olmuşdur.
22
H.Ədalət Məşrutə dövründə (1906-1911) Azərbaycanın maarif sisteminə
başçılıq etmişdir. Məşrutə dövründə vətənpərvər ziyalı kimi yurdunun tərəqqisi
uğrunda fədakarcasına çalışmışdır.
«Kamal» qəzetinin naşiri M.Hüseyn Təbibzadə «Kamal» məktəbinin müdiri
olmuşdu. 1903-cü ildə Təbrizdə yeni üsuli-cədid məktəbləri qaraguruhçu
qüvvələr tərəfindən dağıdılır. Hüseyn Təbibzadə təqiblərə məruz qaldığından
Bakıya köçür və Bakıda iranlılara məxsus məktəbin müdiri olur. Sonralar
Təbibzadə Misirə səfər etmiş, orada «Kamal» qəzetini nəşr etdirməyə
başlamışdır.
Hüseyn xan öz təxəllüsünü təsis etdiyi qəzetin adından götürmüşdü.
Tanınmış tarixçi Ə.Kəsrəvi onu mütləqiyyəti aradan qaldırmağa səy göstərən
dəstənin üzvlərindən biri kimi qeyd etmişdir. Həmin dəstənin iclasları Mirzə
Hüseyn xanın evində təşkil olunurdu (62, 94).
M.F. Axundovun yeni əlifba ideyasını İranda təbliğ edənlərdən biri də
Hüseyn Təbibzadə idi. O, əlifbanın dəyişdirilməsi ilə bir sırada təlim üsulunun
yeni qaydalar üzərində islahı və yeni məktəblərin təsisi zərurətini göstərir, yeri
gəldikcə bu məsələyə Qahirədə çıxardığı «Kamal» qəzetində toxunurdu.
Mənbələrdən öyrənmək olur ki, XIX əsrin 90-cı illərində, iki yerə
bölünmüş Azərbaycanın o biri hissəsində – Cənubi Azərbaycanda, Təbriz
şəhərində 1892-ci ildən başlayaraq «Şəbnamə» adlı kiçik formatlı mətbu
nümunələri görünməyə başlayıb. Onun səhifələrində xalqı narahat edən sosial
problemlərə toxunulur, mövcud quruluşdakı çatışmazlıqları tənqid edən kəskin
yazılar hazırlanırdı.
Gizli üsulla çap olunan «Şəbnamə» adətən geçələr qapı və divarları
yapışdırılırdı. Səhər açılanda artıq əhalinin gur olduğu bazar, məktəb və
mədrəsələrdə yayılır, əldən-ələ gəzirdi. Geçələr yayılandığı üçün də adı «geçə
vərəqləri» mənasını daşıyırdı.
O dövrdə dövlət qəzetlərinin çox zaman maraqsız və cansıxıcı olduğundan
çətinliklə satılır, əhalinin müəyyən bir qisminə məcburi əbunə formasında
paylanırdı. Belə «darıxdırıcı» ruznamələr (yəni qəzetlər (farsca)– P.M.) xalq
23
arasında ruznamə–zornamə adını qazanmışdı. Belə qəzetlərdən birini vaxtilə
M.F.Axundov «İran» qəzetinin münşisinə…» məqaləsində kəskin tənqid
etmişdi.
Lakin pulsuz yayılan, içərisi baməzə, duzlu yazılarla və gülməli şəkillərlə
bol olan iri vərəqələri sadə xalq böyük həvəslə oxuyurdu. Savadlıların barmaqla
sayıldığı o dövrdə bu qəzetə maraq o qədər çox idi ki, bəzən məhəllə-məhəllə
gəzib, onu oxutdurmaq üçün yazi-pozunu bilən adam soraqlayırdılar.
Haqqında söhbət açdığımız qəzetin naşiri və redaktoru istedadlı publisist
Əliqulu Səfərov idi. Səməd Sərdar Niyanın yazdığına görə Ə.Səfərov cavan
yaşlarında atasının yanında Rusiya və Türkiyədə ticarətxanaların idarəsi ilə
məşğul olurdu. Bu ölkələrdə İran hökuməti tərəfindən sürgün edilmiş siyasi
mühacirləri və yerli mütərəqqi fikirli ziyalılar ilə sıx təmasda olurdu. Sonralar
vətənə xidmət etməkdən ötrü ticarəti tərk edib vətənə dönür.
