Kataloq üzrə satış. Bu üsulun tətbiqi zamanı satılan məhsulların kataloqu tutulur. Həmin kataloq ya poçt vasitəsilə, yaxud da mağazada işləyən satıcıların iştirakı ilə alıcılara çatdırılır. Adətən kataloq üzrə seçilmiş məhsullar alıcılara poçt vasitəsilə göndərilir. Bir çox alıcıların kataloq əldə etmək və kataloqdan mal seçib almaq xoşlarına gəlir. Ona görə də bəzi hallarda kataloqlar pula satılır. Kataloqlardan istifadənin müxtəlif formaları mövcuddur. Bəzən kataloqlar reklam elementlərini özündə birləşdirməklə çap şəklində hazırlanırlar, bəzən isə kompüterlərdə yerləşdirilirlər. Hər iki halda kataloqdan istifadə məhsul satışında müsbət nəticələr əldə etməyə imkan verir.
Firmalar dövrü olaraq, seçdiyi potensial alıcılara müxtəlif əmtəə kataloqlarını, o cümlədən, çap, kompakt - disk, videokasset formasında və ya onların elektron variantında əmtəələrin tam çeşidi, əmtəə qrupları üzrə ixtisaslaşmış və işgüzar kataloqları göndərmək imkanına malikdirlər. Birbaşa marketinq assosiasiyasının hesablamalarına görə hər il poçt vasitəsilə 10 minə qədər müxtəlif kataloq göndərilir. Kataloqlar vasitəsilə ticarət İnternetdən geniş reklam və dəstək almışdır. Kataloq marketinqi üzrə ixtisaslaşmış firmaların təxminən dörddə üçü öz məhsullarının nümayişini və sifarişlərin qəbulunu onlayn rejimdə həyata keçirirlər
Kataloqlar üzrə satışların müvəffəqiyyəti kompaniyanın alıcıların siyahısı ilə düzgün işləməsi bacarığından, təkrar müraciətlərin və ödənilməmiş alışların ixtisar edilməsindən, əmtəə - material ehtiyatlarına nəzarət edilməsindən, ancaq keyfiyyətli məhsulların təqdim edilməsindən, geri qaytarışların sayının azaldılmasından və istehlakçıların alışın faydalılığına inandırılmasından asılıdır. Bir sıra firmaların kataloqları onlara ədəbi və informativ bölmələrin, material nümunələrinin, suallara cavab vermək üçün «qaynar» xətlərin təqdim edilməsi, ən yaxşı alıcılara hədiyyələrin göndərilməsi və xeyriyyəçilik məqsədləri üçün kompaniyanın mənfəətinin müəyyən faizinin hesablanması üzrə nəşrlərin əlavə olunması ilə daha da gücləndirilir. Digər firmalar alıcılara onların web-saytlarındakı kataloqları ziyarət etməyi və oradan daha müfəssəl informasiyaların alınmasını və ya əmtəələrin xarakteristikalarını dəqiqləşdirməyi təklif edirlər.
Asiya və Avropanın iri istehlakçıları da kataloqlar üzrə marketinqin üstünlüklərini qiymətləndirirlər. Bir neçə il ərzində əcnəbi kataloqlar – əsas etibarı ilə Birləşmiş Ştatların və Avropanın – 20 mlrd. dollarlıq, yapon bağlama bazarının isə 5%-ini ələ keçirə bilmişlər. Məsələn, L.L.Bean kompaniyasının xarici bazarlardakı reallaşdırma həcminin 90 % - i yapon bazarında təmin edilir. Amerika kompaniyalarının xarici bazarlarda çiçəklənməsinin səbəblərindən biri məqsədli istehlakçı qruplara yüksək keyfiyyətli məhsulların təklif edilməsidir. Amerika kataloqları üzrə satın alınmış məhsula bütün istismar müddəti ərzində zəmanətin verilməsi və kataloqlarda top-modellərin rəsmlərindən istifadə olunması kimi qeyri-adi xüsusiyyətlər yaponlar üçün maraqlıdır. Şübhəsiz ki, kataloqların, xüsusilə, Eddie Bauer kataloqlarının internetdə yerləşdirilməsi, qlobal istehlakçıları əhatə etməyə, çap və göndərmə məsrəflərini ixtisar etməyə və unikal xidmətləri təqdim etməyə imkan verir.