Qafqaz Tədqiqat Resurs Mərkəzi


Azərbaycan Respublikasında tibbi sığorta sisteminin tənzimlənmə mexanizminin təhlili və problemlərin aşkarlanması



Yüklə 0,69 Mb.
səhifə12/18
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#1965
1   ...   8   9   10   11   12   13   14   15   ...   18
2. Azərbaycan Respublikasında tibbi sığorta sisteminin tənzimlənmə mexanizminin təhlili və problemlərin aşkarlanması
Səhiyyə Azərbaycan Respublikasının sosial iqtisadi sisteminin böyük və əhəmiyyətli həlqələrindən biridir. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsində göstərilir: “Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır”. Ölkədə səhiyyə sisteminin, xüsusilə də səhiyyə iqtisadiyyatının mövcud durumunu aşağıdakı kimi xarakterizə etmək olar:

  1. SSRİ dövründə ölkənin səhiyyə sistemi formalaşdırılmış, bütün istiqamətlər üzrə səhiyyə müəssisələri və təşkilatları yaradılmışdır.

  2. Hazırda səhiyyə sistemi əsas etibarilə ittifaq dövründən miras qalmış idarəetmə mexanizmi əsasında fəaliyyət göstərir.

  3. Milli müstəqillik əldə olunandan sonra özəl səhiyyə müəssisələri yaradılmağı başladı və bu proses davam etməkdədir.

  4. Hazırda səhiyyə sistemi əsas etibarilə fiskal maliyyələşdirmə mexanizmi əsasında fəaliyyət göstərir.

  5. Fiskal maliyyələşdirmə ilə yanaşı dövlət pullu tibbi xidmət göstərir və bu demək olar ki, heç bir konkret sosial-iqtisadi siyasət sənədinə əsaslanmır və buna görə də pərakəndə xarakter daşıyır. Dövlətin pullu tibbi xidmətlərindən əldə olunan vəsaitlər səhiyyə sisteminə yönəldilən büdcə vəsaitlərinə nisbətdə cüzi xarakter daşıyır.

  6. Səhiyyə iqtisadiyyatının həm nəzəri, həm də dünya təcrübəsi baxımından ən mütərəqqi mexanizmi olan icbari tibbi sığorta sisteminə keçidlə bağlı dövlət tərəfindən sənədi hazırlanmış və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Lakin, bu mexanizmin tətbiqinə başlanmamışdır.

  7. İcbari tibbi sığortadan fərqli olaraq könüllü tibbi sığorta bazarı qismən formalaşmışdır. Lakin, bu bazarın inkişafı müxtəlif amillər üzündən çox ləng gedir.

Bəs, ölkədə səhiyyənin fiskal maliyyələşdirilməsi mexanizmindən icbari və könüllü tibbi sığorta modelinə keçidi şərtləndirən amillər hansıdır? Bu keçid hansı mərhələlər əsasında həyata keçirilməlidir? Yuxarıdakı suallara cavab vermək üçün hər şeydən öncə dövlətin sosial iqtisadi sisteminin, daha sonra isə burada səhiyyənin xüsusiyyətlərini öyrənmək tələb olunur.

Beləliklə, Azərbaycan Respublikasında dövlət büdcəsi xərclərinin inkişaf mərhələlərini bir neçə mərhələyə ayırmaq olar. İlk mərhələ kimi biz 1991-1994-cü illəri götürə bilərik. Azərbaycan Respublikasında iqtisadi inkişaf başlandığı 1995-ci ildən 1998-ci ilə qədər olan dövr isə fikrimizcə, ikinci mərhələ hesab edilməlidir. Belə ki, ikinci mərhələnin 1995-ci ildən 1998-ci ilə qədər olan dövrü əhatə etməsində məqsəd dövlət büdcəsi gəlirləri və xərclərinin məhz bu ilə qədər artması, lakin dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi nəticəsində xərclərin azalmasını şərtləndirməsi əsaslandırıla bilər. Üçüncü mərhələ 1999-cu ildən 2002-ci ilə qədər olan müddəti əhatə edir. Nəhayət 2003-cü ildən hazırki dövrə qədər müddəti əhatə edən dördüncü mərhələ.

