Qafqaz Universiteti Materiallar


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə29/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   25   26   27   28   29   30   31   32   ...   124

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

935



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

yaradıcılıqlarında üstün yer tutan qoşma xalq şeirinin vəzn, qafiyə sənətkarlığı ilə yanaşı, mə-

caz və təşbehlərindən də geniş faydalanır, bu janrda yeni istiqamətlər formalaşdırmağa da səy 

göstərilirdi. 



 

 

ANARIN “DANTENİN YUBİLEYİ” ƏSƏRİNİN                                        

İDEYA-BƏDİİ XÜSUSİYYƏTLƏRİ 

 

PərvinNURƏLİYEVA 

Azərbaycan Dövlət Pedaqoji UNİVERSİTETİ 



nuraliyaeva-parvin@gmail.com 

AZƏRBAYCAN 



 

Adi adamların, “gözəgörünməz” tiplərin gündəlik həyatını, ilk baxışdan sadə qayğılarını 

təsvir etməklə, əslində bütöv bir mühiti, fərqli insan xarakterlərini, qəliz psixoloji mətləbləri 

önə çəkmək, oxucunu bu məsələlər ətrafında düşündürmək Anar nəsrinin ümdə xüsusiyyətlə-

rindən biridir. Yazıçı bəzən məişət mövzularında yazsa da, üzdə olan meyarlarla kifayətlənmir, 

insan taleyinin daha dərin qatlarına enməyə və bir çox zahiri məsələlərin gizlin səbəblərini an-

lamağa çağırır.  

“Dantenin yubileyi” hekayəsinin  əsas qəhrəmanı Feyzulla Kəbirlinski də ilk baxışdan 

adi adamdır. Bütün ömrünü sənətə, teatra, səhnəyə həsr eləmiş, amma əslində öz yerində, öz 

mühitində olmayan biridir. Kəbirlinski ümumiləşdirilmiş obrazdır, yazıçı onu bədii  ədəbiy-

yata gətirməklə, qəhrəmanına çevirməklə bir insanın taleyi, yaşadıqları fonunda həm dövrü, 

həm mühiti, həm də ayrı-ayrı tiplərin daxili aləmini, xarakterini göstərmiş olur.   

Yazıçı Feyzullanın öz mərtəbəsində təkliyini, bəzi məqamda acizliyini, zəifliyini bütöv, 

hərtərəfli göstərə bilib. Və bunun üçün əsas priyom qarşılaşdığı  hər kəs tərəfindən mənəvi 

təzyiqə məruz qalması, ögey münasibət görməsidir. Səhnədə üçcə kəlmə sözü düz-əməlli deyə 

bilmir, cavanların lağ-şəbədə obyektidi, oğlu ona görə utanır, həyat yoldaşı  hər gün eyni 

mövzularda danlayır, deyinir, qarğı edir. Üstəlik ömrünü teatra həsr eləsə belə,  ən azı  nə 

zamansa oynadığı rollara, yaxud bu sahəyə sərf elədiyi illərə görə hər hansı imtiyaz, hörmət 

sahibi deyil. Əsərin əsas ideyası insanın öz yerində, öz “qabında” olmayanda bədbəxtliyidir. 

Mühitin, cəmiyyətin belələrinə qarşı güzəştsizliyi, hətta amansızlığıdır. Feyzulla haqqında 

“istedadsızdır” hökmünü vermək olmaz. Ümumiyyətlə, bir qayda olaraq Anarın istənilən qəh-

rəmanı haqqında birmənalı qərar çıxarmaq, mülahizə irəli sürmək çətindir. Yazıçı öz qəhrə-

manlarını bütün baxış bucaqlarından göstərdiyi üçün onlar haqqında birtərəfli söz demək 

yersiz görünür. Bu mənada Feyzulla bəlkə də hansısa başqa yerdə, başqa sahədə, başqa mühit-

də elə özü olaraq, bildiyi, bacardığı işin qulpundan yapışaraq yaşaya, xoşbəxt ola bilərdi. Am-

ma Məcidlərin, Siyavuşların, Cavadların arasında, üç kəlməni deyə bilmədiyi səhnədə, Həcər 

kimi deyingən arvadla bir damın altında heç vəchlə xoşbəxt ola bilməzdi.  

