İmam Ruhulla Xomeynin (İran) irsində əsas yer siyasi demokratiya və bərabərlik idi. Bunu təmin edə biləcək qüvvə isə yalnız islam dinidir. İslam dini insanın mənəviyyatca yüksəlişinə, ali ideallara sahib olmasına yardım edir. Xomeyniyə görə, islam dövləti yaratmaq zəruridir ki, bununla Allahın iradəsi təmin olunsun. Onun fikrincə, islam dövlətində bütün problemlər islam dəyərləri vasitəsilə həllini tapır. Qeyd edək ki, nəzəriyyəsini bilavasitə həyata keçirən ideoloqlardan olan (Məhz onun rəhbərliyi ilə 1979- cu ildə İranda islam inqilabı baş verdi və Xomeyni bu dövlətin rəhbəri oldu) Xomeyni əxlaq, nəfs və sair insani məziyyətlətlə bağlı fikirləri ilə də məşhurdur.
Mövzu 9
Fəlsəfədə varlıq və materiya problemi. Şüurun mənşəyi və mahiyyəti
1. Varlıq kateqoriyası və onun fəlsəfi izahı. Varlıq kateqoriyası iki yerə bölünür: maddi və mənəvi varlıq. Varlıq fəlsəfi kateqoriya olub, insan şüurundan asılı olmayaraq, yəni müxtəlif şəxslərin onu necə qəbul etməsindən asılı olmayan obyektiv reallığın, o cümlədən təbiətin, cəmiyyətin, insanın mövcud olmasıdır. “Varlıq” kateqoriyasına hansı anlam (materialist, idealist, irrasional) verilməsindən asılı olmayaraq analitik məqsədlə adətən varlığın bir neçə forması fərqləndirilir. Bu faktiki olaraq gerçəkliyin, mövcudluğun xüsusi səciyyəsinə malik özünəməxsus “qatlarının” ayrılmasıdır. Müasir fəlsəfi ədəbiyyatlarda varlığın adətən dörd əsas formasını fərqləndirirlər: a) şeylər, proseslər və cisimlərin varlığı; b) insan varlığı; c) mənəvi (ideal) varlıq; d) sosial varlıq. Dünyanın mahiyyəti, varlığın təbiəti haqqında təlim ontologiya adlanır.
Varlıq haqqında antik dövr fəlsəfəsindən başlayaraq müxtəlif fikirlər mövcud olmuşdur. Parmenid, Sokrat və başqa antik filosoflar varlığın mahiyyətinə münasibət bildirmişlər. Parmenidə görə, varlıq həqiqi mövcud olandır və özündə tamlığı ifadə edir. İnsan amilini (subyektiv faktor) önə çıxaran Sokrat Parmenidin varlıq konsepsiyasını tənqid edirdi. Onun fikrincə, insan şüuru ön plandadır.
Daha sonrakı mərhələlərdə də varlıq kateqoriyasının şərhinə dair çoxsaylı fikirlər meydana çıxmışdır. İ. Kant, F. Şellinq, Y. Fixte və başqaları varlığın təbiətinə dair fikirlər irəli sürmüşlər. İ. Kant hesab edirdi ki, xarici aləm hisslər materiyasını verir. Öz növbəsində insan zəkası həmin materiyanı məkan və zamanda nizamlayır. Bu nizamlama həm də kateqorial baxımdan əhəmiyyətlidir, yəni insanlar üçün anlaşılan formaya salır. K. Marks və F.Engels varlıq anlayışını sonsuz məkan və zamanda mövcud olan, insan şüurundan asılı olmayan materiya kimi qəbul edirdilər. Bu alimlər varlığı iki qismə bölürdülər: təbii varlıq və ictimai varlıq. İctimai və ya sosial varlıq dedikdə adamların maddi və mənəvi fəaliyyəti, maddi həyatın özünün təkrar istehsalı nəzərdə tutulur.