Sıxışdırıb təcridetmə. Sıxışdırıb təcridetmə psixikanın dərinliklərində cərəyan edən, psixikanın məzmununu şüurdan təcrid etməklə müşayiət olunan, insanın öz konfiliktlərinə müdafiə mexanizmi kimi adlandıra biləcəyimiz bir prosesdir. Psixoanalizin əsasında insan psixikasının təbiəti və funksionallaşması barədə bir neçə ideyalar və konsepsiyalar mövcuddur ki, onların içərisində sıxışdırıb təcridetmə önəmli yer tutur. Freyd öz əsərlərində bu anlayışı özünün kəşf etdiyini bildirsə də, onun tələbəsi Otto Rank bu anlayışın Freyddən əvvəl filosof Şopenhauerin “Dünya, iradə və təsəvvürlər kimi” əsərində öz əksini tapdığını söyləmişdir.
Freyd 1895-ci ildə Breyerlə birgə yazdığı “İsteriyanın araşdırılması” əsərində belə bir ehtimal irəli sürür ki, “Eqo” tərəfindən yerləşdirilməyən hansısa bir psixi qüvvə var ki, o əvvəlcə patogen təsəvvürləri assosiasiyalardan kənarlaşdırır və nəticədə onların xatirələrə qayıtmasına maneəçilik törədir. O, “Yuxuların yozumu”nda bu fikrini inkişaf etdirərək bildirir ki, sıxışdırıb təcridetmənin əsas şərti uşaqlıq komplekslərinin mövcudluğudur, sıxışdırıb təcridetmə prosesi insanın uşaqlıq dövründən başlayır, seksual istəkləri ilə bağlıdır. Sıxışdırıb təcridetmə asanlıqla xatırlana, ancaq asan qavranıla bilməz. Əvvəlcə sıxışdırıb təcridetmə məqsədyönlü xarakter daşıyır, sonda isə mahiyyətini dəyişir.
Freydin sıxışdırıb təcridetməyə verdiyi təriflər birmənalı olmamışdır. Ümumiləşdirmə aparsaq o, müxtəlif işlərində sıxışdırıb təcridetməni bu cür başa düşürdü:
Şüursuz formada cərəyan edən şüurlu ola bilən psixi aktdır;
Psixi aktın daha erkən və daha dərin inkişaf mərhələlərinə qayıtmaq imkanı verir;
Müqavimət formasinda təzahür edən patogenetik bir prosesdir;
Şəxsiyyətin müdafiə xarakterli uyğunlaşmalarından biri kimi.
Freyd “Psixoanalizə giriş” mühazirələrində qeyd edirdi ki, baxmayaraq ki, sıxışdırb təcridetmə reqressiya anlayışına daxil olub, sıxışdırıb təcridetmə daha çox dinamik anlayışdır, reqressiya isə xalis təsviri anlayışdır. Reqressiyadan fərqli olaraq sıxışdırıb təcrid etmədə məkan münasibəti mövcuddur, psixi proseslər müəyyən bir dinamikadadırlar. O hər şeydən öncə nevroza xas olan prosesdir və onu daha yaxşı xarakterizə edə bilir. Sıxışdırıb təcrid edilməyən libidonun (seksual enerji) reqressiyası nevroza gətirib çıxartmır, lakin o perversiyalara (iyrənclik) gətirib çıxarır.
Freyd sıxışdırıb təcridetmədən danışanda onun qüvvəsi, motivləri, gerçəkləşmə şərtləri barədə də məsələ qaldırır. Və cavab olaraq bildirir ki, insanda xarici və daxili qıcıqların təsiri altında etik və estetik baxışlara uyğun olmayan müəyyən meyllər əmələ gəlir. Bu istəklərin davranış normaları ilə qarşıdurması isə psixikadaxili münaqişələrə səbəb olur. Münaqişə o zaman həll olunur k, uyğun olmayan istəklərin daşıyıcısı insan şüurundan şüursuzluğa doğru sıxışdırılaraq təcrid edilir və buna aid olan təsəvvürlər və xatirələr şüurdan kənarlaşdırılır, unudulur.
Sıxışdırıb təcridetmə psixi müdafiə mexanizmi olsa da, o nevrotik simptomlar yaradır və həmin simptomlar da sıxışdırıb təcrid olunmaya maneə olanların əvəzedicilərinə çevrilirlər. Nevrotiklərin tamam sağalması üçün sıxışdırb təcridetmə şüurdan şüursuzluğa getdiyi yol ilə də geri qaytarılmalıdır. Müqavimətin aradan qaldırılması sayəsində sıxışdırıb təcridetmə yenidən şüurluluğa çevrilir və bu zaman analitikin köməyi ilə xəstənin çəkinərək daxil olduğu psixikadaxili münaqişələrdən daha yaxşı həll yolunu tapmaq olur. Bu baxımdan Freyd sıxışdırıb təcridetməni insanın xəstəliyə qaçış cəhdi, psixoanalitik terapiyanı isə uğursuz sıxışdırıb təcridetmənin ən yaxşı əvəzedicisi hesab edirdi.