Anarın bütün əsərlərində müşahidə olunan hərtərəfli xarakter yaratmaq ustalığı “Dan-

tenin yubileyi”ndə  də özünü göstərir.  Əsərin baş  qəhrəmanı Feyzullanınsa xarakterinin əsas 

tərəfi dürüstlüyü, vicdanıdır. Yazıçı bunu əsər boyu plakat kimi oxucunun gözünün önündən 

asmasa da, bəzən eyhamla, bəzən də yerinə düşən detalla göstərir.  

Yazıçı Feyzullanın yalan danışmaq, uydurmaq bacarmamasını “fantaziya çatışmazlığı” 

sayırsa da, əslində burda alt məna sadəcə qəhrəmanın dürüstlüyüdü. Kəbirlinski bütün naqis 

cəhətlərinə, zəifliyinə, bacarıqsızlığına baxmayaraq vicdanlı adamdı, öz içində olsa da, heç 

kəsin bundan xəbər tutmayacağına əmin olsa belə, öz inamının əleyhinə gedə bilməz..  

Feyzulla həm də quran ayələrini  əzbər bildiyi üçün, müfti atasından çox şeyləri 

öyrəndiyinə görə molla kimi daha hörmətli, daha firavan yaşaya bilərdi, Cavad dediyi kimi – 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

936



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

bəy balası kimi dolanardı. Amma... “mən necə molla ola bilərəm ki, Allaha inanmıram”... Vic-

danı yol verməzdi buna, içindəki inamdan, yaxud inamsızlıqdan heç kəsin xəbəri olmasa belə 

edə bilməzdi... Əslində bəlkə də yazıçı bu priyomla cəmiyyətdə əzilən, həmişə kimlərinsə iro-

niya, lağ obyekti olan insanların əsas problemini göstərir, dürüstlüyün, düzgünlüyün, vicdanla 

yaşamağın yaratdığı “fəsadları” diqqətə çatdırır. Feyzulla səhnədə oynaya bilmədiyi kimi, hə-

yatda da oynaya bilmirdi.  

Yazıçı Feyzullanın təkcə sənət adamı kimi yox, kişi kimi də faciəsini dolğun səhnələrlə 

ifadə edir. Ömrü boyu evində eşitdiyi dığ-dığ, fərasətsizliyinin başına qaxınc olması adiləşmiş-

di ondan ötrü. Və yazıçı insan xislətinin bu tərəfini də psixoloji, fəlsəfi cəhətdən təhlil edir.  

Ancaq  əslində Feyzulla üçün bütün bu kinayəli, ağır sözlərin adiləşməsi heç nəyi 

dəyişmirdi. Çünki yazıçının yazdığı o “yorğunluq” hərtərəfli idi onun həyatında.  İşində  də, 

evində  də eyni dərəcədə “yorğun” idi… Və bu evindəki yorğunluğun  əsas səbəbkarı  həyat 

yoldaşı Həcər idi. Bütün əsər boyu adama elə gəlir ki, Feyzullarının əsas faciəsi elə Həcərdi. 

Bir Həcərin başqa olması ilə, yaxşılığı ilə Feyzullanın yükü yüngülləşə, həyatı rahatlaşa 

bilərdi. Bu qənaətin yanlış olmadığını isə əsərin sonluğu təsdiqləyir.  

Bir kiçik haşiyəyə  çıxıb qeyd etməliyəm ki, Azərbaycan nəsrinə  ən müxtəlif qadın 

xarakterlərini gətirmiş Anar bəlkə bilərəkdən, bəlkə də təsadüfən əsərlərindəki fərqli qadınları 

müqayisə imkanı yaradır. Hətta onun yaratdığı qadınları ruh qohumluğuna, həyata baxışlarına 

görə qruplaşdırmaq da olar. Məsələn, “Mən, Sən, O və telefon”da Mədinə, “Taksi və vaxt”da 

Nərgiz, “Gürcü familiyası”nda  Əsmər, “Ağ liman”da Təhminə öz dünyaları olan, ruh 

aləmində yaşayan, sevməyi, sevilməyi bacaran incə qəlbli, zərif qadınlardı.  

