Göndərilmə yeri Aralıq dayanacaqlar Çatdırılma məntəqəsi
Tətbiqi səviyyə proqram təminatının elə vahidlərindən ibarətdir ki, onların funksiyalarının həyata keçirilməsi üçün İnternetlə əlaqə lazımdır. Adların oxşarlığına baxmayaraq, bu səviyyəyə təkcə tətbiqi proqram təminatı daxil deyil. Əslində, tətbiqi səviyyənin hissəsi hesab edilən bir çox proqramlar xidmətçi proqram təminatına aiddir. Nümunə kimi FTP protokolundan istifadə edən faylların İnternetlə ötürülməsi üçün proqramları göstərmək olar. Bu proqramlar tamamlanmış proqram paketi kimi bir yerdə işlənilmişlər və FTP adlanırlar. Digər nümunə kimi telemüraciət adlanan proqramlar paketini göstərmək olar. O, istifadəçiyə İnternet vasitəsi ilə uzaqlaşdırılmış maşına həmin maşının istifadəçisi kimi müraciət etməyə imkan verən vasitə kimi hazırlanmışdır. Hər iki proqram paketi, həm FTP, həm də Telnet əvvəlcə tətbiqi proqram təminatına aid olunurdular. Lakin bu gün onlar fərdi kompyuterlərin əksəriyyətinin dəstəklədiyi infrastrukturun bir hissəsi olmuşlar. Proqram təminatının bu vahidləri hazırda veb-brauzer kimi daha böyük proqramların strukturunda abstrakt alətlər kimi istifadə olunurlar. Bu mənada onlar xidmətçi proqram təminatına çevrilmişlər. Digər bir xidmətçi proqram təminatı olan və məlumatın ötürülməsi üçün elektron poçt serverlərinin istifadə etdiyi SMTP protokolunu göstərmək olar.
Tətbiqi səviyyə nəqliyyat səviyyəsindən İnternet vasitəsi ilə məlumatların ötürülməsi və qəbul edilməsi üçün istifadə edir. Siz poçt xidmətinin tələblərinə uyğun olaraq ünvanın yazılmasına cavabdeh olduğunuz kimi, tətbiqi səviyyə nəqliyyat səviyyəsinə uyğun olan ünvanın təmin edilməsinə cavabdehdir. Məhz bu şərti yerinə yetirmək üçün tətbiqi səviyyə domen adlarının serverlərinə insan tərəfindən istifadə edilən mnemonik ünvanın İnternetə uyğun IP ünvana çevrilməsi üçün sorğular göndərir.
Nəqliyyat səviyyəsinin əsas vəzifəsi ondan ibarətdir ki, tətbiqi səviyyənin məlumatlarını qəbul etsin və onların İnternet vasitəsi ilə ötürülməsi üçün düzgün formatını təmin etsin. Sonuncu funksiyanı yerinə yetirmək üçün nəqliyyat səviyyəsi böyük məlumatları kiçik seqmentlərə bölür, hansılar ki, İnternet vasitəsi ilə ayrı-ayrı bloklar kimi ötürülürlər. Belə bölünmə zəruridir, çünki çoxlu məlumatın kəsişdiyi yerlərdə bir uzun məlumat digər məlumatların ötürülməsini çətinləşdirə bilər. Kiçik seqmentlər bu yerdən keçə bilər, uzun məlumat isə digər məlumatları gözləməyə məcbur edər.
Nəqliyyat səviyyəsi məlumatın seqmentlərinə sıra nömrəsi əlavə edir ki, təyinat məntəqəsində onları yenidən bir məlumatda birləşdirmək mümkün olsun. Sonra o, paket adlanan hər seqmentə təyinat məntəqəsinin ünvanını qoşur və onu şəbəkə səviyyəsinə ötürür. Bu andan etibarən təyinat məntəqəsinə çatana qədər paketlərə bir-biri ilə əlaqədə olmayan ayrı-ayrı məlumatlar kimi baxılır.
Paketlər təyinat məntəqəsinə çatana qədər şəbəkə səviyyəsi alınmış paketlərin bir İnternet şəbəkəsindən digərinə ötürülməsini izləyir. Deməli, məhz şəbəkə səviyyəsi İnternet topologiyası ilə əlaqəlidır. Xüsusi halda, əgər paketin yolu çoxlu ayrı-ayrı şəbəkələrdən keçirsə, məhz şəbəkə səviyyəsi hər bir aralıq dayanacaqda paketin göndərilməli olduğu sonrakı ünvanı müəyyən edir. Hər paketə aralıq təyinat məntəqəsinin ünvanını yazaraq o, bu vəzifəni yerinə yetirir. Aralıq ünvan aşağıdakı kimi müəyyən edilir: əgər paketin son təyinat məntəqəsi verilən şəbəkədədirsə, onda yazılan ünvan son təyinat məntəqəsinin ünvanının surətidir; əks halda verilən şəbəkənin marşrutizatorunun ünvanı yazılır, hansının ki, vasitəsilə paketi qonşu şəbəkəyə ötürmək olar. Yəni, cari şəbəkənin maşını üçün nəzərdə tutulan paket həmin maşına ötürülür, digər şəbəkədə yerləşən maşına ünvanlanan paket isə bir şəbəkədən digərinə yolunu davam edir.
