Personalizmin formalaşması XIX əsrin sonunda Rusiya və ABŞ–a təsadüf edir. Əsas nümayəndələri N.A.Berdyayev və L.Şestov olmuşdur.
Personalizm tərəfdarları çoxluq ideyasını əsas tutaraq qeyd edirlər ki, dünyanı Ali person – Allah yaratmışdır. Personalizm təlimində fərd və şəxsiyyət anlayışlarının fərqləndirilməsi, eləcə də iradə azadlığı haqqında ideya mühüm yer tutur.
Fransız personalizminin banisi E.Munye «Personalizm nədir?» əsərində qeyd edirdi ki, şəxsiyyətinin birinciliyini əsas tutan hər cür təlimi və hər cür sivilizasiyanı personalist hesab etmək olar.
Bu nəzəriyyəyə görə, şəxsiyyət yaşam tərzi ilə yeganə reallığı təşkil etsə də, onun mənbəyi Allahdadır, özündə yox. Personalizm şəxsiyyəti məsuliyyətli, qarşısına məqsəd qoyan əzmkar bir varlıq kimi nəzərdən keçirir.
Neorealizmin əsası C. Mur tərəfindən qoyulmuşdur və əsas ideyaları “İdealizmin inkarı” əsərində verilib. Əsasən idealizmin tənqidinə əsaslanan bu cərəyana görə, obyekt subyektdən asılı olmadan mövcuddur. Yəni, bizim münasibətimizin necə olmasından asılı olmayaraq şeylər mövcuddur.
Tənqidi realizm cərəyanına görə isə, dərk edilən şey birbaşa şüura daxil ola bilmir. Bu cərəyanın əsas nümayəndələrindən olan Corc Santayana hesab edirdi ki, müxtəlif vasitələrdən (məsələn, din, incəsənət) yararlanmaqla insan mədəniyyətin yaradıcısı olur.
Yeni realizmə görə, fəlsəfənin əsas vəzifəsi konkret elm sahələrinin köməyinə çatmaqdır. Bunun üçün fəlsəfə real dünyanın dərk olunmasında bu elmlərə əməli təkliflər verməlidir. Əsas nümayəndəsi E. Meyersona görə, fəlsəfə real mövcud olan obyektlərin dərkinə çalışmalıdır.
Xose Orteqa-i-Qassetə görə, (1883-1955) fəlsəfənin əsas vəzifəsi bizim bilmədiyimiz şeylərin dərk olunmasına çalışmaqdır. O hesab dirdi ki, filosofların missiyası daha çətindir. Belə ki, filosoflar faktiki olaraq ortada olmayan bir şeyi aydınlaşdırmağa cəhd edirlər. Hesab edirdi ki, fəlsəfənin əsas vəzifəsi insanla məşğul olmaqdır.
“Həyati ağıl” konsepsiyasında Qasset insanlara istiqamət verməyə çalışırdı. Allaha qovuşmaq üçün Qassetə görə, tək qalmaq lazımdır. Yalnız insanın ruhu allahla üzbəüz qaldıqda ona tapına bilər.
Onun sivilizasiyaların müqayisəsi haqda baxışları maraq doğurur. Belə ki, Şərq sivilizasiyasına daha çox ənənəçilik xas olduğu üçün tərəqqi burada daha az dərəcədədir. Lakin Qasset Şərqi yalnız tənqid etmir və qeyd edir ki, müdriklik, əxlaq, inam bu sivilizasiyanın xarakterik cəhətidir.