Yazıçı  Həcərin timsalında mühiti tənqid edir. Burda tənqid hədəfi qadınlar deyil, 

mühitdi. Həcərin Feyzullaya “elə bütün ömrünü əfəl olmusan ki, bu günə qalmısan da...” – 

deyə ironiya etməsinin səbəbi ətraf mühitdi. Bu qadınların əsas qüsuru mühitin mənasız qay-

dalarına uymaları, zahiri parıltılarla yaşamaq cəhdləridir. Həcərdən ötrü mühit qonşu Anaxa-

nım idi, oğlu Eldarın ona lağ edən dost-aşnası idi və o bu mühitdə başıaşağı olmalarının güna-

hını Feyzullada - onun fərsizliyində, bacarıqsızlığında    görürdü.  



 

 

İSA MUĞANNA VƏ TƏRCÜMƏ PROBLEMİ 

 

Şəhanə MAHMUDZADƏ 

Qafqaz Universiteti 



revanmahmudov@gmail.com 

AZƏRBAYCAN 



 

Ədəbiyyat ümumilikdə insana, insanlığa xitab edən, sərhəd tanımayan bir söz sənətidir. 

Həqiqi ədəbiyyat yarandığı ölkə, xalq, dil ilə məhdudlaşa, çərçivələnə bilməz. O, mütləq bu 

sərhəddi, çərçivəni aşıb keçməyi bacaracaqdır. Təbii ki, hər xalqın özünəməxsus dili olduğun-

dan o xalqın ədəbiyyatı da həmin dildə yaranır. Bədii əsərlərin bir ölkə, bir dil xaricindən kə-

nara çıxmağı üçün onun başqa dillərə tərcüməsinin böyük rolu var. Uzun illər boyu Azərbay-

can və dünya ədəbiyyatları arasındakı inteqrasiya da məhz tərcümə vasitəsilə mümkün 

olmuşdur. Bu vasitə ilə Azərbaycan oxucusu Dostoyevski, Tolstoy, Şekspir, Balzak, Cek 

London, Kafka, Bunin və başqa yazarların əsərləri ilə tanış olmaq imkanı əldə edir. Eləcə də 

görkəmli Azərbaycan  şair və yazarlarının  əsərləri müxtəlif dillərə  tərcümə olunaraq dünya 

oxusuna təqdim edilir. Məsələn, ən son olaraq Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanı 

Amerikada, "Yarımçıq əlyazma" əsəri isə Fransada tərcümə olundu.  

Son zamanlar müasir ədəbiyyatımızda aktual problemlərdən biri də  məhz tərcümə 

problemidir. Bu problem insanlar arasında ədəbiyyata, kitaba olan marağı da demək olar ki, 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

937



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

azaltmağa doğru gedir. Son illərdə  fəaliyyətə başlayan bir sıra nüfuzlu nəşriyyatlar dünya 

ədəbiyyatından tərcümələr etsələr də bu tərcümələrdə onlarla söz, məna, ifadə səhvlərinə rast 

gəlirik. Tərcüməçilərimiz ya bu işə yetərincə əmək sərf etmir, ya da ümumiyyətlə vaxt ayır-

mır, kompüter proqramları vasitəsilə  tərcüməyə meyl edirlər. Bu zaman da bədii mətnin 

mexaniki tərcüməsi alınır və hiss, duyğu zəif ifadə olunur.  

