Ramazanova Sevinc Fərəc Qızı 118 müxtəlif elm sahələrinin diqqətində olan zaman problemidir. Azərbaycan dilçiliyində zaman
kateqoriyası yetərli səviyyədə araşdırılmış, onun tədqiqinə ayrıca monoqrafiyalar,
dissertasiyalar, dəyərli məqalələr həsr edilmiş, dərsliklərdə ondan bəhs edilmişdir. Bu günə
qədər Azərbaycan dilçiliyində zaman anlayışı ilə bağlı aparılmış həmin tədqiqat və
araşdırmalarda zaman probleminin ayrı-ayrı yönləri tədqiq edilib öyrənilmişdir. Zaman
anlayışına fərqli yönlərdən yanaşılan bir neçə tədqiqat işlərini nəzərə almasaq, bu tədqiqatlarda
zaman problemi, əsasən, felin zaman kateqoriyası ilə hüdudlanmışdır.
Zamanın həm morfoloji, həm də morfologiya hüdudlarından kənara çıxaraq sintaktik,
leksik və hətta mətn kateqoriyası kimi öyrənilməsi ilə bağlı olan məsələlər istər xarici, istərsə də
ölkə tədqiqatçılarının diqqətini cəlb etmişdir. Zaman kimi fundamental fəlsəfi-məntiqi
kateqoriyanın linqvistik yönümüonu təkcə dilin morfoloji səviyyəsi ilə məhdudlaşdırmır, eləcə
də həmin hadisənin səviyyələrarası təqdimatı məsələlərini işıqlandırmaq zərurətini meydana
çıxarır [6,s.9].
Temporal leksika haqqında yazarkən bu mövzunun araşdırılmasının həm tarixi , həm də
müasir vəziyyətinə nəzər salmaq lazım gəlir. Temporal leksikanın öyrənilməsi hər zaman
dilçilərin diqqət mərkəzində olub, bununla belə, bu sahəyə olan maraq XX əsrin ikinci
yarısından başlayaraq daha da artmışdır. Xüsusən, ingilis və rus dilçiliyində temporallığa dair
tədqiqatlar öz zənginliyi ilə seçilir. Türk dillərində temporal leksikanın tədqiqi, öyrənilməsi
sahəsində rus dilçilərinin əsərləri qiymətli nümunələr hesab olunur. Müxtəlif dövrlərdə,
xüsusilə, müasir dövrdə türk dillərinin temporal leksikası rus alimlərinin daim diqqət
mərkəzində olmuşdur.
Dilçi alimlər temporal leksikanı həm öz dillərinin, həm də başqa dilləri materialları əsasında
və ya müqayisəli şəkildə həm sinxron, həm diaxron planda öyrənmişdir. Bu tədqiqat işləri
araşdırılan materialın həcminə görə, bir dil əsasında və ya müqayisəli tədqiq üsuluna görə bir-
birindən fərqlənir.
Azərbaycan dilçiliyində temporal leksikaya semantik yanaşmaya dair İlham Tahirovun
“Temporal leksika” və “Azərbaycan və ingilis dillərində zaman kateqoriyası” adlı tədqiqat işləri
qiymətli nümunələrdir. İlham Tahirov linqvistikada zaman anlayışını fərqli aspektdən tədqiq
etmişdir. Bu zamana qədər dilçiliyimizdə morfoloji koteqoriya kimi zamana aid yazılan
əsərlərdən fərqli olaraq o, zamanı daha geniş. temporallılıq adlanan kateqoriya kimi tədqiqata
cəlb etmiş, temporal leksikanın Azərbaycan dilçiliyində ilk tədqiqatçısı olmuşdur.
İlham Tahirov tədqiqat işində Azərbaycan və ingilis dilininin materiallarından istifadə
etmişdir. İki dildə işlənən zaman anlayışlı sözləri müqayisəli şəkildə tədqiqata cəlb etmişdir [5,
s.30].
Türk dillərinin materialları əsasında temporal leksika Azərbaycan dilçiləri tərəfindən tədqiq
edilməmişdir. Bu mövzü dilçiliyimizdə öyrənilməmiş problem olaraq qalmaqdadır.
Rus dilçiliyində temporal leksikaya dair tədqiqat işləri öz zənginliyi və müxtəlifliyi ilə
fərqlənir. V.V.Morkovkinin rus dilində zaman mənalı leksikanın ideoqrafik təsvirinə həsr
olunmuş tədqiqatı xüsusi seçilir. Müəllif sözlərin əlifba sırası ilə deyil, məna yaxınlığına görə
yerləşdirildiyi ideoqrafik lüğətlərin yaradılması üçün temporal leksikanı zaman mənalarının
aşkarlanması məqsədilə araşdırır. Rus dilində temporal isimlərin , sifətlərin və zərflərin ifadə
etdiyi zaman mənalarının müfəssəl və dərin təhlili T.A.Lisitsina tərəfindən verilmişdir.
Tədqiqatçı qeyd edilən temporal leksikanın semantik təsnifatı üçün nitq momenti ilə əlaqənin
olub-olmadığı əlamətini götürür.