Belə ziyalılardan biri də Əliqulu xan Səfərov idi. O, ölkəni konstitusiya ilə
idarə olunan, hər sahədə inkişaf etmiş, xarici istismarçilardan asılı olma-
yan azad bir dövlət kimi görmək istəyirdi.
Ə.Səfərov qəzeti xalqı oyatmağın ən təsirli vasitələrindən biri hesab
edirdi. Əvvəlcə o öz həmfikirləri ilə bərabər gizli bir mərkəz yaradır. «Gizli
əncümən» adlanan bu mərkəzdə Əliqulu Səfərovla yanaşı dövrün görkəmli
vətənpərvər ziyalıları M.Tərbiyət., S.M.Şəbustəri, H.Ədalət iştirak edirdilər.
1892-ci ildə Ə.Səfərov Təbrizdə qeyril-leqal olaraq «Şəbnamə» adlı, kiçik
ölçülü satirik qəzet – vərəqə buraxmağa nail olur. Ə.Kəsrəvinin yazdığına görə
Ə.Səfərov «Gizli əncümən»in üzvü olmaqla bərabər Məmmədəli Mirzənin gizli
polis rəisi idi. Məmmədəli Mirzəyə gələn raportlar, məktublar Əliqulu xanın
əlindən keçirdi. O bu vəzifəsindən istifadə edərək əlbir və həmfikir olduğu
yoldaşlarını polisdən qoruyur, həm də ölkədə baş verən cinayətləri, mənfi
halları açıb «Şəbnamə»də yayır geniş kütlələri xəbərdar edirdi.
XIX əsrin sonlarında İranda, eləcə də Cənubi Azərbaycanda yerli
feodallara, yadelli inhisarçılara, şah reciminə qarşı narazılıqlar getdikcə əhali
arasında kəskin şəkil alırdı. Sonralar tarixdə «Tənbəki üsyanı», «Zeynəb paşa»
24
və s. adı altında ingilislərin tütün inhisarına, yerli feodalların taxıl
möhtəkirliyinə qarşı baş verən xalq hərəkatları o dövrün mətbuatında; ölkədən
xaricdə nəşr olunan mühacir mətbuatında və ölkədəki gizli nəşriyyələrdə öz
əksini tapmışdı.
Ümumiyyətlə, o dövrdə «Şəbnamə» adı altında gizli çap olunan nəşr
nümunələrinə çox rast gəlmək olardı. Məşrutə inqilabı ərəfəsində dövrünün
gizli halda yayılan qəzet, vərəqə və bəyannamələrə də «Şəbnamə» deyilirdi.
Satirik ruhlu bu kiçik ölçülü qəzet və ya vərəqələrdə dövrün Əliqulu
Səfərov, Mirzə Həsən Rüşdiyyə, Məhəmmədəli Tərbiyət kimi mütərəqqi
ziyalıları İranın real ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı
müstəmləçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar
keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərdilər.
«Şəbnamə»nin nəşri tarixi ilə bağlı ingilis şərşünası Edvard Braunun
1914-cü ildə Londonda çap etdirdiyi «Müasir İranın ədəbiyyat və mətbuat tarixi
kitabında (E.Braun bir müddət İranda yaşamış, elmi tədqiqat işi aparmışdır. O
İran ədəbiyyatı, Məşrutə inqilabı tarixi və s. əsərlərin müəllifidir. O Cənubi
Azərbaycanın görkəmli ziyalılarından olan M.Tərbiyətlə yaradıcılıq əlaqəsi
saxlayırdı. E.Braun İngiltəriyə qayıdarkən onun «İran mətbuat tarixi» adlı
əlyazmasının üzərində işləmiş öz əlavələrini və o dövrdə İranın Rəşt şəhərində
İngiltərə səfərətxanasının konsulu işləyən Rabinonun da yerli mətbuatla bağlı
qeydlərini oraya daxil edərək ayrıca bir əsər kimi çap etdirmişdir. Kitabın
əvvəlində əsərin əsl müəllifinin M.Tərbiyət olduğunu da xüsusi vurğulamağı
unutmamışdır) «Şəbnamə»nin 1892-ci ildə Təbrizdə meydana gəldiyini,
müntəzəm deyil, müvafiq vaxtlarda çap olunduğunu, redaktorunun və oradakı
bir çox məqalələrin müəllifinin Əliqulu xan Səfərov olduğunu və çox zaman
Ağaqulu imzasından istifadə etdiyini, gizli çap olunub yayılandığını, yeni
ideyalarla zəngin, çox düşündürücü və satirik olub səhifələrinin əksəriyyətinin
karikaturalarla bəzədildiyini qeyd edir, onu çox yüksək qiymətləndirirdi. Ən
başlıcası isə E.Braun nüsxəsi günümüzə qədər gəlib çıxmayan bu qəzetin
25
saylarından birini 1906-cı ildə gördüyünü yazır, oxucuları «Şəbnamə»nin satirik
üslubu ilə tanış etmək üçün qəzetdəki yazıları örnək gətirir.