Digər bir problem isə bədii ədəbiyyatın əsasən rus dilindən tərcümə olunmasıdır. Bütün 

dünya  ədəbiyyatı  əsasən orjinaldan deyil, rus dilinə edilmiş  tərcümədən Azərbaycan dilinə 

çevrilir. Bu da təbii ki, əsərin öz gücünü, təsirini itirməsinə səbəb olur. Məşhur bir tərcüməçi 

demişdir ki, əsər bir dildən digərinə  tərcümə edilərkən təsirinin 60%-ni itirir. Əgər dünya 

ədəbiyyatının əvvəlcə rus, sonra isə bizim dilə tərcümə edildiyini nəzərə alsaq, vəziyyətin nə 

dərəcədə ciddi olduğunu anlamış olarıq.  

Lakin  ədəbiyyatımızda elə yazarlarımız var ki, onların  əsərlərini başqa dilə  tərcümə 

etmək çox çətin, bəzən isə mümkünsüzdür. Onların əsərlərində qoyduqları problemlərin, işlət-

diyi terminlərin tərcüməsi mümkün olmur. Belə yazarlardan biri də İsa Muğannadır. İsa Mu-

ğannanın yaradıcılığını iki yerə bölə bilərik: "İdeal" əsərinə qədərki yaradıcılığı və "İdeal "dan 

sonrakı yaradıcılığı. Müəllifin "İdeal"  əsərinə  qədərki bir sıra hekayə  və povestləri sovet 

dövründə müxtəlif dillərə tərcümə edilmişdir. Məsələn povestləri rus və çex dillərinə,   "Əmi-

qızı" hekayəsi ingilis dilinə, "Məhşər" romanı rus və türk dillərinə tərcümə edilmişdir.   

Lakin  İsa Muğannanın "İdeal"  əsərindən sonrakı yaradıcılığında qoyulmuş problemlər 

və ideyaları digər bir dilə  tərcümə edib başqa xalqların anlamasını ummaq qəliz məsələdir. 

Məsələn, İsa Muğanna yaradıcılığında "SafAğ" elmindən, həmin elmin müddəasından, qayda 

- qanunlarından danışılır və müxtəlif terminlərdən istifadə olunur. Bunları başqa dilə tərcümə 

etmək olar, ancaq müəllifin nəzərdə tutduğu və ifadə etmək istədiyi fikirləri çatdırmaq müm-

kün olmaz.  

İsa Hüseynovun Muğanna adlı ilə yazdığı əsərləri bir zikr dönməsidir. Dönüb, dolanıb 

Ün eşidir, OdƏrə və ƏlAğa doğru gedir. Rəmzləri açan yazıçı əslində dolanbaclarla yeni rəmz-

lər və çözülməsi lazım gələn düyün yaradır. Ondan yazmaq və onu tərcümə etmək çətindir, 

hətta mümkünsüzdür. Çünki onun mətnlərinin təhlilini aparmaq istəyən tədqiqatçı yazıçının 

öyrətdiyi dillə öz dili arasında çaşıb qalır. İsa Muğannanın dili Tanrı ilə insan arasındakı ün-

siyyət dilidir. Eynən "Quş dili" kimi; o dili öyrəndikcə Tanrıya, yoxdan vara doğru yol gedir-

sən. Muğannanın dil şifrələrini çözmə cəhdi, kitab sahibi peyğəmbərlərlə bərabər OdƏr yur-

dunun sakini kimi ƏlƏsMəndən-Süleymandan da bəhs etməsi "quş dili"nə meyilliliyinin gös-

təriciləridir. 

İsa Muğanna yaradıcılığını Amerikalı dünya şöhrətli yazar Dan Brownun yaradıcılığı ilə 

müqayisə edə bilərik. Hər ikisinin əsərlərində müəyyən şifrələrdən,  gizli dünyalardan,  təş-

kilatlardan bəhs olunsa da, Isa Muğannanın  əsərlərini tərcümə etməkdə  çətinlik çəkilsə  də, 

Dan Brownun əsərləri demək olar ki, onlarla dünya dilinə  tərcümə edilmiş  və yayılmışdır.  

