SSRİ Mərkəzi hökümətinin türk respublikalarında idərəçilik siyasəti
1922-ci ildə 4 respublika: Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR), Ukrayna Sovet Sosialist Respublikası, Belorusiya Sovet Sosialist Respublikası və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) SSRİ-nin yaradılması haqda müqavilə imzaladılar. ZSFSR 3 Cənubi Qafqaz respublikasını – Azərbaycan, Gürcüstan və Ermənistanı özündə birləşdirirdi. SSRİ-nin yaradılması haqda Bəyannamədə qeyd olunurdu ki, “sovet respublikalarının yarandığı gündən dünya iki düşərgəyə bölünüb: kapitalizm düşərgəsi və sosializm düşərgəsi. Kapitalizm düşərgəsində düşmənçilik, bərabərsizlik, müstəmləkəçilik, milli zülm, qarət, müharibələr; sosialist düşərgəsində isə qarşılıqlı inam və etimad, milli müstəqillik və azadlıq, xalqlar arasında dinc yanaşı yaşama və qardaşlıq prinsipləri hökm sürür. Burjuaziya xalqlar arasında əməkdaşlığı təmin edə bilmir. Yalnız sosialist düşərgəsində xalqlar arasında əməkdaşlıq mümkündür. Bu və digər səbəblərdən çıxış edərək, Sovet Sosialist respublikalarının xalqları birləşərək SSRİ-ni yaradırlar. SSRİ bərabər hüquqlu xalqların könüllü birliyidir və hər bir respublikanın İttifaqdan çıxmaq hüququ var”.
SSRİ-nin 1924-cü ildə qəbul olunmuş Konstitusiyasının “Müttəfiq respublikaların suveren hüquqları və ittifaq vətəndaşlığı” adlı 2- ci bölümündə (5, maddə 3), 1936-cı il Konstitusiyasının “Dövlət quruluşu” adlı II Fəslində (6, maddə 13) və 1977-ci il Konstitusiyasının “SSRİ-nın milli dövlət quruluşu” adlı bölümünün “SSRİ – ittifaq dövləti” adlı 8-ci fəslində (7, maddə 70-72) də müttəfiq respublikaların ittifaqdan çıxmaq hüququnun olduğu qeyd edilirdi. Lakin bu, yalnız sözdə belə idi. Əslində isə, bəzi tarixçilərin fikirlərinə görə, bu hüquq SSRİ-nin mövcudluğu illərində sadəcə formal xarakterli olmuş, həqiqətdə respublikalar suveren qərarlar qəbul edə bilməmişlər Səbəb olaraq, yenə SSRİ Konstitusiyasına görə, cəmiyyətdə və dövlətdə Kommunist Partiyasının hakim mövqeyə malik olması göstərilir (9, “SSRİ-nin ictimai quruluşunun və siyasətinin əsasları” bölümü, I fəsil. Siyasi sistem, maddə 6). Bunun həqiqətən belə olduğunu görmək üçün, 80-90-cı illərdə ittifaq respublikalarının suverenlik istiqamətində atdıqları addımların, bəzən isə hətta öz haqlarını müdafiə etmək cəhdlərinin Mərkəzi hökumət tərəfindən necə cəzalandırıldığını xatırlatmaq kifayət edir (Vilnüs (Litva) – март 1991 (10), Tbilisi (Gürcüstan) – 9 aprel 1990 (11), (Bakı (Azərbaycan) – 20 yanvar 1990, (12)).
20-30-cu illərdə sovet hökumətinin mədəni quruculuq sahəsində həyata keçirdiyi siyasət tarixə “mədəni inqilab” adı ilə daxil olub. Mədəni inqilabın müsbət cəhətləri ilə yanaşı (savadsızlıq ləğv edildi, ixtisaslı kadrların hazırlığı yüksəldi və s.), mənfi tərəfləri də olmuşdur. Mədəni inqilabın qarşısında duran əsas vəzifə - xalqı 1917-ci ildən başlayaraq həyata keçirilən siyasətin yeganə düzgün siyasət olduğuna inandırmaq; elm və təhsil sahəsində isə - mövcud rejimə tamamilə sadiq kadrların hazırlanması idi. Müstəmləkəçilik siyasətinə haqq qazandırmaq məqsədilə müxtəlif nəzəriyyərlər yaradılır, SSRİ xalqlarının tarixi saxtalaşdırılır, mədəniyyəti məqsədli şəkildə dəyişdirilir, təhsil müəssisələrində “beyinlərin yuyulması” prosesi həyata keçirilir; mədəniyyətdə - “formaca milli, mahiyyətdə sosialist” mədəniyyəti formalaşdırılırdı. Mərkəzi Asiya və Qafqazın türk və müsəlman xalqlarının öz tarixi keçmişlərindən, mənəvi dəyərlərindən uzaqlaşdırılması məqsədilə əlifba islahatları keçirildi, tarixləri saxtalaşdırıldı.
Dostları ilə paylaş: |