1991-1994-cü illər ərzində ölkədə baş verən hadisələr iqtisadiyyata öz təsirini göstərmişdi. Həmin dövrdə SSRİ-nin dağılması ölkədə mövcud olan müəssisə və təşkilatların maliyyə fəaliyyətini çətinləşdirdi. Həmin dövrdə mənfəət vergisinin dərəcələri müxtəlif fəaliyyət növləri üçün 25-45% arasında diferensiallaşdırılırdı, dövlət büdcəsi gəlirlərinin hazırda da böyük hissəsini təmin edən ƏDV-nin dərəcəsi 28% həddində, gəlir vergisinin büdcəyə alınma forması bir neçə cədvəl üzrə çox mürəkkəb şəkildə tutulurdu.

İkinci mərhələ əsasən neft qiymətlərinin büdcəyə təsiri dövründən sonra dövlətin öz gəlirlərini artırmaq və xərclərini maliyyələşdirmək məqsədilə həyata keçirtdiyi tədbirlərlə müşayiət olunur. Belə ki, hələ 90-cı illərin əvvəllərində qəbul edilmiş qanunvericilik aktlarında kifayət qədər boşluqların olması və həmin sənədlərin yetərincə təkmil olmaması həyata keçirilən tədbirlərin səmərəliliyini şübhə altına qoyurdu. Lakin, 1997-ci ilin dövlət büdcənin icrası ilk mərhələdə daha uğurlu icra olunmuş büdcə qanun kimi qəbul edilə bilər. 1997-ci ilin dövlət büdcəsi gəlirləri 1996-cı ilin eyni göstəricisi ilə müqayisədə 127,4%, xərcləri isə həmin dövrlə müqayisədə 122,1% artmışdır. Yuxarıda qeyd olunduğu səbəblər üzündən 1998-ci ilin dövlət büdcəsi göstəriciləri 1997-ci illə müqayisədə müvafiq olaraq 90,7% və 89,7% təşkil etmişdir. Hətta 1998-ci ilin dövlət büdcəsi gəlirlərinin ÜDM-ə faiz nisbəti müstəqillik əldə olunduğu dövrdən ən aşağı səviyyəyə düşmüş və 13,5% təşkil etmişdi. Dövlət büdcəsi xərcləri üzrə bu göstərici 15,3%-ə bərabər olmuşdu.

1999-cu ildə başlayan üçüncü mərhələ həm vergitutma və vergi nəzarəti sahəsində, həm də büdcə xərclərinin sosial yönümlülüyünün təmin edilməsi, həmçinin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımların atılması ilə müşayiət olunurdu.

18 may 1999-cu ildə “Dövlət büdcəsi haqqında” qanun və 11 iyul 2000-ci ildə Vergi Məcəlləsi kimi mühüm sənədlər qəbul edildi. Bunun məntiqi nəticəsi olaraq 2000-ci ilin dövlət büdcəsinin gəlirləri 1995-ci ilin eyni göstəriciləri müqayisədə 2,2 dəfə, dövlət büdcəsi xərcləri isə 1,8 dəfə artmış, büdcə kəsiri isə 1995-ci ildə 557,1 mlrd. AZM-dən 2000-ci ildə 246,5 mlrd. AZM həddində azalmışdı.

Sosial yönümlülüyünün artırılması həm funksional, həm də iqtisadi təsnifatlar üzrə təhlildə özünü göstərir. Qeyd olunan dövrdə iqtisadi təsnifat üzrə (əmək haqqı, əhaliyə ödənişlər) dövlət büdcəsi xərclərinin orta hesabla il ərzində 49%, funksional təsnifat üzrə (təhsil, səhiyyə, elm, mədəniyyət, sosial müdafiə və sosial təminat) isə 50,4% məhz sosial tədbirlərin maliyyələşdirilməsinə sərf edilmişdir.

Dördüncü mərhələ 2003-cü ildən hazırki dövrə qədər müddəti əhatə edir. Məhz 2003-cü ildən başlayaraq dövlət büdcəsi gəlirlərinin əhəmiyyətli şəkildə artmağa başladı həmçinin, dövlət büdcəsi xərclərinin sosial yönümlülüyü ilə yanaşı investisiya yönümlüyünün və sahibkarlıq sektorunun (o cümlədən regionlar üçün xüsusi əhəmiyyət kəsb edən) inkişafının təmin edilməsi, maliyyə intizamının gücləndirilməsi, yoxsulluğun azaldılması üçün iqtisadi imkanların yaradılması istiqamətində ciddi addımlar atıldı.