Muğannanın əsərlərində istifadə etdiyi şifrələr isə daha sirli və daha mühitdə qalmışdır. Bax-

mayaraq ki, o, ən məşhur dünya yazarlarından, hətta bir sıra Nobel mükafatçılarından belə daha 

istedadlı və güclüdür... 

 

 



 

 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

938



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

“TALEH VƏ HƏQİQƏT” DASTANINDA ABDAL-GÜLABLI PALEOYKONİMİNİN 

STRUKTUR-SEMANTİK  XÜSUSİYYƏTLƏRİNİN  MÜQAYİSƏLİ TƏHLİLİ 

 

Günel BALAKİŞİYEVA 

Azərbaycan Dillər Universiteti 

xalidamanov@mail.com 

AZƏRBAYCAN 



 

Abdal –Gülablı vətənimizin ən qədim paleoykonimlərdindən biridir. “ Taleh və Həqiqət 

“ dastanında bu toponimin də adına təsadüf edə bilərik. Məsələn; “Abdal-Gülabın qəmi dəmə 

döndü”.  

Ölkəmizin bir neçə regionlarında bu adda istər  yaşayış məntəqələri, istərsə də çöl topo-

nomik variantları var. Məsələn; Qarabağ mahalında, Ağdam rayonunda Abdal –Gülablı, Laçın 

rayonunda  Abdallar kəndi, Abdal dağı, Abdal təpəsi, Abdal dərəsi, Xocakənd rayonu 

Bəhrəmli kəndində Abdallar qışlağı, Naxçıvan Muxtar Respublikasında Ordubad rayonunda 

Abdal dağı, Qərbi Azərbaycanda Abdalağanlı kəndi, həmçinin XIX əsr İrəvan quberniyasının  

Üçkilsə kəndində Gülablı bağı,eləcə də  Qubadlı rayonu Mahrızlı kəndində Gülablı bağı, eyni 

zamanda Abdalanlı  kəndi, Tovuz rayonunda Abdal kəndi, Abdal dairəsi, Oğuz rayonunda 

Abdallı kəndi, Xanlar rayonunda Çoban Abdallar və s.  

Maraqlıdır ki, ölkəmizin bir çox yerlərində rast gəlinən Abdal toponimi ölkəmizdən kə-

narda da, yəni başqa ölkələrdə də qeydə alınıb .Məsələn; Özbəkistan, Qırğızıstan, Türkmənis-

tan, Qazaxıstan, Gürcüstan (Abdallar çalası, Abdallı Güney), Qaradənizin şimal sahilləri və s. 

“  Yaqub Abdal-Gülabda soruşa-soruşa özün saldı Aşıq Valehin doqqazına.”(“Taleh və Həqi-

qət” dastanı). 

Abdal etnotoponimi tarixən müxtəlif fonetik variantlarda işlədilmişdir. Məsələn, mən-

bələrdə heftal, eftal, heptal,abadel, abdal və s. şəkillərdə təsadüf olunur. Azərbaycan toponim-

lərinin ensiklopedik lüğətində Abdal haqqında belə qeyd edilir:”Abdal –Ağdam rayonunun 

Gülablı inzibati ərazi vahidinə kənd adıdır. Oykonim Abdal tayfasının adı ilə bağlıdır. Gülablı 

adının isə yerli əhali əkinə verilən ikinci suyun xalq arasındakı adı olan “ gülab”la əlaqələn-

dirilir.  Əslində, oykonim yaxınlığındakı Gülablı dağının adı ilə bağlı olub, etnotoponimdir. 

“Anası Məhbub xanım dayə Şərəbanı ilə qızınnan dərdini aramaqda olsunlar, alın xəbəri Ab-

dal-Gülabda Talehdən. (“ Taleh və  Həqiqət” dastanı.Piranlar, nuranlar , söz qoşub, dastan 

yozub- yoranlar belə  nəql edirlər ki, Taleh nadincliyi ilə  təkcə Abdal-Gülablıda deyil, külli 

Qarabağda Aşıq Valehi hörmətdən salmışdı.(“Taleh və Həqiqət “dastanı). 

