Lüdviq Feyerbax (1804-1872) alman klassik fəlsəfəsinin nümayəndəsidir. Əsas əsərləri «Xristianlığın mahiyyəti», «Gələcəyin fəlsəfəsi»dir. Onun «Hegel fəlsəfəsinin tənqidinə dair” məqaləsi idealizm ilə bütün əlaqələrin kəsilməsi və Hegelin dialektik təliminin inkar olunması idi. Filosofa görə, təbiət və insandan kənarda heç nə yoxdur, bizim dini fantaziyamızın yaratdığı yüksək varlıqlar yalnız bizim öz mahiyyətimizin fantastik əksidir. Feyerbax qeyd edirdi ki, Hegelin Mütləq ideyası yerinə insan mahiyyəti qoyulmalıdır. Bununla O antropoloji materializm mövqeyində dururdu. L.Feyerbax xristian dinini «yeni fəlsəfə» ilə əvəz etməyi əsaslandırırdı. Feyerbaxın ən böyük xidməti insan fəlsəfəsinə müraciət etməsidir. Yəni, klassik alman filosoflarının məşğul olduqları problemlərdən əlavə insan bütün tədqiqatların çıxış nöqtəsi olmalıdır tezisni irəli sürdü.
Karl Marks. Əsas əsərləri“İqtisadi və fəlsəfi əlyazmalar” (1844), “Əmək haqqı və kapital” (1847), “Kommunist partiyasının manifesti” (1848), “Siyasi iqtisadın tənqidinə dair” (1859), “Əmək haqqı, qiymət və mənfəət” (1865), “Kapital”dır (1867). Onun yaradıcılığının müasir dövr üçün də əhəmiyyətli olmasını təsdiq edən fakt ondan ibarətdir ki, onun adı dünyanın ən çox istinad edilən alimləri sırasında ilk pillədədir.
K.Marksın nəzəriyyəsi Azərbaycan məkanı üçün də yad deyil. Ölkəmizin 70 ilə yaxın bir müddətdə SSRİ-nin tərkibində olması marksizm ideyalarının Azərbaycanda da populyarlaşmasına, eləcə də hakim ideologiya kimi kütlələr üzərində nüfuza malik olması ilə xarakterizə olunmuşdur.
Marksizmin nəzəri əsasları bunlardır: klassik alman fəlsəfəsi, ingilis siyasi iqtisadı və fransız utopik sosializmi. Marksizm üçün cəmiyyətin inkişafına yanaşmada iqtisadi əsasları irəli çəkməsi xarakterikdir. Belə ki, bu nəzəriyyəyə görə insanların düşüncələri, mənəvi sfera ikincidir. Birinci və əsas olan isə iqtisadi sfera, buradakı iqtisadi münasibətlərdir. Başqa sözlə, istehsal prosesinin gedişində cəmiyyətin transformasiyası-bir keyfiyyətdən başqasına keçid baş verir.
Cəmiyyətdəki ziddiyyətlər hakim sinif ilə ayrı-ayrı sosial qruplar arasındakı çəkişmələrdən törəyir. İqtisadi resurslara nəzarət uğrunda başlayan ziddiyyətlər inqilablar yarada bilər ki, bu da yeni ictimai quruluşların yaranmasını labüd edir. İctimai quruluşlar daxilindəki problemləri həll edə bilmirlər, ona görə də daim daha üstün quruluşa keçidə tələbat yaranır.
Hakim siniflər idarə etmək üçün ideologiyalar (dini, hüquqi və sair) yaradırlar. Kapitalizm quruluşunda sosial konsensusdan söhbət belə gedə bilməz. Sosial razılıq daha üstün sosial quruluşda, məsələn kommunizmdə mümkündür. K.Marksa görə, cəmiyyətin aparıcı qüvvəsi proletariatdır və yalnız proletariat xüsusi mülkiyyəti ləğv edə bilər. K.Marks qeyd edirdi ki, proletariat üçün yeni bir iqtisadi elmi sistemin yaradılması vacibdir.
Qeyd etmək lazımdır ki, marksizm bir nəzəriyyə kimi özündən sonra bir sıra doktrinaların, (istər siyasi, istərsə də elmi) yaranmasına əsas yaratmışdır ki, onları postmarksist doktrinalar kimi ümumi adla adlandırırlar. Bütövlükdə elmi ədəbiyyatlarda marksizmi belə xarakterizə edirlər:
Marksizm bir fəlsəfi təlim kimi;
Marksizm cəmiyyətin iqtisadi, siyasi, hüquqi əsaslarına dair digər konsepsiyalara təsir edən təlim kimi;
Marksizm inqilabların, sinfi ziddiyyətlərin qaçılmazlığını əsaslandıran siyasi nəzəriyyə kimi.