Qeyd olunan tədbirlərin həyata keçirilməsi eyni zamanda vergi dərəcələrinin aşağı salınması, vergiqoyma bazasının genişləndirilməsi hesabına büdcə gəlirlərinin artırılması, ümumiyyətlə, vergi qanunvericiliyinin əhəmiyyətli şəkildə təkmilləşdirilməsi, kommunal və digər zəruri xərclər üzrə büdcə təşkilatlarının tələbatının ödənilməsi, ölkədə olan qarşılıqlı ödəməmələr probleminin mərhələlərlə aradan qaldırılmasında yaxından iştirak etməklə zərərlə işləyən dövlət əhəmiyyətli müəssisə və təşkilatlara dövlət vəsaitləri hesabına verilən dolayı subsidiyaların büdcə vəsaitləri ilə əvəz edilməsi, az təminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, büdcə kəsirinin azalması və onun maliyyələşdirmə strukturunun təkmilləşdirilməsi, büdcə təşkilatlarının büdcədənkənar gəlir və xərclərinin tədricən dövlət büdcəsinin tərkibinə daxil edilməsi ilə müşayiət olunmuşdur.

Sonuncu mərhələnin ətraflı təhlili xüsusilə əhəmiyyət kəsb edir. Belə ki, qeyd olunduğu kimi dövlət büdcəsindən sosial-iqtisadi inkişafa yönəldilən vəsaitlərin həcminin artması məhz bu dövrə təsadüf edir. Bu istiqamətdə görülən əsas tədbirləri ayrı-ayrılıqda təhlil edək.



  1. Dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi və idarəetmə sisteminin səmərəliliyinin artırılması istiqamətində islahatları davam etdirmək, dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək, inzibati xərclərin azaldılmasına yönəldilmiş tədbirlər həyata keçirmək (2003-2006);

  2. Dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək, ümumiyyətlə ölkədə dövlət qulluğunun tətbiqini təmin edən tədbirlərin həyata keçirilməsinə nail olmaq (2003-2004);

  3. Büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının mərhələlərlə artmasına nail olmaq, ayrı-ayrı sahələrlə ölkə üzrə orta aylıq əmək haqları arasındakı fərqin azaldılması istiqamətində işləri davam etdirmək (2003, 2006);

  4. Əmək haqlarının formalaşmasında mühüm sənəd olan Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi işini davam etdirmək (2004);

  5. Minimum əmək haqqının artırılması və əməyin ödəniş sisteminin təkmilləşdirmək istiqamətində işi davam etdirmək (2005);

  6. Pensiya və sosial sığorta sistemində islahatları həyata keçirmək və ünvanlı sosial yardım sisteminin yaradılmasına başlamaq (2004);

  7. Daimi məskunlaşmış qaçqınların və daha ağır şəraitdə yaşayan məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün maliyyə təminatını artırmaq (2004-2005);

  8. Səhiyyə sektorunda islahatların sürətləndirilməsi.

Dövlətin rəsmi siyasət sənədlərində göstərilir ki, səhiyyə sektorunda mövcud problemlərin həllinin əsas istiqaməti rentabelli səhiyyə xidmətlərinin, yəni əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün xüsusi tədbirlərin həyata keçirilməsidir.

Hazırda səhiyyə sektorunda 30,1 min nəfər tibb işçisi çalışır. Xatırladaq ki, 1995-ci ilin müvafiq göstəricisi ilə müqayisədə bu rəqəm demək olar ki, (29,2 min) dəyişməmişdir. Hər on min nəfərə düşən tibb işçilərinin sayının 1995-ci ildə 38,4 mindən, 2004-cü ildə 36,6 min nəfərə qədər azalmışdır. Müvafiq dövr üzrə xəstəxanaların sayı 768-dən 732-ə, xəstəxana çarpayılarının sayı 74,6 mindən, 68,4 minə qədər azalmışdır. Bu sahəyə dövlət büdcəsindən yönəldilən vəsaitin həcmi 1995-ci ildə 148,3 mlrd. AZM olduğu halda son dövrlərdə bu rəqəm 367,4 mlrd. AZM təşkil etmişdir. Bu da baza ilinə nisbətən 2,5 dəfə artım deməkdir. Lakin, unutmaq olmaz ki, səhiyyə sektorunun problemlərinin həlli yalnız dövlət büdcəsinin maliyyə vəsaitləri ilə deyil, həmçinin səhiyyənin özəl sektorunun inkişafı ilə paralel getməlidir. Qərb dövlətlərdə pullu səhiyyə xidmətləri tətbiq edilir. Azərbaycan Respublikasında bu təcrübənin tətbiqi hələ ki, (ölkədə çoxlu sayda sosial problemlərin olmasını nəzərə alsaq) tam mümkün deyil. [15]

Ölkədə səhiyyəyə yönəldilən büdcə vəsaitlərinin təhlili göstərir ki, burada davamlı real artım vardır. Lakin, davamlı inkişafa malik və dünya standartlarına cavab verə bilən səhiyyə xidmətləri üçün dövlətin mərkəzləşdirilmiş vəsaitləri yetərli ola bilməz. Hazırda dövlət büdcəsi gəlirlərinin və bununla paralel olaraq xərclərinin yüksək artımına baxmayaraq ən aşağı səviyyədə əmək haqqı gəlirlərinə malik büdcə işçilərinin tərkibində tibb işçilərinin “aparıcı” yer tutması faktı bunu bir daha təsdiq edir.

Qeyd edək ki, səhiyyə xidmətləri bazarının iqtisadiyyatda mövcud olan digər bazarlardan ciddi bir fərqi mövcuddur. Digər bazarlardan fərqli olaraq səhiyyə sistemində istehlakçı qabaqcadan nə tələb etdiyini bilmir və bazarda pasient və ya xəstə rolunda çıxış edir.

Aydındır ki, hər dəfə səhhətində müəyyən problem yaşayan insanın həkimə və ya tibbi xidmətə ehtiyacı yaranır. Lakin həmin insan öncədən bilmir ki, ona konkret olaraq hansı tibbi xidmət növü lazımdır. Məhz bu baxımdan, digər xidmət növlərindən fərqli olaraq tibbi xidmət növündə tələb edənlə (pasientlə) təklif edənin (tibbi xidmət göstərən təşkilatın və ya şəxsin) görüşməsi və təklif edənin pasientə hansı xidmət növünün gərək olması barədə məlumatın təqdim edilməsindən sonra səhiyyə bazarında əməliyyat gerçəkləşmiş olur.

Fikrimizcə, pasientin hər hansı xidmət növünə olan ehtiyacının dövlət tərəfindən tənzimlənməsi və təmin edilməsi məqsədilə hökumət nəinki əhalinin məcburi tibbi sığortasına, həmçinin də pasientlərin könüllü tibbi sığortasının reallaşmasına yardım etməlidir.

Azərbaycan Respublikasında tibbi sığorta 1999-cu ilin 28 oktyabrından başlamış və 1993-cü ildə qəbul edilmiş “Sığorta haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənmişdir. Həmin bu qanunun bir sıra maddələri məhz könüllü tibbi sığortaya həsr olunmuşdur. Bu maddələrdə könüllü tibbi sığortanın mahiyyəti, onun növləri, mümkün sığortaçılar, sığorta müqaviləsinin tərkibi və s. məsələlər əks olunmuşdur. Müvafiq qanunda, həmçinin könüllü tibbi sığortanın resurs mənbələri, sığorta müavinətinin hesablanması qaydası, tibbi xidmətlərin tarifləri, vergiqoyma məsələləri də əks olunmuşdur.

Qeyd edilənlərdən aydın olur ki, hələ 1993-cü ildə ölkədə könüllü tibbi sığortanın hüquqi əsaslarının qoyulmasına baxmayaraq, bu gün tibbi sığortanın bu növünün inkişafından danışmaq çox çətindir. Bütün iqtisadi proseslərin tənzimlənməsində olduğu kimi tibbi sığorta prosesinin tənzimlənməsi də həm hüquqi, həm də institusional istiqamətlərə söykənir.

Ümumiyyətlə qeyd etmək olar ki, Azərbaycan Respublikasında tibbi sığorta sisteminin hüquqi tənzimlənməsi əsasən aşağıdakı qanunvericilik aktları ilə həyata keçirilir:


  • Azərbaycan Respublikasının Konstitusiyası;

  • “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli Qanunu;

  • “Sığorta haqqında” Azərbaycan Respublikasının 05 yanvar 1993-cü il tarixli Qanunu;

Qeyd edilən hüquqi sənədlərdən əlavə Azərbaycanda tibbi sığortanın həyata keçirilməsində müəyyən rola malik Parlament və Hökumət qərarları, sahəvi və ərazi xarakteri daşıyan normativ sənədlər mövcuddur.

Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinə əsasən: “Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır”. Bundan əlavə, müvafiq maddənin ikinci abzasında deyilir: “Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır”. Bu fikirlərdən aydın olur ki, Azərbaycan Respublikasının vətəndaşları öz sağlamlıqlarının təmin olunmasında dövlətin səylərindən bəhrələnə bilər, o cümlədən icbari tibbi sığorta ilə sığortalana bilərlər.

Beynəlxalq təcrübədə olduğu kimi, Azərbaycanda da tibbi sığorta icbari və könüllü olmaqla iki yerə ayrılır. Qanunvericiliyə əsasən icbari tibbi sığorta ölkədə pensiya sığortası, bədbəxt hadisədən sığorta və işsizliyin sığortalanması ilə birlikdə sosial sığortanın tərkibinə aid edilir. Sosial sığorta – vətəndaşları sosial risk amillərindən mühafizə edən sistemdir. Bu amillərə xəstəlik, bədbəxt hadisə, əmək qabiliyyətini itirmək, ana olmaq, qocalıq, işsizlik, valideynləri ölmək aiddir.

İcbari tibbi sığorta sistemində maliyyələşdirmə mexanizmi bölüşdürücü metodla həyata keçirilir. Yəni müəyyən müddət ərzində toplanmış sığorta haqları elə həmin dövrdə də xidmətlərə xərclənir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən ölkədə icbari tibbi sığorta maliyyələşmə mənbələrinə aşağıdakılar aiddir:



  • Dövlət büdcəsinin vəsaitləri;

  • Sığorta edənin (mülkiyyətindən asılı olmayaraq hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin) ödəmələri;

  • İcbari tibbi sığorta haqlarının ödəmə qaydasının pozulması hallarında tətbiq olunan cərimə və dəbbə pulu;

  • Qanunvericiliklə qadağan edilməyən digər mənbələr.

Həmçinin icbari tibbi sığorta xidmətləri natural formada reallaşdırılır. Yəni sığortaçı tibbi xidmətə heç bir ödəniş və hesablaşma etmədən birbaşa almış olur. Və ümumilikdə icbari tibbi sığorta sosial xarakter daşıyır və kommersiya maraqlarını özündən demək olar ki, kənar edir. Amma qeyd etmək lazımdır ki, bu gün Azərbaycan Respublikasında icbari tibbi sığorta sistemi yalnız rəsmiyyətdə əks olunmuşdur. Daha doğrusu bir sıra qanun və normativ aktlarda formalaşma və fəaliyyət mexanizmi əks olunan icbari tibbi sığorta sistemi ölkədə hələ ki, öz praktiki reallığını tapmamışdır. Belə ki, 1999-cu ildə qəbul edilmiş prezident fərmanına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Maliyyə Nazirliyi 2 ay müddətinə “Tibbi sığorta” haqqında Azərbaycan Respublikasının qanunun tətbiq edilməsi üçün uyğun əlavələr hazırlamalı və prezidentə təqdim etməli idi. Bundan əlavə Maliyyə Nazirliyinə icbari sığorta sisteminin maliyyələşdirilməsi üzrə proqramın hazırlanması da tapşırılmışdı. Lakin bu günə qədər yalnız sığortanın məbləğləri ilə bağlı qərar qəbul edilmişdir. *Məsələn, Maliyyə Nazirliyi icbari tibbi sığorta üzrə sığorta polisinin orta qiymətini 140 min manat səviyyəsində müəyyən edib.

İcbari tibbi sığortanın reallaşdırılması istiqamətində bu günə qədər görülmüş işlər arasında ən əhəmiyyətlilərindən biri məhz "Tibbi sığorta haqqında" Qanuna müvafiq normativ hüquqi baza formalaşdırıldıqdan sonra "Şəfa" sığorta şirkətinin icbari sığorta növləri üzrə fəaliyyətə başlayacağı barədə razılığın əldə olunması ilə bağlıdır. Qeyd edək ki, bu günə qədər tələb olunan sənədlərdən yalnız biri - "Tibbi sığorta haqqında müqavilənin bağlanması qaydaları" təsdiq olunub.

İcbari tibbi sığorta sistemindən fərqli olaraq, könüllü tibbi sığorta sistemi Azərbaycanda zəif də olsa öz reallığını tapmışdır və bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da sosial xarakterdən daha çox kommersiya xarakteri daşıyır. Bu sığorta növünü sığortaçı özü seçir və maliyyə vəziyyətinə uyğun ödədiyi məbləğ çərçivəsində tibbi xidmətlər paketindən istifadə etmiş olur.

Azərbaycan Respublikasında könüllü tibbi sığortanın iki növü, kollektiv və fərdi, mövcuddur. Ölkədə tibbi sığorta təşkilatları yerli orqanların dəstəyi ilə iki formada yaradılır. Bu formalar məhdud məsuliyyətli cəmiyyətlər və səhmdar cəmiyyətlərdir. Qeyd edək ki, səhmdar cəmiyyət formasında mövcud olan tibbi sığorta təşkilatları bəzi hallarda, həmçinin də icbari tibbi sığorta sistemində də iştirak edə bilərlər.

Qaydaya görə, müqavilə əsasında tibbi sığorta şirkəti sığorta çərçivəsində göstəriləcək xidmətlərin tərkibini müəyyən edir və bütün bu xidmətlərin həyata keçirilməsi ilə əlaqədar öhdəliklər kompaniyanın öz üzərinə düşür.

Ümumi qayda belədir ki, ölkədə hər bir sığorta təşkilatı müəyyən növbətçi mərkəzlərə və bürolara malik olur. Əgər sığorta olunanın tibbi xidmətə ehtiyacı yaranırsa, ona həmin şəxs sığortalandığı şirkətin an yaxın büro və ya mərkəzinə zəng edir (telefon nömrələri sığorta vərəqində əks olunur). Bunun ardınca müvafiq büro təcili aidiyyəti ofislərinə zəng etməklə məsələni həll edir və ya tibb müəssisəsinə zəng vurub söyləyir ki (əgər sığorta olunan artıq tibb müəssisəsindədirsə), pasient həqiqətən də sığortalıdır və onun xərcləri təşkilat tərəfindən ödəniləcək. Deməli, burdan bu nəticəyə gəlmək olar ki, ölkədə daha çox büro və ya növbətçi mərkəzləri olan sığorta təşkilatlarının müştəriyə daha operativ xidmət göstərmək ehtimalı çoxdur.

Ölkənin ümumi sığorta bazarını, o cümlədən də tibbi sığorta bazarını tədqiq və təhlil etməklə könüllü tibbi sığorta bazarındakı cari vəziyyəti qiymətləndirmək mümkündür. 2001-ci ilin rəsmi statistik məlumatlarına nəzər salsaq (Şəkil 1) müşahidə etmiş olarıq ki, bu ildə ümumi tibbi sığorta haqlarının içərisində ən böyük xüsusi çəkiyə malik sahə qəza sığortasıdır (42%). İkinci ən yüksək xüsusi çəkiyə malik sahə yanğın sığortası haqlarıdır (37%). 2001-ci ildə ölkədə tibbi sığorta haqlarının ümumi sığorta haqlarında xüsusi çəkisinə görə mövqeyi fərdi qəza sığortasından sonra (5.5%) olmaqla 4-cü təşkil edir və bu pay təqribən 5 %-dir. Qeyd edək ki, həmin ildə mülki məsuliyyətin sığortası və icbari sığorta növləri nəqliyyat sığortası, həyat sığortası, kənd təsərrüfatı məhsullarının sığortası və s. bu kimi sığorta növlərindən fərqli olaraq ümumi tibbi sığorta haqlarında nisbətən yüksək xüsusi çəkiyə malik olmuşlar (uyğun olaraq 4.3 və 3.7%).


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin