MÖVZU 15. PEDAQOJİ FƏALİYYƏTİN PSİXOLOJİ ƏSASLARI
PLAN:
1. Pedaqoji fəaliyyətin quruluşu haqqında
2. Pedaqoji fəaliyyətin məqsəd və vəzifələri
3. Pedaqoji fəaliyyətin psixoloji xüsusiyyətləri
Pedaqoji fəaliyyət- cəmiyyətin yaşlı üzvlərinin gənc nəsli tərbiyə etməkdən ibarət olan fəaliyyətidir. Pedaqoji fəaliyyət- müəllimin təlim, tərbiyə, inkişaf və şagirdlərin təşkili zamanı cəmiyyət tərəfindən irəli sürülən sifarişə müvafiq olaraq şəxsiyyətin formalaşmasına yönəldilmiş peşə fəallığıdır. Pedaqoji fəaliyyət mürəkkəb fəaliyyətdir. Onun müxtəlif cəhətləri diqqəti cəlb edir. Pedaqoji fəaliyyətin psixologiyasından danışarkən, ilk növbədə müəllimin əməyini, müəllimin qarşıya qoyduğu məqsədləri, onun pedaqoji fəaliyyət prosesini necə qavraması və həyata keçirilməsini, öz fəaliyyətinin vəzifəsini, seçdiyi forma və metodların aktuallığının necə dərk etməsini və s. nəzərdə tuturuq.
Pedaqoji fəaliyyətin strukturunda aşağıdakı cəhətləri ayırd edə bilərik:
1/ Pedaqoji fəaliyyətin motivləri – insanı böyütməklə əlaqədar ictimai tələbat;
2/ Pedaqoji fəaliyyətin məqsədi – cəmiyyət üzvlərinin tərbiyəsi;
3/ Pedaqoji fəlaliyyətin predmeti – insandır. Fəaliyyətin başqa növlərindən fərqli olaraq pedaqoji fəaliyyətin predmeti özünəməxsus xüsusiyyətə malikdir. Burada əsas cəhət ondan ibarətdir ki, insan öz fəaliyyətinin həm obyekti, həm də subyekti kimi çıxış edir;
4/ Müəyyən iş və əməliyyatların məcmuyundan ibarət olan fəaliyyətin özü – ayrı-ayrı öyrədici, inkişafetdirici və tərbiyələndirici iş və əməliyyat;
5/ Pedaqoji fəaliyyətin vasitələri - məktəbdə təlim və tərbiyənin məzmunu, forması və metodları;
6/ Pedaqoji fəaliyyətin şəraiti- cəmiyyətin böyüməkdə olan gənc nəslin tərbiyəsinə qayğısı, məktəbin maddi cəhətdən təchiz olunması, məktəbin pedaqoji kollektivindəki birlik, məktəbə yüksək səviyyədə rəhbərlik;
7/ Pedaqoji fəaliyyətin nəticəsi-şagird şəxsiyyətinin əlamət və keyfiyyət- lərinin formalaşması və s.
Bu cəhətlərdən hər biri pedaqoji fəaliyyətin səmərəliliyi üçün əsas amil rolunu oynayır. Pedaqoji fəaliyyət bu cəhətlərə malik olmadan bir fəaliyyət kimi təzahür edə bilməz. Müəllimin əməyi çoxcəhətli psixi reallıqdır. Burada bir-biri ilə vəhdətdə olan mühüm cəhət diqqəti xüsusi olaraq cəlb edir. Bunlar pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və müəllim şəxsiyyətinin xüsusiyyətləridir.
Pedaqoji fəaliyyət müəllimin şagirdlərinə təsirini əhatə edir. Pedaqoji ünsiyyət - birgə fəaliyyət zamanı müəllim və şagirdlərin əməkdaşlığından ibarətdir. Pedaqoji fəaliyyəti və pedaqoji ünsiyyəti müəllim şəxsiyyətindən kənarda nəzərdən keçirmək qeyri-mümkündür. Müəllim şəxsiyyəti onun əməyinin sosial istiqamətini müəyyən edən əsas amildir.