Həmin saydakı məqalələrin birində o dövrdəki çörək qıtlığı ilə bağlı
dükan-bazarladakı qarma-qarışıqlıq və zorakılıqdan bəhs olunur: «Dünən
xidmətçini səhər qəlyanaltısı üçün bazara çörək almağa yolladım. O səhər
erkəndən çıxdı, evə 3 saatdan sonra gəldi. Geri qayıdanda onun paltarı cırıq-
cırıq, üzü cızıq-cızıq olub, bədəni bir neçə yerdən yaralanmış, bütün vücudu
göm-göy göyərmişdi. O dövrdə tüğyan eləyən aclıq bizə də sirayət etdiyindən
onun gətirdiyi çörəyin çox quru və kiçik olmasına baxmayıb biz o loxma çörəyi
dərhal parçalayıb bir neçə hissəyə böldük…».
Digər bir yazıda isə küçələrdə xirtdəyəcən çıxan palçıqdan və bu
xoşagəlməz vəziyyətin Şah sarayına yaxın olan Baş küçədə də adı hal
olduğundan bəhs olunur: «Dəvə karvanı Baş küçəyə çatanda palçıq bataqlığının
içində batıb gözdən itdi. Bir az keçdikdən sonra onlar Acı çayın sahilində peyda
oldular və yollarına davam etdilər».
Qeyd etmək lazımdır ki, E.Braun «Şəbnamə»nin həmin sayindakı
yazıların türkcə (azərbaycanca - P.M.) yazıldığını, səhifənin tən yarısının
şəkillərlə bəzədildiyini yazır. Lakin qəzetin nəşri tarixinin və məkanını
göstərilmədiyini həmçinin redaktor və müəllifləri haqda heç bir məlumat
verilmədiyini bildirir.
Ə.Səfərovun 1898-ci ildə nəşr etdiyi «Ehtiyac» qəzeti şəraitin imkan
verdiyi hüdudda mövcud quruluşu tənqid edir, xalqı azadlıq və tərəqqiyə
çağırır, qəflət yuxusu və cəhalətdən oyadırdı. Höküməti mövcud quruluşu və
xarici inhisarçıları tənqid etdiyinə görə qəzetin çapı 7-ci sayından sonra
dayandırıldı.
«Ehtiyac» qəzetinin cəmi yeddi sayı işıq üzü görmüşdür. Sonuncu sayda
Ə.Səfərov yazırdı ki, iranlılar hətta çaydan üçün də xaricilərə möhtacdırlar. Bu
acı həqiqətlə barışa bilməyən Azərbaycan hakimi Əmirnazim Gorrucu qəzeti
bağlamış və Ə.Səfərovu cəzalandırmışdı. Ə.Səfərov bundan sonra «İqbal» adlı
26
qəzet çıxarmışdı. «Ehtiyacın bir növ davamı olan «İqbalın ömrü çox olmamış,
onun cəmi dörd sayı işıq üzü görmüşdür.
1898/9-cu ildə «Loğmaniyyə» məktəbinin müdiri Sadıq xan Ədibül
Məmalik tərəfindən «Ədəb» qəzeti nəşr olundu.
Avropada təhsil almış Mirzə Sadıq xan geniş dünyagörüşünə, hərtərəfli
savada malik şəxsiyyətlərdən idi. Hələ gənc yaşlarından şer yazmağa başlayan
Sadıq xan əvvəllər «Pərvanə», sonralar isə «Əmiri» təxəllüsü ilə şerlər yazırdı.