Aralıq təyinat məntəqəsini müəyyən edərək şəbəkə səviyyəsi paketə ünvanı yazır və onu kanal səviyyəsinə ötürür.
Kanal səviyyəsi maşının yerləşdiyi şəbəkəyə xas olan məlumat ötürülməsinin bütün detallarının nəzərə alınmasını təmin edir. Əgər bu şəbəkə nişan vasitəsi ilə idarə olunan halqavari şəbəkədirsə, o, məlumatı göndərməkdən əvvəl nişanın alınmasını gözləyir. Əgər şəbəkədə CSMA/CD protokolu istifadə olunursa, kanal səviyyəsi şinin boşalmasını gözləyir. Bundan başqa, İnternetin ayrı-ayrı şəbəkələri öz məxsusi ünvanlar sisteminə malikdirlər. Bu sistem İnternetdə istifadə edilən ünvanlar sistemindən asılı deyil. Şəbəkələrdən bir çoxu sahibləri tərəfindən İnternetə qoşulmazdan xeyli əvvəl fəaliyyət göstərirdilər. Ona görə də kanal səviyyəsi paketə yazılan İnternet-ünvanı yerli ünvanlar sisteminə uyğun olan ünvana çevirməlidir.
Hər dəfə paket ötürüldükdə maşının kanal səviyyəsi onu qəbul edir. Sonra kanal səviyyəsi paketi şəbəkə səviyyəsinə ötürür. Burada paketin son təyinat məntəqəsi cari yerləşməsi ilə müqayisə edilir. Əgər onlar üst-üstə düşmürsə, şəbəkə səviyyəsi paketə yeni aralıq ünvan təyin edir və ötürmək üçün onu kanal səviyyəsinə qaytarır. Beləliklə, hər paket təyinat məntəqəsinə çatana qədər maşından maşına ötürülür. Aralıq dayanacaq yerində yalnız kanal və şəbəkə səviyyələri işləyir.
Əgər şəbəkə səviyyəsi qərara alırsa ki, qəbul edilən paket son təyinat məntəqəsinə çatıb, onda o, bu paketi nəqliyyat səviyyəsinə ötürür. Nəqliyyat səviyyəsi şəbəkə səviyyəsindən paket aldıqda o, ilkin məlumatın seqmentlərini çıxarır və göndərmə məntəqəsinin nəqliyyat səviyyəsinin seqmentlərə təyin etdiyi sıra nömrələrinin köməyilə onu bərpa edir. Məlumat bərpa edilən kimi o, tətbiqi səviyyəyə ötürülür. Bununla da məlumatın ötürülməsi prosesi qurtarır.
Daxil olan məlumatın hansı proqram tərəfindən qəbul edilməsinin müəyyən edilməsi nəqliyyat səviyyəsinin vacib məsələsidir. Hər proqrama unikal port nömrəsi təyin edilir. Məlumatı göndərən proqram məlumatın ünvanına portun uyğun nömrəsini yazır. Nəqliyyat səviyyəsi məlumatı alan kimi onu göstərilən port nömrəsi ilə tətbiqi səviyyənin proqramına ötürür. İnternet istifadəçilərinə portların nömrələrini bilmək lazım deyil, çünki geniş yayılmış proqramlar portların standart nömrələrinə malik olurlar. Məsələn, əgər veb-brauzer
http://www.rambler.ru/animals/cat.html
ünvanlı sənədi açmalıdırsa, o, bilir ki, http://www.rambler.ru
HTTP-serveri ilə 80 nömrəli port vasitəsilə əlaqə qurmalıdır. Eynilə, fayl göndərilən zaman, FTP-klient port nömrəsi 21 olan FTP-serverə bağlanır.
Beləliklə, İnternet vasitəsilə rabitə proqram təminatının dörd səviyyəsinin qarşılıqlı əlaqəsinə görə həyata keçirilir. Tətbiqi səviyyə məlumat və ünvanlarla məşğuldur. Nəqliyyat səviyyəsi məlumatları İnternetə uyğun paketlərə çevirir və məlumatları tətbiqi səviyyəyə ötürməzdən əvvəl qəbul edilmiş məlumatları bərpa edir. Şəbəkə səviyyəsi məlumatın ötürülmə istiqamətini təyin edir. Kanal səviyyəsi şəbəkə daxilində paketləri maşından maşına ötürür. Qəribədir ki, bu qədər əməliyyat sayına baxmayaraq, İnternetin cavab vermə müddəti millisaniyələrlə ölçülür. Faktiki olaraq əməliyyatların əksəriyyəti ani olaraq yerinə yetirilir.
Dostları ilə paylaş: |