Onu da qeyd edək ki, XIX əsrdə Qarabağda iki Abdal kəndi olub; Birini digərindən 

fərqləndirmək məqsədilə ona Abdal-Gülablı adını qoymuşlar. Yəni Gülablı yaxınlığındakı 

Abdal kəndi. Əslində isə bu ərazinin qədim  adı  Abdal bulağı olmuşdur.  

Abdal toponimiylə bağlı ilk məlumat VI əsrə aiddir. Belə ki, bu dövrdə  Şimali 

Qafqazda, Hun əyalətində yaşayan müxtəlif tayfalar arasında türkdilli abdel tayfası barədə 

məlumat vermişdir. Eyni zamanda Şimali Qafqazda qeydə alınan Abdaldağ oronimi  VI əsrdə 

orada abdal tayfasının yaşadığını sübut edir.  

Mütəxəsislərin apardıqları araşdırmalara əsasən də abdal məhz “Hun” mənşəli türkdilli 

tayfa olub. Bu barədə bir çox tədqiqatçıların da fikirləri üst-üstə düşür.Məsələn, VII əsrdə 

Alban tarixçisi Musa Kalankaytuklu  bu tayfanın adını çəkir və qeyd edir ki, eramızdan əvvəl 

IV əsrdə makidoniyalı İsgəndərin zamanında Abdallar Qafqaz Albaniyasına köç etmişlər. De-

məli, eramızdan əvvəl abdallar vətənimizə  gəlmişlər. Akademik V.V.Bartold da bu tayfanın 

“hun” tayfası olması barədə məlumat verir. Abbasqulu ağa Bakıxanov da  “abdal”  adlı tayfa 

barəsində məlumat vermişdir. 

Ümumiyyətlə, abdal tayfasının mənşəetibarı ilə orta Asiyada hökmranlıq etmiş Eftal döv-

lətinin adı ilə  bağlıyırlar.  Hökmdar Eftalın adı ilə bu dövlət  adlanmışdır.  Ərazisi Çin, Orta 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

939



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Asiya, Əfqanıstan və Türkistana qədər  məsafəni əhatə edirdi. Lakin Qərbi türk xaqanlığı bu 

dövləti məğlub etdikdən sonra abdalllar digər ölkələrə köçmüşlər. Nəticədə adlarını qeyd 

etdiyimiz digər ölkələrdə də  bu tayfanın adlarıyla bağlı yaşayış məntəqələrinə  rast gələ bili-

rik. Azərbaycanda da təsadüf olunan bu toponimlər həmin tayfanın adından götürülmüşdür. 

Qarabağ düzündə də  XVI əsrdə , təxminən  1588 –ci ildə Həsən Abdallı tayfasının yaşadığı 

barədə  də  məlumat var.“Allahın buyurmağı, peyğəmbərin çağırmağı ilə    məni ağalar ağası 

Xızır peyğəmbər sizin  mahalda Abdal-Gülablı  Aşıq Valehin oğlu Talehə buta verib. (“Taleh 

və Həqiqət” dastanı) 

Daha bir maraqlı  məlumata əsasən isə  vaxtilə Cənub Şərqi Avropada yaşayan bulqar-

ların da  abdal adlı  tayfasının mövcudluğudur. Onu da qeyd edək ki, bu tayfanın adı   bir çox 

tarixi hadisələrlə əlaqədar olaraq müxtəlif  mənalarda işlənmişdir. Bəzi tədqiqatçılar  bu et-

notoponimi “Ağ hun”  adlandırmışlar. Xüsusliə, XVI əsrin ortalarında abdal  sözü “kütbeyin, 

fərasətsiz,  sərsəri” şəklində mənalandırılmışdır ki,   Türkiyə türkcəsində abdal sözündə b-p, 

d-t əvəzlənməsi ilə bu məna hələ də işlənməkdədir. 