Qeyd olunan cəhətlərin hər üçü müəllim əməyinin gedişi zamanı bir-biri ilə mürəkkəb dialektik əlaqədə olmaqla, onlardan hər biri gah vasitə, gah da inkişafın nəticəsi kimi özünü göstərir. Pedaqoji tədqiqatlar əsasında müəyyən edilmişdir ki, pedaqoji fəaliyyət zamanı müəllim bir deyil, bir neçə məqsəd və vəzifəni yerinə yetirir. Psixoloqlar həmin məqsədlərin aşağıdakı təsnifatını vermişlər: 1/ cəmiyyətin sosial sifarişindən irəli gələn ümumi ilkin məqsədlər; 2/ təlim fənninin spesifikliyindən irəli gələn konstruktiv məqsədlər; 3/ sinfin konkret tərkibi ilə bağlı olan operativ pedaqoji məqsədlər.
Pedaqoji fəaliyyət mürəkkəb və çoxcəhətli bir fəaliyyətdir. Qarşıda duran konkret vəzifələrdən asılı olaraq pedaqoji fəaliyyətin müxtəlif növlərini fərqlən- dirirlər. Buraya öyrətmə, tərbiyə etmə, təşkilatçılı, təşviqatçılıq, özünütəhsil fəaliyyələrini və s. aid etmək olar. Pedaqoji fəaliyyətin həmin növləri ümumi struktura malikdir.
Ümumiləşdirilmiş şəkildə şəkildə götürsək burada 3 komponenti xüsusilə qeyd edirlər: 1/ pedaqoji məqsəd və vəzifələr; 2/ həmin məqsəd və vəzifələri həyata keçirməklə bağlı olan pedaqoji təsirlər4 3/ müəllimin öz pedaqoji fəaliyyətini təhlil etməsi ilə əlaqədar olan işləri.
Beləliklə, pedaqoji fəaliyyətin məqsəd və vəzifələri psixi inkişafın müxtəlif cəhətlərini (öyrədici, inkişafetdirici, tərbiləndirici) əhatə edir. Həmin məqsəd və vəzifələrin ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onlar müəllimə tam hazır şəkildə təqdim edilmir, yaradıcı xarakter daşıyır.
Pedaqoji vəzifələrin həll edildiyi şərait pedaqoji şərait adlanır. Bu cür şərait qabaqcadan müəllim tərəfindən planlaşdırılmış, düşünülümüş şəkildə olduğu kimi gözlənilmədən şagirdin davranışı ilə əlaqədar da yarana bilir ki, bu zaman müəllimddə qeyri-müəyyənlik yarana bilir ki, bu zaman müəllim qeyri-müəyyənlik şəraitində hərəkət etməli olur.
Müəllimin pedaqoji fəaliyyətinin digər mühüm komponenti şagirdlərə təsir etməklə bağlı olan vasitələri seçmək və tətbiq etməkdən ibarətdir.Bu vasitələri şərti olaraq 3 qrupa bölmək olar: 1/ müəllim tərəfindən təlim materialının məzmununun seçilməsi və işlənməsi (nəyi öyrətmək); 2/ şagirdlərin imkanlarının müəyyənləşdirilməsi və onların psixi inkişafının yeni səviyyəsinin layihələşdirilməsi (kimi öyrətmək); 3/ şagirdlərə təsir göstərilən metodların və təşkilati tədbir formalarının seçilməsi və tətbiqi (necə öyrətmək).
I halda müəllim bir predmetçi (fənn müəllimi), II halda diaqnost, III halda isə o, tədqiqatçı kimi çıxış edir. Pedaqoji fəaliyyətin III komponenti müəllimin öz əməyini təhlil etməsi, dərk etməsi, qiymətləndirməsi və təshih etməsindən ibarətdir. Bu cəhət müəllim tərəfindən fəaliyyətinin gedişini və onun nəticəsini öyrənməyi, sərf olunan vaxtın səmərəliliyini düzgün müəyyənləşdirməyi, təcrübəni ümumiləşdirməyi, bir sözlə, onları həyata keçirməyi əhatə edir. Nəticədə pedaqoji refleksiya baş verir ki, bu da müəllimi pedaqoji fəaliyyətinin səviyyəsini onun əldə olunmuş nəticəsi əsasında öyrənməyə yönəldir.
Dostları ilə paylaş: |