Özünü istedadlı şair kimi tanıdan Sadiq xan xan saraya dəvət olunur, Ədibül
Məmalik (bütün dövlətin şairi) təxəllüsü qazanır. Sadıq xan dünya mədəniyyəti
və ədəbiyyatının nailiyyətləri ilə maraqlanır, müntəzəm qiraətlə məşğul olur,
rus, pəhləvi, gəldani, fransız və ingilis dillərini bilirdi. Avropa və Asiyanın bir
çox ölkələrinə səfər etmiş Sadıq xan xalqını savadlı, ölkəsini daim inkişafda
görməyi arzulayırdı. O, coğrafiya, mədəniyyət, ədəbiyyatla bağlı bir neçə kitab
yazmışdı.
Dövrünün digər şairləri kimi Ədibül Məmalik qəsidə, qəzəl, mədhiyyələr
yazırdı.
Sonralar o, daha operativ və XIX əsrin sonlarında İranda populyar janr olan
publisistikaya müraciət edir.
1898-ci ildə Təbrizdə «Ədəb» qəzetini nəşr edən Sadiq xan, sonralar
qəzetin, tək Güney Azərbaycanda deyil, İranın Məşhəd və Tehran şəhərlərində
də çap olunmasına nail olur.
1905-ci ildə Bakıda Əhməd bəy Ağayevin redaktorluğu ilə nəşr olunan
«İrşad» qəzetinin fars dilli əlavəsini çıxarır.
«İrşad»ın cəmi 13 sayı çıxmış farsca əlavəsində ədəbi-ictimai fikir
tariximiz üçün çox maraqlı faktlara rast gəlmək mümkündür. Məs. onun
saylarından birində Böyük mütəfəkkir M.F.Axundovun indiyə qədər əldə
olunmayan ərəbcə yazılmış «Təlqinnamə» əsərindən bir hissə çap olunmuşdur.
Bu isə onu göstərir ki, bu əsər həqiqətən mövcud olmuşdur.
Digər bir maraqlı fakt İran dramaturgiyasının banisi Mirzə ağa Təbrizi ilə
bağlıdır. O, M.F.Axundovun təsiri altında dram əsərləri yazmışdır. Mirzə ağa
27
Təbrizi yazdığı hər bir yeni peysini M.F.Axundovdan məsləhət almaq və əsər
haqda onun fikrini bilmək üçün ona göndərirmiş. Amma hər dəfə də xahiş
edirdi ki, yazışma zamanı bir müəllif kimi onun adını yazmasın, bunu gizli
saxlasın. Çünki onun əsərləri tənqidi satira üzərində qurulduğundan yazıçıya
təhlükə yarada bilərdi. Bu səbəbdən uzun illər bu əsərlərin müəllifinin adı
qaranlıq qalmışdı. Uzun müddət onun əsərlərini səhvən M.F.Axundovla əlaqə
saxlayıb məktubla yazışan, başqa bir ziyalı, erməni əsilli Melkum xanın adına
çıxırdılar. Bu məsələ ilə bağlı həqiqəti ilk dəfə tədqiqatçı Həmid Məmmədzadə
üzə çıxarmışdır. «İrşad»da Mirzə ağa Təbrizinin əsərindən bir parça çap
olunması əsərlərin əsl müəllifinin kimliyinə aydanlıq gətirib.
Bakıdan Tehrana qayıtdıqdan sonra, Mirzə Sadiq xan 1907-ci ildə «İraqe-
əcəm» və 1914-cü ildə isə «Aftab» qəzetlərini nəşr edir.
Orta əsrlərdə məşhur şairlər saraya cəlb edilir, orada fəaliyyət göstərib,
qəzəl, qəsidə və bir çox hallarda şahın şəninə mədhiyyələr yazırdılar. Sonralar
tanınmış şairlər, əsasən Tehranda yerləşən xüsusi evlərdə görüşüb şerləşirdilər.
XX əsrin əvvəllərində Təbrizdə Təbriz ziyalılarının, şair və alimlərinin
toplaşdığı «Loğmaniyyə» məktəbində ədəbi, dərnək fəaliyyət göstərməyə
başladı. Bu ilk ədəbi dərnəyi Sadıq xan Ədibül Məmalik idarə edirdi.