“Abdal” adı ilə  bağlı lüğətdə bu cür izah da var:”Ərəb dilindən keçmiş bu söz bir neçə 

mənaya malikdir: xeyirxah, müqəddəs, peyğəmbərin yaxın qohumları, sərsəri, dərviş, qul və s.  

Bunlardan “sərsəri” sözü ad üçün yaramır, çünki heç bir iş görməyən, orda- burda veyillənən 

adamlarla bağlı işlədilir. “Qul”  isə Azərbaycan dilində ad kimi yalnız mənsubiyyət şəkilçisi 

qəbul edərək (məsələn, Allahqulu, Tanrıqulu) işlədilir. Deməli, “Abdal” adının mənası 

“müqəddəs”,” xeyirxah”,” dərviş” mənalarına daha uyğun gəlir”. 

Şamikən köçəni səhər görmüşəm, 

Neçə zülüm, neçə qəhər görmüşəm, 

Neçə diyar, neçə şəhər görmüşəm, 

Abdal Alı biyabanlar keçibdi. 

 

 



AZƏRBAYCAN DİLİNİN KƏLBƏCƏR ŞİVƏSİNİ

        

SƏCİYYƏLƏNDİRƏN SÖZLƏR 

 

Şəlalə CAMALOVA 

Gəncə Dövlət Universiteti 

camalova32@box.az 

AZƏRBAYCAN 

 

Azərbaycan dilinin qərb ləhcəsinə daxil olan Kəlbəcər şivəsi dilimizin tədqiq edilməmiş 



şivələri sırasındadır. Azərbaycanın görkəmli dialektoloqları müəyyən regionlarımızın şivələrini  

(M.Şirəliyev Bakı dialekti, R.Rüstəmov Quba dialekti, T.Hacıyev Cəbrayıl  şivəsi, 

M.Məmmədov Təbriz dialekti və s.) hərtərəfli araşdıraraq dilçilik aləminə qazandırmışlar. Bu 

gün gənc tədqiqatçılar həmin materiallardan rahatlıqla istifadə edir, onları digər oğuz qrupu 

dilləri və onların  şivələri ilə müqayisəyə  cəlb edərək türkologiyaya yeni-yeni töhfələr bəxş 

edirlər. 

 M.Şirəliyevin Azərbaycan dilinin dialektlərinə verdiyi təsnifatda Kəlbəcər şivəsinin adı 

çəkilməmişdir. E.Əzizovun təsnifatında isə  Kəlbəcər  şivəsi qərb ləhcəsinə (orta ləhcə) aid 

edilmişdir. Müəllif qərb ləhcəsini üç şivə qrupuna bölür və üçüncü qrupda ayrım  şivəsinin 

Daşkəsən, Gədəbəy, Kəlbəcər rayonlarında yayıldığını qeyd edir. 

Azərbaycan dili şivələrinin lüğət tərkibi kimi Kəlbəcər şivəsinin leksikası da qədim və 

zəngindir. Kəlbəcər şivəsinin leksikasının əsasını qədim türk leksik təbəqəsi təşkil edir. Həmin 

şivədə geniş  işlədilən bir neçə leksik vahidi nəzərdən  keçirmək istərdik. Qeyd edək ki, bu 

sözlərin heç biri “Azərbaycan dilinin dialektoloji lüğəti”ndə verilməmişdir. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

940



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Alıq – atın ,öküzün və başqa yük heyvanlarının belinə çəkilən çul , keçə. Məs.: - Alığı 

atın belinə qoy ot pencəsini gətirək . 

Ağıl – yayda mal-qara saxlamaq üçün ətrafı hasarlanmış üstü açıq yer. Məs.:-Ağılın 

qapısını bağla qoyunnar çıxmasın. 

Axtarma – qoyun dərisinə yığılmış pendir. Məs.:- Axtarma gətir isdi çörəynən yeyək. 

Buxarı – divarın içində düzəldilmiş ocaq yeri. Məs.:- Buxarıda qoyun quyruğunnan 

kömmə bişir,gözdə yanmasın. 

Bədənçə - qolsuz sırıqlı. Məs.:- Bu gün yaman soyuxdu bədənçəni ver geyim. 

