Neotomizm və onun əsas fəlsəfi ideyası. Neotomizm orta əsrlər fəlsəfəsinin nümayəndəsi Avkinalı Fomanın ideyalarını inkişaf etdirən dini– fəlsəfi təlim kimi XX əsrdə populyarlaşıb. Bu cərəyanın əsas nümayəndələri J.Mariten, E.Jilson, Q.Vetter və Y.Boxenskidir. Neotomizmə görə, yalnız din bütün problemlərin həllini verə bilir. Bu cərəyanın tərəfdarlarının fikrincə, tarix ilahi planın baş verməsidir.
Qeyd edək ki, neotomizm xristian dünyasının hakim fəlsəfəsi kimi qəbul edilir. Neotomizmin əsas ideyası dünyanın fövqəltəbii qüvvələrə tabe olmasıdır.
Neotomizm nəinki XX əsrdə geniş cərəyanlardan biri, həm də hazırda da böyük və nüfuzlu təlim olaraq qəbul edilir. Neotomizmin nümayəndələrindən olan J. Maritenə görə insan özü ədaləti təmin etməyə çalışır ki, əslində bu Tanrıya aid olan məsələdir.
Duyğu və qavrayışı idrakın başlanğıcı hesab etməklə empirizmi mövqeyində olmuşlar. İdrakın mənası duyğulardan zəkaya, beləliklə vəhyə yüksəlmək idi.
Neotomizmin əsas tezislərindən biri də dini antropologizm və yaxud insana dönüş, qayıdışdır. Başqa sözlə, insanın davranışı, mənəvi dünyası, bütövlükdə həyatı dini fəlsəfənin məşğul olmalı olduğu əsas məsələlərdir.
Neotomizm özündən əvvəlki bütün nəzəriyyələri bitkin olmayan hesab etmiş, dünyanın tam mənzərəsinin yalnız özü tərəfindən veriləcəyi qənaətində idi. Bu mənzərənin əsas ideyası hər şeyin Allah tərəfindən yaradılması idi.
Oqüst Kont (1798-1857) pozitivizmin yaradıcılarından biridir və müasir sosiologiya elminin banisidir. O, fəlsəfəyə «altruizm» terminini daxil etmişdir ki, eqoizmin əksinə olaraq altruizm kollektiv maraqları ön plana çıxarır. Kontun fəlsəfi sistemi idrakın bir neçə mərhələdən ibarət olmasına əsaslanırdı. Burada ilkin mərhələ teoloji adlanır ki, bu mərhələdə ilkin qüvvə Allah hesab olunur. Növbəti mərhələ metafizik adlanır ki, burada ilkin qüvvə təbiət götürülür. Nəhayət son mərhələ elmi, pozitiv mərhələ adlandırılır. Fransız mütəfəkkirə görə, səbəb deyilən bir şey yoxdur, sadəcə hadisələr bir birinin ardınca gəlir.