Ədalət Əbülziya, Həsən Tağızadə və Məmmədəli Tərbiyət müasir
mütərəqqi fikirlərin təbliği və yayılma mərkəzlərini yaratmağa müvəffəq
olmuşdular. Az müddətdən sonra bu mərkəzin orqanı olan «Gəncineyi-Fünun»
jurnalı dərc olundu.
«Gəncineyi-Fünun» jurnalının redaktorlarından biri Məmmədəli Tərbiyət
Güney Azərbaycanın görkəmli maarif xadimlərindəndir. O, dövrün demokratik
fikirli ziyalıları – Seyid Məhəmməd Şəbüstəri, Həsən Tağızadə, Hüseyn
Ədalətlə birlikdə Təbrizdə yeni üsulla idarə olunan «Tərbiyət» məktəbinin
əsasını qoymuşdur. Təbrizdə çox zəngin «Tərbiyət» kitabxanasının yaranması
da onun adı ilə bağlıdır. Tərbiyət Asiya, Afrika və Avropanın bir çox
ölkələrində nəşr olunan kitabları, qəzet və jurnalları Təbrizə gətirərək yaratdığı
kitabxana vasitəsilə oxuculara çatdırırdı. Azərbaycan ziyalılarının dövrün
28
qabaqcıl mətbu orqanları və nəsr nümunələri ilə tanış olmasında, onların dünya
görüşünün artmasında «Tərbiyət» –kitabxanasının xidmətləri az olmamışdır.
1902-ci ildə Təbrizdə nəşr olunan «Gəncineyi-fünun» tək Cənubi
Azərbaycanda deyil, həmçinin İranda ilk elmi-ədəbi jurnal hesab olunur.
Jurnalda nəşr olunan yazılar dörd mövzu ətrafında birləşirdi. I. Elm və texnika
ilə bağlı yeniliklər, II. İncəsənətdən, tarix və ədəbiyyatdan bəhs edən «İncəsənət
bələdçisi». Bu rubrikanı M.Tərbiyət hazırlayırdı. III. «Qədim mədəniyyətlər,
sivilizasiyalar». Bu bölmədə Avropanın tarixçi alimlərinin (xüsusilə fransız
Qustav M.Bonun) əsərlərindən örnəklər verilirdi. Həmin əsrələri Həsən
Tağızadə çevirir və onların çox zaman geniş şərhini hazırlayırdı. IV. Bədii
əsərlərdən edilmiş tərcümə nümunələri sonuncu bölmədə yerləşdirilirdi. Macəra
ədəbiyyatını, xususilə fransız yazıçısı Jül Vernin əsərlərini tanınmış şair Mirzə
Yusif xan Etisamimülk (görkəmli şairə Pərvin Etisaminin atası) çevirirdi.
Məmmədəli Tərbiyət 1921-25-ci illərdə Güney Azərbaycanın maarif naziri
vəzifəsini daşıdığı zaman, ölkəyə maarif və mədəniyyətin qorunmasına böyük
qayğı göstərir. Həmin illərdə Təbrizdə «Gəncineyi-Fünun» jurnalının nəşrini
bərpa edir.
XIX əsrin sonlarında qəzetlərin sayı artmağa başlayırdı. Xalq artıq
hakimiyyətə müxalif olan qəzetləri oxuyurdu. Onların əksəriyyəti ölkənin
xaricində çap olunan mühacir mətbu orqanları idi. Ölkə daxilində nəşr olunan
belə qəzetlər təzyiqlərə məruz qalıb bağlandıqca onların qeyri-leqal, kiçik
formatlı qəzetlər, vərəqlər görünməyə başlayırdı.
Şah uzun müddət ölkədə xüsusi qəzetlərin nəşrinə və ölkəyə xaricdən
mətbuat gətirilməsinə icazə vermirdi. «1863-cü ildə şahın xüsusi fərmanı ilə
belə qəzetlər xalqı düzgün yoldan azdıran vərəqələr elan olunmuş, onların
yayılması qadağan edilmişdi», (8, 237). Sonralar şah mövqeyini yumşaltmalı
oldu. Gizli, qeyri-leqal mətbuatın qarşısını almaq, hökümət və ruhanilərin
nəzarəti altında olan özəl qəzetlərdə öz nüfuzunu möhkəmlətmək üçün onların
29
nəşrinə imkan yaratdı. Hökümət artıq xüsusi şəxslərə və idarələrə qəzet nəşrinə
icazə vermək məcburiyyətində qalmışdı.
Avropa dövlətlərində olduğu kimi İranda xüsusi mətbəə və təhsil
ocaqlarında yarım rəsmi qəzetlər görünməyə başlayırdı. Bu mətbu orqanları çox
ehtiyatlı şəkildə ölkədə bir çox zəruriyyətləri, xüsusi ilə sosial islahatlar
keçirilməsinin ətrafında fikirlərini bəyan edirdilər. Ümumiyyətlə o dövrdə çıxan
mətbu nümunələrini (şərti olaraq) 3 yerə bölmək olar:
1. Rəsmi
2. Qeyri-rəsmi, açıq nəşr olunan özəl mətbu orqanları.
3. Gizli çap olunub qəzet vərəqə, bəyannamə, kitabça və s. ibarət
nəşriyyələr.
Özəl mətbu orqanlarını təsis və idarə edənlər dövrün mütərəqqi şəxsləri və
görkəmli adamları olurdu. Onların nəşr etdikləri qəzetlər Nasiri, Təbriz
Əlhədid, Kamal, Ehtiyac və s. qəzetlər idi.
Hakim təbəqənin mənafeyini qoruyan rəsmi mətbuat orqanlarından fərqli
olaraq qeyri-rəsmi orqanlar mütərəqqi şəxslər və gizli cəmiyyətlər tərəfindən
hazırlanır. Xalqa yaxın olub azadlıq ideyalarını yayır, ölkədəki
çatışmamazlıqlardan yazır, hakim təbəqələrin cinayətlərini ifşa edirdi.
Gizli mətbuata gəlincə isə müxtəlif mənbələrə görə onların sırasına
«Şəbnamə», «Lisanül-qeyb», «Şahsevən» və s. daxil etmək olar. Vərəqə və
qəzetlər əlyazma və ya jelatin üsulu ilə çap edilib yayınlanırdı.
Aşkar çıxan mütərəqqi mətbuatın çoxu senzura tərəfindən təzyiq və təqibə
məruz qaldığına görə az ömürlü olurdu.
Qeyri-rəsmi və gizli çap olunan qəzetlər ölkənin ictimai-sosial
problemlərini işıqlandırır, yeni mütərəqqi fikirləri yayır və çox ehtiyatla
mövcud vəziyyəti tənqid edirdilər. Bu mətbu orqanları o birilərindən fərqli
olaraq oxucularına məcburi göndərilmirdi. Məsələn, Təbrizdə çıxan «Nasiri»
qəzeti isə yazaraq bildirirdi: «Bu qəzet mütləq rəsmiyyətdən kənardadır və
abunəçilər onu rədd və ya qəbul etmək ixtiyarına malikdir». Tehranda çıxan
30
«Tərbiyyət» qəzeti isə yazırdı: «Bu qəzet könüllüdür. Nə hökm əsasında nə də
müftə olaraq bir adama verilir». (19)
O dövrdə çap olunan qəzetlərin senzuradan yayınmaq üçün nələrdən
keçdiyini «Tərbiyət» qəzetinin timsalında görmək olar. Bununla bağlı qəzetin
naşiri 1897-ci ildə çıxan saylarından birində yazırdı: «Mən qorxmadan qəzetdə
gah teatr çıxardıram, gah zarafat və məsxərəyə əl atıram, gecə yuxu görürəm,
gündüz uzun-uzadı xəyal səfərinə gedirəm. Fikrimdən dünyaya bir eybəcər
övlad gətirmək üçün həm behişti, həm də cəhənnəmi qarşımda görürəm».
Cənubi Azərbaycanda ictimai fikri əks etdirməyə çalışan ilk özəl qəzet
1887-ci ildə işıq üzü gördü. «Təbriz» qəzetindən 4 il sonra «Mədəniyyət» qəzeti
də onun yolunu tutdu. (19)
«Təbriz» və «Mədəniyyət» qəzetlər əsas diqqəti yeni maarif və mədəniyyət
ideyalarını yaymağa, əhalini kitab, qəzeti mətbuat oxumağa yönəldir, ölkənin
mədəni və iqtisadi həyatında dəyişikliklər yaratmağa, sənaye və əkinçiliyi
inkişaf etdirməyə çağırırdı. Ölkədə mətbuat Nəsrəddin şahın yaratdığı
senzurasının möhkəm təzyiqi altında idi. «Qeyri-dövlət qəzetlərinin müdirləri
qəzetin mündəricəsini nəşrə və mətbəyə göndərməzdən əvvəl mətbuat naziri və
ya onu əvəz edən şəxsə göstərmək məcburiyyətində idilər. Bu qəzetlər çox
təzyiq və sıxıntı altında saxlanılırdı» (61, 9.).
Qəzet redaktorları, yeni tipli üsuli-cədid məktəblərinin baniləri və digər
mütərəqqi düşüncəli şəxsiyyətlər hər cür təzyiqlərə məruz qalsalar da, o
zamanlar yeni yaranan maarif və mədəniyyət ocaqlarının ətrafında toplanır və
gizli fəaliyyətlərini davam etdirirdilər. Vətənə xidmət edən, onun tərəqqisinə
çalışan ziyalılar, naşir və redaktorlar, ölkədə söz və mətbuat azadlığına imkan
və şərait olmadığı üçün öz qəzetlərini xaricdə çap edib, İranda yayırdılar.
Ölkədən xaricdə nəşr olunan bu qəzetlər xalqın oyanmasında, kütlələrin dövrün
mütərəqqi ideyaları ilə tanış edilməsində mühüm rol oynayırdılar. Bu qəzetlərdə
qoyulan əsas məsələlər bunlar idi: mövcud rejimin ifşası, mütləqiyyət rejiminin
konstitutsiya rejimi ilə əvəz olunması, ölkədə yeni islahatların keçirilməsi
(xüsusilə maarif sahəsində). Bu qəzetlər dövlət qəzetlərindən fərqli olaraq
31
İranın mövcud vəziyyətini tənqid edir və əfkari – ümumiyyəyə güclü təsir
göstərirdi. Belə mətbu orqanların ən birincisi 1875-ci ildə İstanbulda çıxan
«Əxtər» qəzeti idi. Türkiyədə Əxtərlə yanaşı «Şahsevən» də çap olunurdu.
Bunlardan başqa Misirin Qahirə şəhərində «Hikmət» (1892-1906), «Kəmal»
(1905-1906), Hindistanın Kəlküttə şəhərində «Həbiülmətin» (1893-1906) çap
olunurdu. Bu qəzetlərdə İranın ictimai həyatında olan bir sıra həqiqətlərin üstü
açılıb, İrandakı yarıtmazlıqlar haqqında ibrətli tənqidi məqalələlər yazıldığına
görə hakim dairələrin qəzəbinə səbəb olur və onların İranda yayılmasına süni
maneələr yaradılırdı. Lakin xalq içərisində mütərəqqi qəzetlərə rəğbətin
çoxalması ilə əlaqədar olaraq həmin mətbu orqanları müxtəlif yollarla İrana
gətirilib əldən-ələ keçir, oxunurdu. «Əxtər»in ilk nömrələri gündəlik nəşr
olunurdu. Nəşrin üçüncü ilindən həftədə iki dəfə çıxmış, birinci ilindən sonra
isə həftəlik olmuşdur. Qəzetin naşiri – imtiyaz sahibi Ağa Məhəmməd Tahir,
katibi isə Mirzə Mehdi idi. «Əxtər»in ətrafında İstanbulda yaşayan nüfuzlu
mühacirlər toplaşmışdılar. Qəzet vətənpərvər ziyalılar tərəfindən hazırlanırdı
(adətən İranın siyasi sosial məsələləri ilə bağlı yazıların müəlliflərinin adı ya
verilmir, ya da şərti və ya baş hərflərlə verilirdi). Çoxlarının şəxsiyyətini
müəyyən etmək çətin idi. Belə ki, «M.Müştəri», «M.Ə»., «Vətən və azadlıq
sevən», «Əxtər» və s. imzalarla müxtəlif iqtisadi, siyasi, mədəni, tarixi
məsələlərin qoyuluşu və şərh olunması cəhətdən «Əxtər» o zamankı «Qərb»
qəzetlərin nümunəsinə yaxınlaşırdı (8, 238).
Dostları ilə paylaş: |