Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
456
17. Səmud qövmünə gəlincə, Biz onlara haqq yolu göstərdik, amma onlar korluğu
(küfrü) doğru yoldan üstün tutdular. Beləliklə, onları qazandıqları günahların
ucbatından zəliledici ildırım əzabı yaxaladı.
18. İman gətirib (Allahdan) qorxanları isə xilas etdik.
19. Allahın düşmənləri Cəhənnəmə toplanacaqları gün onlar (əvvəlincisindən
axırıncısınadək tutulub bir yerdə) saxlanacaqlar.
20. Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər
barəsində onların əleyhinə şəhadət verəcəkdir.
21. Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şəhadət verirsiniz?" - deyəcəklər. (Dəriləri
də) belə cavab verəcəkdir: "Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə
yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılırsınız!"
22. Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəklərinizdən
qorxub (günah işləməkdən) çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allahın
bilməyəcəyini zənn edirsiniz.
23. Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və ziyana uğrayanlardan
oldunuz!
24. İndi (əzaba) dözsələr də (dözməsələr də), onların məskəni Cəhənnəmdir. Onlar
(Allahdan) riza diləsələr də, onların diləyi qəbul olunmaz (yaxud dünyaya qayıtmaq
istəsələr də, onların bu istəyi qəbul ediməz).
25. Biz onlara (Məkkə müşriklərinə) önlərindəkini və arxalarındakını (dünyanın zövq-
səfasına uyub axirətə inanmamalarını) özlərinə gözəl göstərən (şeytansifət) dostlar
caladıq. Özlərindən əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan (kafir) ümmətlərlə
birlikdə o söz (əzab hökmü) onlar barəsində də gerçəkləşdi. Şübhəsiz ki, onlar ziyan
çəkənlər oldular!
26. Kafir olanlar (öz dostlarına): "Bu Qur’anı dinləməyin, o oxunduqda (eşidilməsin
deyə) səs-küy (şuluqluq) salın ki, bəlkə, (bununla Muhəmmədə) qalib gələsiniz!" -
dedilər.
27. Biz kafir olanlara mütləq şiddətli bir əzab daddıracaq, etdikləri əməllərin ən şiddətli
cəzasını verəcəyik!
|