II- Didaktik qabiliyyətlər müəllimin zəruri məlumatları şagirdlərə çatdıra və öyrədə bilmək, problemi aydın və anlaşıqlı şəkildə şagirdlərə təqdim etmək, müstəqil fikir yürüdə bilmək qabiliyyətindən ibarətdir. Buraya: müəllimin izah edə bilmək qabiliyyətini, ekspressiv-nitq (natiqlik) qabiliyyətini, nəzəri qabiliyyətləri (akademik qabiliyyətlər) aid etmək olar.
İzah edə bilmək qabiliyyətinə malik olan müəllimmürəkkəbi sadələşdirməyi, anlaşıqsızlığı anlaşıqlı etməyi bacarır. Bu cür qabiliyyətlərə malik olan müəllim şagirdlərin hazırlıq, inkişaf səviyyələrini nəzərə alır, çətinlikləri görür və onların qarşısını almağa çalışır. Ekspressiv nitq (natiqlik) qabiliyyətinə malik olan müəllimlər dolaşıq, mürəkkəb danışıq tərzindən qaçır, öz fikirlərini şagirdlərin başa düşəyi sadə, aydın dildə ifadə edirlər. Nəzəri qabiliyyətlərə malik olan müəllimlər öz fənnini təkcə tədris kursunun həcmində deyil, daha dərindən bilir, materiala tam sərbəst yiyələnir, ona böyük maraq göstərir, öz ixtisası sahəsində tədqiqat aparır.