Cejim – ipdən toxunmuş parça. Məs.:- Cejimi taxdın üsdünə sər. 

Çeyillik – bataqlıq. Məs.:–Çeyilliydən keçəndə ehtiyatlı ol,batarsan. 

Çeştə - səhər-səhər mal-qaranı otarıb sağına gətirmək. Məs.:-Tezdən dur heyvanı otar 

çeşdə gətir. 

Çatı – keçi tükündən hazırlanmış ip. Məs.:-Çatını buzovun başına bağla. 

Çidarlamaq – heyvanın qabaq ayaqlarını bağlamaq. Məs.:-Atın ayaxlarını çidarrıyın 

qaçmasın. 

Çəfkən – içi pambıqdan olan jilet . Məs.:–Hava soyuxdu çəfkənimi ver geyim. 

Dolça – misdən hazırlanmış bir qulplu su qabı. Məs.:-Ciyarım yanır, bir dolça su ver içim. 

Duvax – xəmiri yastılamaq üçün xüsusi taxta. Məs.:-Xamır gəlifdi, duvağı gətir çörəyi 

bişirəy. 

Düsər – külüng. Məs.:-Düsər hanı evin himini qazıram. 

Çiyə - maşınla emal olunan yağ. Məs.:- Yağ qutarıf , çiyəni gətir yağ hazırrıyax. 

Ev damı – böyük ağaclardan tikilmiş yaşayış evi. Məs.:-Ev damını təmizdəməy lazımdı. 

Galavan – ot yığmaq üçün dam. Məs.:-Yağış yağajax otu galavana yığmax lazımdı. 

Xırmanotu – bitki. Məs.:-Xırmanotunu doğra kətə bişirəy. 

Xorum – otu dərz şəklində bağlamaq. Məs.:-Ot quruyuf,otu xorum bük. 

Kömbə - qoyun quyruğundan hazırlanmış , sacın altında bişirilən çörək. Məs.:-Sajın 

altında kömbə bişirmişəm , gətir yeyək. 

Kirkit – ilməni vurub bərkidən alət. Məs.:-Gəvənin ilməsini bərkidirəm kirkidi maa ver. 

Külfə - təndirdən tüstü çıxan hissə. Məs.:-Külfəni aç təndirin tüsdüsü çıxsın. 

Koğa – qoyunu tumaq üçün başı əyri ağac. Məs.:-Qoyunu koğaynan tut gətir sağım. 

Qəməlti – böyük bıçaq. Məs.:-Qəməltini gətir çörəyi dogruyum. 

Nəmi – anbar. Məs.:-Nəmidən yağ, pendir gətir nahar eliyəy. 

Olacaq – yaşayış evi. Məs.:-Ta qış gəlifdi olajağa yığılaq. 

Örkən – alığı ( atın, öküzün belinə çəkilən çulu )bağlamaq üçün kəmər. Məs.:-Örkəni 

ver yükü atın belinə bağlıyım. 

Pencə - on dərzdən ibarət ot. Məs.:-Bağladığıız pencə çöldə qalıf, get ata yüklə gətir. 

Sirtov – pencək. Məs.:-Sirtovunu geyin hava isti olsa , çıxardarsan. 

Şırran – şəlalə. Məs.:-Gedin şəlalənin altında palazdarı yuyun. 

Şoşan – bitki. Məs.:-Gəlin gedəy şoşan yığax. 

Unnuca – bitki. Məs.:-Yağ gətir unnuca qovurax. 

Azərbaycan dilinin qərb şivələrinin yerləşdiyi ərazi ta qədimdən türk mənşəli tayfaların 

məskəni hesab olunur. Bu özünü həmin ərazidə olan toponimik vahidlərlə yanaşı, dil xüsusiy-

yətlərində də qabarıq şəkildə əks etdirir. Kəlbəcər şivəsinin əsasını təşkil edən qədim türk lek-

sik layı da bunu bir daha təsdiq edir. 

 

 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin