Telemarketinq. Bu marketinq forması məhsulların alıcılara satılmasında telefondan istifadə edilməsini nəzərdə tutur. Firmalar telemarketinqdən birbaşa marketinqin əsas üsullarından biri kimi istifadə edirlər. Ayrı-ayrı alıcılara birbaşa məhsul satışını həyata keçirmək, tədqiqatlar aparmaq, sorğular keçirmək, məlumat bazasını yaratmaq, alıcılarla görüş təyin etmək, onlarla yaratdıqları əlaqənin nəticələrini qiymətləndirmək və s. bu kimi əməliyyatların yerinə yetirilməsində telefondan istifadə edilir. Alıcılar elan edilmiş pulsuz telefon xətti ilə almaq istədikləri məhsullar üzrə öz sifarişlərini verirlər. Sifariş zəngləri radio və ya televiziyada, dövrü mətbuatda, birbaşa poçt göndərişlərində, kataloqlarda verilən reklam elanlarına uyğun olaraq həyata keçirilir. Telemarketinq məhsul haqqında alıcılara daha düzgün, ətraflı məlumat çatdırılmasını da təmin edir. Ümumiyyətlə, bu üsul birbaşa marketinqin həyata keçirilməsində özünəməxsus xüsusi yer tutur.
F. Kotlerin qeyd etdiyi kimi, telemarketinq - telefon operatorlarının yeni alıcıların cəlb edilməsinə və müştərilərin təmin olunma dərəcəsini müəyyən etmək məqsədilə onlarla əlaqələrin həyata keçirilməsinə və ya sifarişlərin qəbul olunmasına istiqamətlənmiş fəaliyyətdir. Sifarişlərin emalı üzrə telefon mərkəzləri yaradılır və onlardan, həm giriş telemarketinqi (müştərilərdən zənglərin qəbul olunması), həm də çıxış telemarketinqi (potensial və mövcud müştərilərə zəng edilməsi) üçün istifadə olunur.
Telefon vasitəsilə marketinq ABŞ-da istehlak mallarının və işgüzar xidmətlərin 482 mlrd. doll. həcmində satışını təmin edərək birbaşa marketinqin əsas alətlərindən birinə çevrilmişdir. Telemarketinq işgüzar mallar bazarında da böyük müvəffəqiyyət qazanmışdır. Məsələn, Raleigh Bicycles kompaniyasında dilerlərlə əlaqəyə girən personalın ixtisar eldilməsi və telemarketinqin tətbiq olunmasının birinci ili ticarət nümayəndələrinin səyahət xərcləri 50% azalmış, rüb ərzində satışın həcmi isə 34% artmışdır.
Telemarketinqin effektliyi bu işi həyata keçirən mütəxəssislərin peşəkarlıq dərəcəsindən, onların düzgün hazırlanması və stimullaşdı- rılmasından çox asılıdır. Telemarketinq müəyyən mənada şəxsi həyata zorla girmə kimi qiymətləndirilsə də, əlaqələrin dəyərinin yüksək olmaması və potensial müştərilərin siyahısındakı məlumatların dəqiqliyi bu zaman böyük əhəmiyyət kəsb edir.